ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
ŞAIR VƏ MUSIQI
Adilxan BAYRAMOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCANDA KINO MUSIQISININ YARANMA TARIXINDƏN
Əfqan SALAYEV
KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ XALÇA SƏNƏTI
Solmaz MƏHƏRRƏMOVA
MILLI PLASTIK SƏNƏTLƏRIMIZIN 1960-1980-CI ILLƏR RUS SƏNƏTŞÜNASLIĞINDA TƏDQIQI
Xəzər ZEYNALOV
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCANDAKI RUSDIL MƏTBUAT HAQQINDA
Iradə XƏLILOVA
ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA MƏDƏNIYYƏTI ÖZÜNÜDƏRK PROSESLƏRI (VII – X ƏSRLƏR)
Yeganə ƏLIYEVA
ŞAIR VƏ MUSIQI
Adilxan BAYRAMOV
QƏRBI AVROPA, RUS VƏ AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA KANTATA VƏ ORATORIYA JANRLARINA BIR NƏZƏR
Telman QƏNIYEV

 


       Azərbaycanın xalq şairi Səməd Vurğun teatr, musiqi, təsviri sənət, memarlıq və incəsənətin digər növləri barədə maraqlı fikirlər söyləmiş, ayrı-ayrı sənət xadimlərinin fəaliyyətini işıqlandırmışdır.

       Səməd Vurğunun musiqiyə meyli isə hələ kiçik yaşlarından özünü büruzə vermişdir. Bu da təbiidir. Axı, onun uşaqlıq illərində gördüklərindən, eşitdiklərindən biri də "atasının sazda çaldığı yanıqlı el mahnıları, aşıq havaları"olmuşdur.

       Şairin qardaşı Mehdixan Vəkilov yazır: "Atam yaxşı saz çalardı, Səməd də saz çalmağı lap kiçik yaşlarından ondan öyrənmişdi. O, sazı sinəsinə basıb dilləndirəndə elə bilirdin ki, hardasa quşların xoş nəğmələri eşidilir. Atam onu dinləyərək deyərdi: "Baxarsınız, bu qara baladan bir oğul olsun ki, bütün Qazaxda barmaqla göstərsinlər».1

       Mehdixan Vəkilov onu da qeyd edir ki, Səməd çox həssas, hər şeylə maraqlanan, kiçik bir hadisədən tez mütəəssir olan, çevik, nadinc, bədəncə zəif, eyni zamanda cürətli və inadkar bir uşaq idi. O, el aşıqlarının sazlarına, nəğmələrinə, söylədikləri nağıl və əfsanələrə məftun idi; balaca vaxtından musiqini, nəğməni dərhal duyub qavrayardı.

       Şairin musiqiyə meyli Qazax Müəllimlər Seminariyasında oxuduğu illərdə daha da artmış, xeyli cilalanmışdır. Seminariyada musiqi ayrıca bir fənn kimi tədris olunurdu. Səməd əvvəllər riyaziyyata daha çox meyl etmiş, lakin zaman keçdikcə ədəbiyyata və musiqiyə olan həvəs özünü göstərməyə, "qəlb rübabının simləri hərəkətə gəlməyə, səslənməyə başlamışdır». Onun gözəl şerlər oxuması, monoloqlar söyləməsi, məlahətli səsi, incə hiss və ehtirasla skripka çalması, seminariya səhnəsində Məcnun rolunu "Məcnun kimi"oynaması hamının diqqətini cəlb etmişdi.

       Beləliklə də məlum olur ki, sənətkarın musiqiyə məhəbbəti poeziyaya məhəbbəti ilə demək olar ki, ekiz doğulmuş, bu məhəbbət isə bütün ömrü boyu davam etmiş, şairi poeziyamızla birlikdə musiqimi-zin də alovlu təbliğatçılarından birinə çevirmişdir.

       Görkəmli bəstəkarımız Əfrasiyab Bədəlbəyli hələ şairin sağlığında yazmışdır: "Səməd Vurğun saz çalmaqda xalq aşıqlarının bir çoxundan geri qalmaz, kefi gələndə hərdən tarını sinəsi üstə alıb, sarı simi mizrab ilə səslədər, gah da pəsdən zümzümə edər. O, Azərbaycan muğamatını bir professional musiqiçi qədər mükəmməl bilir. O, kamil eşitmə qabiliyyətinə malik olduğu üçün və həm də musiqiyə aid öz incə zövqü ilə hər bir musiqi əsərinin dəyərini çox düzgün təyin edir"2 .

       Məşhur skripkaçı Azad Əliyev danışırdı ki, Səməd Vurğun skripkada çalanda da professional ifaçı təsiri bağışlayırdı.

       Bu gün şairin ev-muzeyində saz, royal və piano nümayiş etdirilir.

       Səməd Vurğun bu sazda sevdiyi el havalarını, qəhrəmanlıq nəğmələrini çalıb. Onun barmaqlarından qopan "Misri», "Dilqəmi», "Sarı tel», "Yurd yeri"kimi neçə-neçə el havası dalğa-dalğa ətrafa yayılıb, şairin şer və poemalarına, dram əsərlərinə köçüb. Saza olan məhəbbət nəticəsində Aşıq Şəmşir kimi ustad bəxş olunub xalqımıza, Aşıq Hüseyn Bozalqanlını, Aşıq Mirzəni, Borçalı Şair Nəbini daha yaxından tanımışıq. Səməd Vurğun aşıq poeziyasının nəşri, yayılması, habelə öyrənilməsi sahəsində səmərəli fəaliyyət göstərmişdir.

       Aşıq sənətinə xüsusi məhəbbət bəsləyən şair həm də bu sənətin inkişafına qayğı göstərmiş, onu təbliğ etmişdir. Şair Hüseyn Arif öz xatirələrində yazır: "Bir dəfə aşıqlar gecəsi idi. Səməd Vurğunla yanaşı oturmuşdum. Aşıq Hüseyn Cavan "Qaraçı"havasında oxudu. Bu hava Səməd Vurğunun xoşuna gəldi. O, - heyf, bu sazı, sözü hələ lazımınca duyanlar çox azdır, - dedi"3 .

       Səməd Vurğunun 1943-cü il yanvar ayının 18-də Azərbaycan radiosunun Musiqi verilişləri redaksiyasının fəaliyyətinə həsr olunmuş Ümumbakı konfransında çıxışı da bu baxımdan maraqlıdır. Şair həmin konfransda əsasən muğam ifaçılığı və aşıq musiqisi məsələləri barədə danışmış, ayrı-ayrı ifaçıların sənətkarlığını təhlil etmiş, onların uğurlu və qüsurlu cəhətlərini obyektivcəsinə göstərmişdir.

       Səməd Vurğun aşıq sənətinə radioda az fikir verildiyini bildirmiş, bu sahədə radionun fəaliyyətini tənqid etmişdir. Şair "bir vətəndaş kimi"tələb etmişdir ki, aşıq sənəti və musiqisi radio dalğalarında ləyaqətlə təmsil olunsun. 4

       Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından olan Səməd Vurğun musiqimizi yüksək qiymətləndirmiş, onun böyük təsir qüvvəsini dönə-dönə qeyd etmişdir. Şair göstərirdi ki, hər bir musiqi əsərinin varlığı onun dinləyiciyə emosional təsiri ilə ölçülür. O yazırdı: "Musiqi insanların şüurundan çox, qəlblərinə, duyğularına təsir bağışladığından musiqi lisanından, hər şeydən əvvəl, təbiilik və ürək çırpıntıları tələb olunur».

       Səməd Vurğun bəstəkar və musiqiçilərimizin yaradıcılığına xüsusi diqqət yetirmiş, mətbuatda bu barədə öz fikirlərini söyləmişdir. Qara Qarayevin "Leyli və Məcnun», Fikrət Əmirovun "Kürd-ovşarı», Niyazinin "Rast», Soltan Hacıbəyovun "Gülşən», Cahangir Cahangirovun "Arazın o tayında"əsərlərinin, Səid Rüstəmovun mahnılarının uğurları şairi ürəkdən sevindirirdi. SSRI xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirov xatirələrində yazırdı: "1954-cü ilin yazı idi. Azərbaycan Dövlət Dram teatrında tamaşalardan birinə ictimai baxış keçirilirdi. Səməd Vurğun yazıçı Mehdi Hüseynlə foyedə gəzişirdi. Məni görüb ayaq saxladı, yanına çağırdı, özünə məxsus səmimiyyətlə dedi:

       - Dünən sənin simfonik süitanı radioda eşitdim. Lap Kəpəzin başına çıxmışdın.

       Şair "Azərbaycan"simfonik süitama qulaq asmışdı. Yəqin ki, süitanın "Çoban bayatısı"adlanan ikinci hissəsindən aldığı təsiri özünəməxsus obrazlı dillə "Kəpəzin başı"adlandırırdı. O vaxt utandım, ürəyimdə olan bir sözü şairə deyə bilmədim. Deyə bilmədim ki, bu süitanı sizə həsr etmişəm. Onu sizin "Azərbaycan"şerinizin təsiri ilə yazmışam». 5

       Səməd Vurğun, eyni zamanda, bəzi musiqi əsərlərində Azərbaycan musqisinin əsl xalq ənənələrindən və milli xüsusiyyətlərindən uzaqlaşma hallarını kəskin tənqid edirdi. O yazırdı: "Azərbaycan musiqisinin təbiiliyi və saflığı uğrunda mübarizə bütün elmi-musiqi ictimaiyyətimizin diqqət mərkəzində durmalıdır. Ancaq buna istinad etmək, milli musiqimizi ən yaxşı xalq ənənəlrindən ayırmamaq və onları yaradıcı şəkildə inkişaf etdirməklə dünya musiqi mədəniyyətinin ən yaxşı nailiyyətlərinə qovuşmaq olar və lazımdır».

       Səməd Vurğun öz bədii əsərlərində də musiqini, onun böyük təsir qüvvəsini və məna gözəlliyini vəsf etmiş, şair, rəssam, filosof obrazları ilə yanaşı, bəstəkar, aşıq, xanəndə surətləri yaratmışdır.

        "20 bahar"şerində Bahar, "Insan"pyesində Səhər, "Aygün"poemasında Aygün şairin məhəbbətlə qələmə aldığı bəstəkar obrazlarıdır.

       Səhər "Insan"pyesinin ən canlı obrazlarından biridir. Şair onu əsərdə bəstəkar kimi təqdim etmişdir. Incə qəlbli bəstəkar olan Səhər hər şeydən əvvəl, sədaqətli ömürgün yoldaşıdır. Cəbhədə həlak olmuş həyat yoldaşı Şahbazdan sonra otuz il ömür sürsə də onun yoxluğuna alışa bilmir. Bu illərdə mənən özünü ərinin yanında hiss edir, onun xatirəsinə "Hicran nəğməsi"simfoniyasını yaradır. Oğlu kiçik Şahbazın toyunda, məhz "Hicran nəğməsi»nin sədaları altında dünyasını dəyişir.



ƏDƏBIYYAT

1 .M.Vəkilov. Səməd Vurğunun tərcümeyi-halı. S.Vurğun. Əsərləri. Altı cilddə, l cild, Bakı, Azərb. EA nəşriyyatı. 1960, səh. 24

2 .Ə.Bədəlbəyli. Şer və musiqi. "Ədəbiyyat və incəsənət"qəzeti, 12 may 1956-cı il

3 .Qalacaqdır dünyada. Bakı, Azərnəşr, 1973, səh. 198

4 "Azərbaycan"jurnalı, ¹ 9, 1976, səh. 172

5 .Qalacaqdır dünyada, səh.153-154



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page