ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
ÜZEYIR HACIBƏYOVUN
Gülzar MAHMUDOVA
CAHANGIR CAHANGIROVUN MAHNILARI
Leyla QULIYEVA
VASIF ADIGÖZƏLOVUN VOKAL YARADICILIĞININ MUSIQI DILININ BƏZI XÜSUSIYYƏTLƏRI
Imruz ƏFƏNDIYEVA
RƏHILƏ HƏSƏNOVANIN MÜƏLLIF ÜSLUBUNUN BƏZI XÜSUSIYYƏTLƏRI
Kəmalə ƏLƏSGƏRLI
UŞAQ XOR IFAÇILIĞININ YARANMASINDA ÜZEYIR HACIBƏYOVUN ROLU
Allahverdi XƏLƏFOV
AZƏRBAYCAN XALQ RƏQSLƏRININ NOT YAZILARI HAQQINDA
Elnarə DADAŞOVA
QARA QARAYEVIN FORTEPIANO MUSIQISININ TARIXI ZƏMINI
Nərgiz ABDULLAYEVA
ASƏF ZEYNALLININ YARADICILIĞINDA FORTEPIANO FUQALARININ INTONASIYA XÜSUSIYYƏTLƏRI
Natəvan QƏDIMOVA
|
|
Üzeyir Hacıbəyovun bir bəstəkar kimi yaradıcılıq yolu Azərbaycan musiqisinin inkişaf mərhələlərini özündə cəmləşdirən musiqi tarixinin bütöv bir dövrünü əhatə edir: professional bəstəkarlıq yaradıcılığının janr və formalarının ilk dəfə Azərbaycan musiqisinə tətbiq olunmasından dünya musiqi təcrübəsinin tələblərinə tam cavab verən yüksək klassik nümunələrin yaradılmasına kimi. Onun musiqisinin bədii və ictimai-tarixi təsir qüvvəsi o qədər böyükdür ki, təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da əks-səda tapıb, bir sıra Şərq xalqlarının musiqi mədəniyyətinin tərəqqi yolunu işıqlandırmışdır.
Üzeyir Hacıbəyovun tarixi missiyası milli musiqi sənətinin inkişaf yolunun dünya bəstəkar yaradıcılığı istiqamətinə yönəldilməsi, Azərbaycanda milli bəstəkarlıq məktəbinin təməlinin qoyulması kimi qlobal problemlərin həyata keçirilməsindən ibarət idi.
Üzeyir Hacıbəyovun bədii üslubu, eləcə də yaradıcılığı Azərbaycan musiqisinin rəngarəng semantik ifadə mənbələrindən qaynaqlanır. Qeyd etmək lazımdır Ki, avropa professional musiqisinin bütün əsas janrlarlarına Ü.Hacıbəyov bir bəstəkar kimi maraq göstərmişdir. Hətta milli musiqi irsinin heç bir sahəsi dahi bəstəkarın diqqətindən kənarda qalmamışdır. Bu böyük yaradıcı prosesin ən mühüm cəhəti isə iki musiqi sisteminin – milli-ənənəvi və ümumi bəstəkarlıq qanunauyğunluqlarını qovuşduran Üzeyir Hacıbəyovun bədii metodunun əmələ gəlməsindən ibarətdir. Ilk baxışdan, musiqinin bir-birindən fərqlənən estetik, bədii və nəzəri əsasları arasında o, öz kökünə görə ümumi olan, əvvəllər diqqətdən kənarda qalmış elə əlamətləri tapırdı ki, onlar Azərbaycan musiqisinin gələcəkdə geniş inkişaf imkanlarını müəyyən etməyə qadir olsunlar. Məhz bu ümumi, köklü oxşar cəhətlər, universallıq musiqini öz təbiətinə görə incəsənətin digər növlərindən mahiyyətcə fərqləndirən keyfiyyət əlamətlərini, səciyyəvi, fərdi xüsusiyyətləri
özündə cəmləşdirir. Öz növbəsində, Ü.Hacıbəyovun yaradıcılığı ilk dəfə olaraq, Şərq xalqlarının bəstəkarlıq məktəblərinin nailiyyətləri sayəsində dünya professional musiqi mədəniyyətinin zənginləşməsi üçün mümkün olan yollar açdı, dünyanın çoxəsrlik professional bədii musiqi təcrübəsinə təzə nəfəs gətirdi.
Üzeyir Hacıbəyovun yaradıcılığında musiqinin bəzi inkişaf prinsiplərinin araşdırılmasına həsr olunmuş tətqiqatların müəllifi professor N.Əliyeva qeyd edirdi ki, Ü. Hacıbəyovun bir bəstəkar kimi yaradıcılıq metodu onun Azərbaycan professional musiqi sənətinə dair nəzəri müddəaları ilə tam uyğunluq təşkil edir, eyni zamanda, ideya-bədii məzmunun həyata keçirilməsinə xidmət edən ifadə vasitələrinin vəhdəti özünü göstərir. Belə ki, Ü.Hacıbəyovun musiqisi Azərbaycan musiqi üslubunun əsas xüsusiyyətlərindən prinsipial olaraq kənara çıxmır. Fikrimizi aydınlaşdırmaq üçün qeyd etməliyik ki, məsələn, onun musiqi dilində polifonik çoxsəsliliyin təzahürünü şərtləndirən əlamətlərdən biri onun Azərbaycan muğamının, xüsusilə aşıq yaradıcılığının, xalq mahnı və rəqslərinin semantikasına, milli musiqinin lad-intonasiya əsaslarına dayaqlanması ilə bağlıdır.
Bu baxımdan, polifonik qurumların daxili hərəkətinin tənzimlənməsi, polifonik komponentlərin uzlaşma prinsipləri, polifonik "kristallın forması" (B.V.Asafyev) və nəhayət, bəstəkarın musiqi tematizminin intonasiya məğzi, bir qayda olaraq, Azərbaycan musiqi yaradıcılığının lad-tonal qanunauyğynluqlarına cavab verir və qenetik cəhətdən onunla bağlıdır. Bundan başqa, Ü.Hacıbəyovun musiqisindəki polifonik qurumların Azərbaycan muğamının lad-intonasiya dramaturgiyası ilə əlaqələndirilməsi, onun çoxsəsli polifonik ifadə imkanlarına müraciət olunması bəstəkarın əsərlərinin kompozisiyasının tərtibat tendensiya-larını əks etdirir, bununla da onun musiqi-bədii üslubunun göstəricisinə çevrilir.
Bu, Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biridir. Bununla əlaqədar olaraq, qeyd etməliyik ki, dünya musiqisində polifonik təcrübə sahəsindəki nailiyyətlərini milli musiqi sənəti müstəvisində inkişaf etdirən bəstəkar keyfiyyətcə yeni polifoniya növü yaratmışdır; orijinal və özünəməxsus xüsusiyyətlərə malik olan bu növ polifoniya tarixi zaman baxımından dünya bəstəkarlıq təcrübəsinə daxil olaraq, Şərq melosu əsasında professional musiqi əsərləri yaradılması sahəsində yeni səhifə açmışdır.
Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında ostinatlıq prinsipinin təhlilini də məhz bu göstərilən aspektdə aparmışıq. Azərbaycan musiqili teatrı sahəsində şedevr əsərlərindən biri olan "Arşın mal alan"da ostinatlıq prinsipi avropa professional musiqisinin və Azərbaycan xalq musiqisinin dərin kökləri ilə bağlı xüsusiyyətləri özündə qovuşdurmuşdur.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|