ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
ÜZEYIR HACIBƏYOVUN
Gülzar MAHMUDOVA
CAHANGIR CAHANGIROVUN MAHNILARI
Leyla QULIYEVA
VASIF ADIGÖZƏLOVUN VOKAL YARADICILIĞININ MUSIQI DILININ BƏZI XÜSUSIYYƏTLƏRI
Imruz ƏFƏNDIYEVA
RƏHILƏ HƏSƏNOVANIN MÜƏLLIF ÜSLUBUNUN BƏZI XÜSUSIYYƏTLƏRI
Kəmalə ƏLƏSGƏRLI
UŞAQ XOR IFAÇILIĞININ YARANMASINDA ÜZEYIR HACIBƏYOVUN ROLU
Allahverdi XƏLƏFOV
AZƏRBAYCAN XALQ RƏQSLƏRININ NOT YAZILARI HAQQINDA
Elnarə DADAŞOVA
QARA QARAYEVIN FORTEPIANO MUSIQISININ TARIXI ZƏMINI
Nərgiz ABDULLAYEVA
ASƏF ZEYNALLININ YARADICILIĞINDA FORTEPIANO FUQALARININ INTONASIYA XÜSUSIYYƏTLƏRI
Natəvan QƏDIMOVA
|
|
"… Həqiqi istedadın nuru səhər günəşinin
işığına bənzəyir: yandırmır, göz qamaşdırmır.
Oyadır.
Isidir. Yaşadır ".
Əkrəm Əylisli
Vasif Adıgözəlovun çoxsahəli yaradıcılığı Azərbaycan musiqi tarixinin inkişafında böyük rol oynamışdır.
Vasif Adıgözəlov Qara Qarayev məktəbinin parlaq yetirmələrindən biridir. Öz yaradıcılığında bəstəkar bütün janrlara müraciət etmiş, gözəl və orijinal əsərlər yaratmışdır.
Vasif Adıgözəlovun yaradıcılığını vaxtilə Qara Qarayevin müasir bəstəkarlar haqqında dedikləri sözləri ilə xarakterizə etmək olar: "Əgər sənətkar öz dövrünün ideyaları və hissləri ilə yaşayırsa və əgər onları öz dövrünün vasitələri ilə əks etdirmək üçün dəqiq və doğru forma tapırsa – bu novator-luqdur. Biz hamımız vasitələr axtarırıq – bunlar adi və qeyri-adi ola bilər. Lakin hal-hazırda hamısı yalnız və yalnız fikri ifadə etmək üçün lazımdır".
Vasif Adıgözəlovun romans və mahnı yaradıcılığı uzun illərdir ki, milli mədəniyyətimizin ən gözəl nailiyyətləri xəzinəsində mühüm yer tutur. Bəstəkarın mahnı və romans yaradıcılığı nəinki Azərbaycanda, hətta sərhədlərimizdən uzaqlarda da geniş şöhrət tapmışdır. Əlbəttə, bir çox romans və mahnıların dillər əzbəri olması gözəl sənətkarlarımız Rəşid Behbudovun, Mirzə Babayevin, Şövkət Ələkbərovanın, Fidan və Xuraman Qasımovaların, "Qaya" vokal-instrumental ansamblının yüksək ifaçılıq məharəti, incə interpretasiyası ilə bağlıdır.
Bəstəkarın romans və mahnıları görkəmli şairlərimizin sözlərinə yazılmışdır. R.Rzanın sözlərinə "Yeddi çinar", Natəvanın sözlərinə "Qərənfil", Ə.Kürçaylının sözlərinə bəstələnmiş "Ay olmaq istəyirəm" əsərləri dediklərimizə nümunədir.
Özünün romans və mahnı yaradıcılığında bəstəkar müxtəlif nəsillərin, üslub və yaradıcılıq istiqamətlərinin şairlərinə müraciət edir. Bununla bağlı bəstəkar öz musiqisində hər bir poetik üsluba uyğun musiqi obrazını tapmağa cəhd göstərir.
Adıgözəlovun vokal lirikasının erkən nümunələrindən biri də Natəvanın sözlərinə bəstələnmiş "Qərənfil" romansıdır. Natəvanın klassik poeziyasına müraciət – 1960-cı illərdə Azərbaycan bəstəkarlarının yaradıcılıqlarına səciyyəvi idi. Qeyd etmək lazımdır ki, bu şairə Natəvanın yaradıcılığına ilk müraciət idi. Məhz bu dövrdə Azərbaycan bəstəkarları Nizami, Füzuli, Vaqif və başqa klassiklərin incilərinə tez-tez müraciət edirdilər.
Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazdığı "Qərənfil" romansı Azərbaycan vokal lirikasında novator əsərdir. Bu bir tək Natəvanın irsinə müraciət deyil, həmçinin lirik-psixoloji romansın yeni növüdür. Burada gülə olan məhəbbətdən nəql edən məftunedici lirik poeziya bəstəkarın musiqisində sanki "sinxron" təcəssümünü tapır. V.Adıgözəlov burada "üslub illüziyası prinsipi"ndən istifadə edir (Y.Dolinskayanın termini). Onu adətən "üslub vasitəsilə ümumiləşdirmə" anlayışı ilə bağlayırlar. Bu isə özlüyündə müəyyən dövrün ən səciyyəvi xüsusiyyətlərinə müraciət deməkdir.
Həqiqətən, V.Adıgözəlovun "Qərənfil" romansı dinləyicinin yaddaşında milli poeziyamızın nadir incisinin yarandığı dövrün əhval-ruhiyyəsini, üslubunu, estetik təsdiqini canlandırır. Onu da qeyd etməliyik ki, bu romans əruz vəznində yazılmışdır. Ümumiyyətlə, 1960-70-cı illər mahnı sənətində yeni üslub axtarışları, yeni ifadə vasitələri, milli harmoniyanın müasir musiqimizin bəzi bədii-texniki üsulları ilə uzlaşması ilə səciyyələnir. "Qərənfil" romansında bəstəkar Azərbaycan xalq musiqisinə xas olan ornamental üslubdan geniş istifadə edir.
Romansa olan giriş - ifadəli, açıq, emosional, psixoloji lirizmi ilə fərqlənir. Zəngin melizmlərin əsasında yaranmış ornamental üslub musiqiyə orijinal təravətlik bəxş edir. Mövzunun bir rüşeymdən tədricən yetişdirilməsi muğam melosunun təşəkkülü üçün səciyyəvidir. Məhz bu cəhətdən bəstəkar böyük sənətkarlıqla istifadə etmişdir.
Bəstəkarın musiqisində faktura zənginliyi və ayrı-ayrı qatların fərdiliyinə cəhdlər müşahidə edilir. Bununla da sanki faktura məzmunun poetikliyini "sübut" edir, həmçinin xüsusi ekspressiya və dinamizm yaradır. Ayrı-ayrı frazaları birləşdirən ifadəli "səsaltılar" olduqca gözəl və təravətli səslənirlər. Birinci genişlənmiş periodu ikinci period ilə birləşdirən inkişaflı interlüdiya əsərə xüsusi rəngarənglik və yüksək emosional ekspressiya daxil edir.
Musiqinin romantik, ehtiraslı və həyəcanlı əhval-ruhiyyəsi yüksək emosional hisslərin ifadəsi ilə bağlıdır. Melodiya yüksək mənbədən başlayaraq uzun müddət bu zonada qalır: ilk 4 xanə fa səsində dayanmağa və onun ətrafında gəzişməyə istinad edir. Təkrar keçiddə isə bəstəkar yenidən fa səsi üzərində dayanır və onu ifadəli hava ("popevka") ilə orijinal səsləndirir.
"Qərənfil" romansı reprizalı sadə ikihissəli formada yazılmışdır.
Koda hissəsi incə və şəffaf, sanki yuxarı registrdə "əriyir": melodiya qeyri-sabit do səsindən sanki "asılı" vəziyyətdə qalır. Sonluğun yaratdığı romantik qeyri-müəyyənlilik, qərarsızlıq, natamamlıq musiqiyə xüsusi poetik gözəllik və məlahətlilik verir.
R.Rzanın sözlərinə bas səsi üçün yazılmış "Yeddi çinar" romansı öz monumentallığı, bədii gözəlliyi və romantik əhval-ruhiyyəsi ilə diqqəti cəlb edir. Burada dərin fəlsəfi məna böyük əhəmiyyət kəsb edir, yeddi çinar təbiətin qüdrətini, qüvvəsini və mərd gözəlliyini təmsil edir. Romansda çinarın əzəmətli və məğrur gözəlliyindən fərəhlə zövq alınması ifadə edilmişdir. Burada bəstəkar çinarın yarpaqlarını qiymətli daş olan zümrüdlə müqayisə edir. Əsərdə bəstəkar sanki akvarel boyalara üstünlük verir.
R.Rzanın yaradıcılığındakı lakoniklik və üslubun qrafikliyi, nitq intonasiyasına olan diqqət bəstəkarı cəlb etmişdi. Musiqidə və xüsusilə mahnı və romanslarda yeni intonasiyaların yaranması olduqca zəruridir. Hələ akademik B.V.Asafyev qeyd edirdi ki, "musiqi hər şeydən əvvəl intonasiya sənətidir" və yaxud "musiqi intonasiya prosesindən ayrı ola bilməz". Bildiyimiz kimi, danışıqda intonasiya əsasən hansısa mənanın, məzmunun açılmasını nümayiş etdirir. Danışıq və musiqi intonasiyaları arasında oxşar və fərqləndirici cəhətlər var.
"Yeddi çinar" əsərini Azərbaycan bəstəkarlarının vokal yaradıcılıqlarında klassik nümunə hesab etmək olar. Romansa olan 4 xanəli girişdə sanki əsərdəki ümumiləşdirilmiş bədii obraz verilmişdir. Böyük septakkordların və kvartseptak-kordların qüvvətli səslənmələri yeddi çinarın əzəmətlə boy atdığı ciddi və solmayan çəmənliyin gözəlliyinin parlaq lövhəsini yaradır. Bas səsinə tapşırılmış vokal partiya xüsusi əzəməti, monumental tonusu lə fərqlənir.
Poetik mətndə 4 hecalı struktur 8 hecalı strukturla uyğunlaşır. Dörd hecalı strukturun tətbiqi bas səsinin hərəkətini rəvan, mərhələli, sabit xarakterli edir. Qeyd etmək lazımdır ki, hər bir motiv bütöv notla tamamlanır. Bu isə özlüyündə intonasion cazibə mərkəzini təşkil edir. Əgər biz onları qruplaşdırıb, birləşdirsək fa səsindən do səsinə enən bas xəttini görərik. Məhz bu xüsusiyyət intonasion tematizmin incə və qeyri-adi dramaturgiyasını təşkil edir.
Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.
|