Öçåéèð Ùàæûáÿéîâ - 120
ÜZEYIR HACIBƏYOV INTERNET PORTALININ TƏQDIMAT MƏRASIMI…
Cəmilə HƏSƏNOVA
|
|
Xüsusilə «Üzeyir Hacıbəyov» portalı barədə bir qədər ətraflı danışmaq istərdim. Ona görə ki, bu, nəinki Azərbaycanda, həmçinin, digər ölkələrdə də analoqu olmayan layihədir. Portalın məzmunu və əhəmiyyəti haqqında söhbət açmazdan əvvəl mən bu möhtəşəm işi həyata keçirənlərin adlarını qeyd etmək istərdim. Onun müəllifi «Musiqi Dünyası» jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur. Portalın redaktoru – sənətşünaslıq namizədi, dosent Cəmilə Həsənova, Web-ustası – Alina Cahangirova, proqramçı – Dmitriy Podzvezdov, HTML kodlar - Irina Tişakova, kompüterdə hazırlama - Natəvan Rəsulova, musiqi redaktorları – əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Azad Zahid, fotoqraf – Raid Abbasovdur. Ümumiyyətlə, portalın hazırlanmasında Bakı Musiqi Akademiyasının aparıcı müəllimləri, respublikada fəaliyyət göstərən arxivlər, muzeylər, kitabxanalar iştirak etmişlər. Onlardan Azərbaycan Respubl
ikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar Ittifaqı, « Azərbaycan Mədəniyyətinin Dostları» Fondu, Azərbaycan Açıq Cəmiyyət Institutu – Yardım fondu, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri şirkəti, Azərbaycan Dövlət Səsyazıları arxivi, Azərbaycan Respublikası Dövlət Kino-Foto sənədlər arxivi, Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyası Əllyazmalar Institutu, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bakı Musiqi Akademiyası, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, S. Mümtaz adına Azərbaycan Respublikasının Ədəbiyyat və Incəsənət Dövlət Arxivi, Xalq Təhsili Muzeyi, Üzeyir Hacıbəyovun xatirə Ev-muzeyi, Üzeyir Hacıbəyovun Şuşa Ev-muzeyi və Şuşa şəhəri Mədəniyyət idarəsini qeyd etməliyik.
«Üzeyir Hacıbəyov» Internet portalına çox böyük həcmdə informasiya daxil edilmişdir. Onun tutumu 20 q/b – bərabərdir. Müqayisə üçün, deyək ki, bu, 625 min çap vərəqini əhatə edir.
Bu portalın əsas səhifəsinə ümummilli liderimiz Heydər Əliyevin Üzeyir Hacıbəyov haqqında söylədiyi fikri epiqraf kimi daxil edilmişdir: «Üzeyir Hacıbəyov yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir». Elə ilk səhifədə -«Bəstəkar və şəxsiyyət» səhifəsində Heydər Əliyevin Ü.Hacıbəyovun 110 illik yubileyi münasibətilə nitqinin audio, video və çap mətni tam şəkildə öz əksini tapmışdır.
«Geneologiya» səhifəsində ilk dəfə olaraq Hacıbəyovlar ailəsinin nəsil ağacı tərtib olunmuşdur və aparılan araşdırmalar sayəsində bu nəslin nümayəndələri haqqında məlumatlar əldə edilmişdir.
Portala Ü.Hacıbəyovun musiqi əsərləri: «Leyli və Məcnun», «Koroğlu» operaları, «O olmasın, bu olsun», «Arşın mal alan» musiqili komediyaları, instrumental və vokal əsərləri daxil edilmişdir. Onu da deyim ki, bu əsərlər ayrı-ayrı Internet saytları şəklində hazırlanmışdır. Belə ki, bu saytlardan istifadə edən hər bir şəxs əsərin librettosunu, notlarını, musiqisini görüb - eşidə bilər. Bütün saytlar üç dildə tərtib olunmuşdur – azərbaycan, rus, ingilis; - «Arşın mal alan»ın isə bundan əlavə, Çin və fars dillərində səsyazısı verilir.
Məlum olduğu kimi, Ü.Hacıbəyov böyük publisist və dramaturq olmuşdur. Onun ədəbi irsi də portalda ayrıca bölmə kimi öz əksini tapmışdır. Publisistika və felyetonlar, librettolar və s. onun ədəbi irsinin qiymətli hissəsidir və bütün bunların mətnləri burada verilir. O cümlədən, Üzeyir bəyin epistolyar irsinə və elmi məqalələrinə ayrıca səhifələr həsr edilmişdir.
Ü.Hacıbəyov Azərbaycan musiqi elminin banisi olmuşdur. Onun elmi irsini əks etdirən bölmədə «Azərbaycan xalq musiqisinin əsasları» fundamental əsəri öz əksini tapıb. Ümumiyyətlə, «Azərbaycan xalq musiqisinin əsasları» Azərbaycan internet məkanında ilk elektron dərslikdir. Üç dildə tərtib olunmuş bu elektron dərslik vasitəsilə dünyanın müxtəlif yerlərində Azərbaycan ladları ilə maraqlanan hər bir şəxs əhatəli elmi didaktik məlumat ala bilər. Məsələn, hər bir ladın quruluşu, ona aid not nümunələri səslənir. Amma didaktik materiallar bölməsində bütün bu ladlar əsasında ayrı-ayrı janrlarda musiqi əsərlərini eşitmək olar.
Portalda həmçinin, Ü.Hacıbəyovun tələbələri olmuş və sonradan Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarına çevrilmiş musiqiçilərin fotoşəkilləri verilmişdir. «Musiqi Dünyası» gələcəkdə hər bir bəstəkarın yaradıcılığını əhatə edən saytlar hazırlamağı düşünür. Hal-hazırda isə «Qara Qarayev» saytı üç dildə fəaliyyət göstərir.
Portalın «Fotoqalereya» bölməsində bəstəkarın anadan olduğu şəhərin – Şuşanın şəkilləri, ailəsi ilə birgə şəkilləri, təhsil illəri ilə bağlı şəkillər, əlyazmalarının fotosurəti, yaşadığı Bakı şəhərinin fotoları yığılmışdır.
«Videoteka» bölməsində Ü. Hacıbəyovun çıxışını, həmçinin onun əsərlərinin videolentlərini görə bilərsiniz. Onu da deyim ki, hər hansı bir əsərin videoroliki ilə yanaşı, onun not və çap mətnini eyni zamanda izləmək olar. Bu da Azərbaycan Internet məkanında yenilikdir.
«Fonoteka» hissəsində Ü. Hacıbəyovun demək olar ki, bütün musiqi əsərlərinin audio yazıları toplanmışdır.
Portalda «Ədəbiyyat» hissəsində ilk dəfə olaraq «Ü.Hacıbəyov elektron ensiklopediya»sı Azərbaycan və rus dillərində yaradılmışdır. Qeyd edim ki, «Ü.Hacıbəyov ensiklopediyası»nın çap nəşri 1996-cı ildə Azərbaycan, 2003-cü ildə isə rus dilində Nazim Ibrahimovun redaktorluğu ilə çıxmışdır. Onun icazəsi ilə indi həmin nəşrin elektron versiyası yaradılmışdır. Belə ki, burada verilmiş hər bir informasiya audio, video, not, yazı mətnləri ilə, foto materiallarla zənginləşdirilmişdir. Burada bir növ, bütün informasiyalar canlandırılır.
Portalın «Üzeyirşünaslıq» səhifəsində onun haqqında musiqişünasların elmi əsərləri toplanmışdır. «Bəstəkarın xatirəsi» səhifəsində isə tanınmış mədəniyyət xadimlərinin bəstəkar haqqında ürək sözləri verilmişdir.
|