ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


Ü.HACIBƏYOVUN EV-MUZEYINDƏN …


       Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakıdakı ev-muzeyi artıq 30 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində şəhərimizin ən çox ziyarət olunan mədəniyyət ocağı kimi şöhrət tapan muzey, dahi bəstəkarın şanlı həyat və yaradıcılığını tam dolğunluğu ilə əks etdirmiş, böyük bir tarixi salnaməni özündə yaşatmışdır. Muzeydə Üzeyir bəyin yaşadığı dövr, zaman, ailə üzvləri, dostları, məsləkdaşları, təhsil illəri, təmasda olduğu görkəmli şəxsiyyətlər xüsusi diqqətlə, hörmətlə yad edilir. Bu evin hər qarışı tarix olaraq böyük bəstəkarın nəfəsini, ruhunu, ürək döyüntülərini özündə yaşatmaqdadır.

       Muzey XIX əsrin sonlarında inşa olunmuş bir binada yerləşir və Ü.Hacıbəyov bu evdə 1915-1942-ci illərdə yaşamış, bir çox gözəl əsərlərini, o cümlədən «Koroğlu» kimi şah operasını da bu evdə yaratmışdır.

       Yaşı yüzü ötmüş bu binanın artıq çoxdan idi ki, əsaslı təmirə ehtiyacı vardı. 30 il ərzində bir neçə dəfə təmir olunsa da, bu kiçik təmirlər kosmetik xarakter daşımış, binanın köklü problemlərini həll etməmişdi.

       Bu ilin 28 fevralında ölkə Prezidenti Ilham Əliyevin Üzeyir Hacıbəyovun 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi fərmanda ev-muzeyinin də əsaslı təmiri xüsusi olaraq qeyd olunmuşdu. Bu fərmandan irəli gələrək Mədəniyyət Nazirliyi də təmirin yüksək səviyyədə keçirilməsi üçün əmr verdi. Bütün yay mövsümündə muzeydə ciddi və gərgin iş göruldü. Muzey binasının çürümüş döşəmə və tavanı dəyişildi, divarların suvaqları, qapı-pəncərələri yeniləşdi, döşəməyə yeni parket örtüyü vuruldu. Ən vacibi isə uzun illər muzey üçün zəruri olan ventilyasiya, istilik sistemi quraşdırıldı, muzey müasir kondisionerlər ilə təchiz olundu. Muzeyin quruluşunda da bir çox yeniliklər baş verdi. Bu evin dəhlizi, həyəti, kino-konsert salonu yeni görkəmdə tərtib olundu. Muzeyin əməkdaşları qısa zaman ərzində yeni mövzu ekspozisiya planı işləyib hazırladı ki, onun da əsasında muzeyin yeni ekspozisiya və tərtibatı həyata keçdi. Muzeydə tamaşaçılara tanış olan eksponatlarla yanaşı, bir çox yeni-yeni fotolar, əşyalar, sən ədlər və s. nümayiş etdirildi.

       Dahi bəstəkarın ad günü- 18 sentyabrda muzey də yeni tərtibatla, yeni görkəmlə öz qapılarını Üzeyir sevərlərin üzünə açdı. Həmin gün muzeyin təntənəli açılış günü bir çox görkəmli ziyalılar, bəstəkarlar, yazıçılar, musiqişünaslar, alimlər ev-muzeyinin önünə toplaşmışdı. Mədəniyyət Naziri Polad Bülbüloğlu mərasimi açıq elan etdi və çıxışını bu sözlərlə başladı:

        «Xalqımız dahi bəstəkar, müasir Azərbaycan professional musiqi sənətinin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyini öz böyük oğluna dərin minnətdarlıq və məhəbbət hissi ilə qeyd edir. Xalqımızın böyük himayədarı Heydər Əliyev Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyovun misilsiz xidmətlərini nəzərə alaraq, onun yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək üçün 1995-ci ildə imzaladığı Fərmanla hər il sentyabrın 18-də Üzeyir Musiqi günü keçirilməsi barədə qərar vermişdir. Məhz həmin fərmanın davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev bu il fevralın 28-də Üzeyir Hacıbəyovun 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2005-ci il tarixli həmin sərəncamında qeyd edilir: «… Üzeyir Hacıbəyovun ev-muzeyinin əsaslı təmir olunmasını təmin etsin». Həmin Sərəncama əsasən respublikamızda silsilə tədb irlər keçirilir».

       Sonra nazir Üzeyir bəyin zəngin yaradıcılığından danışaraq onu xalqın mənəvi qüdrətinin timsalı adlandırdı. Odlar diyarı Azərbaycanın dünya mədəniyyəti xəzinəsinə od ürəkli, od nəfəsli sənətkarlar verdiyini deyən Nazir, belə ölməz sənətkarlar arasında Üzeyir Hacıbəyovun xüsusi yeri olduğunu söylədi. O, zəngin, ecazkar, çox sahəli və çox janrlı yaradıcılığa malik böyük şəxsiyyət, parlaq istedad sahibidir. Xalqa yaxın olması, coşğun, ictimai və ədəbi fəaliyyəti, tükənməz yaradıcılıq imkanları ona zəmanəsinin sənət korifeyləri sırasında yüksək yer qazandırmışdır. Sonra Polad Bülbüloğlu muzeydə gedən təmir işlərindən danışdı, bu təmirdə əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi.

       Daha sonra xalq artisti Ramiz Mustafayev, sənətşünaslıq doktoru Zemfira Səfərova, muzeyin direktoru bəstəkar Sərdar Fərəcov açılış mərasimində çıxış etdilər. Daha sonra muzeyin qapısında qırmızı lenti kəsən nazir Polad Bülbüloğlu hamını muzeyə dəvət etdi. Gələn qonaqlar muzeyin yeni tərtibatı ilə tanış olaraq məmnun qaldılar. Muzeyin həyətində iki yeni kitabın- «Vətən, Millət, Ordu» və «Komediyalar və yumoristik miniatürlər» kitablarının təqdimat mərasimi oldu. Hər iki kitab Üzeyir Hacıbəyovun əsərlərini əhatə edərək bəstəkarın 120 illik yubileyi münasibəti ilə muzeyin əməkdaşları tərəfindən tərtib olunmuşdur.

       Muzeyin açılışını yubiley günlərinin ən maraqlı və əhəmiyyətli tədbirlərindən biri kimi hesab etmək olar.

       Sərdar FƏRƏCOV



AZƏRBAYCAN DÖVLƏT MUSIQI MƏDƏNIYYƏTI MUZEYINDƏN…

       18 sentyabr 2005-ci il tarixində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 120 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin Üzeyir Hacıbəyovun 120 illik yubileyi ilə əlaqədar 28 fevral 2005-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Heydər Əliyev adına Sarayın foyesində nümayiş etdirilən Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş sərgi təşkil etmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu sərginin təşkili işinə böyük həvəs və məsuliyyətlə yanaşmış, muzeyin fondundan bəstəkarın həyat və yaradıcılığına aid materiallar mövzu planına uyğun seçilmişdir. Sərgidə Üzeyir Hacıbəyovun Qori seminariyasın bitirməsi haqqında şəhadətnamə, «Kaspi» qəzetində 12 yanvar 1908-ci ildə «Leyli və Məcnun» operasının premyerasının elan ı, «Nicat» cəmiyyətinin proqramı (1911), «Ər və arvad» musiqili komediyasının afişası (1918), bəstəkarın şəxsi imzası olan «Ləzginka» əsərinin not əlyaszması (1932), Müslüm Maqomayevlə birlikdə tərtib etdiyi «Azərbaycan türk el nəğmələri» (1927) məcmuəsi, muğam operalarından «Leyli və Məcnun», «Şeyx Sənan», «Rüstəm və Söhrab», «Əsli və Kərəm», «Şah Abbas və Xurşidbanu»nun afişaları, Bülbülün «Koroğlu» operasında Koroğlu rolunda fotoşəkli və s. dəyərli eksponatlar nümayiş etdirilmişdir.

       Qeyd etməliyik ki, bu sərgidə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılan eksponatlardan da istifadə edilmişdir.

       Təranə Qurbanova

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page