BAKI MUSIQI AKADEMIYASINDAN…
Bakı Musiqi Akademiyası dahi bəstəkar, musiqişünas-alim, pedaqoq, publisist, dramaturq, ictimai-xadim Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibəti ilə silsilə tədbirlər keçirmişdir.
17 sentyabr:
Hərbi Dəniz Qüvvələrinin Zabitlər evində Ü.Hacıbəyovun 120 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunmuşdur. Tədbirdə BMA-nın magistrantı N.Qaralova Üzeyir Hacıbəyova həsr olunmuş «Vətənin qəhrəman oğlu» məruzəsi ilə hərbçi matros heyəti qarşısında çıxış etdi.
18 sentyabr:
Dahi Üzeyir Hacıbəyovun anadan olması ilə əlaqədar Azərbaycanda Musiqi bayramı kimi qeyd olunan bu gündə ənənəvi olaraq Bakı Musiqi Akademiyası qarşısında bütün musiqisevərlərin, üzeyirsevərlərin iştirakı ilə geniş bayram konserti keçirildi.
24 sentyabr:
Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Iqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Iqtisad Universitetində Üzeyir Hacıbəyova həsr olunmuş tədbir keçirildi. Tədbiri Iqtisad Universitetinin rektoru profossor Şəmsəddin Hacıyev və BMA-nın rektoru professor Fərhad Bədəlbəyli açdı. Daha sonra BMA-nın professoru F.Əliyeva Üzeyir Hacıbəyov haqda çıxış etdi. Tədbirdə xalq artisti, professor Xuraman Qasımova, Gənclər və Turizm Nazirliyinin bir çox nümayəndələri, Tələbə Gənclər Təşkilatlarının Sədrləri, hər iki ali məktəbin müəllim və tələbə heyəti iştirak edirdilər.
Konsert proqramında professor Hidayət Hüseynovun rəhbərliyi ilə BMA-nın tələbələrdən ibarət nəfəs alətləri orkestri, BMA-nın məzun və tələbələri Amil Həsənoğlu, Günel Məmmədova, Zaur Əmiraslanov, Fərid Əliyev, eləcə də müğənni Azərin dahi bəstəkarın əsərlərini ifa etdilər. Qeyd edək ki, Azərbaycan Dövlət Iqtisad Universitetinin tələbələri də Ü.Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyasından maraqlı səhnəcik göstərdilər.
29 sentyabr:
BMA-nın Gənclər Təşkilatı ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin birgə təşəbbüsü ilə Azərbaycan Ali Hərbi Dənizçilik məktəbində Üzeyir Hacıbəyova həsr olunmuş konsert keçirildi.
2 oktyabr:
Bilgəhdə yerləşən «Ahıllar evində» BMA-nın tələbələri Üzeyir Hacıbəyova həsr olunmuş maraqlı tədbir keçirdilər. Tədbirdə dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun Azərbaycan mədəniyyətində rolu və yeri haqda məruzə ilə BMA-nın magistrantı Qaralova Nərmin çıxış etdi.
16 oktyabr:
Piriküşküldə hərbi hissədə BMA-nın Gənclər Təşkilatı və Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin birgə təşəbbüsü ilə Üzeyir Hacıbəyovun 120 illik yubileyinə və 18 oktyabr Müstəqillik gününə həsr olunmuş konsert proqramı ilə BMA-nın tələbələri çıxış etmişlər. Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan konsertdə dahi bəstəkarın əsərləri, xalq və bəstəkar mahnılar səslənmişdir.
Hər iki tədbirdə konsert proqramında BMA-nın tələbələri Amil Həsənoğlu, Zaur Əmiraslanov, Nurlan Növrəsli, Günel Məmmədova, Tural Əliyev, Rumil Musayev, Mirkamil Kamilov, Xəyalə Manaflı Üzeyir Hacıbəyovun əsərlərini və xalq mahnılarını ifa etdilər.
SSRI və Azərbaycan xalq artisti, professor, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi yubiley təşkilat qrupunun üzvləri- BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru Yeganə Axundova və BMA-nın Tələbə Gənclər Təşkilatının sədri Mənzər Nurəliyevanın fəaliyyəti xüsusilə qeyd olunmalıdır.
SANKT-PETERBURQDA AZƏRBAYCAN MUSIQISINƏ HƏSR EDILMIŞ KONFRANS
N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının nəzdində «SSRI xalqlarının musiqisi kabineti» bu dövlətin tərkibinə daxil olan xalqların incəsənətinin tədrisində və təbliğində səmərəli fəalliyət göstərir. Düzdür, SSRI-nin süqutu ilə əlaqədar olaraq həmin kabinetin bağlanmaq qorxusu var idi. Ancaq kabinetin rəhbəri dosent T.V. Broslavskayanın səyləri nəticəsində o bağlanmadı vəhazır da«Milli musiqi mədəniyyətlərinin tarixi laboratoriyası»kimi işini davam etdirir. Qafqaz xalqlarının musiqi mədəniyyətinin yüksək qiymətləndirən T.V.Broslavskayanın (o, gürcü musiqisi üzrə mütəxəssisdir) təşəbbüsü və rəhbərliyi ilə bu il may ayının 19-da konservatoriyada Azərbaycan bəstəkarları Ü.Hacıbəyovun və M.Maqomayevin anadan olmasının 120 illiyinə həsr olunmuş «Muğam və bəstəkar yaradıcılığı» mövzusunda tələbə elmi konfransı keçirilmişdir. Yığıncağı giriş sözü ilə laboratoriyanın rəhbəri, Bros lavskaya açmışdır. Sonra məruzələr dinlənilmişdir. Məruzə mövzularının düşünülmüş, planlı şəkildə seçilməsi və beləliklə də Azərbaycan bəstəkarları yaradıcılığının ən müxtəlif cəhətlərdən işıqlandırılması diqqətəlayıq idi. Onlardan bəzilərini xatırladaq: «Ü.Hacıbəyov və M.Maqomayevin yaradıcılıq taleyində paralellər» (O.Kovmir), «Ilk Azərbaycan operası «Leyli və Məcnun» (A.Podobed), Ü.Hacıbəyovun «Koroğlu» operasında muğam ənənələri» (A.Toreva), «Müxtəlif mədəniyyətlərdə meliz-matik oxuma ənənələri» (E.Titova) və s.
Konfransda Azərbaycanın Ü.Hacıbəyovdan sonra gələn ikinci nəsil bəstəkarları da yaddan çıxmamışdı. Belə ki, «Qara Qarayevin instrumental yaradıcılığında millilik və beynəlmiləllik» (A.Sidorkin) və «Simfonik muğam Fikrət Əmirovun yaradıcılığında» (M.Salpina) mövzusunda daha iki mühazirə oxunmuşdur.
Maraqlı cəhət orası idi ki, tələbə məruzəçilərin əksəriyyəti musiqişünaslar yox, bəstakarlar idilər. Onların çətin musiqi illüstrasiyalarını fortepianoda məharətlə çalması, ariyalardan fraqmentləri xoş səslə oxuması rəğbət doğurdu. Məruzəçi Aşot Vasilyev «Əsgərin ariyasını» heç də peşəkər vokalçılardan pis oxumadı.
Ən maraqlı çıxışlardan biri də N.Qalyutinanın «Cavanşir Quliyevin yaradıcılığında muğam ənənələri» mövzusunda məruzəsi oldu. Tədqiqatçı bəstəkarın silsilə şəklində yaratdığı fortepiano pyesləri üzərində ətraflı dayandı və C.Quliyevin muğama yaradıcı münasibəti barədə orijinal fikirlər söylədi.
Məruzələrdən sonra bu sətirlərin müəllifi tarda Azərbaycan klassik muğamlarını ifa etdi və muğam sənəti ilə bağlı suallara cavab verdi.
Elmi yığıncaq «Arşın mal alan» bədii filminin nümayiş etdirilməsi ilə başa çatdı.
Faiq ÇƏLƏBI