ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
BIBLIOQRAFIYA...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


YENI MUSIQI-NƏZƏRI TƏDQIQAT


       Milli musiqişünaslığımız sanballı bir nəşrlə zənginləşm\işdir. Professor Ramiz Zöhrabovun zərbi-muğamlara həsr olunmuş kitabı (Ramiz Zöhrabov. Zərbi-muğamlar. Musiqi-nəzəri tədqiqat. Bakı,"Mars-Print”, 2004) işıq üzü görmüşdür. Kitabın müəllifinin geniş təqdimata ehtiyacı yoxdur - “Musiqi dünyası”nın oxucularına da, Azərbaycanın elmi və musiqi ictimaiyyətinə də, minlərlə musiqisevərə də bu ad yaxşı tanışdır. Illərdən bəri nəzəriyyəçi - alim, pedaqoq, musiqi təbliğatçısı kimi göstərdiyi səmərəli fəaliyyəti nəticəsində Ramiz müəllim Azərbaycanın say-seçmə musiqiçilərindən birinə çevrilərək böyük nüfuz qazanmışdır. Lakin Ramiz müəllimin çoxillik elmi tədqiqatlarının bəhrəsi olan bu kitabdan söz açdığımız zaman biz bu alimin milli musiqi mədəniyyətimizdəki rolunu bir daha qeyd etməyə bilmərik. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Humay mükafatı laureatı, Bakı Musiqi Akademiyasının kafedra müdiri, Azərbaycan Bəstəkarlar Ittifaqı I darə heyətinin katibi kimi tanıdığımız R.Zöhrabov artıq elmdə də, pedaqoji sahədə və ictimai fəaliyyətində də kamillik zirvəsinə çatmış, şərəfli yer tutmuş sənət xadimlərimizdəndir.

       Maraqlıdır ki, R.Zöhrabovun bu çoxşaxəli fəaliyyət sahələrinin biri digərini həmişə tamamlamış, bunlar arasında qırılmaz bağlılıq mövcud olmuşdur: uzun illərdən bəri həm şifahi ənənəli musiqimizi, həm folklor nümunələrini, həm bəstəkar yaradıcılığını araşdıran bu alim eyni zamanda öz bilikləri və çoxillik təcrübəsini yetişməkdə olan gənc musiqiçilərlə bölüşmüş, pedaqoq, kafedra müdiri, dərsliklər müəllifi kimi musiqi təhsilində uğurla çalışmışdır. O, həmçinin musiqi tənqidçisi və təbliğatçısı kimi televiziya və radioda, dövri mətbuatdakı maraqlı, populyar çıxışları ilə tanınmışdır. Neçə illərdir ki, Bəstəkarlar Ittifaqı IH katibi kimi də Ramiz müəllimin bilavasitə təşəbbüskarı və təşkilatçısı olduğu tədbirlər də milli musiqimizin və musiqi elminin inkişafı və təbliğinə yönəldilmişdir. Lakin hər bir görkəmli alimin, sənətkarın yaradıcılığında elə bir aparıcı sahə, elə bir mövzu olur ki, bunun araşdırılmasına bəzən bütöv bir ömür həsr olunur. Ramiz müəllimin hələ musiqişünaslıq fəaliyyətinin erkən çağlarından bağlandığı və bu gönə kimi onun elmi maraq dairəsinin mərkəzində duran sahə - şifahi ənənəli professional musiqimiz, klassik muğam sənətimizdir. Və əgər Azərbaycan muğamının bir çox aspektlərdə öyrənilməsi, müasir musiqi elminin nailiyyətlərinə əsaslanmaqla müğam nəzəriyyəsinin yaradılmasında başqa muğamşünas alimlərlə yanaşı R.Zöhrabovun böyük payı varsa, zərbi-muğamların araşdırılmasında onun xidməti müstəsna əhəmiyyətə malikdir, belə ki, bu işin bünövrəsini qoyan və bu günə kimi uğurla davam etdirən məhz Ramiz müəllim olmuşdur.

       Zərbi-muğamların nota salınması, öyrənilməsi, bunların nəzəri əsaslarının tədqiqi, milli musiqi yaradıcılığında bu janrın yerinin müəyyənləşdirilməsi bilavasitə R.Zöhrabovun adı ilə bağlıdır. Öyrənilməsi tədqiqatçıdan yüksək peşəkarlıq vərdişləri, musiqi tarixi və nəzəriyyəsi sahəsində geniş və dərin biliklər tələb edən zərbi-muğamların həm vokal-instrumental partitura şəklində nota köçürülməsi, həm təhlili özlüyündə çətin və mürəkkəb bir iş olsa da, R.Zöhrabov bu vəzifəni öz çiyninə götürüb müvəffəqiyyətlə həyata keçirən ilk musiqişünas olmuşdur. Müxtəlif mənbələrdən damla-damla topladığı tarixi faktlar, vaxtilə dahi Üzeyir bəyin, M.S.Ismayılovun şifahi ənənəli musiqimizin bir qolu kimi qeyd edilən zərbi-muğamlar barədə fikirləri, bu musiqi növünün mahiyyəti, özünəməxsusluğu, üslub cəhətlərinə azacıq da olsa aydınlıq gətirə biləcək hər cür məlumatı toplayaraq ümumiləşdirməyə çalışan R.Zöhrabov 1986-cı ildə rus dilində çap etdirdiyi kitabında Ilk dəfə olaraq nota sal dığı 4 nümunəni təqdim etmişdi. Bu gün isə doğma dilimizdə işıq üzü görmüş “Zərbi-muğamlar” kitabı alimin bu istiqamətdə işini daha da genişləndirdiyini, zərbi-muğamların bütün nümunələrini təhlil edib bunlar haqda bitkin nəzəri konsepsiya yaratmağı öz qarşısına məqsəd qoyduğunu göstərir.

       Kitab bir neçə bölmədən ibarətdir. Zərbi-muğamların bilavasitə təhlilinə keçməzdən əvvəl müəllif şifahi ənənəli professional musiqimizdə bu janrın yerini müəyyənləşdirir. “Zərbi-muğamlar şifahi ənənəli Azərbaycan professional musiqisinin bir janrı kimi” adlandırdığı bu fəsildə müəllif əslində çoxjanrlı milli musiqimiz barədə geniş məlumat verir. Özündə çoxşaxəli şifahi ənənəli milli musiqi sistemimizdə janrlararası əlaqələr, bu maraqlı sistemə daxil olan qollardan hər birinin xüsusiyyətləri, genezisi, təkamül prosesi kimi məsələlərə toxunan tədqiqatçı geniş tarixi məlumata bələd olduğunu nümayiş etdirir. Mülahizələrini aydınlaşdırmaq və fikirlərini sübut etmək üçün müəllif görkəmli musiqişünasların və ifaçıların işlərinə müraciət edir; eyni zamanda o, milli ədəbiyyatımızdan da zəngin informasiya mənbəyi kimi bacarıqla istifadə edir. Zərbi-muğam kimi spesifik janrı araşdıran tədqiqatçı Azərbaycan və ümumiyyətlə Şərq ədəbiyyatına, poeziyasına mükəmməl bələd olduğunu da nümayiş etdirir. Kitabın sonrakı bölməsində doqquz Azərbaycan zərbi-muğamından hər birinin təhlili verilir. Bu təhlil müəyən sistem əsasında aparılır. Əvvəlcə mətni qəzəldən ibarət zərbi-muğamlar “Mənsuriyyə”, “Heyratı”, “Şəmayi-Şəms”, “Heydəri”, daha sonra isə xalq mətninə əsaslanan “Arazbarı”, “Ovşarı”, “Mani”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə” lad-məqam, melodika, çoxsəslilik, ritmika, musiqi forması baxımından təhlili edilir. Bunların ardınca xanəndə, tar, kamança, qavaldan ibarət tərkibin ifasından tədqiqatçının özü tərəfindən orijinal açarlarda nota salınmış hər zərbi-muğamın tam musiqi mətni və sonda ədəbi mətni təqdim edilir. Bu əsaslı tədqiqatın növbəti bölməsi - “Azərbaycan bəstəkarlarının yaradıcılığında zərbi-muğamların təzahürü” - oxucunu araşdırmanın mərkəzində duran bu orijinal janrdan bəhrələnən bəstəkar musiqisi nümunələrilə tanış edir. Əslində bu bölmədə də müəllif daha geniş məsələlər dairəsini əhatə edərək, ümumiyyətlə muğamın bəstəkar yaradıcılığında istifadə olunmasından və bu prosesd əki təkamüldən söhbət açır. Təbii ki, bu zaman zərbi-muğamlar və bunların xüsusiyyətlərinin bəstəkar yaradıcılığındakı “yeni həyatı”na xüsusi diqqət yetirilir. Kitabın “Şərhlər” bölməsi zərbi-muğamlardan hər birinin poetik əsasını təşkil edən ədəbi mətn barədə məlumat verir və eyni zamanda bu musiqi nümunələrinin görkəmli ifaçılarını oxucuya tanıtdırır. Kitabda zərbi-muğamların rus dilinə tərcümə edilmiş mətnləri də təqdim edilmiş, son bölmədə isə rus və ingilis dillərində tədqiqatın qısa xülasəsi verilmişdir.

       R.Zöhrabovun bu kitabı müəllifin şifahi ənənəli professional musiqimiz sahəsində çox dəyərli araşdırmalarından biri, zərbi-mğamlar barədə tamamlanmış fundamental bir nəzəri konsepsiyadır. Bu araşdırmada zərbi-muğamların nəzərdən keçirilməsinin tarixi, nəzəri və estetik aspektləri üzvi surətdə bir-birini tamamlayır. R.Zöhrabovun bir çox tədqiqatlarına xas olan maraqlı və özünəməxsus cəhətlərdən biri - müəllifin peşəkarlarla yanaşı ən geniş oxucu kütləsini də maraqlandırmaq, cəlb etmək bacarığı bu nəşrdə də diqqəti cəlb edir. Nəzəri tədqiqat olmasına baxmayaraq, bu kitab təkcə peşəkarlar üçün deyil, Azərbaycan musiqisini sevən hər kəs üçün maraqlı olacaqdır. Müəllifin sadə və anlaşıqlı ifadə tərzi, rəvan dili, kitabın nəfis tərtibatı da, şübhəsiz ki, Azərbaycanlı oxucuları özünə cəlb etməklə milli musiqimizin təbliğində mühüm rol oynayacaqdır.

       Bu il musiqiçilərimiz demək olar ki, bütün yeni işlərini, uğurlarını dahi Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr edirlər. R.Zöhrabovun yeni kitabını oxuculara məhz indi təqdim etməyimiz də təsadüfi deyil. Çoxjanrlı, zəngin musiqi yaradıcılığımızın orijinal nümunələri olan zərbi-muğamlara həsr edilmiş bu kitab bütün ömrünü milli musiqi mədəniyyətimizin tərəqqisinə həsr etmiş dahi sənətkarın yubileyinə ən ləyaqətli töhfələrdən biridir.

       Şəhla MAHMUDOVA



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page