ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
BIBLIOQRAFIYA...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


       Ən başlıcası isə bundan ibarətdir ki, Azərbaycan musiqi mədəniyyəti qərb mədəniyyətində baş verən yenilikləri artıq sadəcə qavramaqla kifayətlənməyib, onlara yeni keyfiyyət bəxş edir, milli bədii yaradıcılığın yeni formalarını üzə çıxarır. Bu məqamda da Üzeyir Hacıbəyovun möhtəşəm siması ön plana çəkilir. 1908-ci ildə onun «Leyli və Məcnun» operasının premyerasından başlayaraq Azərbaycanın musiqi mədəniyyətində vəziyyət kökündən dəyişir. «Qaynaqlar»da təqdim edilən məqalələr bu faktı güzgü kimi özündə əks etdirir. Məqalələrdən birinin müəllifi birmənalı olaraq bəyan edir: ««Leyli və Məcnun»dan sonra… hər halda avropasayağı təşkil edilmiş teatr tamaşalarının ləzzətini dadmış müsəlmanların çoxu indən belə tamaşaların əvvəlki şəkildə qoyulmasını istəmirdi...» (2-ci cild, səh.135).

       Opera səhnəsinə çıxmış ilk azərbaycanlı qadının – gənc Şövkət Məmmədovanın debütünün o qədər də uğurlu olmamasını şərtləndirən amillərdən biri – şərq repertuarının olmaması idi. Resenzent yazır: «Teatr müsəlmanlarla dolu idi, lakin tamaşadan sonra hamı məyus getdi, çünki bu tamaşada onların gözlədikləri tatar melodiyaları səslənmədi» (2-ci cild, səh.164). Gördüyümüz kimi, yerli auditoriya soprano səsli mügənninin ifasında doğma təranələri qavramağa hazır olduğunu nümayiş etdirir. Bu simptomatik fakt Şövkət xanımın ilk çıxışı ilə bağlı vəziyyətə yeni aspektdən yanaşmağa əsas verir (məlumdur ki, adətən bu fakt barədə söhbət düşəndə dindar fanatiklərin neqativ reaksiyasına istinad edilirdi). Ümumiyyətlə, o dövrdə azərbaycanlı qadınlar doğma mədəniyyətin gender yekcinsliyini get-gedə daha cəsarətlə pozurlar. Qəzetlərdə dərc edilən məqalələrin müəllifləri bu hadisəni ürəkdən alqışlayırlar. 1908-ci ildə çap edilmiş bir məqalədə «səkkiz yaşlı müsəlman qızı Hüseynovanın roya l çalmaqla diqqəti cəlb etməsi» bildirilir (1-ci cild, səh.179). 1913-cü ildə çap edilmiş bir məqalədə isə oxuyuruq: «Xorun iştirakçısı olan qızlar arasında 3 müsəlman qızı vardı. Bu əlamətdar hadisəni ürəkdən alqışlayırıq» (2-ci cild, səh.141). Üç ildən sonra isə «Leyli və Məcnun» tamaşası barədə «Baku» qəzetində dərc edilmiş rəydə yazılır: «Tatar qadınların sayı həmişəkindən çox idi. Onlardan ötrü nəzərdə tutulan bağlı lojalar çatışmadığından, onların çoxu kişilərin yanında «açıq» oturmuşdu» (2-ci cild, səh.269).

       1908-ci ildən sonra azərbaycan musiqisinin vahid «şərq-qərb» məcrasında tərəqqisi açıq-aşkar sürətlənir. «Təsir dairələrinin» azərbaycandilli və rusdilli mətbu orqanlar arasında əvvəllər toxunulmaz sayılan bölgüsü tədricən nivelirlənir. Belə ki, əvvəllər azərbaycandilli qaynaqlarda milli musiqiyə aid mövzulara üstünlük verilir, «avropa» tematikası isə rusdilli müəlliflərə güzəşt edilirdi, 1908-ci ildən sonra isə ölkəmizdə çap edilən bütün nəşrlərdə, onların nəşr dilindən asılı olmayaraq, azərbaycan musiqisinin problemləri fəal şəkildə ortaya atılır və müzakirə edilir. Problem xarakterli məqalələrin xüsusi çəkisi artır, bu məqalələrin polemik ruhu kəskinləşir. Heç şübhəsiz, bu məsələdə Üzeyir Hacıbəyovun rolu xüsusi qeyd edilməlidir. Azərbaycan musiqisi gəmisinin sükançısı olan Üzeyir bəy bu gəmini bacarıqla idarə edərək, sualtı qayalardan yan keçməklə, onu yeni sahillərə çıxarır, istər «soldan», istərsə də «sağdan» olan hücumları dəf etməklə özünün zəngin strateq və d iplomat istedadını nümayiş etdirir.

       Bu dövrün resenziyalarında təkcə qastrola gələn sənətkarlar haqqında deyil, həm də yerli müsiqiçilər barədə söhbət açılır. Üzeyir bəyin özünün, eləcə də Azərbaycan musiqili teatrının görkəmli xadimləri Müslüm Maqomayevin, Hüseynqulu Sarabskinin, Əhməd Ağdamskinin benefisləri barədə məqalələr azərbaycan musiqisinin cəmiyyətdəki yeni statusunun get-gedə möhkəmlənməsinə dəlalət edir. Yerli bəstəkarların musiqisi yeni qiymətləndirmə obyektinə çevrilərək, qızğın mübahisələrə səbəb olur. Sənət aləmində Üzeyir Hacıbəyovun etdyii inqilabın miqyasını nəzərə alsaq, bu, tamamilə təbii hal idi. Üzeyir və Zülfüqar Hacıbəyovların opera və operettaları barədə o illərdə yazılmış resenziyaları bu gün oxuyanda insanın qəlbində qeyri-adi duyğular baş qaldırır. Bu məqalələr kontekstin cəsarətli şəkildə yeniləşməsinə cəmiyyətin və mədəniyyət aləminin ilk reaksiyası idi. «Qaynaqlar»a daxil edilmiş məqalələrin bir qismində Üzeyir Hacıbəyovun müasirləri olmuş naməlum müəlliflərin qələmini n məhsulu olan musiqili səhnə əsərlərinin premyeraları barədə söhbət açılır. Hacıbaba Şərifovun «Mehr və Mah», Mirzə Cəlal Yusifsadənin «Fərhad və Şirin», Mir Mahmud Kazımovskinin «Vurhavur», «Kərbəlayı Xudu», «Nə qanır, nə qandırır» opera və operettalarının, bu qəbildən bir sıra başqa əsərlərin məzmunca və musiqi dilinə görə bəsit, ikinci dərəcəli olmasına baxmayaraq, bunlar ölkəmizin musiqi tarixinin faktları olaraq qalır və deməli, «Qaynaqlar»ın müəllifi həmin əsərləri bizim yaddaşımıza qaytardığına görə ona təşəkkür etməliyik.

       Çoxcildliyə daxil edilmiş bütün məqalələrə xas olan bir cəhət, təəssüf ki, bu gün bizim mətbuatda çatışmır. Biz tənqidi nəzərdə tuturuq. Lakin burada söhbət bəsit və bayağı zövqləri oxşamaq, bu cür «zövq» sahiblərinə yarınmaq və ya özünütəsdiqə nail olmaq arzusuna deyil, prinsipiallığa və predmeti hərtərəfli bilməyə əsaslanan sağlam, təmkinli tənqiddən gedir. 1907-ci ildə dərc edilmiş bir məqalədə oxuyuruq; «Bizim Bakıda tənqid xüsusi vəziyyətdədir. Birisi səhnədə azacıq çaşan kimi, tamaşaçılar dərhal resenzentə üz tuturlar, yəni: «bu məsələni qeyd etməyi unutmayın…» (1-ci cild, səh.153). Doğrudan da, o illərdə heç bir bəstəkar, heç bir ifaçı, heç bir əsər resenzentlərin tənqid atəşindən yan keçməmişdir. Lakin həmişə olduğu kimi, bu yerdə də yumor hissi köməyə çatır. «Boris Qodunov» tamaşasına resenziyanı oxuyanda adam təbəssümünü saxlaya bilmir. Resenzent yazır: «Xoşbəxtlikdən, xorun səsi, demək olar ki, eşidilmirdi.» (2-ci cild, səh.263). Yaxud: «Ifa barədə danışmam ağı üstün tuturuq, çünki ifanın səviyyəsi ilə kişi və qadın müğənnilərin qablaşdırılmış çamadanları arasında sıx əlaqə vardı. Təkcə dirijor – cənab Pavlov-Arbenin tələsmirdi. Hərçənd, o hara tələsməlidir? Axı o, demək olar ki, bakılıdır» (2-ci cild, səh.87); «Dirijorlar Miklaşevski və Pozovski istedadlı, gənc və əzmkar sənətçilərdir, orkestrin vecsiz olması isə onların təqsiri deyil. Onlar yalnız bu orkestrin halına acıyırlar» (1-ci cild, səh.154).

       «Qaynaqlar»a daxil edilmiş məqalələrin çoxunun bu gün də çox aktual səslənməsi insanı heyrətə gətirir. Bu sətirləri oxuyanda gözlərimiz qarşısında tanış mənzərələr canlanır: «Tamaşaçıların çoxu … tamaşa başlayandan sonra gəldi. Nəticədə proqramda nəzərdə tutulmayan antrakt yarandı. Tamaşaya gecikmiş melomanlar salonda vurnuxaraq, öz yerlərini axtarır, bir-birini salamlayırdı və sair və ilaxır» (2-ci cildi, səh.115). «Heyf ki, tamaşaçıların bir hissəsi əksəriyyətin ovqatını təlx edirdi. Onlar hayküy salır, bərkdən söhbət edir və tam sakitlik tələb edilən anlarda heç bir lüzum olmadan gülüşürdülər» (1-ci cild, səh.124). Klassik müsiqinin gənclər arasında statusunun yüksək olmaması problemi də əvvəlki kimi aktualdır: «Təəsüf ki, cavanların olmaması [simfonik konsertdə – A.H.] ona dəlalət edir ki, onların valideynləri və tərbiyəçiləri yaxşı musiqinin onların övladlarının gənc qəlblərinə nə qədər nəcib təsir göstərə biləcəyini lazımınca başa düşməmişlər» (1-ci cild, səh.16 ). Orta musiqi məktəblərinin müəllimlərinə ünvanlanan bir fikir də hələ köhnəlməmişdir: «Təcrübəsiz musiqiçi əvvəlcə Motsartın, Bethovenin, Rossininin və digər klassiklərin əsərləri üzərində işləməli, ciddi məktəb keçməli və yalnız bundan sonra, öz səsini sərbəst idarə etməyi, hisslərin müxtəlif çalarlarını dinləyiciyə çatdırmağı bacaranda ən yeni əsərlərə müraciət etməlidir.» (1-ci cild, səh.83).

       Sözügedən nəşr – onun müəllifi və tərtibçisi Fərəh Əliyevanın elmi araşdırmalarının layiqli davamıdır. Istedadlı və ciddi musiqişünas alim F.Əliyeva uzun illərdir ki, XX əsr Azərbaycan musiqisini tarixi kontekstdə öyrənməklə məşğuldur. O öz müşahidələrini onlarca elmi məqalədə, üç dərslikdə, eləcə də «Azərbaycan musiqisində üslub axtarışları» (Bakı, 1996) və «Azərbaycan musiqisindən səhifələr» (Bakı, 2003) adlı monoqrafiyalarında ümumiləşdirmişdir. Bu il gənc tədqiqatçıya Azərbaycan musiqi tarixinə dair elmi araşdırmalarına, çıxışlarına görə «Humay» mükafatının verilməsi faktı da onun bu sahədəki xidmətlərinin qanunauyğun nəticəsidir. «Qaynaqlar»da F.Əliyevanın milli musiqi mədəniyyətimizin tarixinə dair sənədli mənbələrin toplandığı Dövlət Milli Arxivində, Dövlət Siyasi Partiyalar və Ictimai hərəkatlar Arxivində, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar Institutunda, Dövlət Azərbaycan Tarixi Muzeyində, M.F. Axundov adına Milli Kitabxanada apardığı çoxilli k gərgin axtarışların nəticələri ümumiləşdirilmişdir. Müəllif bu əsər üzərində iş prosesində özlərinin dəyərli məsləhətləri və tövsiyələri ilə ona kömək etmiş Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovu, Azərbaycanın əməkdar incəsənət xadimi, professor, sənətşünaslıq doktoru, Ramiz Zöhrabovu, fəlsəfə elmləri doktoru professor Gülnaz Abdullazadəni, sənətşünaslıq namizədi, professor Ülviyyə Imanovanı, eləcə də mətnləri ərəb, qrafikasından transliterasiya etmiş Səidə Abdullayevanı minnətdarlıq hissilə qeyd edir. Çoxcildliyin hər bir cildinə müasir Azərbaycan dilində istifadədən çıxmış sözlərin müəllif tərəfindən tərtib edilmiş izahlı lüğətinin, qeydlər, adlar göstəricisinin əlavə edilməsi, eləcə də Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Dövlət Teatr Muzeyi və Üzeyir Hacıbəyovun Ev-muzeyi tərəfindən lütfkarlıqla verilmiş fotoşəkillər sözü-gedən nəşrin daha sanballı olmasını təmin edir. Əsərin artıq üçüncü - 1918-1920 –ci illəri əhatə edən cildi də nəşr olunur. Əminik ki , bu kitabı da vərəqləyəndə musiqi mədəniyyəti tariximizin bizə bəlli olmayan bir çox səhifələri ilə tanış olacağıq.

        Aida HÜSEYNOVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page