ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


ŞƏKI BÖLGƏSINƏ ELMI EKSPEDISIYA


       1992-ci ildən hal-hazıradək Bakı Musiqi Akademiyası nəzdində elmi laboratoriya fəaliyyət göstərir. Son zamanlar BMA-nın professor-müəllim və tələbə heyəti ilə bərabər Azərbaycanın bir çox bölgələrinə ekspedisiya səfərlərində iştirak etmək və toplanmış materialı audio-video şəklində lentə almaq həmin laboratoriya əməkdaşları tərəfindən həyata keçirilir.

       Belə ekspedisiyaların sonuncusu 2005-ci il avqust ayının 8-də Şəki bölgəsinə təşkil edilmişdir. Ekspedisiyada Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə (ekspedisiya rəhbəri), həmin Akademiyanın elmi laboratoriyasının əməkdaşı Rauf Verdiyev və dosent Yalçın Abdulla iştirak etmişlər.

       Şəki - Azərbaycanın ən qədim bölgələrindəndir və bildiyimiz kimi burada milli musiqimizin bir çox növləri geniş yayılmışdır. Onlardan biri yallı rəqs növüdür. Yallı - xalqımızın ibtidai, ilkin rəqs formasıdır. Əsasən Naxçıvan və Şəki bölgələrində inkişaf etməsinə baxmayaraq, milli musiqimizin digər növlərindən fərqli olaraq məhz Şəki bölgəsinin yallıları az tədqiq edilmişdir.

       Ekspedisiya əməkdaşları tərəfindən qısa müddət ərzində çox geniş materiallar əldə etmiş, qocaman sənətçilərin müsahibələri və ifaları lentə alınaraq çox maraqlı faktlar əldə edilmişdir. Bu nailiyyətlərin əldə olunmasında köməyini əsirgəməyən və ekspedisiya qrupunu ilk gündən səmimiyyətlə qarşılayan rayonun Mədəniyyət şöbəsinin müdiri Elmira xanım Məmmədovanın göstərişi ilə misilsiz köməklik göstərən Mədəniyyət evinin direktoru Vaqif Kərimovun və Kiş kəndindəki Qafqaz-alban muzeyinin müdiri Ilhamə Hüseynovanın əməyini xüsusi qeyd etməliyik.

       Qısa müddət ərzində hələ də qədim el havalarını, yallı və zorxanaları hafizələrində saxlayan xalq ifaçıları ilə görüş ekspedisiya qrupunun ilk nailiyyəti idi. Çünki onların ifasında 30-dan çox rəqs nümunəsi lentə alındı. Bu havaların içərisində adı bizə məlum olmayan çox qədim yallılar da vardı. Bu havalardan: Daş bulağı, Hönə Qaradağlı, Dərviş baba, Dal Dağıstanı, Kəkliyi, Cindaboru, Şəmili, Yegara, Altı qızlar və s. göstərə bilərik.

       Yallılar öz tərkibinə, musiqisinə və oyun tərzinə görə bir-birindən fərqlənirlər. Yallı kütləvi rəqs olduğundan onun tərkibi 15-20 nəfərdən (və ya bundan daha artıq) ibarət olur. Elə yallı var ki, onun iştirakçıları yalnız kişilərdən və ya yalnız qadınlardan ibarət olur. Qarışıq yallılar isə (həm kişi, həm də qadınlardan ibarət) çoxluq təşkil edir. Onlar ardıcıl düzülərək (bir kişi, bir qadın) əl–ələ verib dövrə vuraraq eyni hərəkəti təkrar edərək oynayırlar. Bu dəstənin əvvəlində gedən (dəstəbaşı) iştirakçı bir əlində yaylıq və ya çubuq tutar, qalan iştirakçılar isə onun etdiyi hər bir hərəkəti olduğu kimi, eyni vaxtda təkrar edirlər.

       Yallılar əsasən zurna alətinin müşayiəti altında oynanılır. Zurnaçılar dəstəsi 4 nəfərdən ibarət olur.

       1. Zurna (solo);

       2. Züyçü (dəmkeş);

       3. Kos (böyük nağara);

       4. Bala nağara (kiçik nağara).

       Şəkidə zurnaçılar dəstəsi öz tərkibinə görə başqa bölgələrdəki dəstələrdən fərqlənir. Belə ki, Naxçıvanda zurnaçılar dəstəsi 3 nəfərdən ibarətdir:

       1. Zurna (solo);

       2. Züyçü (dəmkeş);

       3. Çubuq nağara.

       Çubuq nağarası iri diametrli nağaradır. Ifaçı sağ əli ilə ağzı düyülmüş iri çubuqla, sol əli ilə isə yuxarıdan ağzı düz kiçik çubuqla ifa edir.

       Şəkidə də bu tərkibdə musiqiçi dəstələri çoxdur. Çünki bura zurna ifaçılıq sənətinin çox inkişaf etdiyi bölgələrdəndir. Bu da səbəbsiz deyil. Əgər Şirvan zurna ifaçılıq sənətinin təməli Əli Kərimovun adı ilə bağlıdırsa, Şəki zurna ifaçılıq məktəbinin banisi Həbibullah Cəfərovdur. Bu məktəbi zirvələrə çatdıran isə Ələfsər Şəkili (Rəhimov) olmuşdur. Onun virtuoz, əzəmətli ifası nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da tanınmışdır.

       Həbibullah Cəfərov məktəbinin davamçılarından Şəkinin Böyük Dəhnə kəndində yaşayan 74 yaşlı Mərdiyev Ağamirzə Qarasim oğlunu, Oravan kənd sakini 73 yaşlı Musayev Ağasəf Abdulhəşim oğlunu və H.Cəfərovun öz nəvəsi Bayramov Laçın Əşrəf oğlunu qeyd etməliyik. 1963-cü ildə Kiçik Dəhnə kəndində anadan olmuş Laçın Bayramov hal-hazırda H.Cəfərov adına zurnaçılar dəstəsinin rəhbəridir. Dəstənin digər üzvləri aşağıdakılardır:

       - 1932-ci il təvəllüdlü Alxasov Minnət Yəhya oğlu (zilçi);

       - Sadıqov Məmmədiyyə Azad oğlu (kos);

       - 1963-cü il təvəllüdlü Səlimov Xaqani Yaqub oğlu (kos)

       Yuxarıda qeyd etdiyimiz kimi, Şəkili Ələfsər çox mahir zurna ifaçısı olmuşdur. Onunla sənətdə çiyin-çiyinə addımlayan sənətkarların, eləcə də tələbələrinin dediklərindən çox maraqlı bir faktı əldə etmiş olduq. Bu da ondan ibarətdir ki, Ələfsər Rəhimov zurna alətinə yenilik edərək, ona VIII dəliyi açmaqla bu alətin imkanlarını artırmış, daha gözəl səslənməsinə nail olmuşdur.

       Hal-hazırda Ələfsər Şəkilinin nəvəsi Rəhimov Ələfsər Allahverdi oğlu, tələbələri – Məmmədov Əyyub Salman oğlu, Ismayılov Mübariz Qurbanəli oğlu, Ibrahimxəlilov Ilham Cəmaləddin oğlu bu möhtəşəm sənəti davam etdirirlər. Ibrahimxəlilov Ilham Ş.Ələfsər adına zurnaçılar dəstəsinin də rəhbəridir. Dəstənin digər üzvləri də Ələfsərlə birlikdə çiyin-çiyinə işləyiblər. Mustafayev Zabit Mustafa oğlu (zilçi) 1935-ci ildə Şəkidə anadan olub. Məmmədov Zakir Məmməd oğlu (kos) 1934-cü ildə Böyük Dəhnə kəndində doğulub. Kərimov Bəşarət Cəlil oğlu (bala nağara) 1936-cı idə Oxut kəndində anadan olub.

       Sonda belə bir nəticəyə gəlirik ki, H.Cəfərovun təməlini qoyduğu və Ş.Ələfsərin zirvələrə qaldırdığı Şəki zurna ifaçılıq məktəbi bu gün çox etibarlı əllərdədir. Bu möhtəşəm sənətin artıq ənənəyə çervilərək gələcək nəsillərə ötürülməsi onu göstərir ki, bu sənətin davamçıları zurna sənətini yaşadacaq, bu böyük məktəbi qoruyub saxlayacaqlar.

       Gülnaz ABDULLAZADƏ, Rauf VERDIYEV



       2005-ci il mayın 4-6 tarixlərində Türkiyənin Yüzüncü Yıl Universitetində «Genel müzik egitimində geleneksel müziklərimiz» simpoziumu keçirildi. Turkiyənin tanınmış alimlərinin iştirakı ilə düzənlənmiş simpoziumda Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və Akademiyanın elmi katibi, , musiqi tarixi kafedrasının professoru Fərəh Əliyeva iştirak etmişlər. Simpoziumda Turkiyənin tanınmış alimlərindən professorlar Ilhan Başgöz, Ali Uçan, Necati Gedikli, Abdullah Uz, görkəmli bəstəkar Yalçın Tura çıxış etdilər.

Gülnaz Abdullazadənin «Bakı Musiqi Akademiyasında milli musiqi folklor ekspedisiyalarının tədris prosesində rolu», Fərəh Əliyevanın «Azərbaycan milli musiqi alətləri üçün yeni repertuarın yaranması» mövzusunda elmi məruzələri böyuk maraqla qarşılandı .

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page