Azərbaycanın bütün musiqi ictimaiyyətini əlamətdar gün-
Azərbaycan Bəstəkarlar İttifaqının 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirik.
Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı ilk gündən zəngin ənənələrə malik olan Azərbaycan musiqi mədəniyyətinin nailiyyətlərinin daha da inkişaf etdirilməsində, insanların mə’nəvi, estetik və vətənpərvərlik tərbiyəsində xüsusi yer tutmuş, ən yaxşı musiqi nümunələrimizin təbliğində mühüm rol oynamışdır.
Bu illərdə musiqi mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olan dahi bəstəkar və görkəmli ictimai xadim Üzeyir bəy Hacıbəyovun və onun yolunu davam etdirən onlarla sənətkarlarımızın zəngin və çoxcəhətli yaradıcılıqları Bəstəkarlar İttifaqının fəaliyyəti ilə sıx bağlı olmuşdur.
Azərbaycan musiqisi dünya musiqi mədəniyyətinin ayrılmaz hissəsi kimi inkişaf edərək dünya musiqi xəzinəsinin zənginləşməsinə öz gözəl töhvələrini vermişdir. Bir çox musiqi əsərlərimiz beynəlxalq musiqi festivallarının bəzəyinə çevrilərək bəşər mədəniyyətinin inciləri sırasına daxil olmuş, milyonlarla sənətsevərlərin qəlbində özünə layiqli yer tutmuşdur.
Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərdə ümumilli liderimiz Heydər Əliyevin yaradıcı şəxslərə xüsusi dəstəyi, müəlliflərin hüquqlarının qorunmasına, onların yaradıcılığı üçün əlverişli şəraitin yaradılmasına göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artmışdır. Bu gün həmin ən’ənələr Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında xoşbəxt gələcəyə doğru inamla irəliləyən Respublikamızda şərəflə davam etdirilir. Ümidvarıq ki, Azərbaycan Bəstəkarlar İttifaqı musiqi mədəniyyətimizin inkişafına bundan sonra da layiqincə xidmət edəcəkdir.
Bir daha Sizi, bütün bəstəkarları, musiqişünasları, musiqisevərləri bu əlamətdar gün münasibəti ilə təbrik edir və bütün müəlliflərimizə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
KAMRAN
İMANOV
Azərbaycan Respublikası Müəllif Hüquqları
Agentliyinin Sədri