Tale
elə gətirdi ki, mənim də ömrümün
böyük bir hissəsi yaradıcılıq ittifaqı
ilə bağlı olub. Ona görə də, bu
ictimai təşkilatların hansı şəraitdə,
nə məqsədlə yaradılması, zaman-zaman
necə çətin, ziddiyyətli, lakin şərəfli
bir missiyanı yerinə yetirməsi barədə
yetərincə mə’lumatım var. İlk təməl
daşları Üzeyir Hacıbəyov tərəfindən
qoyulan Azərbaycan Bəstəkarlar İttifaqının
da professional musiqimizin təşəkkülü,
ümumiyyətlə, mədəniyyətimizin tərəqqisində
tarixi xidmətləri danılmazdır. 70 ilin tamamında
– bu günkü fikir plyurualizmi şəraitində
qorxusuz-hürküsüz arxada qalan zaman kəsiyi,
onun kəm-kəsirləri, doğru-yanlışları,
ziddiyyətli məqamları barədə uzun-uzadı
danışmaq, yaradıcılıq ittifaqlarının
indi nə dərəcədə gərəkliliyi
ətrafında polemika açmaq olar. Bu ittifaqların
otuzuncu illərin ortalarında, yaxud, daha sonra İ.Stalin
tərəfindən yaradıcı ziyalıların
vahid mərkəzlərdən mobil idarəçiliyini
asanlaşdırmaq və daim dövlət nəzarətində
saxlamaq məqsədi ilə yaradıldığını
söyləyənlər də Amerikanı yenidən
kəşf etmirlər. Lakin bu şəxslər
yaradıcılıq ittifaqlarının, ilkin təyinatından
fərqli olaraq, sonradan necə xeyirxah bir missiya daşıdığını
– dövlətlə sənət adamları arasında
körpü rolunda çıxış edərək
onların çoxsaylı məişət problemlərini
həll etməklə məşğul olduğunu,
nədənsə «unudurlar». Tarix və xalq isə
heç nəyi və heç kəsi unutmur. Bu gün
professional musiqimizin neçə-neçə nəsillərinin
formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni
əsərlərlə zənginləşməsində,
mədəniyyətimizin bütün dünyada təbliğində
ayrı-ayrı sənətkarların fərdi iste’dad
və bacarığını qeyd etməklə
bərabər, bu insanları doğma, isti bir ocağı
kimi öz ətrafında cəmləyən Azərbaycan
Bəstəkarlar İttifaqının müstəsna
rolunu da danmaq olmaz.
Əziz
dostlar!
Mübahisələr, polemikalar nə vaxtsa unudulur,
yaddan çıxır– iş qalır! Siz danışmaqla
yox, işlə məşğulsunuz. Ona görə
də, Sizə ancaq və ancaq işlərinizdə
uğurlar arzulayıram!
RÜSTƏM
İBRAHİMBƏYOV
MDB və Baltikyanı ölkələri Kinematoqrafçılar
İttifaqları Konfederasiyasının Prezidenti,
Azərbaycan Kinematoqrafçılar İttifaqının
sədri