Arxiv mənbələri
tarixi proseslərin iştirakçıları olan musiqiçilərin
kimliyini konkretləşdirməyə imkan verir. Separat
inkişaf nəzəriyyəsinin yaradıcıları
Aleksandr Ohanezaşvili və Bakıda hələ əsrin
əvvəllərindən fəaliyyət göstərən
rus musiqiçiləri – S.Paniyev, Nikolayev, Moroz, M.E. Popov,
habelə bir çox muğam ifaçıları idi.
A.Ohanezaşvili bu tendensiyanın ən fəal ifadəçisi,
hətta ideoloqu adlandırıla bilər. 1920-ci ilin
iyun ayında «Əxbar»ın səhifələrində
o, bir neçə məqalə ilə çıxış
etmiş, onun opponentləri Zülfüqar Hacıbəyov
və Məmməd Səid Ordubadi olmuşlar. Xalq
Maarif Komissarlığı tərəfindən Konservatoriya
nəzdində, A.Ohanezaşvilinin rəhbərliyi
ilə Şərq musiqiçiləri İttifaqının
yaradılması ideyası Ü. Hacıbəyov,
Z.Hacıbəyov, M.Maqomayev tərəfindən dəstəklənmir,
İttifaq rəsmi qeydiyyatdan keçmir. Əsas məsələ
isə milli musiqi alətlərində tətbiq olunacaq
sistemin fərqliliyindən gedirdi. A.Ohanezaşvili və
onun mövqeyinin tərəfdarlarının fikrincə
«şərq musiqi alatını dəyişilməmiş
bir surətdə saxlamaq və həmin alatı notalar
ilə çalmaqdan ötrü kitablar hazırlamaq
və bizə yetişən şərq muğamatını
yazıb musinini nota ilə ifa etmək qaydasını
musiqiçilər arasında nəşr etmək lazımdır;
tainki bir nəğmə qanuni bir surətdə olaraq
məktəblərdə, teatrlarda və evlərdə
bir səs versin» (3). Konservatoriyada açılmış
şərq musiqi bölməsində əsas mübahisə
və kəskin fikir ayrılıqları da elə
prinsipial xarakter daşıyırdı. Ohanezaşvili
şərq musiqi alətlərini dəyişdirmədən
saxlamaq, qeyri-temperasiya sistemini rəhbər tutaraq tədrisi
təşkil etmək, Üzeyir Hacıbəyov isə
tar alətində temperasiya sisteminin tətbiqi ilə
tədrisin avropa sisteminə uyğunlaşdırmaqla
aparılmasını təklif edirdi. Müzakirələr
elə miqyas almışdı ki, M.S.Ordubadi bu məsələ
ilə əlaqədar 1920-ci ilin iyulunda böyük
məqalə ilə çıxış edərək
yazırdı: «bir ay yarımdır ki, Vətənimizin
yarısı əlifba və Şərq musiqisi məsaili
ilə uğraşmaqdadır. Hətta bu günlər
bizim qəzetə sütunlarına qədər əksəndaz
olub ( rezonans doğurub – Ə.F.), həftələr
ilə bir neçə sütunumuzu işğal elədi»
(2). Z.Hacıbəyovun cavab və aydınlaşdırma
məqsədilə yazdığı böyük
bir məqalə hadisələrin əsl mahiyyətini
üzə çıxarmağa imkan verir. «Şərq
musiqi kursuna dair» məqaləsində əsas məsələ
kimi milli musiqi alətlərində, habelə muğamların
tədrisində not savadı və not dəqiqliyi
imkanlarının istifadə olunması əsaslandırılır
və bu sahədə xüsusi bir kitabın yazılmasının
zəruriliyini bəyan edir : «Böylə ki, kitabın
təlifi tar alətinin pərdələrini (bəndlərini)
– ladı – «fortopyanoya rast edib» qamma və və ladalarını
bir səsdə bərabərləşdirib ikmal etdikdən
sonra hər bir pərdənin eşidilən səsini
ayrı- ayrı nota ilə təyin etməlidir. Həmçinin
kamança, zurna və qeyr alətlərin bu tərz
üzrə ladaları bəlli olmalıdır.Bu üsul
ilə musiqimizi öyrənmək istəyən bir
şəxs təbiidir ki, döğru bir yol ilə
«Segah», «Çahargah» və qeyri milli havacatımızın
hanki pərdədə hanki nota ilə çalınmasını
bilib, musiqimizin nə dərəcədə zəki
və müqtədir olduğunu başa düşə
biləcəkdir» (4). 1920-ci il iyulun 14-də
keçirilmiş böyük bir iclasda hər iki mövqelər
üzləşir. Ü.Hacıbəyova qarşı
etikadan uzaq ittihamlar irəli sürməkdən çəkinməyən
A.Ohanezaşvili öz platformasını qəbul etdirə
bilmir.
20-ci illərdə
əsas məsələ azərbaycanlıların
musiqi təhsilinə cəlb edilməsi idi. 20-ci illərin
əvvəlində Bakıda Konservatoriya açılanda
da vəziyyət dəyişmədi. Ü.Hacıbəyov
bunu görür və yazırdı «Ümumi musiqi
sənət təliminin Azərbaycan türkləri
arasında nə qədər lazım və vacib olduğunu
iqrar edərik... Bunun üçün Azərbaycanın
paytaxtı olan Bakıda Konservatoriya deyilən ali musiqi
məktəbi açılıbdır. Orada 7 minə
qədər mütəəlim və mütəəllimələr
şəhərimizin məşhur musiqi müəllimləri
vasitəsilə musiqi sənətini öyrənməyə
məşğuldurlar. Fəqət bu 7 min nəfər
şagirdin ən cüzi qismini təşkil edən
müsəlmanlardır» <a href="#1">(5,
s. 202). Milli musiqi təhsilinin sözün məcazi
deyil, əsl mənasında milli xarakter daşıması
üçün təhsili rus dili, rus-Avropa modeli çərçivəsindən
çıxarıb «Şərq musiqimizdən ibarət
olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni,
nəzəri və əməli surətdə çalışmaq»
(5, s.199) məcrasına yönəltmək
işinin də təşəbbüskarı və
dönməz icraçısı Üzeyirbəy Hacıbəyov
oldu. Rus dilini bilməyən gənclər hətta
qəzetə müraciət edirlər. «Cocuq şikayəti»
adlı məqalədə konservatoriyaya qəbul edilmiş
iki qardaş və bir bacı yazırdılar: «biz
nə rusca biliriz, nə də müəllimələrimiz
türkcə bilmiyorlar. Ona görə də bizə
heç bir şey oyrədə bilmiyorlar. Demək ki,
oxuya bilməyəcəyiz. Gərək mədrəsədən
çıxaq. Yaxşı olardı ki, biz türk balalarından
ötrü xüsusi bir musiqi şöbəsi açılaydı:
orada da müəllim və müəllimələrimiz
türkcə bilən türk müəllimləri
olaydı... biz də böylə bir ali nemətdən
məhrum olmayaydıq » (6). Məktuba
Xalq Maarif komissarı Dadaş Bünyadzadənin cavab
verməsi məsələnin doğrudan da böyük
təşviş doğurmasından xəbər verirdi:
«Hökumətin ali musiqi mədrəsəsində
dərs verənlərin həpsi türkcə bilməyənlərdir.
Çalışırıq ki, başqa idarələrimiz
kimi buranı da milliləşdirək. Lakin nə
edək ki, özümüzdən musiqi müəllimi
hazırlamaq çox vaxt istəyor. Hər halda hələlik
bir az da olsa ehtiyacatımızı dəf etmək
üçün biz bir də Şərq ali musiqi mədrəsəsi
açmışıq, bəlkə sizlər gedib orada
təhsilə məşğul olasınız» (7),
1922-ci ildə konservatoriyada şərq bölümü
ləğv edildi. Üzeyir Hacıbəyov buna qarşı
kəskin etirazını bildirir. O yazırdı: «Avropa
və Şərq konservatoriyalarını birləşdirmək,
bir tərəfdən Şərq musiqisinə lazım
olan xidməti əsirgəmək, digər tərəfdəndə
musiqi sənətinə hamıdan çox ehtiyacı
olan türk balalarının təhsilinə mümanəət
göstərməkdir» (8). Üzeyir bəy
Azərbaycan dilində tədrisin aparılması,
azərbaycanlıların da ali musiqi təhsilində
bərabərhüquqlu iştirakını təmin
etmək üçün bazanın hazırlanması
üçün Türk musiqi məktəbinin açılmasına
nail olur. Məhz bu məktəbin yetirmələri
sonradan konservatoriyaya daxil olaraq ilk ali təhsilli milli
kadrlar kimi milli musiqi mədəniyyətinin müxtəlif
sahələrində yeni yollarla inkişafı təmin
etdilər.
Sovet dövründə
kütləvi maarifləndirmə siyasəti geniş
xalq kütlələrinin dünya və rus mədəniyyəti
ilə tanış etmək, rus mədəniyyətinin
nümunə kimi bütün incəsənət sahələrində
təbliğ edilməsi mütərəqqi tendensiya
idi. Xalqı maarifləndirmək – Sovet quruluşunun
əsas devizlərindən biri idi. Maarifçilik musiqi
sahəsində məhz real texniki təminat, 1921-ci
ildə Bakıda, Şərqdə ilk Konservatoriyalardan
birinin, musiqi texnikumu, musiqi məktəblərinin açılması,
rəngarəng repertuarlı, təbliğat konsertlərinin
keçirilməsi, yeni ifaçılıq kollektivlərinin
təşkili – bir sözlə, təhsil və ifaçılıq
bazasının yaradılması və bu işin dövlət
səviyyəsində milli siyasət kimi ardıcıl
həyata keçirilməsində təzahür edir.
Ədəbiyyat
2.
M.S.Ordubadi. Biz tələsirik. // Əxbar, Bakı,
1920, 28 iyul
3. A. Ohanezaşvili.
Müttəhid qüvvə ilə vahid yol seçməlidir
// Əxbar, Bakı, 1920, 24 iyul
4. Z. Hacıbəyov . Sənaye-nəfisə və
musiqi qismi. // Əxbar, Bakı, 1920, 26 iyun
5. Ü. Hacıbəyov . Vəzifeyi-musiqiyyəmizə
aid məsələlər. . Əsərləri. II
cild. Bakı: Azərb SSR Elmlər Akadem. Nəşr.,
1965
6. B.Racibzadə. Cocuq şikayəti. «Kommunist» qəzeti,
1921, 10 mart
7. D.Bünyadzadə. Məktub. «Kommunist» qəzeti,
1921, 16 mart
8. Ü.Hacıbəyli. Konservatoriyaların birləşdirilməsinə
dair. «Kommunist» qəzeti, 1922, 14 iyul