Qənc bəstəkarımızın       
sənət düşünləri      
K. Hacieva           
1  
L. Hüseynova
Mahnı diqqət mərkəzindədir

K. Hacieva
Qənc bəstəkarımızın sənət düşünləri

 
 

1999-cu il oktyabr 5-9 tarixdə Zuğulbada "Gənclik" mərkəzində Gənclər və İdman Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə gənc sənətçilərin yaradıcılığına həsr olunmuş toplantı forum keçirmişlər. Həmin forumda "Musiqi dünyası"nın redaksiyası sosioloji sorğu aparmış, gənc yaradıcılara bir sıra sualla müraciət etmişdir. Hazırda jurnalımız sorğunun bir hissəsini oxucuların nəzərinə çatdırır.

Öncədən hər bir sorğu iştirakçısına verdiyimiz eyni suallarla tanış olun

1. "Musiqi dünyası" jurnalının işıq üzü görməsini necə dəyərləndirirsiniz?

2. Bəstəkarlıq peşəsinə dövlətin və cəmiyyətin müxtəlif təbəqələrinin münasibətini necə qiymətləndirirsiniz?

3. Sizcə, müasir bəstəkar yaradıcılığı gələcəkdə hansı yönlərdə inkişaf edəcək?

4. Azərbaycanda bəstəkarlıq peşəsinin səviyyəsini və inkişaf dinamikasını necə görürsünüz?

5. Özünüzdən, gördüyünüz işlərdən, yaradıcılıq fəaliyyətinizdən razısınızmı?

6. Yaradıcılıq planlarınızı həyata keçirməkdə sizə nə mane olur?

7. Öz yaradıcılığınızda hansı bədii və texnoloji sistemə üstünlük verirsiniz? Ümumiyyətlə, cağdaş Azərbaycan bəstəkarlığı üçün hansı texnoloji üslub daha səmərəli nəticə verə bilər?

8. Bəstəkarlıq peşəsinə yiyələnməkdə hansı fənlər daha gərəklidir?

9. Bizim jurnala nə arzu edərdiniz?

AZMANLI İLHAM -
BƏSTƏKAR

1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci il A. Zeynallı adına musiqi texnikumunu bitirmiş və təhsilini konservatoriyanın bəstəkarlıq bölməsində Xəyyam Mirzəzadənin sinfində davam etdirmişdir. 1991-ci ildən etibarən Əhmədlinin 1 saylı İncəsənət məktəbində və 13¹-li musiqi məktəbində bəstəkarlıq üzrə fakultativ dərslər verir.

1. Musiqi inkişafı yüksək səviyyədə olan cəmiyyətdə xüsusi mətbuat orqanının olması zəruridir, bu, əslində qanunauyğun bir haldır. Əfsuslar olsun ki, indiyə kimi zəngin ənənələri olan Azərbaycan musiqisi, bəstəkarlıq məktəbi xüsusi təbliğat vasitəsindən məhrum idi. Bu sahədə olan boşluğu aradan götürdükləri üçün jurnalın yaradıcı heyətinə mən çox minnətdaram. Jurnalda müasir texnikanın nailiyyətlərindən istifadə edərək, internet səhifəsinin açılması isə mütərəqqi, vacib bir hadisə kimi xüsusi qeyd olunmalıdır. Bu artıq dünyaya inteqrasiya deməkdir.

2. Ümumiyyətlə, hal-hazırda həmin münasibəti kafi qiymətləndirmək olmaz. Həmkarlarımın arasında, demək olar ki, əksəriyyəti sosial vəziyyəti, maddi durumunu yüngülləşdirməkdən ötrü doğma sənətindən əl çəkib, başqa, əlavə işlərlə məşğul olmağa məcburdur. Belə halda ümumi vəziyyəti qənaətbəxş adlandırmaq olarmı?

3. Ü. Hacıbəyov, Q. Qarayevin yaratdığı məktəb bəstəkarlar üçün artıq geniş imkanlar açmışdır ki, gələcək nəsil də, məhz, sələflərinin irsindən bəhrələnərək, düzgün yolla addımlayaraq, bu yoldan heç vaxt sapınmayacaqdır.

Bəstəkarlıq yaradıcılığı müxtəlif yönlərdə inkişaf edəcək və dünya peşəkar musiqisində hökm sürən bütün təmayüllər bizim musiqimizdə öz əksini tapacaq. Azərbaycan bəstəkarlıq məktəbi çox güclü bünövrəyə malik olduğu üçün dünya standartları səviyyəsindən heç də geri qalmayacaq.

4. Azərbaycan bəstəkarlıq məktəbinin səviyyəsi hal-hazırda müsbət qiymətləndirilə bilər. Lakin onun inkişaf dinamikası bəzi sosial durumlarla, vəziyyətlərlə bağlı ləngiyir. Sözsüz ki, bu sahədə dövlətin, imkanlı şəxslərin qayğısına çox ehtiyac duyulur. Bununla belə, əvvəlki sovet dövrü ilə müqayisədə bəzi üstün cəhətlər də var: ilk növbədə, indi dünyaya inteqrasiya prosesi intensiv xarakter almışdır. Yəni, hər hansı bəstəkar öz imkanları sayəsində maneəsiz dünya miqyasına çıxa bilir.

5. Şəxsən mən səmimi deyə bilərəm ki, yaradıcılıq nəticələrimdən heç vaxt tam razı olmuram. Məsələn, əsər üzərində işləyərkən bu və ya digər ifadə vasitələrini daha münasib hesab edirəm. Halbuki, iş prosesi bitdikdən sonra başqa nəticəyə gəlirəm.

6. İlk növbədə, maddi durum maneə törədir.

7. Mənə elə gəlir ki, hazırda dünya bəstəkarlıq praktikasında mövcud olan bütün texnologiyalar, sistemlər əlverişlidir, istifadə olunmalıdır. Sevindirici haldır ki, Azərbaycan bəstəkarları öz yaradıcılıqlarında ən müxtəlif istiqamətdə axtarışlar apararaq, həmçinin, müasir texnikaları da dərindən mənimsənilmiş halda, bacarıqla tətbiq etməyə çalışırlar.

8. Musiqi yaradıcılığı ilə məşğul olan tələbələr, ilk öncə, mütaliə etməli, öz ümumestetik səviyyəsini yüksəltməli, başqa sənət sahələrinə - təsviri sənətə, teatra da üz tutmalıdır.

9. Arzu edərdim, əsərlərimiz üçün jurnalda yer ayrılsın və ümumiyyətlə, informasiya mənbəyi kimi jurnal geniş oxucu kütləsi qazansın.

ALLAHVERDİYEV CEYHĞN KAZIM oğlu
(1972, Sumqayıt)

S. Hacıbəyov adına musiqi texnikumunun muğam şöbəsində təhsil almış, bəstəkarlıq üzrə Faiq Nağıyevdən fakultativ dərslər almışdır. 1986-cı ildə Suriya Ərəb respublikasında keçirilmiş Ümumdünya uşaq festivalında pianoçu-bəstəkar kimi çıxış etmişdir. Tiraspol şəhərində (Moldova) keçirilən SSRİ üzrə Ümumittifaq müsabiqədə pianoçu kimi birinci yerə layiq görülmüşdür.

Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında

A. Məlikovun (bəstəkarlıq şöbəsi) və E. Əliyevanın (fortepiano şöbəsi) sinfində təhsil almışdır. Aspiranturanı bitirdikdən sonra (1998) BMA-nın bəstəkarlıq kafedrasında professor A. Məlikovun assistenti və müəllim vəzifəsində çalışır.

1. Ümumiyyətlə, musiqi dünyasının problemləri, mühüm hadisələri, musiqi nəzəriyyəsi haqqında məlumatı biz həmişə rusdilli nəşrlərdən, məsələn, "Muzıkalnaya jizn", "Muzıkalnaya akademiya" kimi jurnallardan almışıq. Odur ki, Azərbaycan dilində sırf musiqi jurnalının işıq üzü görməsi çox əlamətdar bir hadisədir. Material latın əlifbasına istinad edir. Bu səbəbdən, bütün türkdilli millətlər jurnaldan dərs ləvazimatı kimi də istifadə edə bilər. Beləliklə, jurnal türk dünyasının ayrı-ayrı xalqları arasında mədəniyyət sahəsində mübadiləyə təkan verə bilər.

Jurnalda internet səhifəsini açılmasının xüsusi vurğulamaq istərdim. Bu, Azərbaycan bəstəkarlarının əsərlərinin yayılması, dünyada tanınması üçün böyük imkanlar açır.

2. Hal-hazırda bəstəkarlıq sənəti haqqında ən müxtəlif söhbətlər eşitmək mümkündür. Bu sənəti hörmətdən salan odur ki, hər mahnı "yazan" şəxs özünü artıq bəstəkar adlandırır və bu işlə həqiqətən ciddi məşğul olan peşəkar musiqiçilərin yaradıcılığına bir növ, təcavüz edir. Burada müvafiq nazirliklərin, televiziya və radionun günahı da var. Günbəgün dinləyicilərə təklif olunan keyfiyyətsiz musiqi məhsulu zövqləri korlayır, bədiilik meyarını aşağı endirir.

3. Müasir musiqi çox irəliyə getmişdir və onu inkişaf etdirmək bizim öhdəmizə düşür. Şəxsən mən öz yaradıcılığımda Azərbaycan milli ənənələrini qoruyub saxlamaq və onları müasir musiqi nailiyyətləri ilə vəhdət halında səsləndirmək konsepsiyasına üstünlük verirəm. Bir bəstəkar kimi gələcək axtarışlarımı, məhz, bu istiqamətdə aparmaq fikrindəyəm. Azərbaycanın suyunu içmişik, havasını udmuşuq, bu torpağın övladıyıq və onun ənənələrindən bəhrələnərək irəli getməliyik. Öz yaradıcılıqlarında məhz, milli ənənələri təcəssüm etdirən bəstəkarlar xalqlarını bütün dünyada təmsil edir. Məsələn, Bethovendən tutmuş Şönberqə, Stravinskiyə qədər ən müxtəlif parlaq nümunələrə müraciət etmək olar.

4. Azərbaycanda gənc yaradıcıların professional səviyyəsi kifayət qədər yüksəkdir. Müasir gəncliyin düşüncəsi xeyli irəliyə getmiş, tələblər genişlənmişdir. Bəstəkarlıq kafedrasının konsertlərində iştirak edən görkəmli bəstəkarlar qeyd edir ki, I, II kurs tələbələrinin bəstələdiyi prelüdləri əvvəllər IV, V kurslarda təhsil alan musiqiçilər bəlkə də yaza bilməzdi.

Xarici ölkələrdən Azərbaycana təhsil almaq üçün gələn gənclər, burada ustad dərsləri verən musiqiçilər bizim bəstəkarlıq kafedrasının yüksək səviyyəsinin şahidi olub, heyran qalırlar, təəccüblənirlər.

Amma bəstəkarlıq peşəsinin inkişaf dinamikası bəzən ləngiyir, bu da müəyyən obyektiv və subyektiv səbəblərlə bağlı olub, əsasən maddi imkansızlıqdan irəli gəlir.

5. Bu suala cavab verərkən adətən təvazökarlıq edirlər. Məncə, bu təbiidir. Lakin mənim hal-hazırda

27 yaşım var və bu müddətə qədər gördüyüm işlərdən müəyyən dərəcədə narazı deyiləm:1994-cü ildə

I simfoniyamı yazmışam. Buna qədər artıq bir çox əsərlərin müəllifi idim. Zaman ötdükcə siyahıya II simfoniya və fortepiano konserti də əlavə olundu. Əgər bundan sonra həmin işləri davam etdirməsəm, artıq özümə qarşı amansız ola bilərəm, öz düşmənimə çevrilərəm. Buna görə də mən demirəm ki, özümdən razıyam və heç vaxt da deyə bilmərəm.

6. Əsasən, sənətimdən kənar olan işlərlə başımın qarışması mane olur . Maddi durumla bağlı mən bir neçə yerdə çalışmalı oluram və bu da, yaradıcılıq üçün çox az vaxt qoyur. Nəticədə mənəvi, psixoloji yorğunluq insanı bəzən ruhdan düşmə dərəcəsinə gətirib çıxarır.

Ümumiyyətlə, dövrün maneçiliklərindən kənarda qalmaq qeyri-mümkündür.

7. Texnoloji üslub mənim üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir. Fikrimcə, bütün texnologiyalar, sistemlər müsiqiyə xidmət etməlidir, bədii obraza, dramaturgiyaya tabe olmalıdır. Bəstəkar mütləq bütün texniki imkanlardan, vasitələrdən istifadə etməyi bacarmalıdır. Əgər onun tətbiq etdiyi texnologiya insanların qəlbinə yol tapa bilibsə, deməli, musiqi kimi özünü doğruldub.

8. İlk növbədə, ali məktəbə daxil olmaq istəyən tələbənin hazırlıq səviyyəsi yüksək olmalıdır. Artıq musiqi texnikumlarında, məktəblərində, uşaq yaradıcılığı inkişaf etdirilməlidir, daha geniş tələblərə xidmət etməlidir. Lap kiçik yaşlarından uşaqlar milli mədəniyyətlə təmasda olmalıdır. Ananın uşağa zümzümə etdiyi laylay - Azərbaycan laylasının sədaları onun yaddaşında daim yaşamalıdır.

Həmçinin, istərdim ki, tələbə orkestri fəaliyyət göstərsin və bəstəkarlar öz əsərlərini canlı surətdə dinləyə bilsinlər.

9. İlk növdədə, arzu edərdim ki, insanların da qapısı musiqi dünyası üçün açıq olsun.

Yaxşı olar ki, jurnalda gənc istedadların fəaliyyəti müntəzəm işıqlandırılsın.

Eyni zamanda, müasir bəstəkarların əsərləri dərc olunsun. Bu əsərlərin nəşri musiqişünas təhlili ilə müşayiət olunsun.

YALÇIN MƏLİKOV
(1970, Bakı)

Ü. Hacıbəyov adına BMA-nı bəstəkar (1998, prof.

X. Mirzəzadənin sinfi) və skripkaçalan (1994, prof.

T. Atakişiyevin sinfi) kimi bitirmişdir. Hal-hazırda Azərbaycan Televiziyasının estrada-simfonik orkestrində çalışır. Eyni zamanda, 22¹-li Musiqi məktəbinin müəllimidir.

1. Məncə, çətin, ağır bir dövrdə bu çox cəsarətli addımdır və mütləq səmərəli, əhəmiyyətli nəticələrə gətirməlidir.

2. Bütün tarix boyu xalqımızın bədii yaradıcılıqla məşğul olan adamlara böyük hörməti olub. Sənətkar deyərək, onların qarşısında baş əyib, onları dərin ehtiramla qarşılayıblar. Lakin son zamanlar incəsənət nüfuzdan düşmüşdür, xalqın təfəkkürü təhrif olunmuşdur, bəzilərinin fikrincə, incəsənət xadimi sənətlə yanaşı, hansısa bir ticarət növü ilə də məşğul olmalıdır.

Dövlətin münasibətinə gəldikdə isə söyləməliyəm ki, SSRİ-də mədəniyyətin dövlət tərəfindən maliyyələşdirilməsi incəsənətin inkişafı üçün geniş imkanlar açırdı. Totalitar rejimin neqativ hallarına baxmayaraq, onlara zidd olaraq Azərbaycan sənəti gur inkişaf edirdi. Mən həmin dövrü hətta Renessans dövrü adlandırardım. Lakin biz müstəqil dövlətlər sırasına daxil olduqdan sonra böhran vəziyyəti yarandı. Bu, çox məyus edir. Yəqin ki, həmin böhranın səbəbləri müəyyən qanunauyğunluqdan irəli gəlir ki, onu da mütərəqqi istiqamətə yönəltməliyik və tənəzzülün qarşısını almalıyıq.

3. Cəmiyyət müxtəlif təbəqələrə bölündüyü kimi tələbatlar da rəngarəngdir. Məsələn, gənclik əyləncəli musiqiyə üstünlük verir, elitar cəmiyyət xüsusi tələblərə cavab verən sənətə ehtiyac duyur. Rəngarəng musiqi axınında başlıca meyar yüksək zövq və peşəkarlıq olmalıdır.

4. Hər şey müqayisədə dərk olunur. Bu baxımdan, cərəyan edən prosesə nəzər salsaq, müəyyən geriləmə, dinamikanın əvvəlki sürətinin itirilməsini görməyə bilmərik. Lakin gənc bəstəkarlar klassiklərin ənənələrindən bacarıqla istifadə etsələr, irəliləyiş mütləq olmalıdır. Kor-koranə təqlid, yamsılama isə yalnız geriyə aparır.

5. Bu suala həm müsbət, həm də mənfi cavab verə bilərəm. Yaradıcılıq nailiyyətlərindən həm razıyam, həm də narazı. Sevdiyim işlə məşğul oluram, mənə yaxın bir üslubda yazıb yaradıram. Lakin əsərlərimin, mahnılarımın efirə çıxması yolları çox qəlizdir. İstərdim ki, yazdığım mahnıları daha geniş auditoriya eşitsin.

6. Maddi imkansızlıq və vaxt çatışmamazlığı.

7. Məncə, bəstəkar daha mükəmməl bacardığı, ona yaxın olan texnoloji sistem, üsluba müraciət etməlidir. Şəxsən mən caz-roka xüsusi üstünlük verirəm. Ümumiyyətlə, Şərq musiqisi çox zəngin, koloritli intonasiyalara malikdir. Lakin bu rəngarəngliyin tətbiqində yeni yollar axtarmaq tələb olunur. Məsələn, bəzən müasir bəstəkarlar muğamı standart şəkildə, fərdi süzgəclərindən keçirmədən, hazır halda təcəssüm etməyə çalışırlar. Onlar kütlənin zövqündən uzaqlaşmalı, yüksək bədii meyarlara arxalanmalıdır. Bu isə, müəyyən vaxt, zəhmət, təkmilləşmə tələb edir. Bəstəkar xeyli musiqi nümunələri dinləməli və onlardan bəhrələnməyi, qidalanmağı bacarmalıdır. Əks təqdirdə, formal dinləyişdən heç nə hasil olmaz.

8. Musiqi məktəblərində solfecio, harmoniya fənlərinə xüsusi üstünlük verilməli, musiqi ədəbiyyatına dair isə daha optimal sistem tətbiq olunmalıdır. Şagirdin dünyagörüşünün formalaşmasına başlıca diqqət yetirilməlidir.

CƏFƏROVA LALƏ TAHİR qızı

1966-cı ildə Bakıda anadan olmuşdur. A. Zeynallı adına musiqi məktəbini bitirib 1986 ildə Ü. Hacıbəyov adına Az. Dövlət Konservatoriyasının fortepiano fakultəsinə qəbul olmuşdur. Təhsilini 1991-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 1993-cü ildə bəstəkarlıq fakültəsinin II-ci kursuna, professor A. Məlikovun sinfinə daxil olmuşdur. 1997-cu ildə tam kursu bitirərək, 3 hissədən ibarət "Fortepiano və simfonik orkestr üçün konsert" ilə aspiranturaya qəbul olmuşdur. Hal-hazırda balet musiqisi üzərində işləyir.

1) Müsbət.

2) Pis deyil.

3) Qabaqcadan proqnoz vermək mümkün deyil. Onu gələcək göstərər.

4. Məlum olduğu kimi, Azərbaycan dahi bəstəkarlar yetişdirib. Azərbaycanda bəstəkarlıq məktəbi güclü olub və olmaqdadır. 6-cı sualın cavabı həyata keçsə, bəstəkarlıq peşəsinin böyük və parlaq gələcəyi ola bilər.

5. Ümumiyyətlə, yaradıcı insan özündən razı olsa, bu onun sənətdə ölümü deməkdir, o zaman inkişaf dayanar. Yeni axtarışlar, yeni tapıntılar sənətin cövhəridir.

6. Yaradıcılıq planlarını həyata keçirməkdə mane olan, təkcə mənə yox, elə gənc bəstəkarların əksəriyyətinə odur ki, əgər bəstəkarın yaratdığı əsərlər ifa olunmursa, bəstəkar yazdığı əsəri eşitmirsə, hansı inkişafdan danışmaq olar.

7. Əsər yaradarkən onun düzgün dramaturgiyası qurulmalıdır.

8. Bu peşəyə yiyələnmək üçün, harmoniya, polifoniya, musiqi tarixi, fəlsəfə, təbabət, təsviri sənət, informatika, riyaziyyat vç n. üçmçiıjğjm.

9. Jurnalınız hələlik ilk addımlarını atır. Arzulardım ki, əhatəli olsun.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site