«Kitabi – Dәdә Qorqud»      
vә musiqi poetikasını bәzi mәsәlәlәri      
F. Xalıqzadə           
1  
F. Xalıqzadə
«Kitabi – Dədə Qorqud» və musiqi poetikasını bəzi məsələləri

M. Qasımlı
Ozan ənənəsi

 
 

1. Məsələnin öyrənilməsi və bədii-estetik prinsipləri.

ürk xalqlarının, o cümlədən azərbaycanlıların ana kitabı sayılan "Kitabi-Dədə Qorqud" dastanlarının tarixi və mədəni əhəmiyyəti çox böyükdür. Hələ X-XI əsrdə yazıya alınmış bu ulu mədəniyyət abidəsinin yaranmasını bir çox mütəxəssislər haqlı olaraq daha qədim dövrlərə aid edirlər. Ən azı 1300 il bundan qabaq meydana gəlmiş Dədə Qorqud dastanları qədim oğuzların həyat tərzini, adət və ənənələrini, etnoqrafiya, psixologiya, dil, ədəbiyyat və ümumiyyətlə, bədii təfəkkür xüsusiyyətlərini öyrənmək baxımından əvəzsiz bir qaynaq hesab edilir. "Kitabi-Dədə Qorqud" boyları həmçinin o zamanlar musiqi sənətinin inkişaf səviyyəsi, ictimai vəzifələri və təsir qüvvəsi haqqında da müəyyən təsəvvürlər oyadır, qədim çalğı alətlərini, musiqi ilə bağlı maraqlı ifadə və deyimləri canlı şəkildə əks etdirir.

"Kitabi Dədə Qorqud" türk xalqlarının möhtəşəm tarixi mədəniyyət abidəsi kimi məlum səbəblər üzündən qonşu elm sahələrini daha çox məşğul etmişdir /dilçilik, ədəbiyyatşünaslıq, mifologiya, etnoqrafiya, fəlsəfə və s./. Musiqişünas-alimlər hələ bu mövzunun işlənilməsində adları çəkilən elmlərlə müqayisədə elə bir nəzərə çarpacaq uğurlar qazanmamışlar. Məsələn, Azərbaycan ədəbiyyatşünaslığında Dədə Qorqud dastanları haqqında bir sıra qiymətli tədqiqat əsərləri meydana gəlmişdir. Bu araşdırmaların mövzu dairəsi dil, ədəbiyyat, tarix, fəlsəfə, etnoqrafiya məsələləri ilə məhdudlaşmayıb, bədii təfəkkürün mifoloji qaynaqlarını(12), çoxəsrlik tarixi təkamülün qam-ozan-aşıq xəttini (4), hətta bilavasitə musiqi problemlərini(3), əhatə etməklə musiqişünaslıq baxımından da həmçinin dəyərli olan bəzi qənaətlərin yaranmasına səbəb olmuşdur. Kənardan edilən belə bir uğurlu müdaxilələrə baxmayaraq, musiqişünaslığın özündə ana kitabımızın öyrənilməsinə yönəlmiş xüsusi tədqiqatları göstərmək çətindir.

Lakin musiqi elminin "Kitabi Dədə Qorqud"a münasibətdə qeyri-fəal mövqe tutması heç də həmin tarixi qaynağa qarşı biganəlik kimi dəyərləndirilməməlidir. Bizə elə gəlir ki, yaranmış vəziyyətin ən başlıca səbəbi musiqi materialının /yazılı və ya səslənən/ yoxluğu şəraitində müvafiq tədqiqat metodlarının son dərəcə mürəkkəbliyi ilə bağlıdır.

Bununla belə, "Kitabi Dədə Qorqud"un səslər sənətilə bağlı olan müəyyən məsələlərini öyrənmək üçün ilkin şərtlər yetişmişdir. Musiqişünaslardan Ə.Eldarova,

Z. Səfərova, S.Seyidova, S.Abdullayeva, M.Kərimov, S.Qasımova və başqaları, müxtəlif mövzulu elmi əsərlərində yeri gəldikcə qədim oğuz dastanına istinad edirlər (5; 11; 1; 7). Bu dəyərli səyləri bütövlükdə nəzərdən keçirib belə bir qənaətə gəlmək olar ki, musiqi araşdırmaları "Kitabi Dədə Qorqud" eposunun lap astanasına gəlib çatmışdır.

"Azərbaycan musiqisinin tarixi" dərsliyində "Kitabi Dədə Qorqud" dastanlarının musiqişünaslıq şərhinə xüsusi bir paraqraf həsr olunmuşdur (müəllifi - L.V.Karagiçevadır). Çoxlu "ağ ləkələri" olan musiqi tariximizin öyrənilməsi işində qədim oğuzların mədəniyyət abidəsinə və müvafiq tədqiqatlara müraciət olunması təqdirəlayiqdir(7).

"Kitabi Dədə Qorqud"un "feodal münasibətlərinin təşəkkülü dövrünə aid epik yaradıcılıq nümunələrinin birincisi" (7, s.70) olaraq dəyərləndirilməsi və aşıq musiqisinin qaynağı kimi baxılması burada tarixilik prinsipinin ciddi şəkildə gözlənildiyinə dəlalət edir.

Eposda adları çəkilən musiqi alətlərinin müəyyən hadisələrlə, məsələn, "ziyafət, qəbilə və ailə bayramları, qəhrəmanların hərbi yürüşləri" (7, s.78) ilə əlaqələndirilməsi bu sənətin o zamanlar daşıdığı ictimai vəzifələrini, xarakter və təsir xüsusiyyətlərini müəyyən dərəcədə aşkarlayır.

Həmin paraqrafda bəzi alətlər qısaca şərhini tapmışdır. Türklərin qədim qopuz aləti iki növdə göstərilsə də (mizrablı və kamanlı), üç simdən ibarət birinci növ aşıq sazının sələfi kimi nəzərdən keçirilmişdir. Digər alətlərdən kuus (və ya kus), üzərinə qurd dərisi çəkilmiş, hərbi-siqnal təyinatlı və böyük ölçülü membranlı zərb aləti kimi açıqlanmışdır.

Dərsliyin eyni paraqrafında Dədə Qorqudun və ozanların çoxyönlü sinkretik fəaliyyəti içərisində bir musiqiçi kimi vəzifələri də həmçinin səciyyələndirilir. Müəllifin fikrincə, oğuznaməni düzüb qoşan Dədə Qorqud soy soylayıb şadlıq çalsa da, ozan hesab edilmir. Elin müdrik ağsaqqalı qoşduğu nəğmələrin, qiymətli kəlamların geniş yayılmasını və gələcək nəsillərə ötürülməsini ozanlara həvalə edir.

Ozanlar isə, "professional nəğməkarlar və söyləyicilər ("pevtsı-skazateli"), epik ənənələrin qoruyucuları" (7, 70) kimi təqdim olunurlar. Dastanın başqa qəhrəmanları da qopuz çalır, soy soylayır, süjet xətti ilə əlaqədar "öz qüdrətini, doğma xalqını, təbiəti, sevgilisini tərifləyir, düşmənləri lağa qoyur" (7, s.79).

Xüsusi vəzn və qafiyə quruluşuna malik nəzm hissələrinin məzmunundan bəhs olunarkən "peyzaj, məhəbbət və fəlsəfi lirikaya meyl" (7,s.77) də qeyd olunmuşdur. Zənnimcə, bu kimi xüsusiyyətlərin epik sənət növü ilə qarşılıqlı şəkildə öyrənilməsinə müəyyən ehtiyac vardır.

Azərbaycanın görkəmli folklorçu-alimi Kamil Vəli Nərimanoğlunun "Kitabi Dədə Qorqud" dastanları və musiqi" adlı gözəl bir məqaləsi də bəzi mühüm problemlərin qoyuluşu və şərhi ilə diqqəti cəlb edir. (3)

Ulu ozan yaradıcılığının yüksək bədii-etik dünyasına sonsuz məhəbbətdən doğan və xəyallarımızda əski cağların musiqi atmosferini əlvan boyalarla canlandıran həmin məqalə musiqinin ictimai və həyati vəzifələrini, bir sıra söz və deyimlərin daha dəqiq mənasını açıqlamış, ən başlıcası isə, müdrik ağsaqqal Dədə Qorqud nəfəsinin, Dədə Qorqud musiqi sədalarının hələ də içimizdə yaşadığını inandırıcı şəkildə oxucularıyla paylaşmışdır. "Ozanla aşığı, sazla qopuzu qabaq-qabağa qoymaq, qarşılaşdırmaq yox, onların bağlılığını tapmaq" (3, s.53) kimi vacib məsələni irəli sürən müəllif, türkologiyada möhkəm sınaqlardan çıxmış tarixi-müqayisəli metod vasitəsilə Dədə Qorqud havalarının bərpasını da mütəxəssislərdən təmənna etmişdir.

Əlbəttə, bu problemlərin hər ikisi çox önəmli və şərəfli olduğu qədər, həm də olduqca ağır zəhmət tələb edir. Xüsusilə, Qorqud havalarının bərpası mürəkkəb və qlobal xarakter daşıdığı üçün indiyə qədər hələ heç kəs bu məsələnin həllinə girişməmişdi. Hətta, olsun ki, məsələnin elmi əsaslar üzrə yerinə yetirilməsinin vaxtı da hələ tam yetişməmişdir. Buna baxmayaraq, Dədə Qorqud havalarının öyrənilməsini (və mümkün olarsa, bərpası işini də) gündəmə gətirmək üçün böyük və ciddi hazırlıqlara başlamaq lazımdır. Bunun üçün türk xalqlarının musiqi folklorunu müqayisəli şəkildə araşdırmaqdan başqa müxtəlif sahə mütəxəssislərinin (tarixçi, etnoqraf, linqivist, ədəbiyyatşünas və musiqişünasların) səylərini eyni məcraya yönəltmək də olduqca vacibdir.

Hazırki məqalə çapa verildikdən sonra "Musiqi dünyası" jurnalının elə ilk nömrəsində (ayağı sayalı olsun!) qədim eposla bağlı maraqlı silsilə yazılar dərc edildi. Onlardan biri üzərində qısaca da olsa dayanmaq istərdik.

Musiqişünas K.Dadaşzadə özünün "Musiqi qorqudşünaslığına dair bəzi mülahizələr..." adlı dəyərli bir məqaləsində müxtəlif nəzəriyyə və tədqiqat üsullarından istifadə edərək Qanturalı boyundan bir nəzm parçasının musiqi ritmini və melodiyasını rekonstruksiya etmişdir. Sonucu olumlu bir araşdırma kimi həmin əsər qorqudşünaslığa layiqli töhfə sayıla bilər (16) .

Bu sətirlərin müəllifi qədim qəhrəmanlıq dastanlarının musiqi dünyasını işıqlandırmaq üçün ""Kitabi Dədə Qorqud"un musiqi sözlüyü" adlı bir məqalə hazırlayıb çapa təqdim etmişdir(17). Məqalədə bir çox istilah və deyimlərin nəzərdən keçirilməsi qədim oğuzlarda musiqi sənətinin müxtəlif yönlərini (çalğı alətləri, ifaçılıq, janr xüsusiyyətləri və s.) əks etdirməklə yanaşı, bu günümüzə qədər gəlib çatmış olan aşıq havaları və folklor nəğmələri ilə bəzi varislik əlaqələrini də açıqlamağa imkan vermişdir.

Müasir aşıqların qədim əcdadları olmuş ozanların daşıdıqları ictimai və bədii vəzifələri açıqlayan ən yaxşı mənbə elə onların özlərinin düzüb-qoşduqları "Kitabi Dədə Qorqud" dastanlarıdır. Bu baxımdan ozanlar və onların müqəddəs musiqi aləti qopuz haqqında dastanda söylənilən fikirlər ilk növbədə diqqəti çəkir.

Elin müdrik ağsaqqalı olan Dədə Qorqud oğuznamələri düzüb qoşur ki, alp ozanlar onları ağıllı bir nəsihət kimi daima və hər yerdə söyləyib, xalqın yaddaşına həkk etdirsinlər. Dədə Qorqud oğuz dastanlarını bir qayda olaraq ibrətamiz kəlamlarla, uca tanrıya oxuduğu dualarla yekunlaşdırır, bəzən xüsusi şücaət göstərmiş bəy ərənləri öyür, onlara alqış diləyir. Nikbin ruhlu sonluqlarda qopuz aləti də iştirak edir. Bizə elə gəlir ki, əksər dastan boylarında işlədilən "şadlıq çaldı" ifadəsinin məhz musiqi çalğısı kimi anlaşılmasına tam əsas vardır.

Əlbəttə, hər hansı bir şadlığın mütləq çal-çağırla bağlı olması bir aksioma və ya ehkam şəklində söylənilə bilməz (məsələn, "Şadlıq, yemək-içmək oldu" (9. s.134). Lakin "Dədəm Qorqud gəlib şadlıq çaldı" (9. s. 159) deyəndə təntənəli bir yığnağın musiqi ilə rövnəqləndirilməsi də qətiyyən istisna edilmir. Əvvəla, həmin deyimdə "çalmaq" sözünün digər məna çalarlarından heç biri ağlabatan deyildir. İkincisi də, dastanlara yekun vuran Dədə Qorqudun müqəddəs qopuzdan ayrıldığını, ondan istifadə etmədiyini təsəvvür etmək qeyri-mümkündür.

Hər halda dastanları yüksək təntənəli şəkildə tamamlamaq və bu məqamda "mütləq bir musiqi nömrəsindən" ("Baş müxəmməs") istifadə etmək müasir aşıq sənətində də müşahidə olunur. Bu ənənənin ilk öncə ozanlarda formalaşaraq, sonralar aşıq sənətində inkişaf etdirilməsi böyük ehtimal içindədir.

Bu el sənətkarlarının ümumiləşdirilmiş surəti artıq dastanın müqəddiməsində kifayət qədər aydın və lakonik əksini tapmışdır:

Qolça qopız götürüb eldən-elə, bəqdən-bəqə ozan gəzər
Ər comərdin, ər nakəsin ozan bilər.
El-evünüzdə çalıb-ayıdan ozan olsun. (9, s.32)

Həm leksik tərkibi, həm də tələffüz xüsusiyyətlərinə görə əski epik üslubu nümayiş etdirən bu parça ilk növbədə ozanın müdrikliyindən, nüfuzlu bir şəxsiyyət kimi el arasında rəğbətlə qarşılanmasından xəbər verir. Bundan başqa gətirdiyimiz sitat musiqi ilə bağlı bəzi maraqlı fikir və mülahizələrin də yaranmasına səbəb olur.

Məsələn, "qolça qopız" söz birləşməsinin birinci tərəfi - qolça - təyin kimi çıxış edərək alətin həcmi, yəni qol boyda olması barədə təsəvvür oyadır ("Qolça kaman" ilə müqayisə et). "Eldən-elə, bəqdən-bəqə gəzən ozanların əlində qopuzun rahat və asanlıqla gəzdirilə bilməsi də həmin fikri təsdiqləyir.

Həmin parçada "çalıb-ayıdan ozan" kimi maraqlı ifadə də diqqəti çəkir.

Aydın olur ki, qədim ozanlar da müasir aşıqlar kimi, həm çalğıçı, həm də nəğməkar olmuş, öz oxumalarını (soylamalarını) qopuz aləti ilə müşayiət etmişlər.

Dastanda ozan adı ilə bağlı olan və dəfələrlə təkrar edilən zərb-məsəl tipli bir "klişe"də diqqəti çəkir. "At ayağı kölük, ozan dili çevik olur". Bu deyim, eləcə də onun müasir variantı - "Aşığın dili yüyrək olar" - süjet xəttinin səciyyəvi inkişaf vasitələrindən birinə işıq salır və eyni zamanda mühüm kommunikasiya funksiyasını daşıyır. Bu sözlər dastanda nəql olunan müxtəlif hadisələr arasındakı böyük zaman və məkan məsafələrini qət etməkdə dinləyiciyə yardımçı olur, başqa-başqa motivlərin quraşdırılmasından ibarət kompozisiya priyomunun qavranılmasını asanlaşdırır.

Ozan və qopuz adlarının çəkildiyi parçalardan başqa, onlar haqqında məlumat əldə etmək üçün dastanın bütöv bədii məzmunu və ideya-estetik mahiyyəti də böyük rol oynayır. Həmin məsələləri geniş tarixi-mədəni kontekstdə tədqiq etmiş folklorçu-alim Məhərrəm Qasımlı dəyərli nəticələrə gəlmişdir. (4)

Ozanların musiqi sənətinin öyrənilməsində dastanın mənzum parçaları nəsr hissələrinə nisbətən daha əhəmiyyətlidir. Doğrudur, musiqi haqqında dəyərli bilgiləri həm nəsr, həm də nəzm parçalarından almaq olur. Lakin nəzm hissələri - soylamalar - bu kimi idraki funksiya daşımaqla bərabər, musiqi ilə birlikdə yaranıb ifa edilmiş olduğu üçün də son dərəcə diqqətəlayiqdir. Dastanın yazılı mətnində musiqidən ayrı şəkildə təqdim olunan soylamalar əslində sözlə avazın sıx vəhdətindən ibarət olmuşdu. Təsadüfi deyil ki, K.Dadaşzadə ozan havalarının bərpası zamanı Dədə Qorqud şerinin vəzn xüsusiyyətlərindən bir kod kimi bəhrələnə bilmişdir (16). Buna görə də nəzm parçalarının bədii məzmun və quruluş xüsusiyyətləri müəyyən dərəcədə hər iki cəhətə şamil oluna bilər. Dədə Qorqud havaları elə bu baxımdan tamamilə itib-batmış deyil. Məhz həmin səbəbdən əsrlərin dərinliklərindən bu günümüzə daşınaraq müasir aşıq musiqisinin alt təbəqələrində qərar tutmuş Dədə Qorqud havalarına və onun açıqlamasına maraq böyükdür.

Təbii ki, Dədə Qorqud musiqisi ötən yüzilliklər ərzində ciddi təbəddülatlara uğramaya bilməzdi və aşıq musiqisi ilə əvəzləndiyi mərhələdə bir çox ilkin xassələrini itirmişdir. Eyni zamanda çağdaş zaman üçün qaranlıq qalan qədim oğuz musiqisinin bədii-estetik keyfiyyətlərinə aydınlıq gətirmək üçün aşıq havaları ilə, xüsusilə də onların lirik və epik xüsusiyyətləri ilə müqayisələr, zənnimizcə, heç də əhəmiyyətsiz olmaz.

Lakin bizə yaxşı məlum olan aşıq havacatının elə özündə də epik və lirik sənət növləri (cinsləri) bir-birilə o qədər sıx şəkildə qaynayıb-qarışmışdır ki, onların dəqiq fərqləndirilməsi də həmçinin musiqi estetikasının çətin və mürəkkəb bir problemini təşkil edir. Həmin problemi bizi maraqlandıran mövzu ilə əlaqədar nəzərdən keçirək.

Bilindiyi kimi, lirika - söyləyici, nəğməkar və ya çalğıçının qəlbindən süzülüb gələn duyğuları ifadə etməklə dinləyicinin də qəlbində müvafiq əks-səda doğuran bədii sənət növüdür. Musiqi özünün daxili təbiəti etibarı ilə sənətin həmin cinsinə o qədər yaxındır ki, lirik element və ya əhval-ruhiyyə onun hər bir nümunəsində bu və ya başqa dərəcədə özünü göstərir.

Lakin bir sıra hallarda musiqi özünün başlıca təbiətini dəyişməyərək kənar amillərin (məsələn, söz mətni, tamaşa, konkret situasiya və s.) qaçınılmaz təsiri altında epos və dram sənətləri ilə də hesablaşmalı olur, onların tipik qanunauyğunluqlarına uyaraq, bədii məzmunu müvafiq səpkilərdə də əks etdirə bilir.

Səslər sənəti çox vaxt lirik xislətini qoruyub saxladığı üçün sırf epik musiqi demək olar ki, təsadüf olunmur. Buna görə də eposun musiqisi (və ya dastan musiqisi) anlayışı daha doğru hesab orlunaraq nisbətən tez-tez işlənilir.

Lirika musiqi üçün nə qədər doğmadırsa, dastan da sənətin epik cinsi ilə ekizdir - deyə bilərik. Hadisələrin epik inikası tarixi-qəhrəmanlıq dastanlarında daha qabarıq və daha parlaq olmuşdur. Bu janra xas olan ikinci dərəcəli lirik çalarlar sonradan yaranmış məhəbbət dastanlarında inkişaf etdirilsə də, epik sənət növü də öz əhəmiyyətini itirmir. Əski dastan mətnində lirik ünsürlər nə qədər çətinliklə sezilsələr də, dərhal və təbii şəkildə musiqinin canına hopur və bilavasitə özünün əks-sədasını tapırdı. Beləliklə, dastan janrının timsalında lirika ilə eposun qarşılıqlı münasibəti keyfiyyətcə başqa səciyyə daşıyır.

Lirika ilə eposun qovuşması nəticəsidir ki, aşıq dastanlarının musiqi tərtibatı müxtəlif mövqelərdən yanaşdıqda gah bu, gah da başqa planda qavranılır. Məsələn, dastanların epik təhkiyyəli nəsr hissələrinə qarşı qoyulan və avazla, musiqi ilə oxunan nəzm parçalarında çox vaxt haqlı olaraq lirik məzmun başlıca keyfiyyət kimi qeyd olunur. Digər tərəfdən, elə bilirik ki, epik musiqi xüsusiyyətlərini arayıb-araşdırarkən eyni musiqili-poetik parçalara istinad edən musiqişünaslar da haqsız deyildirlər.

Doğrudan da, aşıq havaları dastandan kənarda mövcud olan və janrın ideya-bədii məzmunu ilə bu qədər sıx bağlı olmayan folklor nəğmələrindən daha artıq dərəcədə epik xarakter daşıyır.

Beləliklə, müxtəlif meyarlar əsas götürüldükdə eyni aşıq nümunələrinin epik və ya lirik mündəricəsi ön plana çəkilə bilər. Əslində isə həmin sənət cinslərinin (lirika ilə eposun) özünəməxsus şəkildə birləşməsindən danışsaq həqqiqətə daha yaxınlaşmış olarıq. Bu ünsürlərin nisbəti isə dastan sənətinin tarixi təkamülü və janr növləri ilə bağlı olaraq dəyişə bilir. Məsələn, daha sonradan təşəkkül tapmış məhəbbət dastanları, təbii ki, lirik boyaların qatılaşması ilə səciyyələnir. Əksinə, erkən çağların dastan ədəbiyyatında və ilk növbədə "Kitabi Dədə Qorqud" boylarında epik cəhətlərin böyük üstünlüyü qeyd oluna bilər. Dastanda müşahidə edilə bilən musiqi janrlarının şərhi də bunu sübut edir.

2. Dastanda musiqi janrları haqqında məlumat

Dədə Qorqud hekayələrində anılan musiqi növlərini iki cəhətdən təsnif etmək olar: ifaçılar (1) və ifa şəraiti (2) mövqeyindən.

İfaçılara görə aparılan bölgü nəticəsində qədim oğuz musiqisi, ozanlar və başqaları tərəfindən icra olunmaq üzrə iki qismə ayrılır ki, bunlardan da birincisi Dədə Qorqud tərəfindən yaradılır. İkincisi isə, yəni qeyri-ozan musiqisi həmcins olmayıb öz növbəsində daxili təsnifata uğradıla bilər (hərbi musiqi, mərasim nəğmələri, rəqs havaları və s.).

İfa şəraitini və ya musiqinin tətbiq olunduğu ictimai həyat sahələrini nəzərə alsaq, aşağıdakı növlərdən danışmaq olar: 1)dastan musiqisi; 2) mərasim janrları; 3) dini oxumalar; 4) hərbi musiqi.

Doğrudur, qopuz çalıb-ayıdan ozanların həm döyüş meydanlarında, həm toy-düyündə, həm də məişət şəraitində ("El-evünüzdə çalıb-ayıdan ozan olsun") uyğun havalar ifa etməsi də qeyd olunur. Eynilə nağaraçılar da müxtəlif məqamlarda görünür (toyda və döyüşdə). Lakin havalar həm ozanlar tərəfindən (ifaçılıq meyarı), həm də dastan daxilində (şəraitlə bağlı meyar) söylənilirsə, yəni hər iki təsnifat növünün elementləri üst-üstə düşürsə (ozan musiqisi və dastan musiqisi) musiqinin epik məzmunu haqqında daha qətiyyətli fikir söyləmək olar.

"Kitabi Dədə Qorqud" dastanlarında təsvir edilən qəhrəmanlıq səhnələri ilə əlaqədar hərbi musiqi haqqında müəyyən məlumat verilir. Bu növ musiqi igidlərin döyüş əhval-ruhiyyəsini qaldırmaq, onların qələbə əzmini gücləndirmək məqsədi daşıyır və bir qayda olaraq, ağır savaşlardan qabaq namaz qılmaqla bərabər icra olunur. Hərbi musiqinin ifasında çox zaman nəfəslə çalınan boru, zərb alətlərindən davul, nağara, bəzən də kus iştirak edir. Əlbəttə, musiqi mədəniyyəti tarixindən bildiyimiz kimi, həmin zərb alətlərinin başqa vəzifələr də daşıya bilməsi istisna edilmir. Məsələn, Bəybura oğlu Bamsı bəyin boyunda sırnaçılarla yanaşı nağaraçıların toyda iştirakı qeyd olunmuşdur. Davul, kus, boru alətləri isə dastanda istisnasız olaraq ölüm-dirim savaşlarından əvvəl istifadə olunmuşdur. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda oxuyuruq:

"Gumbur-gumbur davullar çalındı ol gün
Burması altun tunc borular çalındı ol gün (9,s.76)".

Dastanın mətnində davul və nağaranın tembr səslənməsini təyin edən "gumbur-gumbur" (başqa bir yerdə isə "guppur-guppur") sözləri də diqqəti çəkir. Bu deyimlər, şübhəsiz, qorxunc və uğultulu zərbləri əks etdirən "gumb" və "gup" kimi təqlidi sözlərdən törəmişdir. Onlara əlavə edilən "ur" fonemləri də əhəmiyyətsiz deyil və həmin alətlərin guruldamasını andırır, hətta vurulan zərbələrin ritmik ifasında titrəyişli tremolo çalğısından istifadə olunduğunu xəyalımızda canlandırır.

Bütövlükdə instrumental ifa üçün ümumi olan "çalındı" ("çalmaq") felindən başqa zərb alətləri barədə həmçinin "dögüldü" - (v)uruldu" sözləri də işlənilmiş və günümüzə qədər xalqın dilində qalmışdır. Hətta "döymə" sözü Şirvan aşıqlarının musiqi yaradıcılığında təsadüf olunan bəzi havaların adında terminləşmişdir. "Döymə Kərəmi", "Döymə gəraylı" adları musiqinin qoşa nağara ilə xüsusi tərzdə müşayiət olunduğunu göstərir.

Orta əsrlərdə döyüş və müharibələr zamanı davullarla yanaşı borulardan da hərbi musiqi aləti kimi geniş istifadə edilməsi yaxşı məlumdur. 1205-ci ilə aid edilən bir yunan salnaməsində bu barədə dəqiq məlumat verilir. "Türklər şəfəq sökərkən bir çox borularını və buqlarını ötdürməyə başladılar". (14, s.9)

Alətin səsləndirilməsi mənasında isə adicə "çalındı" sözündən başqa həmçinin indi arxaikləşib tamamilə unudulmuş olan "ağrıldı" felinə də rast gəlirik (9,s.134). Başqa bir yerdə işlədilmiş "boru ağradıb" deyimi də həmin sözlə bağlıdır. "Alp Uruz çadırların açdırdı, cəbbəxanasını yüklətdi. Qaragünə çəribaşı oldu, boru ağradıb köçdülər. Yola girdilər". (9, s.148)

Biz boru alətini sırf hərbi musiqi kimi qəbul ediriksə, onun səsləndirilməsi də olduqca gur və coşdurucu şəkildə olmalıydı. XIV-XV əsrlərdə yaşamış böyük Azərbaycan musiqişünas-alimi Əbdülqadir Marağai həmin alətdən borqu şəklində bəhs etmişdir. Alətin çıxara bildiyi üç səsi Ə.Marağainin hərf işarələrindən Avropa musiqi yazısı sisteminə köçürməklə, re-lya-re notları əldə olunur. (13) İfa zamanı bu səslərin eyni qaydada, yəni yüksələn xətt üzrə düzülməsi və ya həmin prinsipin üstünlüyü böyük ehtimal içindədir. Bu fərziyyə həmçinin "boru ağrıldı", "boru ağradıb" kimi unudulub tamamilə aradan çıxmış deyimin açıqlanmasına da kömək edir. Beləliklə, boru sədalarının uzadılaraq çalınması, səslərin göylərə ucaldılması kimi qənaətə gəlmək mümkündür. Bizcə, "ağrıdan səsin göyə çıxması" ifadəsini də yada salmaq olar.

"Boru" alətini təyin edən bir neçə sözün birləşməsi isə (burması altun tunc borular) onların quruluşu və hazırlandığı materialı aydın təsvir edir.

Boru musiqi aləti öz adıyla birlikdə, demək olar ki, tamamilə unudulmuş və yalnız ənənəvi aşıq musiqi nümunələrindən birinin adında ("Koroğlu borusu" və ya "Osmanlı borusu") nadir izlərini bu günə kimi çatdırmışdır.(2)

"Kitabi Dədə Qorqud"da ümumiyyətlə dastan yaradıcılığından kənarda təşəkkül tapmış digər musiqi növlərindən dini oxumalar haqqında da müəyyən təsəvvürlər əldə etmək olar. Məsələn, banlamaq, ban banlatmaq kimi çox qədim və arxaik deyimlər dastanın mətnində heç şübhəsiz dini musiqi mənasını verir. Bu fellər söz mətninin sadəcə olaraq danışıq tərzində tələffüz edilmədiyini, məhz avazla, ucadan oxunduğunu göstərir. Məsələn, "Minarədə banlayanda fəqiq görklü (9 s.16). Bir qədər sonra gələn "Saqqalı uzun tat əri banladıqda" (9.s.19) cümləsindən aydın olur ki, dini musiqi hamının ehtiram bəslədiyi ixtiyar yaşlı ağsaqqal qocalar tərəfindən icra olunurdu.

"Minarədən banlayanda" söz birləşməsi azan çəkmək, azan oxumaq kimi anlaşılırsa da, sözün yalnız bu şəkildə açıqlanması kifayət deyildir. Çünki qeyri-müsəlman kişilərin də banlaya bilməsi belə bir yozumun məhdudluğunu göstərir. "Yol üzərində kafirin ayasofyası vardı, keşişlər banlardı" (9,s.149).

Xütbə oxumaq, ismi əzəm oxumaq deyimləri də avazla, musiqi üstündə icra edilən ayinləri bildirdiyi üçün yəqin ki, dini musiqi növünə aid edilə bilər.

Bundan başqa, öymək sözü özünün adi lüğəti mənasından başqa bir sıra hallarda tanrıya dua oxumaq və ya yalvarmaq kimi də qavranılır. Məsələn,

"Ağız açıb öyər olsam üstümüzdə tanrı qörklü" (9. s. 16)
"Ol öydüyüm uca tanrı, dost oluban mədəd irsin" (9.s.30)

Bəzən nəzm parçalarından qabaq öymək sözü işlənilməsə də, mətnin ümumi məzmunundan aydın olur ki, söhbət uca tanrıya oxunan dualardan gedir.

"Ucalardan ucasan
Kimsə bilməz necəsən."

Dastanın bütün soylamaları kimi, bu dualar da müəyyən musiqi kökündə icra edildiyi üçün yuxarıdakı iqtibaslar dini oxumalar haqqında danışmağa kifayət qədər əsas verir. Sözsüz ki, o zamanlar dastan söyləyicisi ifa zamanı həmin janrı özünəməxsus şəkildə təqlid etmiş, öz xallarını, nəfəsini qataraq ilkin dini oxumaları yeni şəkildə təqdim etmişdir.

"Öymək" sözü çox vaxt özünün lüğəti mənasında /"tərifləmək" kimi/ istifadə olunsa da, bir sıra hallarda, xüsusilə şer və musiqi ilə icra olunduqda müəyyən janr göstəricisi kimi çıxış edir.

Məsələn, Qazılıq Qoca oğlu Yeynək "allahına sığınıb məbudu öyərkən", şübhəsiz ki, söhbət tanrıya oxunan dualardan, ola bilsin ki, dini musiqi növündən gedir.

Digər hallarda "öymək" sözü dastan qəhrəmanlarını musiqi və şer vasitəsilə tərifləmək kimi, onların şəninə mədhiyyə oxumaq mənasında da açıqlana bilər.

Dastanın mətnindən görürük ki, belə təriflər qəhrəmanlardan başqa onların şahbaz atlarına, silahlarına, yay çəkib ox atmaq məharətinə də oxunur. Bəzən "öymək" sözü istifadə olunmasa da mədhiyyə janrının qədim tipi elə nəzmundan da anlaşılır.

"Öymək" sözü ilə işarə olunan janrlardan biri dastan qəhrəmanlarını və onların igidliklərini tərif edən parlaq epik məzmunlu söyləmələrdir. Belə bir məzmunlu mədhiyyələr Türkiyə aşıqlarının musiqisində "qoçaqlama" adı ilə tanınır. Azərbaycanda isə bəzən "gözəlləmə" adlanır /məsələn, "Koroğlu gözəlləməsi".

Lakin aşıq musiqisində, xüsusilə də aşıq şerində gözəlləmələr yeni məzmunla zənginləşərək lirik istiqamətdə inkişaf etmişdir. Bir sıra yer adları ilə bağlı havalarda /"Borçalı gözəlləməsi", "Aran gözəlləməsi", "Çıldır gözəlləməsi" və s./ lirik peyzaj yaratmaq meyli hiss olunursa, "Kərəm gözəlləməsi"ndə lirik əhval-ruhiyyə daha qabarıq verilmişdir. Aşıq şerinin gözəlləmə növündə lirika xüsusilə güclüdür. "Çox zaman qoşma və müxəmməs formalarında yaradılan gözəlləmədə şair, yaxud aşıq qəşəng qız və gəlinlərin, bəzən də öz sevgililərinin gözəlliyi, ağıl və mərifətini təsvir edir, onlara olan hörmət və məhəbbət duyğularını tərənnüm edir. (6,s21) Lirikanın getdikcə güclnməsi paralel olaraq aşıq musiqisində də baş vermişdir. Bir sıra havalar "Bayramı", "Baş sarıtel", "Dastanı", "Dübeyti", "Ağır şərili", "Laçını", "Mirzəcanı", "Naxçıvanı", "Cəlili" kimi məşhur havalar buna parlaq misaldır.

"Kitabi Dədə Qorqud" qəhrəmanlıq dastanı olduğundan burada dini və mərasim musiqi növlərindən hərbi musiqiyə nisbətən az bəhs orlunmuşdur. Məsələn, toy mərasimində musiqidən istifadə olunmasına yalnız "Bayburanın oğlu Bamsı Beyrək" boyunun iki epizodunda rast gəlirik.

...Beyrəyin öldüyü barədə şaiyələr yayıldıqda, onun adaxlısını-Banıçiçəyi başqasına verirlər. Elə düyün günü Beyrək əsirlikdən xilas olaraq özünü yetirir və ilk növbədə sırnaçılarla nağaraçıları qovur. Bundan da məntiqi olaraq, həmin dəstənin (sırna və nağara) hələ o zamanlardan mövcud olması və toy şənliyini öz çalğısı ilə (yəqin ki, rəqs musiqisi ilə) rövnəqləndirməsi bəlli olur. Əks təqdirdə həmin musiqiçilər Beyrəyi bunca acıqlandırmazdılar.

Ə.Marağayi surna (surnay) alətinin bir oktava yarım həcmində diapazona malik olduğunu və səsinin bütün alətlərdən uzağa getdiyini qeyd etmişdir. Belə bir diapozona və dinamik imkanlara malik alətin nağara ritmləri ilə birləşməsi maraqlı bədii nəticə verə bilərdi.

Elə həmin boydan digər epizod toyda rəqs musiqisinin səsləndiyini açıq-aydın göstərir. Müxtəlif funksiya daşıyan qopuz aləti dastan, savaş, məişət (el-evünüzdə çalıb-ayıdan ozan olsun) məqamlarından başqa toyda da özünü göstərir.

"Mərə ozan, nə yerə gedərsən?" - sualına "Bəy, yigid, düyünə gedirəm" - cavabı verilir. Sonrakı hekayətdən isə aydın olur ki, ozan qopuzu toy-düyünlərdə rəqsin müşayiəti üçün istifadə olunarmış. Beyrəyin dilindən söylənilən aşağıdakı müraciət bu baxımdan əhəmiyyətlidir.

"Ərə varan qız yerindən qalxaraq, qol salıban oynaya, mən qopuz çalam". (9,s.67)

Bu cümlə o zamanlar həmçinin rəqslərin tək-tək, solo şəklində ifa olunduğunu və qolların müəyyən vəziyyət aldığını göstərir. Rəqs elementlərindən biri də "əllərini yeninə çəkdi" şəklində təsvir edilmiş və mütəxəssislərin marağına səbəb ola bilər.

"Banıçiçək qırmızı qaftanın geydi, əllərini yeninə çəkdi".(9,s.68)

Bir çox mütəxəssislər ilətmək/aparmaq mənasını verən Yelətmə və ya Yeltəmə sözünü gəlin aparanda çalınan bir havanın adı kimi izah edir. Həmin havanın emosional təsiri qəhrəmanların daxili aləmi ilə də həmçinin səsləşir, onlara xas qürur hissini ifadə edir. "Ozan gəldi Yelətmə çaldı, oğuz igidinin öygəni qabardı" (yəni sinəsi qabardı) sözləri deyilən fikri təsdiq edir.

Bütün bu deyilənlər toylarda rəqs sənətinin müəyyən yer tutduğundan və bu məqsədlə qopuzun və həmçinin sırna ilə nağara dəstəsinin tətbiq olunduğundan xəbər verir.

"Kitabi Dədə Qorqud" dastanlarında ağılar qədər təsirli, ağılar qədər yanıqlı musiqili-nəzm parçaları da özünə yer tapmışdır. Ölüm, qara xəbər və ya insana iztirab verən kədərli hadisələr münasibətilə söylənilən ağılar dastanın bədii toxumasına bilavasitə təsir göstərmişdir.

Bu təsirlər bir sıra boylarda açıq-aydın hiss olunur. Məsələn, birinci boyda oğlancığının ilk ova çıxmasına ürəkdən sevinən Burla xatun ovdan qayıdanlar arasında öz doğma balasını görməyincə, onun halı belə təsvir olunur: "Qara bağrı sarsıldı. Düm ürəyi oynadı. Qara qıyma gözləri qan yaşla doldu". Onun Dirsə xanı çağırıb söylədiyi nəzm parçasında ananın iztirabları və qəlb ağrıları təsirli ifadəsini tapmışdır:

"İki vardın, bir gəlirsən, yavrum qanı?
Qaranqu dündə bulduğum oğul qanı?
Çıxsın mənim gözlərim, Dirsə xan, yaman səyrir.
Kəsilsin oğlan əmən süd damarım yaman sızlar.
Sarı ilan soxmadan ağca tənim qalxub şişər.
Yalnızca oğul görünməz, bağrım yanar." (9.s.25)

Başqa bir boyda baş verən hadisələr də matəm və hüzn əhval-ruhiyyəsi oyadır. Banıçiçək adaxlısı Beyrəyin ölüm xəbərini eşitcək sonsuz kədər və üzüntü hisslərinə qərq olur. Onun sözlərində ah-nalə və ağı intonasiyalarını təsəvvür etmək çətin deyildir. "Vay, göz açıb gördüyüm! Könül verib sevdiyim. Vay, al duvağım ayası! Vay, alnım başım umudu xan Beyrək! - deyü ağladı".

Uruz bəyin dustaq olduğu boyda bəy oğullar, qız gəlinlər ağ çıxarıb qara geyir.

"Sən gedəli
Ağlamağım göydə ikən yerə endi.
Gumbur-gumbur davullar döyülmədi.
Ağır ulu divanım sürülmədi". (9.,s.82)

Oğlunun alçaldığını öz namusuna sığışdırmayan Xan Qazan əzab-əziyyət çəksə də, bədbinləşmir, ruhdan düşmür, əksinə var gücünü toplayıb kafir düşmənlərdən qisas almaq əzmi ilə yaşayır.

"Asmanlı göydə qara bulud oluban
Kafirin üzərinə gurlayayım.
Ağ ildırım olub şağıyayım.
Kafiri qamış kimi od oluban yandırayım". (9.,s.83)

Göründüyü kimi, ən fəlakətli səhnələrdə ağıların təsiri duyulsa da qəhrəmanlıq ruhu həmişə ər igidlərin, cilasunların qəlbinə hasil kəsilmişdir.

"Kitabi-Dədə Qorqud"da ən qədim folklor nəğmələrindən olan ağı janrının təsiri duyulsa da həmin janr müəyyən bir anlayışla ifadə olunmamışdır. Lakin dastanın dilində işlək olan, indi isə arxaikləşmiş "bozlamaq" feli, eləcə də "zarı-zarı inləmək" kimi ifadələr sonradan türk xalqlarının folklorunda rast gəlinən ağı və ondan törəmiş digər janr adlarının etimologiyasına işıq salır.

"Mərə qız, nə ağlarsan, nə bozlarsan?" (9.,s.39)

Uca səslə ağlamaq və ya dəvənin böyürməsi kimi izah olunan bu sözə Aşıq Abbas Tufarqanlının bir şerində də təsadüf edilir:

"Heç insafa gəlməz biinsaf sarvan
Sarvan çəkər, maya bozlar, nər gedər."

"Kitabi-Dədə Qorqud"dan fərqli olaraq, başqa bir aşıq şerində "ağlamaq" sözü "bozlamaq"la deyil, müasir dilimiz üçün daha anlaşıqlı olan "sızlamaq" feli ilə birləşmişdir.

"Nə ağlarsan, nə sızlarsan
Bir dərdi beş olan könlüm."

Türk musiqi folklorunda geniş yayılmış qəmgin və sızıltılı xarakterə malik "bozlaq" janrı, yəqin ki, öz adını həmin feldən almışdır. "Bozlaq" - Anadolunun orta və güney kəsimlərində söylənən ən yayğın uzun hava türüdür. Eşq, qürbət, igidlik ən çox işlənən temalardır". (15.,s.247)

Maraqlıdır ki, qıpçaq boyundan olan noqay türklərində ağı janrının adı - "Bozlav - birbaşa "bozlamaq" felindən əmələ gəlmişdir. Bundan başqa, Azərbaycan xalq musiqisində çox nadir hallarda rast gəlinən bir zurna havasının/"Bozlama Kərəmi"/ adı da eyni arxaik sözlə bağlıdır və nisbətən yaxşı məlum olan "Zarıncı Kərəmi" adı kimi məna daşıyır.

"Bozlama Kərəmi" adlı qədim zurna havasının kökü yəqin ki, bir zamanlar "Əsli və Kərəm" dastanında oxunmuş və baş qəhrəmanın acı eşq iztirablarına həsr olunmuş aşıq havasına gedib çıxır. Lakin nə Azərbaycan, nə də Türkiyə mütəxəssisləri aşıq musiqisində belə bir hava haqqında heç bir məlumat vermirlər. Buna əsasən, həmin adın arxaikləşib aradan çıxdığını fərz etmək olar. "Bozlama Kərəmi" havasını ucqar böləgələrimizdən olan Zəngilan folklor mühitində qocaman xalq sənətkarı Xuduş Cəbrayılovun çalğısından eşitmişik. Adın ikinci tərəfinin heç bir şərhə ehtiyacı yoxdur. Havanın məhz məhəbbət dastanı ilə sıx bağlılığı onun mənşəyi və taleyi haqqında yuxarıdakı mülhazilərə təkan vermişdir. Adın birinci tərəfinə gəlincə, "Kitabi-Dədə Qorqud"da işləninlən "bozlamaq" /yəni ağlamaq/ felinə üz tutmalıyıq. Bizcə, "Bozlama Kərəmi"yə, aşıqların sənətində indiyə qədər yaşayan "Zarıncı Kərəmi" adının tamamilə aradan çıxmış sinonimi kimi baxmaq olar. Yenə də həmin dastanda "ağlamaq" sözünün "zar-zar ağlamaq", "zar-zar inləmək", "zarlıq qılmaq", "zarlıq eləmək" kimi rəngarəng çalarlı anlamdaşları vardır. Hətta gürcü xalq musiqisində ağı janrını bildirən "zari" anlayışının da həmin sözdən törəməsi açıq-aşkar görünür.

Dədə Qorqud söz xəzinəsinin inciləri kimi, musiqi aləminin də avaz və nəfəsləri folklor yaddaşında müəyyən izlər buraxmış, aşıq havacatında da özünəməxsus əksini tapmışdır. Məsələn, bəzi aşıq havalarının mənşəyində hüznlü matəm nəğmələrinin durması sənətşünaslıq doktoru T.Məmmədov tərəfindən qeyd olunmuşdur. (10.,s.16)

Dini musiqinin və mərasim nəğmələrinin (ağıların) səciyyəvi məzmun və xarakteri "Dədə Qorqud" soylamalarında yeni şəkildə dilə gətirildiyi kimi, fərz etmək olar ki, "gumbur-gumbur davulların, burması altun tunc borıların" icra etdiyi tətbiqi əhəmiyyətli hərbi musiqi də yəqin ki, oğuz qopuzunun canına hoparaq, gələcəkdə qəhrəmanlıq musiqi obrazlarının pərvəriş tapmasına zəmin yaratmışdır. Ağılar "Dədə Qorqud" dastanının süzgəcindən keçərək aşıq sənətində yaranacaq yanıqlı, qəmli havaların mənşəyini təşkil etdiyi kimi, döyüşkən ruhlu cəng havalarının kökünü də hərbi musiqidə axtarmaq olar. Eynilə deyə bilərik ki, qoç igidləri, onların şahbaz atlarını, ağ tozluca yayını və ox atmaq məharətini öyən musiqili nəzm parçaları da aşıq yaradıcılığının xüsusi növü sayılan gözəlləmə janrına çevrilmişdir.

Beləliklə, Dədə Qorqudun parlaq epik ruhlu soylamaları öz mənşəyini daha qədim ilkin janrlardan, sırf folklor musiqisindən alaraq, tarixi sənəd estafetini özünün varisləri sayılan aşıqlara ötürmüşlər. Aşıqların musiqi yaradıcılığı qədim ozanların zəngin ənənələrini davam etdirməklə yanaşı, yəqin ki, heç vaxt folklordan təcrid olunmamış, daim xalq yaradıcılığının tükənməz və saf bulağından bəhrələnmişdir.

Dədə Qorqudun musiqi dünyasının açıqlanmasında möhtəşəm eposun öz mətni əvvəllər olduğu kimi yenə də başlıca mənbə rolunu oynayır. Hazırkı məqalədə bu sahədə qazanılmış dəyərli təcrübə nəzərə alınmış, eyni zamanda dastanın "musiqili" səhifələrində anılan ifadə və deyimlər, çalğı alətləri, sənətin bədii və həyati vəzifələri, səsləndirilmə məqamları bir daha mənalandırılmışdır. Bundan başqa əski ozan sənəti ilə sonrakı dövrə aid aşıq havacatı arasında bəzi janr və məzmun paralelləri onların varislik əlaqələrini bir qədər konkretləşdirmiş, digər tərəfdən tarixən meydana gəlmiş yenilikləri də aşkarlamağa kömək etmişdir. "Kitabi-Dədə Qorqud"un ümumi müqəddiməsi və hər bir boyun "şadlıq çalmaq"la sona yetməsi özünün kompozisiya funksiyası, məna və xarakteri etibarilə aşıq dastanlarındakı ustadnamə və duvaq qapma kimi musiqili-poetik hissələri xatırladır. Eyni zamanda bəzi mühüm amillər (məhəbbət dastanlarının təşəkkülü, aşığın sənətkar statusu qazanması və s.) lirika keyfiyyətlərinin güclənməsinə səbəb olmuş və öz əksini yeni məzmunlu, yeni ruhlu aşıq havalarında tapmışdır. ...Dədə Qorqudun musiqi ənənələrində aşıq havacatına bir yol uzanır. Hər iki tərəfdən süzülən şüalar və qaranlıq məsələlərin çözülməsi bu yolu daha da aydınlaşdırmalı, xüsusilə də musiqi tariximizin dərin qatlarını üzə çıxarmalıdır.

ƏDƏBİYYAT

1. Abdullaeva S. A. Azerbaydjanskaə instrumentalğnaə muzıka (Vstupitelğnaə statğə). M. 1990.

2. Babayev E.Ə. Şifahi ənənəli Azərbaycan musiqisi intonasiya problemləri. Bakı-1998.

3. Vəliyev K.N. "Kitabi-Dədə Qorqud" və musiqi. "Qobustan" toplusu, 1976, N-2.

4. Qasımlı M. Aşıq sənəti. Bakı-1996.

5. Eldarova Ə.M. Azərbaycan aşıq sənəti. Bakı-1996.

6. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı-1978.

7. İstoriə azerbaydjanskoy muzıki. II ql. Baku, 1992.

8. Kasimov K. A. Muzıkalğnaə kulğtura Azerbaydjana. XVI-XVIII vv. "İsskustvo Azerbaydjana" t. VIII, Baku, 1962.

9. Kitabi-Dədə Qorqud (Tərtib edəni H.Araslı) Bakı-1977.

10. Mamedov T. A. Tradiüionnıe napevı azerbaydjanskiy aşuqov. Baku, 1988.

11. Seyidova S.A. Azərbaycan mərasim musiqisi. Bakı-1994.

12. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı-1983. 13. Bardakci Murat. Maragali Abdulkadir. Istanbul-1986.

14. Mahmut Ragib Gazimihal. Turk vurmali calgilari. Ankara-1975.

15. Turk Musikisi tarihi. Derleme (2. Cilt). tarihsiz.

16. K.Dadaşzadə. Musiqi qorqudşünaslığına dair bəzi mülahizələr, yaxud qorqudşünaslığın "ağ ləkələri" haqqında. "Musiqi dünyası" jurnalı 1999, ¹1,s.39-41.

17. Xaliqzadə F. "Kitabi-Dədə Qorqud"un musiqi sözlüyü. Azərbaycan Respublikası Elmlər Akademiyası. "Dədə Qorqud" məqalələr məcmuəsi.

 

 


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site