ahnı
- poeziya ilə musiqinin qovuşduğu elə musiqi janrlarındandır ki,
burada şer ilə melodiya bir-birini tamamlayan bərabər hüquqlu
başlanğıc kimi çıxış edir. Məhz bu səbəbdən ən kamil mahnı nümunələrini
yüksək poetik misralar və onların dolğun musiqi təcəssümü səciyyələndirir.
Elə şairlər var ki, onların poeziyası sanki musiqidə həkk olunmaq
üçün yaranır, hər misra, hər söz birləşməsi qafiyəli söz yığını
deyil, daxili musiqi ahənginə malik şeriyyatdır. Ənvər Əlibəyli
məhz belə şairlərdən idi. Saysız-hesabsız mahnıların şer mətnlərinin
müəllifi olan bu sənətkar mahnı yaradıcılığında dərin iz buraxmış
şəxsiyyətlərdəndir. Şairin sözlərinə yazılmış mahnılar haqqında
danışmazdan əvvəl, onun keçdiyi ömür və yaradıcılıq yoluna qısa
nəzər salaq.
Ənvər
Əliverdi oğlu Əlibəyli (1916-1968) Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun filologiya fakültəsinin məzunu olmuşdur. Cəbhəçi-şairin
"Qaranquş" adlı ilk şerlər kitabı 1947-ci ildə buraxılmış,
sonrakı illərdə ona qədər kitabı işıq üzü görmüşdür. Onların arasında
"Sənin adınla", "İlk məhəbbət", "Dostluq
körpüsü" və başqalarını qeyd etmək olar. Şer yazmaqla yanaşı,
o "Ədəbiyyat" qəzetinin redaktoru, Azərbaycan Radiosunun
rəhbəri, 1964-68-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsinin
Sədri vəzifəsində çalışmışdır. Lakin, bütün bu illər ərzində,
onun üçün başlıcası - poetik yaradıcılığı olmuşdur.
Ə.Əlibəyli
elə dövrdə yaşayıb-yaratmışdır ki, bu dövr, tam mənasında, Azərbaycan
mahnısının inkişafında "qızıl dövr" adlandırıla bilər.
Bu 50-60-cı illər idi. Sadəcə olaraq, o unudulmaz illərdə mahnı
bəstələyən və Ə.Əlibəyli ilə yaradıcılıq əməkdaşlığı edənlərin
adlarını çəkmək dediklərimizə əyani sübut ola bilər: Səid Rüstəmov,
Cahangir Cahangirov, Rauf Hacıyev və, əlbəttə, Tofiq Quliyev.
40 ildən artıq nəğmələri dillər əzbəri olan bu görkəmli bəstəkarlar
və mahnı janrında səmərəli işləyən bir çox başqa dəyərli bəstəkarlardan
- A.Rzayeva, Q.Hüseynli, Z.Bağırov, R.Mustafev, İ.Topçubaşov,
V.Adıgözəlov və başqaları şairin mətnlərinə maraqlı mahnılar yaratmışlar.
Şübhəsiz ki, bir məqalə çərçivəsində bu çoxsaylı əsərlərin hamısı
haqqında söhbət açmaq mümkün deyil. Biz ancaq bir neçə nümunə
üzərində Ə.Əlibəyli poeziyasının incəliklərinin musiqidə necə
təcəssüm edilməsini araşdırmaq niyyətindəyik.
Şairin
sözlərinə yazılmış əsərlər sırasını Rauf Hacıyevlə birgə bəstələnmiş
məşhur "Azərbaycan" mahnısı ilə açmaq istərdik. Bu mahnını
uşaqdan böyüyə qədər hamı tanıyır:
Özün
kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların.
"Yurdum, yuvam, məskənimsən," Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım!
Lakin,
mahnının hamıya məlum olan və geniş ifa edilən ilk iki kupletindən
başqa, üçüncü kupleti də mövcuddur ki, o da, demək olar ki, səsləndirilmirdi.
Bunun səbəbi həmin kupletin mətni ilə tanışlıqdan sonra tam aydın
olur:
Sənə
şirin arzum deyim, diləyim deyim,
Havam deyim, suyum deyim, çörəyim deyim,
İki yerə parçalanmış ürəyim deyim.
Şerin
yazıldığı illərin ab-havasını yada salsaq, bu kupletin ifa olunmaması
heç də qəribə görünmür. Zənnimizcə, hazırki dövrdə mahnının tam
mətninin olduğu kimi interpretasiyası yerinə düşər və şairin ideyalarının
bütövlükdə çatdırılmasına imkan verərdi.
Ə.Əlibəylinin
R.Hacıyev ilə əməkdaşlığının digər nümunəsi - Azərbaycan estrada
musiqisinin klassik repertuarını bəzəyən "Sevgilim"
mahnısıdır. İllər boyu ən gözəl müğənnilərimizin repertuarını
bəzəyən bu mahnının əlavə təqdimata ehtiyacı yoxdur.
Görkəmli
bəstəkarımız Səid Rüstəmov da Ə.Əlibəyli poeziyasına müraciət
etmiş və bunun nəticəsi kimi "Gəlmədin" mahnısı yaranmışdır.
S.Rüstəmov lirikasının maraqlı səhifələrindən birini təşkil edən
bu mahnı üzərində daha ətraflı dayanmağı lazım bilirik. Mahnının
dörd sətirlik bu kupletlərin üç ilk misraları bir-birilə qafiyələndiyi
halda, dördüncü misra digər kupletlərin sonuncu sətirlərinin təkrarıdır
/aaab, vvvb və s/.
Axar
sular dayandı, yar,
Qəlbim həsrətlə yandı, yar,
Rəyin nədən dolandı, yar,
İlk görüşə gəlmədin.
Könlümdə xoş ümiddin,
Atəşdim, sən soyutdun, yar,
Öz vədini unutdun, yar,
İlk görüşə gəlmədin.
Mətndən
göründüyü kimi, burada "yar" sözündən geniş istifadə
olunur ki, bu da əsərin üslub baxımından xalq mahnı nümunələrinə
daha yaxın edir. Kupletin melodik cümləsi /burada şer bəndinin
də müvafiq, digər bəndlərlə həmqafiyə misrası səslənir/ sonradan
nəqarət melodiyasının inkişaf istiqamətini müəyyənləşdirir:
Nəqarət
isə, tam olaraq, "gəlmədin" kəlməsinin təkrar-təkrar
səslənməsinə əsaslansa da, bu heç də yeknəsəklik yaratmır - bəstəkar
burada qısa, tersiya ilə yuxarı və aşağı hərəkət edən sekvensiya
üzərində qurulmuş, yuxarıda göstərilən melodik cümlədən bəhrələnən
ifadəli melodiya yaratmağa müvəffəq olmuşdur:
Beləliklə,
mahnının mətnində qafiyə, melodiyasında isə intonasiya birliyi
mövcuddur. Bu da əsərin kupletlərini və nəqarətini vahid və kamil
musiqili-poetik kompozisiyada birləşdirir.
Ənvər
Əlibəylinin sözlərinə bəstələnmiş nəğmələr sırasında gözəl mahnıları
ilə musiqi tariximizə daxil olmuş Qənbər Hüseynlinin "İlk
məhəbbət" mahnısı da diqqəti cəlb edir. Burada bəstəkar şerlə
məharətlə işləmək qabiliyyəti nümayiş etdirir. Mahnının mətni
üç yeddi hecalı bənddən ibarətdir /qafiyələnmə "Gəlmədin"
mahnısında olduğu kimidir/.
Ləkəsizdir,
təmizdir
Dalğalı bir dənizdir
Canımdan da əzizdir
Mənim ilk məhəbbətim.
Qanadlıdır, ley deyil,
Çox şirindir, mey deyil,
Unudulan şey deyil,
Mənim ilk məhəbbətim.
Mahnı
bütövlükdə üç bölmədən ibarətdir. Birinci bölmədə mətnin iki bəndi
eyni musiqi cümlələri ilə səslənir. Şerin sonuncu bəndi isə iki
hissəyə ayrılmışdır: ilk iki misra mahnının orta, kulminasiya
bölməsində səslənir, son iki misra isə repriza xarakterli sonuncu
bölmənin mətn əsasını təşkil edir ki, o da birinci bölmənin musiqi
materialı üzərində qurulmuşdur. "Mənim ilk məhəbbətim"
misrası səslənən melodik cümlə də mahnı boyu kiçik variant dəyişiklikləri
ilə təkrarlanır. Bununla da mahnının əsas musiqili və poetik məzmununun
daşıyıcısı olan cümlə daha da ifadəli səslənir.
Ə.Əlibəyli
poeziyasına öz mahnılarında tez-tez müraciət edənlərdən biri də
tanınmış bəstəkarımız Zakir Bağırov idi. Şairin sözlərinə yazılmış
mahnılardan ikisi - "Lirik mahnı" və "Gəl-gəl"
diqqəti daha çox cəlb edir. "Lirik mahnı" nəqarətsiz
iki kupletli formada yazılmışdır. Yeddi hecalı dörd bənddən ibarət
mətndə /hər kupletdə iki bənd səslənir/ misralar aaba prinsipi
üzrə qafiyələnir, lakin məzmun baxımından misraları iki-iki ayırmaq
olar:
Gördüyüm
vaxt özünü
İtirirəm özünü
Deyə bilmirəm sənə
Ürəyimin sözünü
Özüm də bilmirəm mən
Dilim lal olur nədən
Belə vaxtda qəlbimi
Gözlərimdən oxu sən.
Belə
düzümə uyğun olaraq, melodik cümlələr də bir-birinin variantını
təşkil edən iki ifadənin inkişafı üzərində qurulmuşdur.
Bu qayda
mahnının kulminasiya hissəsində pozulur. Orta bölmədə variant
şəklində səslənən üç melodik cümlə dördüncü - keçid xarakterli
cümlə ilə əvəz olunur. Mahnının yekun bölməsi yenidən birinci
hissənin son iki cümləsinin təkrarına əsaslanır. Beləliklə, burada
da, "İlk məhəbbət" mahnısında olduğu kimi, üç hissəli
forma elementləri özünü büruzə verir.
Z.Bağırovun
Ə.Əlibəylinin sözlərinə bəstələdiyi digər mahnı - "Gəl, gəl"
tamam başqa səpkilidir. Kupletli nəqarətli formada yazılmış mahnıda
kupletdə doqquz - on hecalı iki misralı bənd səslənirsə, nəqarət
beş hecalı qısa misralara əsaslanır:
Görəndə
səni gözüm gülər,
Sevinər ürəyim, sözüm gülər.
Ala gözlüm, gəl!
Şirin sözlüm, gəl!
Günəş üzlüm, gəl!
Yarım, gəl!
Mahnının
ikinci kupleti bütün kompozisiyasının kulminasiyasını təşkil edir.
Burada birinci kupletin ilk melodik cümləsi kvinta yuxarıda səsləndirilir:
Nəqarət
isə, melodik inkişaf nöqteyi-nəzərindən, ilk cümlənin intonasiyasına
əsaslanaraq, onun ritmik şəklini də özündə əks etdirir.
Buna
cavab olaraq, yenidən nəqarət təkrar olunur. "Gəl, gəl"
mahnısının digər araşdırılan mahnılardan fərqi məhz bundadır ki,
burada nəqarətli iki kupletli formadan istifadə olunmaqla, nəqarətin
bəndləri heca sayına görə kupletdəki misraların tən yarısını təşkil
edir.
Ə.Əlibəyli
ilə əməkdaşlıq edən bəstəkarlar sırasında istedadlı bəstəkar İ.Topçubaşovun
adı da xüsusi qeyd olunmalıdır. Bu səmərəli yaradıcılıq ünsiyyətinin
məhsulu kimi "Xəzərim", "Qəşəng qızlar", "Narınc"
və b. mahnılarını qeyd etmək olar. Hazırki məqalədə şairin sözlərinə
yazılan "Hamıdan göyçək" və "Söz olmasaydı"
mahnıları araşdırılır. Onlardan birincisi - "Hamıdan göyçək"
ənənəvi nəqarətli formada bəstələnmişdir. Kupletdə beş hecalı
misralara əsaslanan, qısa, əsasən tersiya həcmini əhatə edən ifadələr
səslənir.
Nəqarətdə
həmin pilləvari hərəkətli melodik düzüm şəklini alır. Mətndə isə
3+3+4,5 hecalı misralar növbələşir.
Beş hecalı,
yenə də tersiya hərəkətlərinə əsaslanan melodik ifadə mahnıya
özünəməxsus yekun vurur:
Təhlil
göstərir ki, mahnıda kupletlə nəqarət arasında bağlılılıq yalnız
melodik inkişaf səviyyəsində həyata kesçirilir, şer ölçüsü baxımından
isə kupletdəki beş hecalıq nəqarətə də müəyyən təsir göstərir.
"Söz
olmasaydı" mahnısı nəqarətsız formaya aid olan nümunələrdəndir.
Burada hər şer misrası və ona uyğun olan melodik cümlə iki dəfə
təkrarlanır. Mahnının mətni səkkiz hecalı sətirlərdən ibarətdir
ki, bu sətirlər aaba və vvqq prinsipi üzrə qafiyələnir. Mətnin
hər iki bəndində təkrarlanan iki sətir mövcuddur:
Ağlımı
alıbdır başdan
Keçmək olmur bu göz qaşdan.
Bu sətirlər
mahnının kulminasiyasını təşkil edir və üç hissəli kompozisiyanın
orta hissəsini təşkil edir.
Beləliklə,
qısa da olsa, Ə.Əlibəylinin sözlərinə yazılış bəzi mahnıların
poetik və melodik xüsusiyyətlərini araşdırdıq. Lakin onun şerlərinə
yazılmış mahnılar təkcə yuxarıda göstərilənlərlə məhdudlaşmır.
Başqa bəstəkarlarımız da Ənvər Əlibəyli poeziyasına sevə-sevə
müraciət etmiş və dəyərli əsərlər yaratmağa nail olmuşlar. Məqalədə
nəzərdən keçirilən mahnılarda şer ilə musiqinin ahəngdar vəhdət
şəklində mövcudluğunun şahidi olduq. Bu da təsadüfi deyil. Ə.Əlibəyli
bir nəğməkar şair kimi daim bəstəkarlarla mahnı üzərində birgə
işləmiş, melodiyanın inkişaf qanunlarına uyğun olaraq, şer misralarını
qurmuşdur. Lakin bu cəhət heç də onun poetik mətnlərinin bədii
səviyyəsinə mənfi təsir göstərməyib, əksinə, şairin tərənnüm etmək
istədiyi hisslərin daha dolğun təcəssümünə gətirib çıxarmışdır.
Beləliklə də istər ifaçıların təkrar-təkrar oxuduqları, istərsə
də bizim həvəslə dinlədiyimiz R.Hacıyevin "Sevgilim",
T.Quliyevin "Zibeydə", "Ağacda leylək", S.Rüstəmovun
"Gəlmədim", C.Cahangirovun "Sənin gözlərin"
və bir çox başqa mahnılar yaranmışdır. Məqaləni indi də nəğmələri
ilə aramızda yaşayan Ənvər Əlibəyliyə Əmir Hüseynin həsr etdiyi
şerdən bir parça ilə bitirmək yerinə düşər:
İnsan
ölümünə
İnanıram.
O ki, nəğmə idi!
Nəğmə ölümünə
Necə inanım,
Necə?
ƏDƏBİYYAT
1. Ə.Əlibəyli.
Sənin adına. Şerlər. 1950.
2. Ə.Əlibəyli.
İlk məhəbbət. 1956.
3. Ə.Əlibəyli.
Nəğmələr. 1968.
4. Ə.Əlibəyli.
Seçilmiş əsərləri. 1975.
5. B.Adil.
Şair-nəğməkar. "Ədəbiyyat və incəsənət" qəzeti, 16 aprel,
1966.
6. C.Məmmədov.
Qəhrəman şairimizlə fəxr etməyə haqqınız var. "Azərbaycan"
jurnalı, ยน 2, 1968.
7. C.Cahangirov.
Mahnı kimi. "Ədəbiyyat və incəsənət" qəzeti, 11 may,
1968.