Qızılvəngli
Aşıq Alı
(1801-1911)
Aşıq
Alı milli mədəniyyətimiz tarixində Aşıq Ələsgərin ustadı kimi
tanınsa da, onun lap özü də çox azman ruhlu, coşqun təbli sənət
fədaisi imiş. Ğstadı Aşıq Allahverdi də onu bütün şagirdlərindən
daha artıq, öz oğlu kimi sevirmiş və bir şerində onun haqqında
belə deyib 21:
Mahalımın
şah tavarı,
Alqış sənə, Aşıq Alı.
Saldın kəməndə Yığvalı,
Alqış sənə, Aşıq Alı.
Ustadıyın
üzü ağdı,
Zəkiyə çəkdiyin dağdı.
Oğul, müjdəm xub soraqdı, -
Alqış sənə, Aşıq Alı.
Duraxan
da gəldi dada,
Əsməri də saldın oda.
Ağ Aşığın bu dünyada
Şöhrətisən Aşıq Alı,
Alqış sənə, Aşıq Alı.
Burada
Alının Türkiyə (Şərqi Anadolu) səfəri nəzərdə tutulur ki, həmin
səfərdə o, Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları
ilə deyişərək, onları bağlayıb. Qayıdarkən səfər yoldaşı, ustad
Aşıq Duraxandan 22 ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar
adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır.
Əsmər xanım Alıya "güclü nəmər" (pul və hədiyyə) verərək
onunla evlənməyi təklif edir. Lakin Aşıq Alı ilqarından dönmür.
Aşıq
Alı da öz ustadı kimi, el-obaları gəzməyə çox həvəsliymiş, yaxşı
at sürürmüş. Tez-tez Qazax bölgəsinə səfər edər, Cildə və Ardanışda
gecələyərmiş. Aşıq Alının dövrü Qazax səfərləri bir sıra jurnalist
və ədəbiyyatçıları, o cümlədən uzun zaman Azərbaycan aşıqlar birliyinə
sədrlik etmiş şair Hüseyn Arifi (Hüseynzadə), onun əslən qazaxlı
olduğunu iddia etməyə 23 şirnikləndirmişdi. Lakin çoxillik və
çoxyönlü araşdırmalar Aşıq Alının köklü Göyçəli olduğunu dəfələrlə
aşkarlayıb.
Digər
tərəfdən, sovet imperiyasının dağılması ilə sonuclanan bədnam
"aşkarlıq və yenidənqurma" illərində, - həmin illər
Ğlu Göyçə üçün "yenidənqırma" illəri sayılır! - Aşıq
Allahverdi, Aşıq Alı və hətta, Aşıq Ələsgərin kürd əsilli olduqlarını
iddia etməklə Azərbaycan mədəniyyətinə, soykökümüzə qarşı hücumlar
başlandı. Əlbəttə, həmin hücumlar kortəbii deyil, yaxşı ölçülüb-biçilmiş,
çoxşəbəkəli, güclü maliyyə dayaqlı və başçılarının adı indiyədək
açıqlanmayan böyük qurmanın ilk işartıları idi ki, onu gələcəkdə
(Allah qoysa!) əks-kəşfiyyat və başqa qoruyucu qurumlar araşdırmalıdır
və araşdıracaq. Lakin bu hücumlarda Əli Əmirov və Şamil Əsgərovun
"böyük xidmətlərini" vurğulamaq olar və lazımdır. 1999-cu
ildə "Azərnəşr"in buraxdığı qondarma "Aşıq Alı.
Cinaslar" kitabı da həmin məkrli qurmalar zəncirinin bir
halqasıdır.
Aşıq
Alının qoşduğu sözlərin tam toplumu indiyədək yox dərəcəsindədir:
ancaq ayrı-ayrı şerləri işıq üzü görüb 24. Bununla yanaşı Aşıq
Alının soykökü ilə bağlı iki bilgini oxucuların nəzərinə çatdırmaq
istərdim. Onlardan birincisi araşdırıcı Elxan Məmmədli (Gözəldağlı)
tərəfindən bizə verilən və ustadın qeyrətli soydaşları, hazırda
Gədəbəyin Saratovka kəndində yaşayan Qaytaran İsmayıl oğlu və
Orucov Mikayıl Əli oğlunun biçimləyib çəkdiyi soykök cizgisidir
(şəklə bax və "Biblioqrafiya və açıqlama"da oxu: 25).
Digər, ikinci bilgimiz isə hazırda dünyasını dəyişmiş gözəl insan,
alovlu elsevər, oxşarsız və coşqun ilhamlı Şair İsmixanın (1930-1996)
1988-ci ildə mənə verdiyi (və lentə alınan!) Aşıq Alının bir şeridir,
həmin şerdə o öz soyunu da, məzhəbini də öz dililə açıqlayıb:
"Xəlləqul-aləmin
budur qərarı,
Qış olmasa, bahar dolana bilməz.
Ər kişi vətəndən düşsə aralı,
Ah çəkib saralar, dolana bilməz.
Dost bağında qönçə kimi bitməyən,
Gül üstündə bülbül kimi ötməyən,
Vədə verib, ilqarına yetməyən,
Vədəsiz qocalar, dolana bilməz.
Alının başını alıb dumanlar,
Alçalın, siz Allah, əyilin, dağlar!
Müddətdir, yolumu gözləyənim var,
Heç iyit biilqar dolana bilməz.
Mərdlərin biriynən tutmuşam bəhsi,
Xudam, iltimasa çəkmə heç kəsi!
Alı-türki-zəban, Əli şiəsi,
Dərgahından kənar dolana bilməz!
Aşıq
Alı ustadına 11 il"qulluq" edərək, "ustad silləsi"
yeyib və daha sonra özü ustadlığa başlayıb. Çox güman ki, onun
ilk şagirdi elə Aşıq Ələsgərin özü imiş. Digər şagirdləri haqqında
bilgilər tam deyil, qarışıqdır. Aşıq Ələsgərlə aralarındakı inciklikdən
sonra Aşıq Alı Kəlbəcərə köçdükdə, deyilənlərə görə və çox güman
ki, orada da "şagird yetişdirirmiş". Bununla yanaşı
araşdırmalarımız üçün çox dəyərli və gərəkli adları sadalaya bilərik:
1. Çaxırlı
Aşıq Alışan çox gözəl çalıb-çağırmağı ilə tanınıbmış. XX yüzilliyin
ilk illərində Tovuz, Qazax və Borçalı ellərində Göyçəli saz-söz
sənətkarlarından ən geniş çıxışları ilə ad qazanmış məhz Aşıq
Alışan olub, çünki digər "göyçəlilər", adətən, yazı
və yayı təsərrüfatda çalışar, ancaq payız-qış səfərə çıxıb məclis
keçirərmişlər. Aşıq Alışan 1928-ci ildə 65-ə yaxın (+5 il) yaşda
dünyasını dəyişib. Onun 1905-ci ildə anadan olmuş oğlu Aşıq İbrahim
də dolu sənətkarıymış və o da 1970-ci illərin sonunda dünyadan
köçüb. Gədəbəy bölgəsində uzun illər ustadlıq etmiş Yarpızlı Aşıq
Oruc (Aşıq Vəli oğlu, Əhmədov) da məhz Aşıq İbrahim Alışanoğlunun
yetirməsi olub (onun haqqında daha sonra danışacağıq!)
2. Alıçalı
(yaxud Alıncalı) Aşıq Məhərrəm daha sonralar çox tanınmış Bala
Məzrəli Aşıq Qaranın (Mövlayev) ilk ustadı olub və 1917-1918-ci
illərdə dünyasını dəyişib. Onun dünyaya gəlişi illərini dəqiqləşdirə
bilməsəm də, 1845-ə yaxın güman olunur. Aşıq Məhərrəm həm çox
dolu sənətkar, ustad aşıqlığı ilə yanaşı, söz qoşurmuş. Çox sayımlı
şəxsiyyət imiş; Aşıq Ələsgərlə aralarında dostluq və qarşılıqlı
hörmət varıymış. Məsələn, 1911-ci ildə Bozalqanlı Aşıq Hüseyn
başda olmaqla tovuzluların (yaxud şəmşədillilərin) Göyçəyə qonaq
sifətində səfəri zamanı Aşıq Ələsgər və Aşıq Musa ilə yanaşı məclisə
Aşıq Məhərrəm də ağsaqqallıq edirmiş. Bizə gəlib çatan divanısının
orta bəndində o belə deyib 26:
"Düşdü
eşqin ataşına, yandı səməndər kimi,
Söz sinədə cuşa gəldi, cəm oldu dəftər kimi.
Heç dünyada ustad yoxdu Aşıq Ələsgər kimi,
Yüz yerdən qətrə oynadı, belə ümman gəlmədi"
Yeri
gəlmişkən, vurğulamaq istərdim ki, 1999-cu ildə Azərnəşr tərəfindən
buraxılan "Sazlı-sözlü Göyçə" kitab-toplumda Alçalı
Aşıq Məhərrəmin orada göstərilən yaşadığı illəri ciddi qəbul etmək
olmaz. Toplayıcı və tərtibçi İslam Ələsgəroğluna bəslədiyim hörmət
və ehtirama baxmayaraq, deməliyəm ki, aşığın dünyaya gəlişi ili
ilə, çox çətinliklə olsa da, bəlkə də razılaşardım. Lakin 1961-ci
ildə aşıqlar qurultayı ilə bağlı buraxılan və Aşıq Qara Mövlayevə
aid bilgi vərəqindən açıq-aydın öyrəndik ki, Aşıq Məhərrəm məhz
göstərdiyim zaman dünyasını dəyişib.
3. Ğzun
zaman Qızılvəngli Aşıq Qulunun dünyadan köçdüyü 1935-ci il güman
olunurdu. Lakin Ağbulaqlı Aşıq Məhərrəm və bir sıra başqaları
bu tarixi 1944-cü ilə aparıb çıxarırlar. Hər halda 1933-cü ildə
İrəvanda keçirilən aşıqlar qurultayında o, Çoban Məhəmməd (Aşıq
Ələsgərin ən kiçik qardaşı, 1857-1937), Aşıq Talıb Ələsgəroğlu,
Zərzibilli Aşıq Nəcəf, Aşıq Mehralı, Ağkilsəli Aşıq Musa, Zodlu
Aşıq Ağayar, Cilli Aşıq Yunus, Ardanışlı Aşıq Niftalı, Cilli Aşıq
Museyiblə bir sırada imiş.
Öz ustadının
yaxın qohumu olan Qızılvəngli Aşıq Qulu çox yetkin sənətkar və
savadlı bir şəxsiyyət idi. Göyçənin Ardanış, Cil, Babacan və Ağbulaq
kəndlərində saz-söz sənətkarları hazırlığında o, əvəzsiz xidmətlər
göstərmişdir ki, hekayətimizin sonrakı bölmələrində bu haqda,
qısaca da olsa, danışacağıq. Ğstadı Aşıq Alının qocalığına düşən
Qanlılı Aşıq Mehdi də məhz Aşıq Qulunun sayəsində böyük ustad
səviyyəsinə qalxa bilmişdir. Qızılvəngli Qulunun dünyaya gəlişi
1855 -1860 illər arası güman olunur.
4. Qanlılı
Aşıq Mehdi 1880-ci ilə yaxın və yaxud ondan bir neçə il öncə dünyaya
göz açıb və 1968-ci ildə dünyasını dəyişib. Lap gənc ikən Kəlbəcərdə
Aşıq Alıya, daha sonra isə Aşıq Quluya qulluq edən Qanlılı Mehdinin
nəinki Göyçə, eləcə də Borçalı bölgəsinin saz-söz sənətində əvəzsiz
yeri var. Onun şagirdləri arasında Daşkəndli Aşıq Hacı və Aşıq
Əhməd Sadaxlının adları ayrıca vurğulanmalıdır. 1950-ci illərin
II yarısından Borçalıda yaşamış və çıxış edərək, 1961-ci ildə
vətəninə qayıtmışdır. Şer külliyyatı indiyədək tam şəkildə toplanmayıb
və görünür, böyük kəsimi itmişdir 27.
5. Yarpızlı
Aşıq Vəli (Əhməd oğlu) 1854-cü ildə anadan olmuş və öz parlaq
ifaçılığı ilə nəinki Göyçə, hətta Azərbaycanın uzaq bölgələrində
də tanınmışdı. Səsi o dərəcədə zil və güclü imiş ki, yandırılan
"otuzluq" lampaları, çıraqları belə keçirə bilirmiş.
Yazıçı İlyas Əfəndiyevin "Geriyə baxma, qoca!" romanında
göstərildiyi kimi, Yarpızlı Aşıq Vəli Qarabağın ən yüksək səviyyəli,
ən sayımlı məclislərinə şəxsən çağırılar və onları uğurla yola
verərmiş.
Aşıq
Vəli 1929-cu ildə öz doğma kəndi Yarpızlıda dünyasını dəyişib.
Söz qoşsa da, şerləri bizlərə gəlib çatmayıb. Onun oğlu Aşıq Oruc
(1920-1976) da öz dövrünün sayımlı saz-söz sənətkarlarından biriymiş.
Göyçəli
(Ağkilsəli) Aşıq Ələsgər
və onun yetirmələri
"Göyçəli
(Ağkilsəli) Aşıq Ələsgər" adlanan olay Azərbaycan mədəniyyəti
tarixində tayı-bərabəri olmayanlardan biri, bəlkə də ən dəyərlisidir.
Və bəlkə də bu olayı ancaq "Üzeyir Hacıbəyov" olayı
ilə tutuşdurmaq olar və ancaq bu dəmdə yerinə düşərdi. Mənim olay
sözünü, - anlamını işlətməkdə məqsədim onunla bağlıdır ki, Aşıq
Ələsgər təkcə Böyük Şəxsiyyət yaxud Böyük Ğstad kimi dəyərləndirilə
bilməz, bu yanlış olardı. Aşıq Ələsgər olayını dünyanın ən böyük
və sayımlı, yüzillik ənənələri olan və özündə özümlü, çoxşaxəli
sənət növləri və yönlərini - tədris fakultələri və elmi araşdırma
mərkəzlərini, Konservatoriya və musiqi kollecini, teatr tədrisi
və teatrın özünü birləşdirən, öz özəl rabitə sistemi-qurumları
olan Ğniversitetlə tutuşdurmaq və ancaq bu sonucda dəyərləndirmək
olar. Başqa yolu yoxdur!
Aşıq
Ələsgər sənəti BÜTÖV MƏNƏVİYYATDIR və bu bütövlük, bu mənəviyyat
minilliklərin süzgəcindən keçən və bu uzun yol boyu bircə ləkə
belə götürməmiş Azərbaycan mənəviyyatının göz bəbəyi kimi qorunan
güzgüsü və əksidir. Və qan yaddaşıdır. Lap minilliklər öncə də,
bizim günlərdə də Azərbaycanlının ən önəmli cizgiləri, ən yüksək,
ən qanadlı arzu və istəkləri Böyük Ğstadın bizlərə yadigar qoyub
getdiyi saxlanc və yatırlarda öz əksini tapıb.
Sual
oluna bilər; "saxlanclar, yatırlar" dedikdə nələri nəzərdə
tutmalı, bunları necə yozmalıyıq?
Bəri
başdan vurğulamalıyıq ki, Aşıq Ələsgərin şəxsiyyəti və şer-dastan
yaradıcılığı, az-çox, araşdırılıb. Kifayət qədər yüksək, yəni
semiotik səviyyədə olmasa da. Başqa ustadların yaradıcılığı ilə
bağlı tutuşdurduqda da. 1999-cu ildə Azərbaycan Dövlət nəşriyyatı
tərəfindən buraxılan İslam Ələsgərin "Haqq Aşığı Ələsgər"
kitabının "Ədəbiyyat" bölməsində, - 248-262-ci səhifələrdə
verilən biblioqrafik bilginin tutumu, sanbalı sevindirməyə bilməz.
Lakin Böyük Ğstadın ancaq son dövrdə bizə açıqlanan tam külliyyatı
və onun misilsiz dəyəri baxımından həmin biblioqrafik bilginin
cılızlığı göz qabağındadır. Aşıq Ələsgəri dəyərləndirən təkcə
onunla bağlı araşdırmalar deyil, həm də aşıq şeri ənənələrini
yaşadanların yaradıcılığıdır. Və mən, yuxarıda verilən Alçalı
Aşıq Məhərrəmin divanısının II bəndindən, daha doğrusu, "Heç
dünyada ustad olmaz Aşıq Ələsgər kimi" (doğrudan da, belədir!
- müəllif) misrasından sonra, Şair Hacı Zəki İslamın "Ələsgər"
şerini bütövlükdə oxucunun nəzərinə çatdırıram 28:
Azəri
yurdunda, Göyçə elində
Göz açdı dünyaya gəldi Ələsgər.
Göyçə gözəlləşdi, Göycə tanındı,
Obadı, Mahaldı, Eldi Ələsgər.
Alimdi, ustaddı, böyük müəllimdi,
Mükəmməl dilçidi, ana dilimdi.
Düşünən beynimdi, yazan əlimdi.
Sənətdə zirvədi, zildi Ələsgər.
Dedi: "dərs almışam Şahlar Şahından,
Peyğəmbər kamallı Qibləgahımdan".
Dahi Fizulinin xoş sabahından
Hər yerdə gövhərdi, ləldi Ələsgər.
Təcnis, dodaqdəyməz, müxəmməs şirin,
Qıfılbənd tarixçi, kamalı dərin.
Gözəllər gözündə, pünhan sirrlərin
Dərdini aşkara bildi Ələsgər.
Savadsız
deməkdə günahdı, vallah,
Ona qüdrətindən dərs verib Allah!
Zəki İslam qəbul eylər, inşallah,
Zərgərə zər verən əldi Ələsgər!
Mən bu
gözəl şerə bircə onu artırardım ki, "zərgərə zər verən"
"Ələsgər əli" dedikdə, Ələsgər məktəbi, - daha doğrusu
alilərdən də Ali Ələsgər universiteti nəzərdə tutulmalıdır. Məhz
həmin Ali Ələsgər məktəbinin sayəsində xalqımız üçün ləl-cavahiratdan
daha önəmli dastan, hekayət, şer və qaravəlli yatırları, büllur
kimi saf havacat saxlancı, toy ənənələri və sair və i. a., astanasında
durduğumuz III minilliyədək öz yaşamını, - yaxşı, yaxud pis də
olsa, - yaşayıb və yəqin ki, yaşayacaqdır. Bütün bunlar Ələsgər
öncəgörməsinin sonucudur.
Bu gün
bizlər dahi Üzeyirin xalqımız üçün gördüyü böyük işləri, onun
sayəsində istedadlı, gələcəkli gəncdən böyük ustad səviyyəsinədək
yüksələn Qara Qarayev, Fikrət Əmirov və daha yüzlərlə bəstəkar,
ifaçı, nəzəriyyəçi, dirijor və musiqi müəllimlərini sadaladıqca
heyrətlənirik.
Lakin
unutmamalıyıq ki, milli özünüanlama və milli fədakarlıq tariximizdə,
millətin gələcəyini düşünmə tarixində ilk özəl və bəlkə də ən
çətin addımı məhz Aşıq Ələsgər atmışdır. Birincilik isə nə qədər
şərəfli olsa da, ən çətinidir.
Aşıq
Ələsgərin saz-söz və yaşam məktəbi haqqında yazmağın özü mənim
anlamımda ucsuz-bucaqsız məsuliyyət yüküdür. Araşdırıcının qarşısında
duran çətinliklərdən ən birincisi, arxiv materiallarının azlığı-yoxluğu
ilə yanaşı, indiyədək, özü də filoloq və ədəbiyyatçı-jurnalistlər
tərəfindən yazılıb bol-bol çap olunanların, - kitab və məqalələrdəki
bilgilərin qarışıqlığı və qeyri-dəqiqliyidir. Deyilənlərə tutalğac
kimi yuxarıda vurğulanan Ağ Aşığın soykökü məsələsini göstərə
bilərəm. İkinci ən böyük çətinlik işin mənəvi məsuliyyət tərəfidir.
Bir sənətşünas kimi tam yəqinliklə deyə bilərəm ki, Aşıq Ələsgər
məktəbi mahiyyətinin tam, bütövlükdə açımı təkcə milli filologiya
və musiqişünaslıq deyil, fəlsəfə, psixologiya və pedaqogika çevrələrində,
- ümumiyyətlə, milli mədəniyyətşünaslıqda nəzərə çarpan irəliləyişlərə
gətirib çıxara bilər. Lakin bunun böyük zaman kəsiminə və ən özüllü,
məqsədyönlü, - jurnalist deyil, əsl araşdırıcı araşdırmalarına
böyük ehtiyacı var.
Əgər
Aşıq Ələsgərin şagirdləri haqqında indiyədək yazılanları və sayımlı
şəxslərin dediklərini əsas götürsək, bir ustad ömrü, - hətta 105
yaşlı sənət azmanı üçün də tamamilə fantastik rəqəm alınar, bəlkə
də 100-ü keçər... Əlbəttə, özünü yaxud öz ustadlarını, hətta ulularını
Böyük Ğstada bağlamaq istəyi ancaq Müqəddəs Sənət və Mənəviyyat
Ocağına - Pirə tapınmaq istəyi kimi yozula bilər. Lakin Bu Ocağın
istisinə qızınmaq istəyənlərin saysızlığında biz yalnız sənət
pərvanələrindən söhbət açacağıq.
Deyirlər
ki, ustad oğlunun şagirdliyə ehtiyacı yoxdur. Doğrudan da, Aşıq
Ələsgər ocağının Azərbaycan mədəniyyəti tarixi və yaşamı üçün
indiyədək misli görünməmiş sayda şəxsiyyətlər yetişdirdiyi danılmazdır.
Və əgər həmin yetirmələrlə Böyük Ğstada şəxsən "qulluq etmiş"
ustadları bir yerə toplasaq, ancaq milli bəstəkarlıq məktəbinin
Qara Qarayev qolu ilə qarşılaşdırıla biləcək cizgi-mənzərə alınar
(söykök cizgisi 3-ə bax).
İndi
isə cizgidə göstərilən sənətkarlar haqqında əldə olunan bilgilərə
keçək, - o bilgilərə ki, onların aşkarlanmasında hazırda dünyalarını
dəyişmiş Zərzibilli Aşıq Əli və Şair İsmixanın (hər ikisi Növrəs
İmanın bacısı oğlanlarıdır və Allah onlara min rəhmət eləsin!)
və, ən nəhayət, Aşıq Talıb Ələsgəroğlunun böyük oğlu İslam Ələsgərin,
eləcə də adı çəkilən Aşıq Əlinin qardaşı Səfiyarın və dostu Zərzibilli
Həbib Səmədin (Allah hər birinə 100 il yaşam versin!) əvəzsiz
köməkləri olub.
1. Hüseynquluağalı
Aşıq İsa Aşıq Ələsgərin doğma bacısı oğluymuş. Ğstada ölənədək
qulluq edib, lakin az yaşayıb. 1917-ci ildə 35-ə yaxın yaşında
dünyasını dəyişib. Deyilənlərə görə, çox güclü sənətkarıymış.
2. Qızılvəngli
yaxud Alçalı Aşıq Yusif Böyük Ustadın ilk şagirdlərindən biri
olub. 1915-ci ildə 60-a yaxın, yaxud bir neçə il artıq yaşında
dünyasını dəyişib. Aşıq Ələsgərin hekayətlərində onun adına rast
gəlirik. Məsələn, Şəmkirli Aşıq Hüseynlə bağlı hekayətdə kəndin
koxası təyin olunmuş Aşıq Ələsgər Yusufu çağırıb deyir ki, "ay
oğul, gəl bu Söyün əmini bir az elatda gəzdir! "Deyilənə
görə, Böyük Ğstadın yaşı o zaman 70-i haqlamışdı. "Həcər
xanımla deyişmə"də Aşıq Yusufun adına rast gəlirik 29.
3. Torpaqqalalı
(Dərəçiçəkli) Aşıq Alı vaxtı ilə çox tanınmış, adlı-sanlı Aşıq
Sadığın (Sultanov, 1893-1965) doğmaca dayısı və ustadı olub. Aşıq
Alının Faxralı Şair Nəbi, Aşıq Ağacan, Aşıq Məşədi Hüseyn, gənc
Aşıq Sadıq və qardaşı Aşıq Məhəmməd, cavan Quşçulu Aşıq İrvahamla
(Hüseyn Saraclının gələcək ustadı) və bir sıra Borçalı saz-söz
sənətkarları 30 ilə 1926-cı ildə çəkilən fotoşəkli var. Həmin
fotoşəkildə Aşıq Alıya 70-ə yaxın yaş vermək olar. Xatırlamalıyıq
ki, Dərəçiçəyin bir çox kəndləri kimi Torpaqqala da 1905-ci ildə
ermənilər tərəfindən dağıdılıb, camaatının çoxu isə Borçalıya
köçməli olub.
4. Böyük
Məzrəli Aşıq Qiyas çox gözəl və şıdırğı saz çalmağı ilə bütün
Göyçə aşıqlarından seçilərmiş. İnəkdağlı Aşıq Nurəddinin (1918-1996)
söylədiklərinə görə, onu 10 yaşında kənddə toy məclisində görüb
və yaşı 50-yə yaxın olarmış. İslam Ələsgərin dediyinə görə isə,
1930-cu illərin axırı Aşıq Qiyası onlara qonaq gələn görüb və
bu zaman yaşı 60-ı keçibmiş. Və, ən nəhayət, Zərzibilli Aşıq Əlinin
söyləməsinə görə, onu 1948-ci ildə Bala Məzrəli Aşıq Hüseynlə
toy məclisi keçirən görüb və onun fikirincə, Aşıq Qiyas 1955 yaxud
56-da öz doğma kəndlərində dünyadan köçüb.
5. Kəsəmənli
Aşıq Nağı, Zərzibilli Aşıq Əlidən alınan bilgiyə görə, 1963-cü
ildə Gəncədə dünyasını dəyişib. İnəkdağlı Aşıq Nurəddin söyləyərdi
ki, çox yetkin, bütöv ustad idi, Gəncənin Bağbanlar qəsəbəsində
el ağsaqqalı kimi tanınardı, çox qocalmışdı və yaşı 90-ı keçmişdi.
Kəsəmənli
Hacı ilə bağlı maraqlı bir söhbət var. Deyilənə görə, Böyük Ğstadla
Kəlbəcərdən qayıdarkən bir qaya parçası uçub yolu kəsibmiş. Aşıq
Ələsgər bulaq başında dəstəmaz alıb namaz qılır, sonra isə "Ya
Əli!" sözləri ilə Koroğlu tək nərə çəkərək qayanı yerindən
oynadıb uçuruma salır. Daha sonra Nağıya Qurana and içdirir ki,
ustadı dünyadan köçənədək gördüklərini heç kəsə deməyəcək. Nağı
da şərt qoyur ki, "ustad silləsi" yesə, dilindən söz
çıxmaz". Aşıq Ələsgər kəndə qayıdanda hamının gözü qarşısında
şagirdinə "yağlı" bir sillə çəkir. Amma buna baxmayaraq,
Kəsəmənli Aşıq Nağının "əli ustadın ətəyində imiş" və
heç zaman onun sözünü iki eləməzmiş.
Sarıyaqublu
Aşıq Məmmədəli - (6) və Sarıyaqublu Aşıq Paşa - (7) haqqında bilgilər,
demək olar ki, azdan da azdır. Adları ara-sıra çəkilsə də, Ələsgər
ocağından bircə onu öyrəndim ki, Böyük Ğstadın ilk şagirdləri
imişlər. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayı ilə
bağlı hər bir ustad haqqında buraxılan ayrıca bilgilərdən birindən,
- Bala Məzrəli Aşıq Qara (Mövlayev) haqqında bilgidən aydın olur
ki, həmin aşıq 1918-1925-ci illərdə Sarıyaqublu Aşıq Məmmədəliyə
şagirdlik edib. Zərzibilli Aşıq Əli isə Aşıq Məhəmmədəlinin öncədən
hansısa ustada qulluq edib, ancaq sonra Aşıq Ələsgərin yanında
yetkinləşdiyini vurğulayırdı. Hər halda, dünyasını dəyişməsi,
çox guman, 1925-ə düşür.
O ki,
qaldı Aşıq Paşaya, İnəkdağlı Aşıq Nurəddin onu 1930-cu illərdə
görüb və çox bəyənibmiş. Deyirdi ki, II dünya savaşına getdi və
qayıtmadı.
(ardı
var)
BİBLİOQRAFİYA
VƏ AÇIQLAMA
21. "Ustad
aşıqlar", s. 58
22. Vaxtı
ilə Qərbi Azərbaycanda geniş yayılmış "Duraxanı" saz
havasını onun adı ilə bağlayırlar.
23. a)
H. Arif. "Aşıq Alını axtarıram". "Elm və həyat"
jurnalı. Bakı, 1968, ¹2, s 12.
b) H.
Arif. "Aşıq Alı". "Azərbaycan" jurnalı. Bakı,
1969, ¹9, s. 199-203.
24. a)
"Aşıq Alı". Şerlər. Bakı, Yazıçı, 1982.
b) "Sazlı-sözlü
Göyçə". "Bakı, Azərnəşr, 1999, s. 16-27.
25. a)
Aşıq Alının soydaşları, Məşədi Salehin tayfasından olan Qaytaran
İsmayıl oğlu və Mikayıl Əli oğlun (Orucov)-dan alınan bilgiyə
görə, bu soykök cizgisi Kosa Məmmədin nəticəsi Nəcəf Kərbəlayi
Əsgər oğlunun arxivi əsasında quraşdırılıb. Nəcəf Kərbəlayi Əsgər
oğlu olduqca savadlı olub, riyaziyyat və astronomiyanı çox gözəl
bilirmiş. Aşıq Alının külliyyatının ilk toplayıcısı o olub. Onun
davamçısı, qardaşı oğlu Qaytaran saz-söz sənətinin gözəl bilicisidir.
Bu fikri ilk dəfə mənə söyləyən Növrəs İman bacısı oğlu, "İman
Əlisi" adı ilə tanınmış əvəzsiz ustad Aşıq Əli (İmanquliyev,
1926-1990) olmuşdur (Allah ona min rəhmət eləsin!)
b) Aşıq
Alının atası-Mirzə, anası - Zeynəb, həyat yoldaşı - Bəsti imiş.
Qayınatası Niftalı və qayınanası - Gözəl Qızılvəngdən 5 km aralı
Çamırlı kəndindən imişlər.
26. "Sazlı-sözlü
Göyçə". Bakı, Azərnəşr, 1999, s. 56. Şəxsən mənə bu divanı
və başqa bilgiləri 1987-ci ildə Göyçənin Cil kəndində Abbas Vəfadağlı
(Əli oğlu Mazanov) verib.
27. "Sazlı-sözlü
Göyçə", s. 143-146.
28. Şer
1999-cu ildə Aşıq Ələsgərin 175
illiyinə yazılıb və ilk dəfə çap
olunur.
29. "Aşıq
Ələsgər". 2-ci kitab. Bakı, "Elm", 1972, s. 152-190,
259-273.
30. Tinatin
İsabalı qızı. "Borçalı aşıq
mühiti" Bakı, Elm, 1999, s. 159-167.