Bu il görkəmli və sevimli bəstəkarımız,
musiqi-ictimai xadim, tanınmış pedaqoq, Azərbaycan Respublikasının
xalq artisti Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun
xüsusi yeri var. Onun yaradıcılığı çox geniş, rəngarəng və məhsuldardır.
Musiqi janrları arasında baletdən başqa elə bir janr yoxdur ki,
o, ona müraciət etməsin, bu sahədə yüksək səviyyəli bitkin və kamil,
ictimaiyyətin, geniş dinləyici kütləsinin rəğbətini qazanan əsər
yaratmasın. Elə bunun üçün də onun çoxşaxəli yaradıcılıq portfelinə
mahnıdan tutmuş ən mürəkkəb janr olan operaya qədər bütün musiqi
sahələri əhatə olunmuşdur... O, həcmindən asılı olmayaraq hər bir
əsəri ilə o janrın hüdudlarını genişləndirməyə nail olur.
V.Adıgözəlov musiqiyə iki sənətlə
gəlmişdir: pianoçu və bəstəkar. Belə ki, 1953-cü ildə o, Azərbaycan
Dövlət Konservatoriyasının nəzdindəki Bülbül adına orta ixtisas
musiqi məktəbinin fortepiano və uşaq yaradıcılığı siniflərini bitirmişdir.
Yeri gəlmiş-kən onu da deyək ki, Vasif hələ 9-cu sinifdə oxu-yarkən,
1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının təşkil etdiyi gənc
bəstəkar-tələbələrin baxı-şında Konservatoriya tələbələri ilə yanaşı
onun da bir sıra əsərləri, o cümlədən fortepiano sonatasının 2-ci
hissəsi, skripka ilə iki fortepiano, arfa üçün pyesi, "Yan ton-qalım"
uşaq mahnısı ifa olunur. Fortepia-noda müəllif özü çalır. Gənc müəllifin
əsərləri rəğbətlə qarşılanır. Və onun həm bəstəkarlıq, həm də pianoçu
sənətində istedadı, potensial imkanları müəllim və tələbələr tərəfindən
təqdir edilir.
V.Adıgözəlovun musiqisi həmişə olduğu
kimi hazırki dövrdə də çox populyardır. Onun simfonik, vokal-simfonik
əsərləri ayrı-ayrı alətlərlə simfonik orkestr üçün "Konsertlər"i
müxtəlif kollektivlərin və məşhur ifaçıların təfsirində səsləndirilir,
orqan üçün rəngarəng əsərləri, fortepiano üçün uşaq pyesləri və
prelüdləri həm konsert, həm də tədris proqramlarına daxil edilir,
mahnı və romansları isə müxtəlif nəsildən olan müğənnilərin repertuarını
bəzəyirlər. Bu onu göstərir ki, V.Adıgözəlovun əsərləri yazılma
tarixindən asılı olmayaraq həmişə müasir və aktualdır. Bəstəkarın
yaradıcılığındakı bu ümdə cəhət onu xalqımızın sevimlisi etmişdir.
Bu xoş gündə V.Adıgözəlova nə arzu
edərdik? Dünyada ən gözəl nemət olan möhkəm cansağlığı, ailə sevincləri,
həyatda, yaradıcılıqda, pedaqoji və ictimai fəaliyyətdə uğurlar
arzulayırıq.