|
Böyük
bəstəkar, yazıçı, jurnalist, ictimai xadim Üzeyir bəy Hacıbəylinin
1948-ci il noyabr ayının 23-də əbədi olaraq gözlərini həyata yumması
bütün varlığı ilə sevdiyi və həyatı bo-yu xidmət etdiyi doğma xalqının
böyük kədərinə səbəb olmuşdur. Dahi sənətkarın ölümünə kədərlənən
və elə matəm günü əlinə qələm alıb, isti-isti hüznlü fikirlərini
yazıya alanlardan biri də, o zaman ömrün ixtiyar yaşını yaşayan,
"Riyazül-aşiqin" təzkirəsinin müəllifi kimi tanıdığımız və Müştəri
təxəl-lüsü ilə şerlər yazmış Məhəmmədağa Müctəhidzadə (1867-1958)
olmuşdur.
M.
Müctəhidzadənin Ü. Hacıbəylinin vəfatı münasibətilə yazdığı "İzhari-təəssüf"
əsəri yazıldığı vaxtdan 50 ildən yuxarı vaxt keçsə də bu günədək
nəşr olunmamışdır. Əsər haqqında yalnız f. e. n. Paşa Kərimov vaxtilə
"Sovet kəndi" qəzetinin 3 oktyabr 1985-ci il tarixli sayında "Dahinin
ölümünə şer adlı məqaləsində (əsərdən bir parça əlavə olunmaqla)
məlumat vermişdir.
"İzhari-təəssüf"ü
Azərbaycan ədəbiyyatında mərsiyə janrında yazılmış ən parlaq əsərlərdən
biri hesab etmək olar. Mərsiyədə Üzeyir bəyin bütün fəaliyyətini
kədərli notlarla xatırlamaqla bərabər, həyatdan tez getməsinə də
şair çox təəssüflənir. "Leyli və Məcnun", "Koroğlu", "Arşın mal
alan" kimi operaların artıq çoxdan dünyada şöhrət tapdığını və özünün
isə qədim Şərq, Qərb dünyasının dahiləri ilə bir sırada dayanmağa
layiq olduğunu göstərsə də, onun böyüklüyünü vəsf etməkdə aciz qaldığını
qeyd edir və son beytlərdən birində yazır:
Rusiyalılar
fəxri Puşkin kimi kimsə,
Lazımdı onu öysün, əhsən desin ilqa.
"İzhari-təəssüf"
mərsiyəsinin Azərbaycan EA Füzuli adına Əlyazmalar İnstitutunda
müəllifi tərəfindən köçürülmüş iki nüsxəsi saxlanılır. Hər iki nüsxənin
sonunda əsərin yazılma tarixi 1948-ci il noyabr ayının 23-ü qeyd
edilmişdir. Nüsxələrin biri o birindən bəzi yerlərində düzəliş edilməsinə
görə fərq-lənir. Görünür, müəllif ikinci nüsxəni köçürərkən beytlərin
bəzi-lərində dəqiqləşdirmələr aparmışdır. Mərsiyə 132 beytdən ibarət
olub nəstəliq şikəstə xəttilə köçürülmüşdür.
Əlyazmanın
sonunda dörd misralıq şerdə maddeyi-tarix də verilmişdir.
Mənə,
ey deyən, nə vaxta tamam oldu mahtabın,
Nə zaman zəvala gəldi bu həqiqi aftabın,
Ğəmu həmu dərdü möhnət ilə naləvü ələmdən,
Bu sualı qıl kim, onlar deyər bu sorğunun cavabın.
"Ğəmu
həmu dərdü möhnət ilə naləvü ələmdən" misrasındakı sözlərin hərflərini
əbcəd hesabına çevirdikdə (ğəm - 1000+40; həm - 5 +40; dərd - 4
+ 200+4; möhnət - 40+8+ 50 +400; nalə - 50 +1+30+ 5; ələm - 1+30+40/
Üzeyir bəy Hacıbəylinin vəfat tarixi - 1948-ci il alınır.
Elə
güman edirik ki, əski ərəb əlifbası ilə yazılmış bu əsərin müasir
yazı ilə transliterasiya edilmiş variantı böyük bəstəkarımız Ü.
Hacıbəyli və şair, təzkirəçi M. Müctəhidzadə yaradıcılığı ilə maraqlananlar
üçün lazımi bir mənbə olacaq.
Arif
RAMAZANOV
Əli MƏMMƏDBAĞIROĞLU
*
* *
Bilməzəm,
cana, neçün əhlin fəramuş eylədin,
Zülfi-dərhəm kimi bir cəmi siyəhpuş eylədin.
Sağəri-eyşimə tez tökdün şərabi-möhnəti,
Şişeyi-qəlbim bəlalar daşına tuş eylədin.
Gecələr sənsiz budur dərdim çıraği-çeşmim,
Niyə çün şəmi-əza nagah fəramuş eylədin?
Bəzmi-işrətdən nədən birdən-birə çəkdin ayaq,
Ölümün acı şərabın vaxtsız nuş eylədin.
Atəşi-şəmi-rüxün şövqü yaxan sərgəştəni,
Nimcan pərvanə tək ha böylə bihuş eylədin.
Nərgizin bir ləhzə at əhbabə sarı, qıl nəzər,
Gör nə gunə onları bibadə mədhuş eylədin.
Şişənin ey ən ziyalı şəxsi, aç bir dəm gözün,
Gör necə zülmətsarayi-qəlbi məğşuş eylədin.
Rahat uy, ey sərv boylum bəstəri-xak içrə çün,
Möhnəti-hicrinlə çox köksü həmağuş eylədin.
Müştəri, bəhri-dü çeşmin qeyb edən nə dürrdür,
Firqətində bigəran dərya kimi cuş eylədin.
Övladi-vətən ondan həmişə bəhər görsün,
Desinlər sənə rəhmət, eysərvi-səhi-bala.
Qəbrin evinə doğru getdikdə gülər getsin,
Xəlq ona nəva etsin çün mürği-dili-şeyda.
Gül kimi səmənbular qəbr üzrə sərilsinlər,
Hüznlə desinlər: Yat, ey sərvi-zəmin pira!
Bu səhneyi-dünyada qərəz gözəl ad aldın,
Vəzifələrin bir-bir yaxşı eylədin ifa.
Gəl Müştəriya, son qoy əşari-qəməfzayə,
Tulani gər olsa söz qəmavər olar zira.
Leykən bunca beyti yazsın məzar üzrə,
Şayəd oxuya onu bir yari-mələksima.
Ey şişəlilər qəlbin abad qılan ustad,
Dil kişvəri az qalmış olsun çü Pənahabad.
Dur mərhəmətin ilə bu kişvəri abad et,
Çün onda ziyalılar mehri eyləyib məva.
Bax şaxə qəm üzrə dil mürği nələr söylər.
Bilməm niyə soldun gül kimi, nigariya?
Kim sali-vəfatını sorsa o güləndamın,
Söylə Qarabağ gülü əlfazını, qıl ehsa.
Fələk başın üstdə, çün qəbri-köhən ağzını
Açıb bu sözü söylər: "Tuba ləkə ya tuba".
Nə qəm, bu az ömründə dünyada çox iş gördün,
Var-yoxunu sərf etdin əhli-vətənə yekca.
Övladi-vətən bişəkk xidmətlərin unutmaz,
Haqqında nə lazımdır eylərlər onu icra.
Dünyayə qərəz hər kim gəlsə o gərək getsin,
Bir sərvi bu ona heç kimsə deyil dara.
Bərdar idi, bu dünya qapısına yazılmışdı:
"Mən caə behəzəl beyt yəru vəlayəğa".
Dünya elə məktəbdir sərlövhələri üzrə,
Bu sözlər olubdur "səbt əhsəntə limən yasa".
Şagirdləri ustadə ha böylə xitab eylər:
"Mən ələməni hərfən qədsiyəri əbda".
Bu sözləri ustadlar şagirdlərə öyrətmiş,
Can nəqdini sərf etməz bihudə yerə dana.
Ey elmə olan talib, zəhmətlərə tab eylə,
Gəncineyi-elmi gənc birənc edəməz peyda.
İnsan libas ilə heç vaxt gözəl olmaz,
Elmü ədəbü əxlaq insanı qılar ziba.
Bir mərzi-ədəddir dünya, kim ona qədəm qoysa,
Bir texm gərək əksin, olsun səməri əla.
Mahanına tez batdın, dünyaları ağlatdın,
Qəmxanədə tək yatdın, dur gül ki, gülər səhra.
Şən, rövşən olan könlüm zənbur evinə dönmüş,
Şan-şan olan köksüm məni eləyir əda.
Ey gülşən ömrünə tez badi-xəzan əsmiş,
Beytülhəzənə dönmüş hicrində dili-şeyda.
Dibayi-münəqqəş tək gülsə üzümə gülşən,
Sənsiz çəmənə getməm ey rəngi-güli-rəna!
İskəndər, Dara tək, ey az yaşayan canan,
Qərneyn yaşaq azdır səndən ötrü qəta.
Əfsus ki, tez yudun əl abi-həyatından,
Səyyadi-əcəl bivaxt seyd etdi səni, cana!
Nə çarə, əzizi-mən, gürgi -əcəlin dəsti,
Şirin cana yetdikdə sarmaqmı olur, haşa!
Nə etmək, gözlərəm, bir dəm aç
nərgizi-çişmanını,
Gör kim, nə qiyamətlər hicrində olub bərpa.
Qəbr üstdə nigarına gər sevgili yoldaşın,
Bu sözləri söylərsə, eyb etməz ona əsla.
Ey varlıqları şən, rövşən eyləyən dilbər,
Dil qönçəsi qan olmuş sənsiz, çü güli-həmra.
Gözlər sədəfi qan-yaş dəryasına qərq olsa,
Nola itirib mərdüm sən kimi dürri-bəsfiya.
Dünyada İskəndərvar nə eyləmisən, bilməm,
Nüşabəsifət qızlar hicrində qılır şiva.
Çox xatir olub dərhəm-bərhəm çü dili-Məcnun,
Çox qamət olubdur xəm, çün silsileyi-Leyla.
Çox çeşm olub pürxun manəndi-dili-Vamiq,
Çox əşk olub gülgun, çün çehri-rüxi-Əzra.
Gər varsa bənzər, çox göz yaşı al olmuş,
Çün xuni-dili-hafiz, çün ləlü ləbi-Səlma.
Ey gül yatağı içrə şirin yuxuya uymuş,
Qoyma məni, çün Fərhad qəm tişəsi edə imha.
Candan niyə tez doydun, xak içrə gəlib uydun,
Cananını tək qoydun, qoyma çəkəlim iza.
Yara, mənə dur yar ol, az yat dəxi bidar ol,
Əhlinə pərəstar ol, qoyma qalalar tənha.
Çün qara bulud, mərdüm baş üstdə çəkib nərə,
Saçırdılar göz yaşın çün əbri-gövhərəfşa.
Məxlut olan əsvat göylərə ucalmışdı,
Ol səsləri duymuşdu zənnimcə o həft aba.
Bu halı görən dəmdə bir qönçədəhan deyirdi:
Qəm dəşti sarmışdır, sazın səsi guya.
Yetdikdə Qatari-qəm sərmənzili-üqbayə,
Çün Zəngi-şütür nalə eylərdi Zəminxara.
Minlərcə dilxəstə, çün şişeyi-Şikəstə,
Sızlardı başın üstdə, deyərlərdi: Heyfa!
Azərbaycanın canını yaxan azər-atəş,
Yaxırdı məsihilər qəlbin çü dili-pərva.
Qara geyinib Musa tək bir cəmi-pərişanhal,
Davudu salıb yadə söylərdilər: "Vahüzna".
Ey üzümə qəlbən irad qılan kimsə,
Bir üzvə ələm yetsə duymazmı onu əza?
Bir nəxli-pürəsmarın gər şaxeyi-pürbarı,
Ayrılsa budaqlara təsir eyləməzmiya?
Bir ataya mənsubdur, yəni ki, bu insanlar,
Bir anaya mərbutdur habelə bütün əbna.
Əllərdə gəzən dəmdə ol əksi-humayunun,
Könlümdə deyirdim:
Ey dil mülkünü edən yəğma!
Sən əksi-nigarımsan, ya surəti-Manisən?
Ya Yusifi-sanisən nəqşini çəkib Lövşa.
Ya əhli-məani üçün əsrindəki Behzadlar,
Bir töhvə yaratmışdır olmuş bu qədər kala.
Cami-ayinələr ixrə, ya nəqşi-Rəfailsən,
Gülruxların əlində bir dəstə gülsən ya?
Ya dar qülub içrə bir dilbəri-zibasan,
Heyrətlə görən söylər: Surətdi bu, ya məna?
Qəmlər tozu altında ayineyi-rüxsarın,
Gördükdə dedim:
Nolmuş, düşmüş yerə bu mərra?
Qonduqda qübari-qəm üz güzgüsü tək üzrə,
Bir qara hicab çəkdi gözlər üstünə keyha?
Qəbrin sinəsi gül tək çak oldu bu möhnətdən,
Matəm libasın o yenə almaq dilədi qəbra.
Başlarda əza şalı gül kimi gül üzlülər,
Xak üzrə sərildilər gül fəsli necə xəzra.
Bənd-bənd yanmışlar, ney kimi sararmışlar,
Düşmüşlər yaman dərdə, çarə elə, cana.
Bir munca yuxu olmaz, aç didəyi-pürxabı,
Göz kasələri qoyma qanla dola çün səhba.
Cismindəki ruh yoxsa ərvaha yanaşmışdır?
Bipərdə olan tar tək əfqanə gəlir əza.
Xan kimi nəvaxanlar şur ilə nəva eylər,
Övladi-vətən yəni fəryadə gəlir yekca.
Əncüm sayı mahü hur ətrafına toplanmış,
Ura deyələri budur: heyfa, əsfa, vaha.
Ruyindən iraq, ey məh, bilməm nə eyləsin əhlin,
Rövşəndir, yanar şamsız pərvanə bipərva.
Min suz-güdaz ilə büzürk eylər kiçiklər,
Muyə qılıban deyərlər: Sənsiz nə edəlim, maha?
Şəmi-rüxün şövqü yaxmış dili-üşşaqi,
Gözlərdən axan sel-su etməz ədadi-vəfa.
Dil kişvəri kim, möhnət daşı ilə hasar olmuş,
Rast rəyə müxaliflər eyləyib onda sükna.
Bu şəhri-püraşubdan zahir olan əfqanı,
Guya ki səmai-şəms duymuş, yaxılır hura.
Məxlut olan səslər san kim, yetişib çərxə,
Məhruy sararmışdır, şölənmədədir səfra.
Ey sərvi-səhiqamət, dur gör başın üstdə,
Kimlər sənə qan ağlar, çün bülbüli-xoşava.
Bu gülşəni-matəmdə minlərcə səmənbular,
Derlər: "Niyə tez soldun, ey rəngi-güli-rəna!
Ayinəsifət durmuş qarşında filosoflar,
Derlər: Niyə tez çıxdın böylə sıradan, yara!
Musiqi anasıdır bu incəsənətçilər,
Əhvalını sor gör kim, nə haldadırlar hala.
Bax gör necə hicrində xanəndəvü sazəndə,
Ney kimi nəva eyləyib sızlarlar kamanasa.
Təblzənə dönmüşdür çox lətməzənan-zənlər,
Tarın yerə qoymuşdur çox dilbəri-məhsima.
Bipərdə çıxıb evdən çox dilbəri-siminbər,
Çün tarı qoyub çiyninə ney deyir: Ey va!
Qəmlər oduna çün ud salmış özün udilər,
Ol canyaxıcı oddan dil dudu olur peyda.
Qurban ilə Mənsurlar qara geyinib çün tar,
Dil xanələri içrə təziyə qılıb bərpa.
Ney naləkünan san kim, bu sözləri saz etmiş,
Şirin yuxuya azadi, ey tutiyi-şəkərxa.
Ey əsri-Şekspir, di yat qəbrdə rahat ol,
Rəhmətlə olursan yad, vardır nə qədər dünya.
Fərabi kimi adın dünyada qalar baqi,
Dillərdə gəzər namın çün Əbu Əli Sina.
Mehri-rüxünü sarsa çün əbri-qara topraq,
Qəm etmə, günəşvarı o nurunu edər ifşa.
Altun nə qədər qalsa xaki-siyəh altında,
Ölməz şərəfi artar, bu sözü demiş aba.
Ey mah, fələkrütbə sərgəştələrin bir-bir,
Başına dolanır çün mehri-fələkpeyma.
Minlərcə nabat nəşin ortaya alıb mərdüm,
Məh üzrə tökülür pərvin, derlər sənə: Səd heyfa!
Çox zöhrəcəbin dilbər çün sabe səyyarə,
Heyran gəzinir yerdə, göy alıb qəbra.
Şam tək başı küllülər gözdən axıdır qan-yaş,
Can riştələrin yaxmış qəm atəşi sərtapa.
Bəhreyni-dü çeşm içrə qəvvas kimi hər dəm,
Mərcan arayır hərdəm incilər edər cuya.
Ləbtişnələrin, cana, ol şərbətgüftara,
Şayiqdilər necə kim, şirin suya müstəsqa.
Kim dersə ona sonsuz, o səhvü xəta etmiş,
Var mənəvi övladı bihəddü layəhsa.
Üzeyiri məsihayə təşbih qılan kimsə,
Yövm ağzı münəqqidlər eylər sənə istehza.
Yerdən göyədək vardır fərqi bu iki şəxsin,
İsbat edərəm vəchin kim eyləsə istida.
Ay kimi bu aydındır, gün kimi bu rövşəndir,
Bir azarı ömründə zində eyləyib İsa.
Bir kimsənədir, lakin bu azərilər fəxri,
Min azəri ərvahın bir dəmdə qılır ehya.
Ol Xosrovi-xubanın Barbüdlə Nəkisası,
Ruhsuz olan əcsamə təzə can edir ilqa.
Kim Müştəri övsafın yazmaq diləsə bir-bir,
Qoyma əlinə xamə alsın o ütaridsa.
Vasif ələ aldıqda qələm bu sözü söylər,
Mən necə belə şəxsin vəsfin eyləyim inşa.
Rusiyalılar fəxri Puşkin kimi kimsə,
Lazımdı onu öysün, əhsən desin ilqa.
Qlinka kimi şəxsə bir dəmi olubdur bu,
Çaykov kimi ustadə şagirdlik edibdir ya?
Əltafi-Stalinə bişübhə bu məzhərdir,
Habelə muğamatı ondan edib istela.
Şərqin günəşindən feyz gər almamış olsaydı,
Bu rütbəyə yetməzdi heç vaxt bu məhsima.
Bu şəxsi-cəlilülqədr bişəkk Hacıbəylidir,
Dil tutisi vəsfində habelə olub guya.
Bu ali muğamatı gün kimi görər rövşən,
Gər çeşmi-həqiqətlə baxsa ona nabina,
"Koroğlu"sunun vəsfi yəni tutub afaqı,
Təhsin eyləyib onu dünya və mafiha.
Bu zati-hünərgüstər bir şəxs idi kim, onun,
"Arşın mal alan"ına min kərrə rəh solmuş əda.
Kim "Leyli və Məcnun" operasını görmüşsə,
Heyrətlə deyər, zatən bu Qeysdi, bu Leyla.
Kim ona əbülitam söylərsə əcəb olmaz,
Övladi-həqiqisi saysızdı onun zira.
Səhrayi-məvəddətdə qəm gülləri baş vermiş,
Bir başqa şəkil almış ol vadiyi-möhnətza.
Sibi-rüxi-məhrular beh kimi sararmışdır,
Baği-vətənə yoxsa asib yetib, yara?
Yüz güzgü sənə qarşı dil tutiləri durmuş,
Bu sözləri söylərlər, ey gövhəri-bihəmta!
Nə gənci-həqiqisən xak içrə nihan oldun,
Nə qiymətə maliksən, talibdi sənə Şura.
Əşrafi-vətən duşa aldıqda bu tabutu,
Öz-özümə söylərdim: Nə şəxsdi bu, aya?
Nə qəm yüküdür bilməm düzgün olan əşxasın,
Qamətlərin əymişdir filhal kamanasa.
Bir zat bu cəm içrə isbati-vücud etmiş,
Var mehri üçün dilgir darında geniş məva.
Fisaqurisə bənzər bir şəxs idi bu, yoxsa,
Kim, şəni ucalmışdır misli-fələkül-əla.
Bu qəbristanlıqda kimdir, görəsən, yara,
Uymuş əbədi xabə bidar olamır əsla.
Bu daimi yuxuya uymuş bir gözəl canan,
Bir ruhi-mücəssəmədir, ya kim, görürəm röya.
Bu üzü qara torpaq qucadığı nə məhdir kim,
Kəsbi-şərəf etmişdir çün mehri-cahanara.
Bu gün necə bir gündür bivaxt qürub etmiş,
Hicrində qara geymiş mərdüm çü şəbi-yelda.
Zərrati-qülubunda gizlidir onun mehri,
Bu dəviyə şahiddir ayineyi-hər sima.
Bəhri-qəmə qərq olmuş çün şəhri-səba Bakı,
Bəhri-Xəzəri keçmiş, mövc etməsə də ol dərya.
Dudi-dili-hər bir şəxs dil xanəsinin üzrə,
Bir qarə ələm saçmış lərzandır o qəməfza.
Gülzari-məhəbbətdə gülmür üzə heç bir gül,
Dərhəmdi bütün sünbül, dil qönçəsi olmur va!
Sovet
Sosialist Respublikaları İttifaqı Baş Soveti deputatı, iki dəfə
Stalin mükafatına nail olmuş xalq artisti və azərbaycanlıların mayeyi-iftixarı
olan ordenli bəstəkar Üzeyir Hacıbəylinin vaxtsız vəfatı münasibətilə
"İzhari-təəssüf".
Məhəmmədağa
Müctəhidzadə Müştəri təxəllüsü tərəfindən 23 noyabr 1948-ci il.
|
|