|
(ardi)
Böyük
Azərbaycan mütəfəkkiri Əhmədbəy Ağaoğlu Şərq-Qərb dixotomiyası çərçivəsində
Avropanın xristian və Asiyanın, xüsusilə türk-müsəlman mədəniyyətlərini
komparativ, tarixi-müqayisəli üsulla araşdırmış və bu qarşılaşdırma
zəminində onların inkişaf sosiologiyasını hazırlamışdır. Mütəfəkkir
"Şərq" və "Qərb" anlayışlarını heç də coğrafi səpkidə deyil, əksinə,
bir sosioloq və kulturoloq kimi xüsusi sivilizasiya və mədəniyyət
tipləri kimi təfsirə gətirir. Onun tarixi-konseptual tədqiqatında
"Qərb" özünəməxsus sivil və mədəni inkişaf tipi şəklində Avropada
təqribən XV-XVII əsrlərdə formalaşmışdır. Özünün "Üç mədəniyyət"
kitabında (1927, İstanbul) müəllif bu tipin sələfi kimi antik dünyanın
və Avropa-xristian ənənələrini aşkarlayır. Ağaoğlunun təhlilində
bu iki ənənənin sintezinin hələ orta əsrlər dövrünün sonlarında
təşəkkül və intişar tapmış Renessans (İntibah) epoxasında qərarlaşması
sübut edilir. O göstərir ki, məhz bu epoxa texnogen sivilizasiyanın
dərin köklü mentalitetini və onun mədəni matrisasını yaratmışdır.
Bu, mədəni-tarixi özül texnika və texnologiyanın sürətli tərəqqisinə
əsaslanan ətraf predmet aləminin və insanların sosial əlaqələrinin
intensiv təbəddülatlarına söykənən sivilli inkişafın xüsusi tipini
təmin etmişdir. Bu zaman mədəniyyətdə elmi rasionallıq aparıcı,
dominant rol oynayır və bu amil xüsusi müstəqil dəyərə çevrilir.
Belə bir tarixi-mədəni mərhələdə mədəniyyətin xüsusi tipi və sivilizasiyanın
xüsusi tipi ümumiyyətlə inkişafın bir sıra konkret cəmiyyətlərdə,
ölkələrdə reallaşmasını təzahürə gətirir. |