ÁÅÉÍßËÕÀËà ÌÖÑÀÁÈÃß
Vokalçiların Bülbül adına ikinci beynalxalq müsabiqəsi.
Leyla Fərəcova.
Search

ÁÅÉÍßËÕÀËà ÌÖÑÀÁÈÃß
Vokalçiların Bülbül adına ikinci beynalxalq müsabiqəsi.
Leyla Fərəcova.

 



POLAD BÜLBÜLOĞLU


- Azərbaycan Respublikasının Mədəniyyət Naziri –
– Bülbül Fondunun Prezidenti –


       Leyla Fərəcova: Nəhayət, vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsi sona yetib. Hər bir müsabiqənin canlı şəxsiyyət kimi öz misilsiz siması, öz ürəyi, öz xasiyyəti və öz ömrü var. Polad müəllim, hər halda həmin musabiqəyə kim həyat verdi? Bu ideya necə meydana gəldi? Həmin məsələnin həllində Sizin yeriniz necə görünür?
       Polad Bülbüloğlu: Azərbaycan vokalçıların Beynəlxalq müsabiqəsinin təşkili fikri məni çoxdan düşündürürdü. Hələ 1987-ci ildə Bakıda vokalçıların M. I. Qlinka adına XII Ümumittifaq müsabiqəsi keçirilirdi. O zaman mən Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində idim və müsabiqənin işində bilavasitə yaxından çalışırdım. Görkəmli müğənni Irina Arxipovanın rəhbərlik etdiyi mötəbər münsiflər heyəti Azərbaycan vokal məktəbini yüksək qiymətləndirmişdi. Bizim vokalçılarımız həmin müsabiqəsinin bir neçə mükafatına və diplomlarına layiq görülmüşdülər. Elə həmin vaxt mən milli vokal müsabiqənin keçirilməsinin zəruriliyini anladım. Çünki artıq müsabiqənin keçirilməsi üçün möhkəm zəmin yaranmışdı. Möhkəm zəmin deyərkən mən ilk öncə hər il neçə-neçə gənc istedadları yetişdirən Bakı Musiqi Akademiyasının vokal kafedrasını, eləcə də səhnəsində bir çox görkəmli Azərbaycan sənətçilərinin və dünya şöhrətli ifaçıların çıxış etdiyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını nəzərdə tuturam.
       Milli musiqi müsabiqəsinin keçirilməsi ilə bağlı fikirlərimi Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və məşhur müğənnilərimiz Fidan və Xuraman Qasımovalarla da tez-tez bölüşürdüm.
       Bundan başqa, Azərbaycanımızın paytaxtı haqlı olaraq sənətçilər şəhəri şöhrətini qazanmışdır. Neçə-neçə beynəlxalq səviyyəli musiqi festivalları Bakıda hər zaman böyük uğurla keçirilirdi. Zənnimcə, "Musiqili sentyabr", "XX əsr musiqisi", "Xarı bülbül", "Zirvəyə doğru", "Musiqidə ipək yolu" və s. festivalları xatırlamaq kifayət edər. Demək, belə tədbirlərin keçirilməsində artıq yetərincə təcrübə toplaya bilmişdik.
       Hamıya yaxşı məlumdur ki, 1997-ci ildə Azərbaycan professional vokal sənətinin banisi, pedaqoq və ictimai xadim, professor Bülbülün anadan olmasının 100 yaşı tamam oldu. Həmin ilin 20 avqust tarixində hörmətli Prezidentimiz cənab Heydər Əliyev Bülbülün yubileyinin yüksək dövlət səviyyəsində qeyd olunması ilə bağlı Fərman imzaladı. Respublika Prezidenti Bakıda vokalçıların Beynəlxalq müsabiqəsinin keçirilməsi təklifini bəyəndi və Fərmana müsabiqə ilə bağlı xüsusi bənd əlavə edildi. Beləliklə, müsabiqənin dövlət himayəsi təmin olundu.
        Mən çox həyəcanlı idim. Müstəqil Azərbaycanın Mədəniyyət Naziri və Bülbülün oğlu kimi üzərimdə ikiqat məsuliyyət hissi var idi. Əlbəttə, Mədəniyyət Nazirliyi belə bir yaradıcılıq yarışmasının təşkilində və keçirilməsində bilavasitə iştirak etdi. Mənə isə Təşkilat Komitəsinə rəhbərlik tapşırıldı. Zaman çox məhdud idi. Fərman avqust ayında imzalandı, müsabiqə isə noyabrın 18-dən dekabrın 1-nə kimi keçirilməli idi. Bizim öhdəmizdə yalnız 3 ay qalırdı. Etiraf etmək lazımdır ki, çox böyük, mən deyərdim ki, hədsiz qüvvə tələb edən təşkilati iş aparılmışdı. Biz günün 24 saatını çalışırdıq. Və bunun nəticəsində məhdud zaman ərzində ağlasığılmaz, ilk baxışda mümkünsüz hesab edilən işlər görüldü.
       Sevincimin həddi-hüdudu yox idi. Çünki müxtəlif ölkələrdən istedadlı gəncləri bir yerə, daha doğrusu öz ətrafımıza toplaya bilmişdik. Bu isə Azərbaycanın dünya üçün açıq məkan olduğuna dəlalət edir, mənəviyyatın və gözəlliyin dövlət və cəmiyyət üçün ən yüksək sərvət olduğunu bir daha vurğulayırdı.
       XX əsrin görkəmli müğənnisi Irina Konstantinovna Arxipovanın rəhbərlik etdiyi Beynəlxalq münsiflər heyətinin tərkibinə yüksək səviyyəli vokalçılar və musiqiçilər daxil oldular. SSRI Xalq artisti, Dövlət Akademik Rusiya Böyük Teatrının solisti Vladislav Pyavko; SSRI Xalq artistləri, Ukraynadan Kiyev Konservatoriyasının professorları Yevgeniya Miroşniçenko və Zoya Xristiç; Moldovadan görkəmli müğənni Mariya Biyeşu; Kişineu və Izmir Opera teatrlarının baş dirijoru Aleksandr Samoile; gözəl tenor və pedaqoq, Gürcüstanın Xalq artisti, professor Nodar Andquladze; Bülbülün opera səhnəsindəki tərəf-müqabili, SSRI Xalq artisti Firəngiz Əhmədova; Bakı Musiqi Akademiyasının rektoru, görkəmli pianoçu Fərhad Bədəlbəyli; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, SSRI Xalq artisti Fidan Qasımova və Bakı Musiqi Akademiyası vokal kafedrasının müdiri, Respublikanın Xalq artisti Xuraman Qasımova; ABŞ müğənnisi Nedda Kasey; Almaniyadan sənətşünaslıq doktoru Frants Müller-Hayzer dediklərimin bariz nümunəsidir. Ümumiyyətlə, keçən hər iki müsabiqədə münsiflər heyətinin tərkibi stabil və dəyişilməz qaldı.
       I. K. Arxipovanın təssüratlarına əsaslansaq, hər iki müsabiqədə iştirakçıların tərkibi inanılmaz qədər güclü idi. Yaradıcılıq rəqabəti turdan tura artırdı. Münsiflər heyəti üzvləri bəzən çox ciddi seçim qarşısında qalırdılar. Mən fəxr edirəm ki, Bülbül adına müsabiqələrin qalibləri artıq beynəlxalq miqyasda tanınmışlar və bir çox ölkələrin ən möhtəşəm səhnələrində uğurla çıxış edirlər. Onu da qeyd etmək istəyirəm ki, məhz Bülbülün yubiley tədbiri nəticəsində, qalibləri müsabiqə başa çatdıqdan sonra bir neçə xarici ölkəyə aparmaq və ən gözəl konsert salonlarında onların ecazkar səslərini nümayiş etdirmək şansı əldə olundu.
       L. F. : Dünya musiqi mədəniyyətində ölkəmizin vokal sənəti hər zaman layiqli yer tutub. Necə hesab edirsiniz, müasir vokal sənətimiz həmin ənənələrin davamçısı ola bilərmi? Bizim cavan və istedadlı vokalçıların yaradıcılığında daha çox hansı cəhətlərə xüsusi diqqət yetirilməlidir?
       P. B. : Azərbaycan vokal musiqi mədəniyyəti Respublikamızda vokal sənətinin bütün janrlarının inkişafında əvəzsiz rol oynamış, görkəmli sənətçilərin adları ilə zəngindir. Düşünürəm ki, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Bülbülün, Niyazinin, Qara Qarayevin, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Səid Rüstəmovun, Rauf Hacıyevin, Rəşid Behbudovun, Fatma Muxtarovanın, Ağababa Bünyatzadənin, Ivetta Karasyovanın, Idris Ağalarovun, Ibrahim Cəfərovun, Firəngiz Əhmədovanın, Mürsəl Bədirovun, Zeynəb Xanlarovanın, Müslüm Maqomayevin, Fidan və Xuraman Qasımovaların, eləcə də gənc nəslin – Qərinə Kərimovanın, Azər Zeynalovun, Əli Əsgərovun və başqalarının adlarını çəkmək kifayətdir.
       Lakin ötənlərə nəzər salsaq, vokal sənətinin dünəninin bu günündən daha yüksəkdə olduğunu görərik. Ilk öncə bu, əlbəttə, yaradıcı kadrların respublikadan kənara dəhşətli bir axını ilə əlaqədardır. Digər tərəfdən, SSRI dağılandan sonra, vokal kadrların yetişdirilməsində haqlı olaraq ad qazanmış Rusiya və Ukraynanın aparıcı tədris ocaqlarında gənc istedadların stajekeçmə imkanları xeyli məhdudlaşmışdır. Bizim daimi işləmək və heç olmasa ustad siniflərinin müntəzəm keçirilməsi üçün adlı-sanlı pedaqoqları Bakıya dəvət etmək imkanlarımız xeyli məhduddur. Bundan başqa vokalçıların sənət keyfiyyətləri, professional təhsili ilə əlaqədar seçim meyarlarının səviyyəsi aşağı enmişdir. Hələ 1937-ci ildə professor Bülbül öz məruzəsində qeyd etmişdir ki, opera teatrı üçün yeni vokalçı kadrların yetişdirilməsi ciddi problemə çevrilmişdir. Onlarla istedadlı müğənni, gözəl səs imkanlarına və uzunillik təhsilə baxmayaraq, məqsədə nail olmurlar. O, insan səsinin möhkəm və dözümlü olması ilə bağlı məsələlərin lazımi sə viyyədə araşdırılmamasını qeyd edirdi. Bülbül yazırdı ki, bizim pedaqoqlar səs tellərinin zədəsindən çəkinərək məşğələləri çox ehmallıca aparırlar. Nəticədə isə müğənnilərin əksəriyyəti tədris ocaqlarını zil səslərsiz bitirirlər.
       Bəzən vokalçılar proqram seçimində öz səs imkanlarını nəzərə almırlar. Deyilənləri isbat etmək üçün bir misal gətirmək istərdim: Vokalçıların II müsabiqəsində iştirakçılardan biri V. Bellininin "Somnambula" operasından Aminanın ariyasını ifa etmək istədi, lakin öhdəsindən gələ bilmədi. Mütəxəssislərə yaxşı bəllidir ki, Aminanın ariyası ifa üçün nə dərəcədə mürəkkəbdir və elə buna görə də soprano repertuarının zirvəsi hesab olunur. Repertuar düzgün seçilmədiyi üçün I-ci turda parlaq çıxış edən müğənni II-ci turda ifa zamanı dayanıb-duruxdu, üzr istəyərək səhnəni tərk etdi.
       Gördüyünüz kimi, Bülbülün hələ 1937-ci ildə dediyi sözlər bu gün də öz əhəmiyyətini itirməmişdir – vokal təhsili ilə bağlı problemlər indi də mövcuddur və hətta özünü bu gün daha qabarıq büruzə verir.
       L. F. : – Müsabiqədə qələbə qazanmaq iştirakçılara əslində nə verir? Onları hansı gələcək gözləyir?
       P. B. : – Bütün müsabiqələr musiqi, gənclik və dostluq bayramı olmaqla yanaşı, hər bir sənətçinin taleyində çox önəmli mərhələdir. Bülbül adına müsabiqələr qaliblərə uğur gətirdi və dünya səhnələrinin qapılarını onların üzünə açdı. Mətbuatda dərc olunan çoxsaylı resenziyalar, xoş məramlı məqalələr bunu təsdiq edir. Fransada keçirilən Berlioz adına festivalda Əli Əsgərovu və Həsən Enamini hərarətlə alqışladılar, Besik Qabitaşvili Avropanın ən mötəbər opera səhnələrində çıxış edir, Eldar Əliyev isə Milanda "La Skala" teatrında çalışır, Avropanın ən məşhur səsyazma studiyalarında zəmanəmizin görkəmli dirijorları Rikkardo Muti, Klaudio Abbado, Rikkardo Şayi kimi sənətçilərlə musiqi əsərlərini yazdırır. Bütün bunlar məni çox fərəhləndirir.
       L. F. : – Polad müəllim, 2003-cü ildə III-cü müsabiqəni keçirmək üçün planlarınız və bu çevrədə yeni ideyalarınız varmı?
       P. B. : – Müsabiqənin proqramı və şərtləri artıq özünü doğrultmuş və vokalçıların səs imkanları, hazırlıq səviyyələri, musiqi duyumu, səhnə mədəniyyəti haqqında obyektiv fikir yürütmək üçün imkan yaratmışdır. Məhz elə buna görə də bu sahədə dəyişikliklər planlaşdırılmır. Iştirakçıların sayından asılı olaraq, müsabiqənin işçi məqamları müəyyən olunacaqdır.
       Zənnimcə, müsabiqə yalnız yaradıcılıq yarışması olaraq qalmır, o, həm də musiqişünaslıq fikrinin, musiqi tənqidinin inkişafına mühüm təkan, təcrübə mübadiləsinə şərait yaradır. Bülbül müsabiqəsi hələ ilk addımlarını atır, cəmi 2 yaşı var. O, bir çox Beynəlxalq müsabiqələr içərisində ad və nüfuz qazanmalıdır. Bunun üçün mükafat almış laureatların müxtəlif opera teatrlarında səhnə təcrübəsini təşkil edərək müsabiqənin təbliğinə nail olmaq vacibdir. Məhz bu zaman yer kürrəsinin müxtəlif regionlarında müsabiqəyə inam və maraq artacaqdır.
       L. F. : – Polad müəllim, "Musiqi dünyası" jurnalının redaksiyası yaxın gələcəkdə "Azərbaycanın böyük sənətkarları" mövzusunda Ü. Hacıbəyov, Niyazi, F. Əmirov, Q. Qarayev, Bülbül haqqında saytlar hazırlamağı planlaşdırır. Bu il ərzində biz bir neçə bu cür sayt hazırlamışıq. "V. Mustafazadə", "Musiqi dünyası" jurnalı, "Azərbaycan bəstəkarları və musiqişünasları". Biz istərdik ki, "Bülbül" haqqında da sayt hazırlayaq. Həmin sayt hər iki (1997-I, 2000-II) müsabiqə haqqında məlumatlarla tamamlamaq olardı. Bundan başqa, Internet vasitəsilə III müsabiqəyə dəvətləri göndərə və sifarişləri qəbul edə bilərdik. "Musiqi dünyası" jurnalı redaksiyası bu sahədə Sizinlə əməkdaşlıq etməyə hazırdır. Həmin fikrə necə baxırsınız?
       P. B. : – Azərbaycan mədəniyyət xadimlərinə həsr olunmuş saytların açılması zamanın tələblərinə uyğundur və çox vacibdir. Sizə isə Bülbül müsabiqəsinə göstərdiyiniz diqqət üçün təşəkkür edirəm. Müsabiqə üçün Internetdə sayt açmaq ideyası məqsədyönlü bir işdir və təqdim edəcəyiniz konkret təkliflərlə münasib zamanda tanış olmağa hazıram.
       "Musiqi dünyası" jurnalı respublikamızda yeganədir və onun nəşrinə ciddi ehtiyac var. Əlbəttə, jurnalın işıq üzü görməsi bir çox problemlərlə bağlıdır. Mən Sizi gözəl anlayıram, elə buna görə də jurnalınıza uğurlar, geniş oxucu auditoriyası arzulayıram.
       L. F. : – "Musiqi dünyası" jurnalının fəaliyyəti ilə tanış olmusunuz. Mədəniyyət Naziri, professional bəstəkar, ifaçı-müğənni kimi bizim jurnala münasibətinizi bilmək istərdik. Bizim oxuculara nə arzulayardınız?
       P. B. : – Zaman məhdudluğuna baxmayaraq, jurnalınızın yeni nömrəsi ilə tanışlıq üçün hər bir kiçicik imkandan istifadə edirəm. "Musiqi dünyası" jurnalı respublikamızın musiqi həyatını əhatə etdiyi üçün bir bəstəkar, müğənni və Mədəniyyət Naziri kimi mənim diqqətimi çəkir. Burada dərc olunan məqalələr, resenziyalar çağdaş mövzuları, zəmanəmizin problemlərini və reallıqlarını əhatə edir. Mən arzu edərdim ki, məqalələr daha kəskin, deyilən söz daha kəsərli, bəzən isə hətta "mübahisəli" olsun, çünki iti tənqidi fikirsiz irəliləyiş, inkişaf mümkün deyil. Mövzu isə istənilən qədərdir. Əslində gündəlik mətbuatda və televiziya kanallarında şəhərimizdə keçirilən çoxsaylı konsertlər, yeni teatr tamaşaları haqqında məlumatlar ciddi təhlilsiz, informasiya şəklində verilir. Bu səbəbdən də Sizin jurnalın professional oxucular arasında hörmət qazanacağına inanıram.
       Elə mənim də arzum budur.
       Oxucularınıza isə tövsiyyəm budur: musiqini sevin, onu bütün qəlbinizlə daha dərindən duyun, konsertlərə, opera və balet tamaşalarına tez-tez getməyi unutmayın. Əslində Sizin jurnalınız məhz bu məqsədə xidmət edir.
       Xoşca qalın! Uğur və müvəffəqiyyət Sizə hər zaman qismət olsun!

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page