ÁÅÉÍßËÕÀËà ÌÖÑÀÁÈÃß
Vokalçiların Bülbül adına ikinci beynalxalq müsabiqəsi.
Leyla Fərəcova.
|
|
FƏRHAD BƏDƏLBƏYLI
münsiflər heyətinin sədr müavini –
–
L. F.: – Fərhad müəllim, necə hesab edirsiniz, müsabiqənin iştirakçıları layiqincə qiymətləndirilib?
F. B.: – Müsabiqənin nəticəsində hər zaman qaliblər və uduzanlar olur. Bu da təbiidir. Aydındır ki, heç vaxt hamı razı qala bilməz. Lakin, nəzərə almaq lazımdır ki, bu müsabiqədə maksimum dərəçəsində ədalət gözlənilib. Münsiflərin tərkibi çox nüfüzlu mütəxəssislərdən ibarət idi – I. Arxipova, M. Biyeşu, F. və X. Qasımovalar, N. Andquladze, F. Əhmədova və b. Onlar, demək olar ki, bütün sənət müsabiqələrində (əsasən, keçmiş SSRI-da) hökm çıxarmışlar və bu səviyyəli sənətkarlarla mübahisə aparmaq yersiz və lazımsız bir işdir. Yeri gəlmişkən, demək istərdim ki, mükafatları bölüşdürəndə qərarlar əsasən yekdilliklə qəbul olunurdu. Belə bir halda Eldar Əliyevin qalibiyyəti mənim üçün çox əziz və qiymətlidir.
Fürsətdən istifadə edərək deməliyəm ki, Eldarın uğurlu çıxışı gözlənilməz oldu, 1-2 ayın söhbətidir. Yayda Eldar mənim yanıma gəldi ki, Italiyada aparılan fəaliyyət haqqında hesabat versin. Mən ona müsabiqəyə qalmağı və çıxış etməyi təklif etdim. Çox şadam ki, mənim təşəbbüskarlığım belə parlaq nəticəyə gətirdi.
L. F.: – Azərbaycan vokal məktəbinin yetirmələri haqqında nə deyə bilərsiniz?
F. B.: – Zənnimcə, Fəridə Məmmədovanın belə bir müsabiqədə mükafatlandırılması, bizim vokal məktəbimizin müvəffəqiyyət göstəricisidir. Müsabiqədə çox güçlü vokalçılar iştirak ediblər və onlarla eyni səviyyədə yarışmaq Fəridə üçün çox şərəflidir. O, çox gözəl və sonadək sabit oxudu.
Çox heyf ki, Rəna Mustafayeva qələbə doğru sonadək mübarizə apara bilmədi. I turda o, çox yaxşı çıxış etmişdi. II turda isə... Müsabiqələrdə belə büdrəmələr az olmur və onlarla mübarizə etmək mümkün deyil. Bütün vokalçılarda ifa zamanı cürbəcür çətinliklər yarana bilər, lakin ifanı dayandırmaq olmaz. Həmin məqamı keçib, mütləq ifanı davam etdirmək lazım idi. Yaqin ki, təcrübəsi çatmadı. Rənanın gözəl perspektivləri var və onun qələbələri, inanıram ki, hələ gələcəkdədir.
Bilirsinizmi, müsabiqələr, demək olar ki, işin yarısıdır. Vokalçılar gələcəklərini fikirləşməlidirlər. Bunun üçün səhnədə imkan çatdıqca çox oxumalıdırlar: operalarda, tamaşalarda, kamera konsertlərində. Çox vaxt elə olur ki, I-ci mükafatı alan gölgədə qalır, III-cü ya da IV-cü mükafatı alanlar isə durmadan irəliləyirlər. Ona görə cavanlarımıza arzu edərdim ki, mümkün qədər səhnədə çalışsınlar.
L. F.: – Fərhad müəllim, fikrinizcə, I-ci, yoxsa II-ci müsabiqə daha maraqlı idi?
F. B.: – II müsabiqə daha güclü idi. Münsiflər də bu fikirnən razılaşırdılar. Sadacə olaraq, II-ci müsabiqədə təcrübəli vokalçı çox idi: Y. Manistina, I. Makarova, M. Qubskiy, A. Şvaçka, T. Ştonda, L. Imedaşvili və başqaları.
L. F.: – Müsabiqəçilərin repertuar seçimi haqqında nə deyə bilərsiniz? Siz bilən, bir qədər yeknəsəq deyildimi?
F. B.: – Doğrudur, hiss olunurdu ki, əksər hallarda proqramlar yekrəngdir. Praktiki olaraq müasir musiqi oxunmur. I. Brams, Q. Volf, R. Ştrausun və b. əsərlərini çox az ifa edirlər. Sözsüz ki, repertuarları imkan çatdıqca müxtəlif üslub və sepgidə yazılan əsərlərdən quraşdırmaq lazımdır. Bu mənada Rəna Müstafayeva və Fəridə Məmmədovanın daha yüksək göstəriciləri vardır.
Ümumiyyətlə, Eldar, Fəridə və Rəna güclü bir triodur və onları hər-hansı beynəlxalq müsabiqələrdə utanmadan göstərmək olar.
XURAMAN QASIMOVA
– münsiflər heyətinin üzvü –
L. F.: – Xuraman xanım, Siz klassik vokal sənətinin ifaçısı kimi, hələ gənc yaşlarınızdan bir sıra nüfuzlu müsabiqələrdə iştirak edərək, yüksək qələbələr qazanmışsınız. Zaman keçdikcə, Siz vokal sənətinin zirvələrini fəth etdiniz və hal-hazırda öz böyük təcrübənizi bir müəllim kimi, daha doğrusu, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyası vokal bölümünün başçısı və professoru kimi, gənc vokalçılara çatdırmaq üçün ciddi çalışırsınız. Bununla bağlı, Vətənimizdə keçirilən bir sıra gənc vokalçıların müsabiqələrinin sədri və münsiflər heyətinin üzvü olmuşsunuz. Necə hesab edirsiniz, Vokalçıların Bülbül adına Beynalxalq müsabiqəsi dünyada tanınmış Müsabiqələrlə uyuşa bilərmi?
X. Q. – Azərbaycanda klassik opera sənətinin gözəl və təkrarolunmaz ilk ifaçısı, xalqımızın sevimlisi – Bülbülün adını daşıyan müsabiqənin çox "gənc" olduğunu inkar etmək olmaz. Demək olar ki, onun yalnız "iki yaşı" var. Ümüd etmək lazımdır ki, bir qədər vaxt keçdikdən sonra bu müsabiqə, ola bilsin ki, bütün dünyada tanınsın. Lakin, bu da bir sıra amillərdən asılıdır. Məsələn: müsabiqənin hörmətini yüksək səviyyədə saxlamaq, müsabiqədən geniş informasiya yaymaq və ilk növbədə, münsiflər heyyətinin ciddi sürətdə qiymət vermə qabliyyətindən. Yəni münsiflərin heç bir güzəştə getməməsi və iştirakçıların proqramlarının yalnız yüksək səviyyədə ifa olunmasına görə onların peşakarlığına görə yüksək qiymət verilə bilər. Çox sevindirici bir haldır ki, hər iki keçirilmiş müsabiqələrin ən yüksək mükafatı – Qran-Pri – Azərbaycanın nümayəndələri qazanmışlar. 1997-ci ildə Əli Əskərov, 2000-ci ildə isə – Eldar Əliyev. Və bu fakt heç də münsiflər heyətinin güzəştindən xəbərdarlıq etmir, əksinə, biz hamımız
bilirik ki, axır vaxtlar Azərbaycanda klassik vokal sənətinə böyük maraq artıb və gənclər öz istedadlarını sınamaq üçün, həvəslə Musiqi Akademiyasının vokal bölümünə daxil olmağa can atırlar. Bu bölümdə təhsil alan hər tələbənin addım-addım keçdiyi ilk sənət yolunu mən, şəxsən, bir kafedra müdiri kimi, izləyirəm və bütün təhsil prosesinin tələbkarlığı və ciddiliyi, imtahan vaxtı tələbələrin qazandıqları nailliyyətlərindən bilinir. Bu baxımdan, Azərbaycan vokalçılarının yüksək qələbələri heç də gözlənilməz deyildi.
L. F.: – Xuraman xanım, Eldar Əliyev Sizin tələbəniz olub?
X. Q.: – Yaxşı olardı ki, bu sualı onun özünə verəydiniz. Maraqlısı odur ki, tələbə özü müəllimi barəsində danışsın. Hal-hazırda, onu deyə bilərəm ki, Eldar yalnız bir il müddətində mənim sinifimdə çalışıb, və əlbəttə, məni geniş mənada "müəllim" adlandıra bilməz. Bəlkə də, əksinə, tamamilə başqa fikirdədir? Lakin, keçdiyimiz o qısa dərs müddətindən bəlli idi ki, onun gözəl və böyük təbii imkanları var və bunu inkişaf etdirməyə dəyər. Tələbə ikən Eldar Azərbaycan Dövlət xor kapellasında, sonra isə Opera və Balet teatrı xorunda çalışıb. Sənətini çox sevirdi və ona ciddi yanaşırdı. Tale elə gətirdi ki, o öz təbii səs imkanlarının püxtələşməsi üçün Italiyaya getmək fürsətini qazandı. Beləliklə, 1992-ci ildən Eldar təhsilini Italiyada davam etdi. Savadlı musiqiçi olduğuna baxmayaraq, o orada çox çətinliklərə rast gəlib və nəticədə, Italiyada yaşadığı 9 il ərzində vokal sənətinin incəliklərinə yiyələnərək, indiki zamanda – 29 yaşında – bir vokalçı kimi etimad qazanıb.
Eldar iki il "La skala" kimi teatrın stajorlar qrupunda çalışıb. Bəllidir ki, bu özü də böyük məktəbdir. Öncədən kiçik rollarda, sonralar isə daha böyük opera rollarında iştirak edib. Nəzərə almaq lazımdır ki, bu "La Skala" kimi teatrda olub və Eldar ilk səhnə təcrubəsini məhz belə məşhur bir teatrın səhnəsində, adlı-sanlı sənətçilərlə başlayıb.
Baxmayaraq ki, Eldar, dediyi kimi, özünü müsabiqə müğənnisi saymır, lakin onun bu müsabiqədə böyük qələbəsi hamımızı sevindirdi, özünü isə, hətta, təəccübləndirdi.
Lakin, hələ müsabiqənin I turundan görünürdür ki, o peşəkardır: baxmayaraq ki, müsabiqədə başqa ölkələrdən təcrübəli və güclü vokalçılar heç də az deyildi. Lakin, Eldarın yaxşı musiqi anlayışı, ifaçılıq mədəniyyəti, zahiri səhnə görünüşü həm münsiflər heyətinin, həm də dinləyicilərin qəlblərinə yol tapdı.
L. F.: – Ola bilərmi ki, siz, yəni münsiflər heyəti, Bülbül adına Müsabiqənin qaliblərini hansısa başqa bir tanınmış müsabiqələrdə iştirak etməsi üçün tövsiyyə edəsiniz?
X. Q.: – Sualınız çox maraqlıdır. Hələ I-ci müsabiqədən sonra belə təşəbbüs yaranmışdı və 1998-ci ilin yayında Moskvada keçirilən ənənəvi, və demək olar ki, dünyada çox nüfuzlü müsabiqələrdən biri sayılan –
P. I. Çaykovski adına Beynəlxalq müsabiqədə Azərbaycandan üç nəfər iştirak etmək etimadını qazandılar. Onlar – Əli Əsgərov (bas), Qərinə Kərimova (soprano) və Həsən Ənami (tenor) – I müsabiqədə laureat adlarını qazanmışdılar və ümidlə Moskvaya göndərildilər. Yalnız, çox təəssüf ki, oradan uğursuz qayıtdılar. Bunların səbəbi nədir – dinləmədən demək çətindir. Bəlkə, böyük həyəcan keçirərək, istədiyi kimi çıxış edə bilməyiblər, bəlkə də rəğiblərin səviyyəsi olduğca güclü olub və ya münsiflərin yüksək tələbkarlıqlarındanmı? Bilmirəm.
Hamıya məlumdur ki, 40 ildən çox yaşı olan bu müsabiqənin ümümdünya şöhrətini qazanmış laureatları sırasında vaxtı ilə V. Atlantov, Y. Nesterenko, M. Biyeşu, Y. Obraztsova və digər tanınmış ifaçılar olublar. Belə bir müsabiqənin qalibi olmaq və "laureat" adını daşımaq – özü də bir böyük şərəf olmaq şərti ilə, həm də, ümümdünya miqyaslı sənətçiliyin təsdiqidir, və həmin qələbə, gələcəkdə yüksək beynəlxalq sənət meydanlarına çıxışdır.
Bu baxımdan, məncə, məsuliyyət nəinki Bülbül adına Müsabiqənin təşkilatçılarının, – lap elə hamımızın çiyninə düşür. Bizim musabiqənin səviyyəsi çox yüksək olmalıdır! Tələbat qat-qat artmalıdır və zaman keçdikcə, dünya opera səhnələrində, və konsert salonlarında bizim laureatlarımızın çıxışları keçirilməlidir.
Biz buna nail olmaq arzusu ilə, əlbəttə ki, əlimizdən gələni bütün bacarığımızdan və imkanlarımızdan istifadə etməliyik.
L. F.: – Xuraman xanım, müsabiqə üçün proqram nə prinsip üzrə seçilməlidir? Hər bir turun ayrı-ayrılıqda əsas məqsədi nədədir?
X. Q. – Ümümiyyətlə, bütün yarışmalarda və müsabiqələrdə başlıcası – proqramdır. Proqramlara böyük önəm vermək lazımdır. Adətən, müsabiqələr III turdan ibarətdir və hər turun öz şərtləri var. I-ci və II-ci turlarda əsərlər fortepiano müşayiəti ilə ifa olunur, III-cü tur isə – simfonik orkestrin müşayiəti ilə. Hansı turda hansı əsərləri ifa etmək lazımdırsa, müsabiqənin ümumi şərtlərində izah olunur.
Iştirakçılar həmin şərtlər ilə tanış olandan sonra əsərləri öz istəklərinə və bacarığlarına görə seçirlər.
Ilk çıxışda, yəni I turda, ifaçı çalışmalıdır ki, proqramı səs imkanlarını göstərmək şərti ilə, səliqəylə və ehtiyatla ifa etsin və bununla, II-ci tura keçmək üçün yetərli bal toplasın.
II-ci turda proqram bir qədər genişlənir və çətinləşir. Burada ifaçının fərdi imkanları açılır; onun bədii keyfiyyətlərinə, mədəniyyətinə üstünlük verilir.
III-cü turda isə, artıq iki opera ariyası ifa edərək, orkestrin müşayiəti ilə oxumaq, aktyorluq və səs quvvəsi imkanlarını göstərmək lazımdır.
Bunlardan əlavə, hər bir müsabiqənin, adətən xüsusi proqramı da var. Bülbülün adına müsabiqədə də, I turda iştirakçılar ölkəsinin öz xalq mahnılarından birini, II turda isə Bülbülün repertuarında olan ən tanınmış romanslarından – "Ölkəm", "Sənsiz", "Sevgili canan", "Ulduz" və digər birini seçib ifa etməlidirlər.
Yeri gəlmişkən, böyük təəssüflərlə demək istərdim ki, müsabiqədə bizi təmsil edən iştirakçılar həmin məsələnin öhtəsindən gələ bilmədilər. Bəlkə də elə hesab edirdilər ki, milli musiqimizi və bu musiqinin klassik nümünələrini ifa etmək heç də çətin deyil və elə buna görə də, bu problemə bir qədər formal yanaşıblar. Məncə, tamamilə yanlış fikirdir. Bizim milli musiqimiz olduğca gözəl və zəngindir. Vokal bölümünün tədris proqramında da Azərbaycan milli və klassik əsərləri ifasına xüsusi diqqət yetirilir.
Bülbül, klassik vokal sənətində ilk təhsil almış ifaçı kimi, Italiyada təcrübə keçdikdən sonra, Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik işini məhz bizim milli musiqimizin əsasında yaranan, klassik vokal əsərlər və klassik vokal üslubda xalq mahnılarının ifasından başlamışdı. Və bu mənada, Bülbül, öz sənəti ilə, gələcək nəsillər üçün böyük bir irs qoyub getmişdir.
Əlbəttə ki, II musabiqədə O. Çernışovanın (Rusiya) Azərbaycan romansının ən yaxşı ifasına görə mükafata layiq görülməsi, bizdən və ilk növbədə ifaçı gənclərimizdən həmin məsələyə daha da ciddi yanaşmağı tələb edir.
Digər tərəfdən də, başa düşürəm ki, bu cür sənət incəliklərini nə sözlə, nə da izahla açıqlamaq olmur. Çox-ço[ sənət sirrlərini başa salmaq, göstərmək və öyrətmək olar, lakin öz canını, ürəyini və ruhunu başqasına aşılamaq mümkün deyil.
L. F.: – Xuraman xanım, bəs diksiya və tələffüz problemləri haqqında nə deyə bilərsiniz? Çox zaman gözə çarpırdı ki, müğənni bu sahədə kifayət qədər peşəkar deyil.
X. Q. – Bu suala cavab verməkdən öncə, demək istərdim ki, mükəmməl müğənni olmaq üçün insanda 5 amilin varlığı vacibdir: səs, nəfəs, eşitmə, tələffüz və yaxşı vokal düşüncə tərzi. Adları çəkilənlərdən biri olmayanda, başqa cəhətlərin də mənası itir və özünü mükəmməl müğənni saymaq düzgün deyil.
Yəqin bilirsiniz ki, nə mən, nə də Fidan xanım, Italiyada təhsil almamışıq. "Bell-canto" məktəbinin incəliklərinə yiyələnməkçün var qüvvəmizlə çalışmışıq. Bu böyük məktəbin zirvələrini fəth etmək üçün uzun illər boyu təmkinlə, hövsələ ilə zəhmət çəkmişik.
Italiyan dili – bu məktəbin əsas dilidir. Lakin, başqa dillərdə də düzgün oxumaq, düzgün tələffüz etmək və sözlə musiqinin vəhtədini düzgün ifa etmək, vokalda əsas məqsədlərdən biridir.
Son zamanlar belə vəziyyət yaranıb ki, hamı oxumaq istəyir. Gənc vokalçılar tez bir zamanda "ulduz" olmaq arzusu ilə özlərində böyük nöqsanları görmürlər, dərk etmirlər. Və özlərinə, sənətə böyük ziyan vururlar. Qoy düşünməsinlər ki, peşəkar müəllimlərin nəzərindən qaça biləcəklər.
Vaxtı ilə, 60-cı illərə qədər, bizim vokal şöbəmizə müxtəlif şəhərlərdən mütəxəssislər dəvət olunurdu. Onların arasında Drozdov, Trifonov, Valatsi kimiləri tanınmış müğənnilər olublar. Qeyd etmək lazımdır ki, onlar rus, alman, italyan dillərini mükəmməl bilərək, eyni zamanda, Azərbaycan dilini də öyrənib dərs verirdilər. Ümümiyyətlə, çox dil bilmək xeyirlidir.
Vokal sənətində xüsusən italyan dili tam dərinliyi ilə öyrənilməlidir. Yəni o, gənc vokalçılar ki, təhsilin davamını Italiyada alıblar, böyük üstünlük qazana bilirlər.
Yeri gəlmişkən, demək olar ki, Eldar Əliyevin də bu müsabiqəyə hazırlığı zaman bir sıra çətinliklər vardı: axı o, 8 il ərzində əsasən italyanca danışıb və o dildə oxuyub. Alman, fransız,hətta rus dilində oxumaq (tələffuz baxımından) ona çətinliklər bahasına başa gəlir. Mən daha Azərbaycan musiqisinin ifasından danışmıram! Ona görə də, Eldar burada olarkən və müsabiqəyə hazırlaşarkən biz ona bu məsələdə mümkün dərəcədə kömək göstərdik.
L. F.: – Başqa iştirakçılarımızdan nə deyərdiniz? Onların müsabiqədə çıxışlarını necə qiymətləndirirsiniz?
X. Q.: – Unutmaq lazım deyil ki, müsabiqə – yarış deməkdir, və hər kəs öz qüvvəsini sınamağa qabildir. Əlbəttə, yarışlarda gözlənilməz hadisələr də olur. Misal üçün, çox istedadlı, gənc və ümidverici vokalçımız – Rəna Mustafayeva. I-ci turda uğurla çıxış edəndən sonra, yüksək bal topladı və asanlıqla II-ci tura keçdi. Lakin, II-ci turda daha da yaxşı çıxış etməsi üçün, proqramda dəyişikliklər etdi və ... vəziyyətini çətinləşdirdi. Halbuki, buna heç ehtiyac belə yox idi! Hətta, seçdiyi əsərlər çox çətin idi. Nəticədə, ifa zamanı Rənanın səsi bir neçə dəfə, necə deyirlər, "kəsildi". Inanın ki, münsiflər heyətinin üzvləri çox çətin vəziyyətə düşdülər, hamı üçün təəccüblü və ürəksıxıcı hal yarandı...
Rənanın həqiqətən təbii və çox gözəl səsi var, lakin hələ ki, 21 yaşı var, gəncdir, və belə bir risk etməyə dəyməzdi. Ola bilsin ki, 10-15 dəqiqə səhnəyə çıxmazdan qabaq bu iki hissədən ibarət olan çətin bir ariyanın bütün passajları alınırdı, səhnədə isə gözlənilmədən vəziyyət dəyişə bilərdi, cünki, müsabiqə – bir yarışdır və həyəcan öz işini görür.
Baxmayaraq ki, Rəna özünə çox güvənən, çalışqan bir vokalçıdır, yalnız daha çox gənc olduğu üçün, nəfəsi hələ ki, zəifdir. Ona görə də, təbiidir ki, seçdiyi proqram, gözlədiyimiz kimi, alınmadı və, nəticədə, yarışmanı sona çatdıra bilmədi.
Bir də, bir vokalçı kimi özün haqqında yaxşı təsir saxlamaq da çox vacibdir. Arzu edirəm ki, tez bir zamanda o, öz imkanlarını layiqincə göstərə bilsin.
Qaldı ki, Fəridə Məmmədovaya, deyə bilərəm ki, o, öz idraki ilə fərqlənirdi. Fəridə yaxşı musiqiçidir,
Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının iki bölümündə oxuyub (vokal və f-no), musiqi üslüblarını yaxşı bilir və anlayır, ona görə də onunla işləmək asandır. Fəridənin də nöqsanı, fikrimcə, repertuarı ilə bağlıdır. O ifadə tərzində bir qədər hisslərə qapınır. Bilirsiniz, güclü, gur səslə və ya çətin ariyalarda yüksək notları götürməklə peşəkar dinləyicini təəccübləndirmək və ya aldatmaq olmur, və bir müsabiqədə bütün imkanların açmaq da mümkün və düzgün deyil. Müsabiqələrdə iştirak etmək istəyən şəxs və ümümiyyətlə, gənc vokalçılarımız bilməlidirlər ki, bütün gələcək fəaliyyətlərində vokal proqramlarını düzgün qurmağa çalışsınlar. Hər yaşın öz vokal imkanları var və məşhur opera partiyaları hazırlayarkan ciddi düşünmək lazımdır: ifaçıya istedaddan başqa, daxili müdriklik də gərəkdir.
Sözsüz ki, Fəridə Məmmədova bu müsabiqədə layəqətlə çıxış edib, hamımızı ürəkdən sevindirib. O, sənət yolunun başlanğıcında olmağına baxmayaraq, uğurla irəliləyir. Ona gələcək yaradıcılıq yolunda böyük nailliyyətlər qazanmağı arzulayıram.
|