ÁÅÉÍßËÕÀËà ÌÖÑÀÁÈÃß
Vokalçiların Bülbül adına ikinci beynalxalq müsabiqəsi.
Leyla Fərəcova.
Search

ÁÅÉÍßËÕÀËà ÌÖÑÀÁÈÃß
Vokalçiların Bülbül adına ikinci beynalxalq müsabiqəsi.
Leyla Fərəcova.

 



       L. F.: – Ümümiyyətlə, gənc vokalçılarımıza nə arzu edərdiniz?
       X. Q.: – Bütün yuxarıda dediklərim, yalnız Rəna və Fəridəyə aid deyil, eyni zamanda, müsabiqədə iştirak edən komandamıza aiddır. Gələcəkdə yarışlarda çıxış etmək arzusuyla olanların və gənc istedadlı vokalçılarımıza hamılıqla aid olan məsləhətlərim və tövsiyyələrimdir.
       Bundan başqa, onlara öz üzərində ciddi çalışmalarını arzu edərdim. Heç bir uğur asanlıqla qazanılmır. Istedad daim çalışqanlıq tələb edir. Şükürlər olsun ki, indiki zaman, bütün imkanları cavanlara verir. Həmin imkanlardan istifadə edərək, gənc istedadlarımız özlərini dünya səhnələrində göstərməlidirlər. Sənət ömrü çox qısadır, zaman isə sürətlə irəli gedir. Gənclərimiz gözəl və zəngin musiqini dinləyərək, dünya sənət incəlikləri sirrini öyrənərək, zövqlərini genişləndirməlidirlər.
       O ki, qaldı biz müəllimlərə, bütün toplanmış təcrübəmizi onlarla bölüşməyə hazırıq. Hər halda, Fidan xanımın və mənim biliklərimiz də gənc vokalçılar üçün az deyil. Təəssüflər olsun ki, bu günkü tələbələr bizim gənc vaxtımızdakı tələbələrdən çox fərqlənirlər...
       L. F.: – Problem nədədir? Axı, əvvəlcə dediyiniz kimi, vokal şöbəsinin populyarlığı gün-günə artır, abiturientlər məhz vokal şöbəsində oxumağa can atırlar?
       X. Q.: – Sadəcə olaraq, indiki zamanədə hamı müğənni olmaq istəyir. Elə tələbələr var ki, doğrudan da sənətə ciddi yanaşaraq peşəkar ifaçı olmaq istəyirlər və elələri də var ki, nə məqsədlə bu şöbəyə daxil olublar, bilmək çətindir...
       Dəfələrlə demişəm ki, səs – ilahi bir vergidir və ya vardır, ya da yoxdur!!! Hətta, hər "güclü" səsi də "gözəl" səs adlandırmaq olmaz. Biz – müəllim və mütəxəssislər – yalnız sənətin əsaslarını düzgün öyrətməklə yanaşı, səsin təbii imkanlarını genişləndirib və inkişaf etdirə bilərik. Sözsüz ki, tələbənin özündən də çox şey asılıdır. Onun çalışqanlığı ən vacib amildir. Istedada malik insan bunu çox gözəl dərk etməlidir. Müəllim isə, məhsuliyyət hiss edərək, tələbədə maraq artıraraq, ona gömək etməlidir.
       Mən çox xahiş edərdim ki, bizim bölümdə təhsil almaq istəyən gənclərimiz, şöbəmizin isteqaməti haqqında daha ətraflı məlumatla tanış olsunlar və yalnız bundan sonra öz seçimlərini edib, qəbula gəlsinlər. Elə fikir yaranmasın ki, bu bölümdə oxumaq üçün təkcə gənclərin və ya da onların valideyinlərinin istəyi kifayətdir. Həqiqi istedad olmasa, biz möcüzə yarada bilmərik!
       L. F.: – Xuraman xanım, bəs orkestrimizdən nə deyə bilərsiniz?
       X. Q.: – Həqiqətdir ki, son illərdə Azərbaycan Dövlət simfonik orkestri, onun bədii rəhbəri və baş dirijoru, xalq artisti, professor Rauf Abdullayevin tələbkar rəhbərliyi nəticəsində böyük nailliyyətlər qazanıb. Simfonik musiqisinin pərəstişkarları orkestrin uğurlarının artımını izləyərək, onun müvəffəqiyyətlərinə çox sevinirlər. Və, əlbəttə, bu yalnız R. Abdullayevin rəhbərliyinin, böyük əmək və zəhmətinin nəticəsidir.
       Bildiyimiz kimi, finala 13 iştirakçı qalmışdı və hərəsi iki opera ariyasını ifa etməliydi. Ariyaların bəziləri Bakıda, demək olar ki, ilk dəfə səslənirdi, bəziləri isə, çox çətinliyinə görə nadir hallarda ifa olunurdu. Belələri də vardı ki, bizə çox yaxşı tanış idilər. Hamısını nəzərə olaraq, biz əvvəlcədən bilirdik ki, orkestrin üzərinə necə ağır məsuliyyət düşəcək. Lakin, R. Abdullayev bir peşəkar kimi, böyük təcrübəli dirijor kimi hamıya tanış olsada, Fidan xanıma və mənə, xüsusən, bir yüksək səviyyəli dirijor – müşahidəçi kimi də tanışdır. O, uzun illər opera və balet teatrımızın baş dirijoru olub və bizimlə birlikdə neçə-neçə tamaşaların üzərində çalışıb. Opera musiqisini çox sevir və mükəmməl bilir. Və onun böyük bir peşəkar olmağını, vokalçılarla işləmək qabiliyyəti səviyyəsinin hər zaman şahidi olmuşuq.
       R. Abdullayev bu məsulliyətli işdən çəkinmədən başımızı uca etdi. Müsabiqəyə gələn qonaqlarımız həsrətlə deyirdilər ki, "...kaş ki, biz də belə bir dirijorla tez-tez görüşək və işləyək". Müsabiqənin ən maraqlı və şərəfli hissəsi simfonik orkestrin uzərinə düşür və bu dəfə böyük qürur hissi ilə orkestrımızın rəhbərinə minnətdarlığımızı bildirməliyik.
       L. F.: – Xuraman xanım, müsahibənin axırında soruşmaq istərdim ki, Siz bilən Bülbül adına II Beynəlxalq Müsabiqənin əsas nəticəsi nədir?
       X. Q.: – Əlbəttə, hər bir musiqili yarışların, müsabiqələrin öz tarixi olur və bu da onun yaranmasından və inkişafından aslıdır. Sözsüz ki, səviyyə artımı I-ci müsabiqədən fərqlənir. Xüsusən bizim gənc vokalçılarımız özlərini daha yetkin göstəriblər, səviyyələri kifayət qədər yüksəlib və bizim vokal şöbəmizin müəllimlərinin əməyini də qeyd etmək istərdim. Gələcəkli vokalçılarımız sənət meydanına çıxırlar, artırlar. Məsələn, Seymur Kərimov və Timur Abdikeyev müsabiqədə çıxış edərkən fərqləndilər və hətta, xüsusi mükafatlara layiq görüldülər.
       Beləliklə, demək olar ki, gənc vokalçılarımız estafeti layiqincə qəbul edirlər. Mən öz tərəfimdən də çox şadam ki, Irina Konstantinovna Arxipova, bu müsabiqənin şöhrətli qonağı və münsiflər heyətinin Sədri kimi, dəfələrlə qeyd etmişdir ki, "...Azərbaycan vokal məktəbi gözəl inkişaf edir və çox layəqətli əllərdədir – yəni Fidan və Xuraman Qasımova bacıları nəzarəti altındadır". Bu sözləri eşidərkən, çox sevindik və eyni zamanda, demək lazımdır ki, bu məsulliyyəti artıq neçə illərdi ki, çiynimizdə daşıyırıq.
       Onu deyə bilərəm ki, Fidan xanım və mən öz səhnə və ifaçılıq təcrübəmizi, eyni zamanda, müəllimlik peşəsində də tələbkarlıqla, yüksək səviyyədə davam edəcəyik.
       Çalışacayıq ki, Azərbaycanda keçirilən Bülbülün adına vokalçılar müsabiqəsi öz səviyyə yüksəkliyi ilə dünya miqyaslı müsabiqələrin cərgəsində dayansın.
       Bu bizim vətəndaşlıq borcumuzdur!

FRANS MÜLLER-HAYZER


– münsiflər heyətinin üzvü
– müsahibə alman dilində aparılıb və burada onun tərcüməsini təqdim edirik –


       L. F.: – Cənab Müller-Hayzer, necə hesab edirsiniz, Bülbül adına Beynəlxalq müsabiqəsinin ən müsbət cəhəti nədir?
       F. M.-H.: – Qeyd etmək lazımdır ki, bu müsabiqənin başqa-başqa müsabiqələrdən bir neçə üstün cəhətləri var. Ən əsası isə odur ki, burda çıxış edən müğənnilərin çox gözəl və keyfiyyətli səsləri var. Bu baxımdan məsləhət görərdim ki, Bülbül adına müsabiqə haqqında məlumatı bütün dünyada yayasınız. Məsələn, Almaniyada xüsusi Mərkəz var, Beynəlxalq müsabiqələrin Mərkəzidir və həmin Mərkəzə Bülbül adına Beynəlxalq müsabiqədən tam məlumatı, broşürləri, kitabçaları, dəvətnamələri təqdim etsəydiniz məqsədəuyğun olardı. Yəni bu əməl reklam kimi də gərəklidir.
       L. F.: – Müasir Azərbaycan vokal məktəbindən nə deyə bilərsiniz?
       F. M.-H.: – Çox dəyərlidir. Sizin müğənnilərin böyük perspektivləri var və gələcəkdə daha geniş tədbirlərdə iştirak edə bilərlər.
       L. F.: – Bizim cavan vokalçılarımıza nə arzu edərdiniz?
       F. M.-H.: – Arzu edərdim ki, müğənniləriniz xalq musiqisinə daha da yaxın olsunlar. Bütün dünyada xalq mahnılarının oxunmasına yüksək qiymət verilir və bu məsələyə ciddi fikir vermək lazımdır.
       Ikinci növbədə arzu edərdim ki, müasir musiqiyə diqqət yetirsinlər. Ümumiyyətlə, keçmiş sovet ölkələrində barokko musiqisi kifayət qədər yayımlanmayıb. Və, bəlkə də, repertuarın kasıblığı bununla bağlıdır. Baxmayaraq ki, müasir musiqi yaradan bəstəkarlarınız var, müasir vokal əsərlərin ifası gözə çarpmır. Bu görümdən, müsabiqədə oxuyanlar (tək Azərbaycanda yox, bütünlükdə), beynəlxalq standartlara uyğun gəlmirlər.
       Dediklərim səs keyfiyyətinə aid deyil. Adicə ifa üslubu, ifa səpgisi ilə bağlıdır. Dünyada yayılmış barokko və başqa cərəyanlar vokalçıların repertuarında özünə yer tutmalıdır. Çünki, qeyd etmək lazımdır ki, bəzi müğənnilər üçün müasir bəstəkarların əsərlərini oxumaq çox çətindir. Təbii ki, hər musiqinin öz auditoriyası olmalıdır. Auditoriyanı isə hazırlamaq gərəkdir.
       Nəticədə, bir daha demək istərdim ki, müsabiqədə təqdim edilən vokalçıların səsləri çox güclüdür və hətta bizdəki, yəni Almaniyada olan vokalçıların səslərindən daha da zəngindir.

FIRƏNGIZ ƏHMƏDOVA


münsiflər heyətinin üzvü –


       L. F.: – Firəngiz xanım, Sizin fikrinizcə, müsabiqənin əsas əhəmiyyəti nədədir? Və nəticəsini nədə görürsünüz?
       F. Ə.: – Mən hesab edirəm ki, bu cür müsabiqənin meydana gəlməsi təkcə Azərbaycanda yox, ümumdünya miqyasında da vacib bir hadisədir. Bundan savayı, bu müsabiqə – beynəlxalq müsabiqədir və həmin fakt bizim üçün olduğca təqdirəlayiqdir. Eyni zamanda, bu müsabiqə görkəmli müğənnimiz Bülbülün adı ilə bağlıdır. Bu da bizim üçün çox əzizdir. Həm birinci, həm də ikinci müsabiqəyə bir neçə ölkədən çox hazırlıqlı ifaçılar gəlmişdir. Lakin, məni bizim vokalçılarımız çox şadlandırdı. Ümumiyyətlə, Azərbaycan vokalçıları üçün hazırkı müsabiqənin çox böyük əhəmiyyəti var. Axı onlar bir neçə il hazırlaşırlar, öz ifaları üzərində çalışırlar, can yandırırlar ki, ustalıq səviyyələrini artırsındar və s. və i. a. Deyilənlər hamılıqla çox vacibdir.
       L. F.: – Firəngiz xanım, Siz neçə illər ərzində bizim aparıcı opera müğənnisi, hətta səhnədə Bülbülün tərəf-müqabili olmusunuz. Sizin fikrinizlə, hal-hazırda Azərbaycanda vokal məktəbinin vəziyyəti nə yerdədir?
       F. Ə.: – Şəxsən mən bizim cavan vokalçılarımızdan tamamilə razıyam. Əvvəla, onların bizim nəslimizə nisbətən işləmək və fəaliyyət göstərmək üçün daha geniş imkanları var: tez-tez səfərlərə çıxırlar, başqa-başqa sənət ustalarına qulaq asırlar və s. və i. a. Bu da, demək olar xüsusi şəkildə bir məktəbdir. Eyni zamanda, bizim müğənnilərimizin oxumaq mədəniyyəti çox yüksək səviyyədədir.
       Ikinci müsabiqəyə 70-dən artıq ifaçı gəlmişdi: Rusiyadan, Gürcüstandan, Qazaxıstandan, Ukraynadan, Tatarstandan, Moldovadan, Koreyadan, Türkiyədən və s., və bizim vokalçılarımız özlərini çox ləyaqətli təqdim etdilər. Xüsusilə də Eldar Əliyevi, Fəridə Məmmədovanı qeyd edərdim. Təəssüflər olsun ki, Rəna Mustafayeva öz çıxışını dayandırdı və III tura keçə bilmədi. O, mənə bir müğənni kimi çox böyük təsir bağışladı: birincisi – texniki cəhətdən; ikincisi – ifacılıq mədəniyyəti, və üçüncüsü – bu qız öz səsini düzgün ifadə etməyi bacarır. Lakin, o hələ çox cavandır, onun qələbələri hələ gələcəkdədir və inanıram ki, bunu qarşıdan gələn müsabiqələr göstərəcək.
       L. F.: – Firəngiz xanım, siz necə hesab edirsiz, I-ci və ya da II-ci müsabiqələrdən hansı daha maraqlı idi?
       F. Ə.: – I-ci müsabiqədə Qərinə Kərimova (III mükafat) böyük təsir bağışladı. Mən özüm opera müğənnisiyəm və deyə bilərəm ki, Qərinədə əsil mənada opera səsi var. Əli Əsgərov da (Qran-Pri) çox ləyaqətli bir vokalçıdır.
       Qaldı ki, II-ci müsabiqəyə, demək lazımdır ki, hələ I turdan sonra jürinin sədri Irina Konstantinovna Arxipova bizə dedi ki, şübhəsiz Eldar Əliyev Qran-Pri almalıdır. Mən çox fəxr edirəm ki, bizim vokalçılara belə bir yüksək qiymət verilir.
       Deyərdim ki, həm I-ci, həm də II-ci müsabiqədə iştirakçılar çox güclüydülər. Lakin, II-ci müsabiqədə iştirakçıların səviyyəsi daha yüksək idi. Eyni zamanda yaxşı səslər çox idi. Xüsusi ilə qeyd edərdim Yelena Manistinanı (Rusiya), Irina Makarovanı (Rusiya), Sulxan Qvelesianini (Gürcüstan) və başqaları. Ümumiyyətlə, gürcü vokal məktəbinin ustası Nodar Andquladze böyük sənətkar və gözəo müəllimdir. O çox təcrübəli mütəxəssisdir və demək lazımdır ki, hər halda gürcü vokalçıları özlərini çox təmkinli təqdim ediblər. Təkcə Leqi Imedaşvili (II mükafat) xoşuma gəlmədi. Mən bilən o, çox "soyuqqanlı" müğənnidir və bəzi obrazları yarada bilmir. Yelena Manistina isə ən böyük tərifə layiqdir. Çox qüvvətli və möhkəm vokalçıdır, gözəl ifaçılıq ustalığı var.
       L. F.: – Fikrinizcə, belə bir ifaçı qaldı ki, ona siz, münsiflər, mükafat verə bilmədiniz?
       F. Ə.: – Yox. Baxmayaraq ki, güclü ifaçı çox idi, mükafatlar və laureat adları, məncə, çox ədalətli verilib.

ALXAS ƏLIYEV


– Müsabiqənin təşkilat komitəsinin sədr müavini –


       L. F.: – Alxas müəllim, Siz Bülbül adına Beynəlxalq müsabiqənin təşkilat komitəsinin sədr müavini idiniz. Müsabiqəylə bağlı hazırlıq işləri necə aparılır?
       A. Ə.: – Azərbaycan üçün beynəlxalq müsabiqə yeni bir əlamətdir. Sovet dövründə Bakıda müxtəlif ümümittifat müsabiqələr aparılırdı, lakin beynəlxalq müsabiqə heç vaxt keçirilməyib. Baxmayaraq ki, bizim böyük tədbirlərlə bağlı təcrübəmiz az deyil, bu işdə bizə kömək göstərmək üçün Beynəlxalq Musiqi Xadimləri Ittifaqının Sədri I. K. Arxipovaya müraciət etdik və o öz köməyini əsirgəmədi.
       Müsabiqələri müvəffəqiyyətlə başa çatdırmaq üçün bütün real imkanlardan istifadə etdik. I müsabiqəyə 70-ə yaxın, II müsabiqəyə isə 90-dan artıq ifaçı gəlmişdi.
       Onu da qeyd etməliyəm ki, I müsabiqəni keçirmək üçün bizim cəmi yarım il vaxtımız var idi, lakin II müsabiqəyə isə biz 2 il ərzində hazırlaşdıq. Elə buna görə də II müsabiqəyə biz daha əsaslı sürətdə yanaşdıq. 1998-ci ilin axırına kimi biz bütün dəvətnamələri və lazım olan sənədləri göndərdik. Əlbəttə, bu çox çətin iş idi.
       L. F.: – Dəvətləri hansı prinsip üzrə göndərdiniz? Sizə belə əziyyətli işdə kömək edən olubmu?
       A. Ə.: – Keçmiş Sovet Ittifaqının Konservatoriyalarına, Azərbaycan Respublikasının xaricdəki səfirliklərinə, nəhayət, xarici ölkələrinin Azərbaycandakı səfirliklərinə dəvətnamələr göndərmişik. Hətta Polad Bülbül oğlu Azərbaycan Respublikasının Mədəniyyət Naziri, təşkilat komitəsinin Sədri kimi və Bülbül Fondunun Prezidenti kimi xüsusi görüş keçirmişdir. Azərbaycana təyin edilmiş xarici ölkələrin nümayəndələrini dəvət edib onlaradan xahiş etmişdi ki, bizə bu tədbirdə kömək göstərsinlər.
       Daha sonra, Azərbaycanın Moskvadakı Səfirliyi vasitəsi ilə biz dəvətləri Bakıda nümayəndəlikləri olmayan xarici ölkələrin səfirliyinə də çatdırdıq. Bu işdə bizə Xarici Işlər Nazirliyinin də böyük köməyi dəydi.
       Biz çalışırdıq ki, mümkün qədər çox ölkələr bu müsabiqədən xəbər tutsunlar və iştirak etsinlər.
       L. F.: – Bu cür görkəmli musiqiçiləri eyni zamanda bir yerdə yığmaq heç də asan iş deyil. Onlar hamılıqla, yəqin ki, bir neçə ay qabaqcadan yaradıcılıq planları qurublar. Bu işdə hansı çətinliklərlə rastlaşmısınız?
       A. Ə.: – Doğrudan da, elə təşkilat məsələləri var ki, onlar həmişə kadr arxasında qalırlar. Ümumiyyətlə, bu cür vəzifəni yerinə yetirmək çox çətin və əziyyətlidir. Lakin hamı bizə yardım əlini uzatdı və köməyini əsirgəmədi.
       I. K. Arxipova, lap əvvəldən bu müsabiqədə həmişəlik münsiflər heyətinə sədrlik etməyə məmuniyyətlə razılıq verdi. O, doğurdan da dahiyanə müğənnidir, vokal sənətində böyük və nüfuzlu şəxsiyyətdir və bizim parlaq vokalçımız Bülbülün xatirəsini həmişə yüksək səviyyədə yad edir. I. K. Arxipovanın sədrliyi münsiflərin tərkibində görkəmli ifaçıları birləşdirdi və birlik dəqiq, düzgün və ədalətli işləyə bildi.
       Təbiidir ki, bü cür hörmətli tərkibi eyni vaxtda toplamaq çox çətin idi.
       Misal üçün, Mariya Biyeşu hər il Kişinyovda "Mariya Biyeşu dəvət edir" adı ilə festival keçirir və hətta həmin vaxt onun yubileyi ilə bağlı festival keçirilməli idi. O, bizim xahişimizlə öz tədbirini bir həftə qabağa çəkdi.
       Z. P. Xristiç, tədris ilinin başlanmasına baxmayaraq, imkan tapdı ki, müsabiqəyə gələ bilsin.
       A. Samoile Izmirdə baş dirijordur, Londonda qastrolları nəzərdə tutulmuşdu. O, da qastrollarını irəli çəkdi və müsabiqədən sonra dərhal Londona uçdu.
       N. D. Andquladze çox məşğul insandır, vokal üzrə böyük mütəxəssisdir. 2000-ci ildə D. A. Andquladzenin adına tenorlar müsabiqəsi keçirməli idi. O, da, xüsusən bizim müsabiqəyə görə, bu tədbiri keçirtdi 2001-ci ilə ki, bizə mane olmasın.
       F. Əhmədova ümumiyyətlə Özbəkistanda işləyir.Onun da iştirakı çox vacib idi, axı o səhnədə Bülbülün tərəf müqabili olub.
       F. və X. Qasımova bacıları Azərbaycan vokal məktəbimizin fəxridirlər. Onlarla da xüsusi danışıqlar aparıldı.
       Frants Müller-Hayzer Almaniydan müsabiqəyə gəldi. Xeyli vaxt onunla da danışıqlar aparılıb.
       Çox təəssüf ki, I müsabiqənin münsiflər heyətinin üzvlərindən biri – Amerikadan Nedda Kassey II müsabiqəyə gələ bilmədi. Biz onun şərtlərini yerinə yetirə bilmədik.
       F. Ş. Bədəlbəyli münsiflər heyətinin sədr müavini seçilmişdi. Ona hamı etibar edir. O çox təcrübəli və dahi musiqiçidir.
       II müsabiqə münsiflərinin tərkibi çətinliklər bahasına uğurlu alındı.
       L. F.: – Münsiflər heyətinin üzvləri, müsabiqədən başqa, yaradıcılıq görüşlərində, konsertlərdə və s. və i. a., tədbirlərdə iştirak ediblərmi?
       A. Ə.: – Bəli, bir sıra tədbirlərdə. Xüsusi olaraq qeyd etmək lazımdır ki, münsiflər heyətinin üzvləri Bülbülün xatirə muzeyini ziyarət etdilər. Orada Bülbülün həyat yoldaşı Ədilə xanım ilə səmimi görüş keçirildi. Çoxlu xatirələr yada düşdü. Demək olar ki, balaca bir konsert də baş tutdu. F. Bədəlbəyli royalın arxasına oturdu, X. Qasımova isə Bülbülün repertuarından iki romans oxudu. Hamı çox təsirləndi. Hətta gözləri yaşaranlar da oldu. Belə dəqiqələr heç vaxt unudulmur...
Inanıram ki, qarşıda gələn III, daha sonra IV və s. Bülbül adına Beynəlxalq müsabiqələr nəinki Azərbaycan vokal musiqi mədəniyyəti tarixində, hətta bütün dünyada öz layiqli yerini tutacaqdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page