ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
Plenum
-
Ilin ən yaxşı əsəri
-
|
|
Azərbaycan Bəstəkarlar Ittifaqının Gənclər və Idman Nazirliyi ilə birgə təşkil etdiyi bəzi tədbirlər artıq ənənəyə çevrilmişdir. Gənc bəstəkar və musiqişünasların yaradıcılığına həsr olunmuş bu tədbirlərdən biri də hər ilin sonunda keçirilən "Ilin ən yaxşı əsəri" müsabiqəsidir. Müsabiqədə 28 yaşınadək gənc Azərbaycan bəstəkarları və musiqişünasları iştirak etmək hüququna malikdirlər. Müsabiqənin əsas şərtlərindən biri də ondan ibarətdir ki, gənc bəstəkar və musiqişünaslar müsabiqəyə indiyədək heç bir yerdə ifa və ya dərc olunmamış əsərləri təqdim etməlidirlər. Müsabiqə müxtəlif nominasiyalar üzrə mükafatlar təyin etmişdir:
– mahnı və ya romans;
– kamera-instrumental əsərlər;
– kiçik həcmli simfonik əsərlər;
– portret və oçerklər (musiqişünaslar üçün).
2000-ci ilin sonunda elan edilmiş bu müsabiqənin Təşkilat Komitəsinə dörd nominasiya üzrə 14 əsər təqdim edilmişdi.
Müsabiqənin münsiflər heyətinə Respublikanın görkəmli musiqi ictimai xadimləri, bəstəkar və musiqişünaslar daxil edilmişlər: Respublikanın xalq artisti, professor Tofiq Bakıxanov (sədr); Respublikanın əməkdar incəsənət xadimləri, bəstəkar Nəriman Məmmədov və Cavanşir Quliyev; musiqişünaslar Şəhla Mahmudova və Lalə Hüseynova.
Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş bütün əsərlərlə diqqətlə tanış olmuş və müxtəlif nominasiyalar üzrə 4 əsərin müəllifini müsabiqənin qalibi seçmişdir:
Kiçik həcmli simfonik əsərlər nominasiyası üzrə Zeynalova Xədicə Əbdülrəhim qızının "Simfonik oçerk"i;
kamera-instrumental əsərlər nominasiyası üzrə Xəlilov Rüfət Rafiq oğlunun "Mağavuzdan gələn səslər" miniatürü;
mahnı və ya romans nominasiyası üzrə Nağıyeva Nərminə Hacıbala qızının "Sənə" (sözləri Nəbi Xəzrinin) mahnısı;
Portret və oçerklər nominasiyası üzrə Məmmədəliyeva Turan Vasim qızının "Vaqif Mustafazadənin ifaçılıq və bəstəkarlıq yaradıcılığına dair" oçerki müsabiqənin mükafatına layiq görülmüşlər.
2001-ci il fevralın 2-də Azərbaycan Gəncləri günü münasibətilə Respublika Sarayında keçirilən təntənəli mərasimdə müsabiqənin laureatlarına mükafatlar təqdim edilmişdir.
,YENILIKLƏR
2000-ci ilin dekabr ayında Azərbaycan Bəstəkarlar Ittifaqı və Yeni Azərbaycan Partiyası "Vətəni tərənnüm edən mahnılar" müsabiqəsini keçirmişdir. Müsabiqəyə 29 mahnı göndərilmişdir. Münsiflər heyəti aşağıdakı bəstəkar və musiqişünaslardan ibarət idi: Ramiz Mirişli (sədr), Oqtay Zülfüqarov (müavin), Sevda Ibrahimova, Şəhla Mahmudova, Ruhəngiz Qasımova, Mobil Babayev.
Iki turdan ibarət müsabiqədə I yerə – Vasif Adıgözəlov "Azərbaycan" (sözl. Əhməd Cavadındır); II yerə – Ramiz Mustafayev "Bizi bağışlamaz bu torpaq" (sözl: Bəhlul Orucoğlunundur), Nəriman Məmmədov "Yeni Azərbaycan Partiyası" (sözl: Ramiz Abdullayevindir); III yerə – Rəşid Şəfəq "And yerimiz" (sözl: Zəlimxan Yaqubundur), Cəlal Abbasov – "Qəsidə" (sözl: Məhəmməd Hüseyn Şəhriyarındır), Ceyhun Allahverdiyev – Milli marş" (sözl: Zülfüqarbəyindir); Həvəsləndirici mükafata – Gülsüm Eldarova "Türk qanıdır qanımız" (sözl: Z. Xınalınındır), Taleh Hacıyev "Azərbaycanım" (sözl: Həlimə Musayevanındır), xüsusi mükafata Namiq Nəbiyevin "Azadlıq bayrağı" (sözl: S. Zərdablınındır) mahnıları layiq görülmüşlər.
R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mükafatların təqdim olunması mərasimində yekun konserti keçirilmişdir. Gecədə giriş sözü ilə YAP-ın icra katibinin müavini Bahar Muradova, Azərbaycan Bəstəkarlar Ittifaqınının katibi Ramiz Zöhrabov və münsiflər heyətinin sədri, bəstəkar Ramiz Mirişli çıxış etmişlər.
Tədbirin sonunda YAP-ın icra katibi Əli Əhmədov və Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə heyətinin Birinci katibi Vasif Adıgözəlov laureatları təbrik etmiş və onlara yaradıcılıq uğurları arzulamışlar.
* * *
Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun çoxsaylı, müxtəlif janrlı əsərləri arasında fortepiano üçün bəstələri daha çoxdur. Onlardan fortepiano və orkestr üçün 5 Konserti, uşaqlar üçün pyesləri, variasiyaları, 24 prelüdü Azərbaycan fortepiano ədəbiyyatını zənginləşdirir. Sadaladığımız əsərlər arasında "24 prelüd" silsiləsi həm ifaçıların repertuarlarını, həm də ali və orta ixtisas musiqi məktəblərinin tədris proqramlarının bəzəyi sayılır.
2001-ci ilin ilk ayı olan yanvarın əvvəlində Vasif Adıgözəlovun "24 prelüd"ü üçün Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin konsert zalında təqdimat mərasimi keçirildi.
Təqdimatı məktəbin direktoru, fəlsəfə elmləri namizədi Nigar Cərullazadə açdı. O, Vasif Adıgözəlovu və onun ailəsini, qonaqları salamladı. Sonra müəllifin "24 prelüd" silsiləsi haqqında məktəbin müəllimi, musiqişünas-bəstəkar Nərgiz Şəfiyeva söz açdı.
"24 prelüd" silsiləsini ifaçıların Beynəlxalq müsabiqə laureatı, istedadlı pianoçu Elnarə Haşımova ifa etdi.
Təqdimatdan sonra V. Adıgözəlov çıxış edib qeyd etdi ki, o, məktəbdə orta təhsil alıb və o, bu məktəbi doğma evi sayır. Məktəbin müdiriyyətinə, kollektivə və pianoçu E. Haşımovaya təşəkkür etdi.
Təqdimat mərasimində yekun sözü ilə Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, professor Ramiz Zöhrabov çıxış etdi. O, təqdim olunan "24 prelüd"ün bəzi məziyyətlərindən və ifaçılıq təfsirindən danışdı və məktəbin kollektivinə Azərbaycan Bəstəkarlar Ittifaqı adından minnətdarlığını bildirdi.
* * *
Fevralın 19-da istedadlı Azərbaycan bəstəkarı və pianoçusu Ilham Abdullayevin müəllif gecəsi keçirilmişdir. Gecənin aparıcısı musiqişünas Aytən Tağızadə qeyd etdi ki, I. Abdullayev müasir səpkidə yazılmış bir çox fortepiano üçün əsərlərin, həmçinin simfonik və kamera musiqisinin müəllifidir. Lakin bu günkü gecədə onun yeni mahnıları səsləndiriləcəkdir.
Müəllif gecəsində Ilham Abdullayevin Rəsul Rzanın, Nigar Rəfibəylinin, Bəxtiyar Vahabzadənin, Hüseyn Cavidin, Hüseyn Abbaszadənin, Əliağa Kürçaylının, Fəxrəddin Ziyanın, Zəhra Ibrahimovanın, Mansur Vəkilovun və başqa şairlərin sözlərinə yazılmış mahnıları ifa olundu. Ifaçılar Bülbül adına orta ixtisas musiqi məktəbinin "Qız qalası" xoru (bədii rəhbəri Dilarə Əliyevadır), vokalçıların II Respublika müsabiqəsinin laureatı Ruslan Əliyev, BMA-nın tələbəsi Dinarə Əliyeva və muğamatçıların "Kainat" respublika müsabiqəsinin laureatı Böyükxanım Mirzəyevə idi. Gecədə səslənən mahnıları fortepianoda bəstəkar Ilham Abdullayev müşayiət etdi. Müəllif gecəsində xüsusilə "Qız qalası", "Azərbaycan", "Bakı haqqında mahnı", "Buludlar", "Bayatılar", "Payız", "Dəniz", "Req-taym", "Nərgiz", "Ilk baharda" və başqa mahnılar səmimi alqışlarla qarşılandı və musiqisevərlərin rəğbətini daha çox qazandı.
|