ÏÎÐÒÐÅÒËßÐ
Cavanşir Quliyevın total musiqi axtarışları
Z. Dadaşzadə.
Search

ÏÎÐÒÐÅÒËßÐ
Məmməd Quliyev haqqında
A. Kərimli.
Cavanşir Quliyevın total musiqi axtarışları
Z. Dadaşzadə.
Tofiq Bakıxanov 70
C. Həsənova-Ismayılova.

 



        1986-cı ildə biz, bir qrup gənc bəstəkar və musiqişünas, həyatımızda ilk dəfə çox məs’ul bir yaradıcılıq ezamiyyətinə - Tbilisiyə, gənc Zaqafqaziya bəstəkarlarının festivalına yollandıq. Dost-rəqiblərin iştirakilə keçirilən belə festivalların xüsusi əhəmiyyətini vurğulamaq, məncə, əbəsdir. Onda, 1986-cı ilin ilıq may axşamında konsertimiz yaxşı keçdi. Lakin sonradan həmin «dostlar» riyakar təbəssümlə bizi təbrik etsələr də, iki il əvvəl keçirilən eyni tədbirdə azərbaycanlıların böyük tə’sir qüvvəsinə malik çıxışını xatırlayaraq bu dəfə azca məyus olduqlarını bildirdilər. Doğrudan da, 1984-cü ildə keçirilən həmin konsert orijinal forması və əsərləri ilə hamını valeh etmişdi. Azərbaycanın təmsilçiləri F.Qarayev, A.Əzimov, F.Əlizadə, C.Quliyev və I.Hacıbəyov idi. F.Qarayev istisna olmaqla, bu gənclər 70-ci illərin ortalarında sənət aləminə gəlmiş, öz maraqlı, təkrarsız yaradıcılıq təklifləri ilə mütəxəssislərin diqqətini o saat cəlb etmişlər.
        Sənətdə altmışıncılar anlamı var. Məncə, tam əsasla yetmişincilər haqda da danışmaq olar. Hər halda Azərbaycan musiqisində biz yetmişincilər nəslini aydınca müşahidə edirik. Həmin nəsil - mən artıq xatırlanan adlara A.Dadaşovu, F.Hüseynovu, R.Həsənova və E.Dadaşovanı əlavə edərdim - özlərini dünya musiqisi təmayülləri axınında daha sərbəst hiss edir, Q.Qarayevin tövsiyə etdiyi kimi, folklorun tədqiq olunmayan dərin qatlarına nüfuz etməyə çalışırdılar. Onları ümumi bir amal - bütün müasir texniki vasitələrin köməyi ilə milli şüurun, milli mentalitetin açıqlanması amalı birləşdirirdi. Əlbəttə, bu vəzifə hər bir konkret halda, fərdiyyətdən asılı olaraq müxtəlif cür həll olunurdu. I.Hacıbəyov bəstəkarlıq yaradıcılığı tariximizin ilk, klassik mərhələsinə üz tutub, neoklassizmin milli variantını arayıb-axtarır, F.Əlizadə XX əsr sənətinin başlıca nailiyyətləri ilə silahlanıb onları milli musiqi xüsusiyyətləri ilə daha üzvi birləşdirmək yollarını araşdırır, R.Həsənova mərasimlərimizə, bir qədər sonra sufi fəlsəfəsinə müraciət edib «minimuma qədər reduksiya» əsasında öz təkrarsız əsərlərini qururdu. Bu sırada ən maraqlı və önəmli fiqurlardan biri Cavanşir Quliyev (1950) idi. Məncə, Cavanşirdə yetmişinciləri düşündürən bir çox məsələlər, ideyalar daha təbii, daha gözlənilməz, bə’zi hallarda daha cəsarətli həllini tapırdı.
         Cavanşir Şəkidə anadan olmuşdu. Şəki musiqi məktəbini tarzən kimi bitirmişdi. Yə’ni xalq musiqisi fəzasında o özünü tamamilə sərbəst hiss edirdi: folklorun gizli qanunauyğunluqları onun beynində kök salmış, qanına işləmişdir. Sonralar o xüsusi qüvvə sərf etməyərək yaddaşının hifz etdiyi musiqi dönümlərini, ritmləri öz əsərlərində canlandırırdı. Öyrənmək, dünyagörüşünü genişləndirmək istəyi Bakı Konservatoriyasında (professor C.Hacıyevin sinfi) XX əsr musiqisinin texnoloji novasiyalarının nadir bir təkidlə mənimsənilməsinə səbəb oldu. Indi əsas məsələ onun daxilində yaşayan musiqini əxz etdiyi biliklərlə birləşdirmək idi. Tədricən gənc bəstəkarın başlıca yaradıcılıq ideyası formalaşmağa başladı. Bir neçə il sonra o həmin ideyanı belə ifadə etmişdir: «Şərq və Avropa musiqi dünyalarının üzvi surətdə yanaşı yaşaması və bir-birini tamamlaması üçün - dünya mədəniyyətinin inkişafının magistral yolu isə məhz bundan iba rətdir - estetika sahəsində çarpazlaşma nöqtələri axtarmaq zəruridir. Öz vəzifəmi bu nöqtələri dərk etməkdə, tapmaqda görürəm («Sovetskaə muzıka» jurnalı, 1987, ¹ 8).
        Bu gün Cavanşir həmin fikri dəqiqləşdirərək belə formulə edir: «Arzum total, qlobal, mütləq - adın bir o qədər əhəmiyyəti yoxdur - musiqi yaratmaqdır. Elə bir musiqi ki, coğrafiyasından asılı olmayaraq dünyanın hər bir guşəsində qavranılsın».1
        C.Quliyevin düşüncələri, ilk növbədə əsərləri onun estetikası, yaradıcılıq üslubu, yazı ədası haqda müəyyən, ola bilsin, bir qədər pərakəndə fikirlər söyləmək imkanı verir.
        Bəstəkarın akademik janrlarda yazdığı əsərlər sayca çox deyil. Lakin onların hər biri dövrün əsas musiqi hadisələri sırasındadır, aparılan axtarışların istiqaməti baxımdan reprezentativdir.
        «Azadlıq hissi məndə xəstəlik dərəcəsindədir. Özümü heç bir cərəyanın əsiri etmək istəməmişəm,» - söyləyən C.Quliyevin müasir musiqi təmayülləri kontekstində yerini müəyyənləşdirmək göründüyü kimi asan deyil. Əlbəttə, onu neofolklorçu e’lan etmək mümkündür. Həqiqətən, Cavanşir qədər milli mənbələrdən ardıcıl bəhrələnən ikinci bəstəkar tapmaq çətindir. Eyni zamanda anlayıram ki, bu fikirdə orijinal heç nə yoxdur, çünki Azərbaycan bəstəkarlarının 99,9 faizi Ü.Hacıbəyovdan başlayaraq, folklordan bu və ya digər dərəcədə faydalanmışdır. Deməli, məsələ Cavanşirin milli musiqi qaynaqlarına münasibətindədir.
        Bəstəkarın əsərlərini dinlədikcə qəribə bir hiss yaşayırsan: bu musiqi sənə çox doğma və əzizdir, hətta yaxşı bəllidir, lakin eyni zamanda tamamilə yeni və təravətlidir. Cavanşir bu təəssürata necə nail olur? Əvvəlcədən deyim ki, onda birbaşa folklor iqtibasları, demək olar ki, yoxdur. Bəstəkar bu və ya digər obrazı yaradarkən məqamların məxsusi indikatorları - kadans dönmələrini, səciyyəvi milli rəqs ritmlərini və ya ifaçılıq fəndlərini cəlb edir, əsərlərinin musiqi toxumasına çox mahiranə daxil edir. Və həmin, ani törəyən, lakin yaddaşımızda o saat əks-səda doğuran musiqi işarələri əsərləri dinləyib dərk etməyə, qavramağa yardım göstərir.
        Bu baxımdan C.Quliyevin aşağıdakı təklifi bir qədər qeyri-adi, lakin maraqlı görünə bilər: «Konservatoriyada bəstəkarlıq peşəsinə yiyələnən tələbələrə belə bir tapşırıq verərdim: qoy onlar xalq mahnısı yazsınlar. Qəribədir? Gülüncdür? Amma məgər bu gənclər xalqın nümayəndələri deyil? Fikrimcə, belə tapşırıqları yerinə yetirərkən onlar müəyyən vərdişlərə yiyələnər və gələcəkdə xalq musiqisindən bilavasitə istifadə etmək zəruriyyətini duymazlar».
        Cavanşir yaratmalarının intonasiya məxsusiliyi də nəzər-diqqəti cəlb etməyə bilməz. Məncə, bəstəkar milli musiqinin çox dərin qatlarına enir, illərin, əsrlərin «yük»ündən sanki azad olaraq ibtidai, özəl intonasiyaları əsl araşdırıcı tə’kidi ilə, müqayisə yolu ilə, yabançı xallardan kənarlaşaraq bərpa edir. Burada artıq konkret olaraq Azərbaycan deyil, daha çox əski türk intonasiyaları haqda danışmaq mümkündür. Bəstəkar əsərlərinin xüsusi məlahəti, e’cazkarlığı da məhz buradan irəli gəlir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page