ÏÎÐÒÐÅÒËßÐ
Cavanşir Quliyevın total musiqi axtarışları
Z. Dadaşzadə.
Search

ÏÎÐÒÐÅÒËßÐ
Məmməd Quliyev haqqında
A. Kərimli.
Cavanşir Quliyevın total musiqi axtarışları
Z. Dadaşzadə.
Tofiq Bakıxanov 70
C. Həsənova-Ismayılova.

 



        Başqa bir cəhət. C.Quliyev aydın, səlis, şəffaf bir dildə danışır və bu dili sün’i surətdə qəlizləşdirmək ehtiyacı duymur. Lakin bu zahiri sadəlik heç də fikir, ifadə vasitələrinin bəsitliyi, kasadlığı demək deyil. Həmin sadəlik arxasında mürəkkəb mətləblər, mürəkkəb vəzifələrin həlli durur. Burada mən akademik D.Lixaçovun iki kino ustası - Tarkovski və Panfilovun yaradıcılıq ədasını müqayisəli təhlil edən «Uçitğsə ponimatğ» məqaləsini xatırlayıram ("Sovetskiy gkran", 1976, N15). Hər ikisinin rejissor iste’dadı şübhəsizdir. Hər ikisi kinoda mühüm məsələlər müzakirə edir. Lakin necə? Əgər biri mürəkkəb kino dilindən istifadə edirsə (Tarkovski - «Solyaris» filmi), digəri incə psixoloji kolliziyaları daha anlaşıqlı vasitələrlə çatdırmağa çalışır (Panfilov - «Başlanğıc» filmi). Bu, estetika səviyyəsində olan fərqlərdir. Sadəcə olaraq, sənətkarlar dünya ilə söhbətlərini bir-birindən fərqli tərzdə qururlar.
        Onu da deyim ki, 70-ci illərdə bəlkə də ən asan yol hər hansı bir «izmə» uymaq, Qərb avanqardının nümunələrini təqlid etmək, həmvətənlərini qəfil səslənmələrlə, yeni üsullarla heyrətləndirmək idi. Cavanşirin böyük erudisiyası, həssas musiqi duyumu belə bir yolun seçimini mümkün edirdi. Lakin o, bu cazibədar ideyadan qəti imtina etdi. Bəstəkarın daha bir ifadəsi çox səciyyəvidir: «Dinləyici kimi sevdiyim və müəllif kimi yazdığım musiqini kəskin fərqləndirməyə çalışıram. Bəlkə bu, mənim bəstəkar kimi kompleksimdir».2
        Təravət, bənzərsizlik axtarışlarında olan Cavanşir ideyalarını əsl bir avanqardçı cəsarəti ilə reallaşdırırdı. Məsələn, götürək, skripka və saz üçün Sonatanı (1980). Burada hər şey sual doğururdu. Nə üçün məhz saz və skripka? Çalğı üsulları daha zəngin olan, bəstəkarlar tərəfindən yaxşıca mənimsənilən tara üz tutmaq daha təbii deyildirmi? Saz və skripkanın kombinasiyası nə dərəcədə inandırıcıdır? Axı aşıq musiqisində kamanlı alət istifadə olunmur. Alətlərin tembrləri nə dərəcədə bir-birinə uyarlıdır? Nəhayət, sazın iştirak etdiyi əsərdə Avropada təşəkkül tapmış sonata janrının seçimi karıxdırırdı. Onu da söyləyim ki, əvvəlcədən bir eksperiment kimi düşünülən bu yaratmada bütün uyğunsuzluqların ümumi məxrəcə gətirilməsi bədii nəticənin müvəffəqiyyətini tə’min etdi.
        Sonatanı yazarkən qarşılaşdığı çətinliklər barədə bəstəkar özü belə danışır: «Tembrlərin uzlaşdırılması, çox mürəkkəb olsa da, başlıca problem deyildi. Unutmayaq ki, saz böyük bir mədəniyyətin təmsilçisidir. Mən sazı ona xas olmayan şəkildə göstərə bilməzdim. Skripkanın arxasında da müəyyən ən’ənələr durur. Hərçənd saza nisbətən skripkanın təfsiri daha rəngarəngdir, demək olar ki, o emansipasiyaya mə’ruz qalıb. Əgər skripka və saz hərə öz, bir-birindən fərqli musiqisi ilə təmsil olunsa idi, anlaşılmaz bir nəticə alınardı. Deməli, onları üslubca yaxınlaşdırmaq tələb olunurdu. Sazın seçiminə gəldikdə isə söyləməliyəm ki, o, tarla müqayisədə daha ibtidaidir, daha təbiidir. Tar isə sanki «sənayeləşib.» Saza müraciətimdə müəyyən e’tiraz amili də var idi: mən bu alətin tədrisində mövcud problemlərə ictimaiyyətin diqqətini cəlb etmək istərdim. Sonata üzərində işləyərkən sanki bıçağın iti tərəfi ilə addımlayırdım, müvazinətimi itirməməyə çalışırdım. Nəhayət, istədiyimə t əxminən, ancaq təxminən nail oldum. Indi düşünürəm ki, o zaman daha çox risk etməli idim».
        XX əsrin sonunda Avropa alətlərini ən’ənəvi Şərq alətləri ilə çarpazlaşdırmaq ideyaları çox geniş intişar tapıb. Hollandiyanın «New Ensemble» kollektivinin keçirdiyi xüsusi festivalı, və ya Amerika violonçelçalanı Yo-Yo-Manın «Ipək yolu» layihəsini (bu layihə üçün Cavanşir «Karvan» əsərini yaradıb) qeyd edək. Hərçənd C.Quliyev dahi sələfi Üzeyir bəyin ideyasından təkan alıb bu sintezi yeni zəmində hələ 1980-ci ildə həyata keçirmiş, Qərb həmkarlarını qabaqlamışdır. Buradaca Cavanşirin ilk klassikimizə xüsusi kövrək münasibətini vurğulamaq istərdim: «Üzeyir bəy fenomendir. Təbii hadisədir. Onun musiqisini dinləyərkən qəribə bir yaşantı hiss edirsən: bəstəkar sənə sanki özün haqda danışır, sənin kim olduğunu açıqlayır. Üzeyir bəyin bir çox ideyaları sadə olduğu qədər dahidir. O, xalq çalğı alətlərini operalarında istifadə edərkən müsiqidən, təkan alırdı, məsələn, anlayırdı ki, burada zurna, və ya tar daha münasibdir. Bu da Ustadın musiqiyə saf, təbii münasibətinə də lalət edir».
        C.Quliyevin saz və skripka üçün əsərinə qayıdaraq bir cəhətə də diqqəti yönəltmək istərdim: cəsarətli ideya klassik bir janr - sonata çərçivəsində reallaşdırılıb. Hərçənd bu sonatanın silsiləsi orijinaldır: o, ikihissəlidir, forma qəliblərindən uzaqdır. Birinci hissə şərti olaraq «Gəzişmə», ikinci - «Deyişmə» adlandırılsa belə, bəstəkar başlıqda göstərilən janrın mahiyyətini mühafizə edir və onu bir məzmun tipi kimi bərqərar edir.
        Ümumiyyətlə, Cavanşirin klassik musiqi normalarına xüsusi, mən deyərdim ki, qayğıkeş münasibəti göz qabağındadır. Onun əsərlərinin siyahısında musiqinin bütün əsas janrları - simfoniya, kvartet, sonata təmsil olunub. Bu ələlxüsus indi, ənənəvi janr adlarının bir növ dəbdən düşdüyü zamanda çox səciyyəvidir. Bəstəkar əmindir ki, musiqi dili də, forma da dəyişə bilər, lakin janr səviyyəsi mühafizə edilməlidir. «Ən əcaib adlarla təltif olunan əsərlər də, əgər onlar bədii dəyərə malikdirlərsə, son nəticədə hər hansı bir janrın tələblərinə uyğundur».
        Ən’ənəvi forma və janr çərçivəsində Cavanşirin materialı qurmaq bacarığı da bənzərsizdir. Burada onun başlıca keyfiyyəti - improvizasiyanı modelləşdirmək iste’dadı üzə çıxır. Bəstəkarın əsərlərinə, məsələn, simli kvartetə və ya «Muğam ladlarında yeddi pyesə» qulaq asarkən elə bir təəssürat yaranır ki, onlar bədahətən, göz qabağında quraşdırılır, ifaçılar tərəfindən çalğı prosesində ərsəyə gəlir. Ayrı-ayrı özəklərin saysız-hesabsız təkrarları, ritm və intonasiyaların variantlığı, dinləyici ətalətini dəf edən üsulların, ifaçılıq fəndlərinin (məsələn, sonatada skripkanın yalançı flacoletlərini xatırladaq ) müdaxiləsi musiqi fikrinin təbii, sərbəst axarını tə’min edir. Beləliklə, C.Quliyevdə dramaturji və struktur ideyalarının yaxşı təşkili nizamsızlıq təsəvvürü doğuran vasitələrlə vəhdət əmələ gətirir, musiqişünas S.Biryukovun tə’birincə kompozisiya və improvizasiya çulğalaşır (Muzıkalnıy sovremennik, vıp.5, M., 1984).

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page