ÏÎÐÒÐÅÒËßÐ
Cavanşir Quliyevın total musiqi axtarışları
Z. Dadaşzadə.
Search

ÏÎÐÒÐÅÒËßÐ
Məmməd Quliyev haqqında
A. Kərimli.
Cavanşir Quliyevın total musiqi axtarışları
Z. Dadaşzadə.
Tofiq Bakıxanov 70
C. Həsənova-Ismayılova.

 



        C.Quliyev vaxtının böyük bir hissəsini kinoya, teatra sərf edir. O, 200-ə yaxın dram tamaşaya, bir çox kino əsərlərinə, o cümlədən 10 bədii filmə musiqinin müəllifidir. Burada Cavanşirin təxəyyül zənginliyi, mütəhərrikliyi, müxtəlif üslublu, xarakterli musiqi yaratmaq bacarığı üzə çıxır. «Topal Teymur»un dramatizmi, «Müsyo Jordan və Dərviş Məstəli şahın» duzlu yumoru, yüngül kədəri, nəhayət, uşaq aləminə həssas münasibət aşkarlayan «Hərənin bir ulduzu» tamaşasının musiqisi Cavanşirin bir bəstəkar kimi diapazonunun miqyasına dəlalət edir. Ümumdünya şöhrətli «Aşıq Qərib» (Lermontovun «Aşıq Qərib» türk nağılı əsasında) bədii filmində bəstəkarın tapıntıları maraqlıdır. Məsələn, ən’ənəvi aşıq musiqisi nümunələrinə bənzər havaların müasirləşdirilmiş, stereofonik yozumu və ya ümumbəşəri simvolların ifadəsi üçün qeyri-adi «kollaj»ın (tar Ave Maria, eyni zamanda xanəndə qız Qatar və ya başqa bir yerdə tar Sen-Sansın Rondo-kapriççiozosunun skripka partiyasını, xanəndə oğla n Bayatı-Şirazı ifa edir) tətbiqi nəticədə köhnə nağılın əbədiliyi və gözəlliyi, eyni zamanda bütün hadisələrin şərtiliyi və qeyri-reallığını necə də incə və dürüst çatdırır. Tamaşanın tempo-ritmini duymağı bacaran C.Quliyevin qədim ayinlərimiz, plastika, musiqi sənəti qovşağında yaranmış Azərbaycan Dövlət «Yuğ» teatrı ilə əməkdaşlığı da çox maraqlıdır. Cavanşir deyir: «Kino, teatr dramaturgiya axtarışları ilə məni cəlb edir. Insan daxilində nə varsa, onu axıracan anlamaq iqtidarında deyil. Teatr özümü anlamaq yolunda bir növ yardımçı vasitədir».
        Dram teatrı və kinoda işin operanın yazılışı ilə nəticələnməsi ehtimalını da Cavanşir inkar etmir. «Opera yazmaq hər bir bəstəkarın ali istəyidir. Musiqinin bütün zənginliyini təmsil edən bu sintetik janr bəstəkardan çox böyük bacarıq tələb edir».
        C.Quliyevin muğam operasına xüsusi münasibəti var. «Üzeyir bəyin «Leyli və Məcnun»u bütün dünya opera sənətində tamamilə yeni hadisə ola bilərdi. Təəssüf ki, biz bir dövlət olaraq bu hadisəni dünyaya təqdim edə bilmədik. Xatırladım ki, Çində Pekin operası adlı sırf milli xüsusiyyətləri ilə seçilən bir janr mövcuddur. Hal-hazırda opera və balet teatrında «Leyli və Məcnun» ekzotik bir muzey eksponatı kimi saxlanılır, vaxtaşırı əcnəbi qonaqlara göstərilir. Halbuki tamamilə müstəqil muğam operası teatrı yaratmaq daha məqsədəuyğun olardı: öz estetikası, öz rejissorları, xanəndələri və tamaşaçıları olan bir teatr nəzərdə tuturam».
        C.Quliyevi bir insan, bir şəxsiyyət kimi səciyyələndirməsək, onun portreti natamam olar. Maraqlı həmsöhbət, hazırcavab, qeyri-standart, bə’zən paradoksal düşüncəli, emosional, fikirlərini dəqiq formulə etməyi bacaran, polemikadan çəkinməyən bəstəkar, vətəndaş. Bu səbəbdən Cavanşir müxtəlifçeşidli məsələlərin müzakirə olunduğu verilişlərə, tok-şoulara tez-tez də’vət olunur. C.Quliyevi hər şey narahat edir: bəstəkar peşəsinin nüfuzunun azalması, efirin, ekranın «zay musiqi məhsulu» ilə zəhərlənməsi, həvəskar müəlliflərin yağışdan sonra göbələk kimi artımı, qeyri-professionalizm, milli rəmzlərimizin aqibəti və s. Bə’zən eşidirsən ki, Cavanşir ötkəmdir, təcavüzkardır, öz opponentlərinə qarşı həddindən ziyadə amansızdır. Mən zahirən qaraqabaq görünən Cavanşirin həmin keyfiyyətlərini başqa cür dəyərləndirirəm. Fikrimcə, C.Quliyev sadəcə olaraq laqeyd deyil, hamımızın tutulduğu riya adlı xəstəlikdən mühafizə oluna bilib, öz mövqeyini sərt, lakin açıq, vicdanla bəyan edi r.
        C.Quliyev respublikadan kənarda geniş tanınır. Bəstəkarın əsərləri nüfuzlu beynəlxalq forumlarda, dünyanın müxtəlif ölkələrində uğurla səslənir. 1986-cı ildə o, SSRI Bəstəkarlar Ittifaqının cəmi beş nəfərdən ibarət rəsmi nümayəndə hey’ətinin tərkibində okeanın o tayına getmiş, «SSRI və ABŞ musiqisi bu gün» adlı simpoziumda iştirak etmişdir. C.Quliyevin yaradıcılığı haqqında nüfuzlu mütəxəssislər - amerikalı Lourel E.Fey, yuqoslav D.Mixalek, moskvalı bəstəkar V.Yekimovski və başqaları öz yüksək rə’ylərini bildirmişlər. Professor Y.Dolinskaya isə təəssüratlarını belə ümumiləşdirmişdir: «C.Quliyevin əsərlərində müasirliyin coşğun və kövrək nəbzi duyulur. Özü də mən təkcə musiqinin obraz-poetik tərəfini deyil, partituraların texniki «təchizat»ını da nəzərdə tuturam. Eyni zamanda burada Azərbaycan musiqi mədəniyyətinin ruhu çox təbii şəkildə hökmranlıq edir, parlaq fərdiyyəti ilə seçilən müəllifi bəhrələndirir» («Sovetskaə muzıka», 1986, ¹ 3).
        Yazımın əvvəlində mən C.Quliyevi Azərbaycanda yetmişincilərin çox maraqlı nümayəndəsi kimi təqdim etdim. Musiqişünas N.Şantır isə Cavanşiri N.Korndorf, V.Lobanov, P.Vasks, I.Bardanaşvili ilə bir cərgədə bütün sovet musiqi məkanının ən önəmli yetmişincilərindən adlandırır («Önostğ» jurnalı, 1988 , N9).
        Azərbaycan musiqisini öyrənən və tədris edən bir araşdırıcı kimi mənə bu gün bir cəhət tamamilə aydındır: müasir milli musiqi sənətində Cavanşir Quliyev adlı bəstəkarın öz yeri, öz xidmətləri var. Onun səslər, obrazlar aləmi çağdaş musiqi mədəniyyətimizin ayrılmaz, həm də çox maraqlı, çox orijinal, vacib bir hissəsidir.
        C.Quliyev 50 yaşını yenicə adlayıb. Buna inanmaq çətindir. Zahirən o, az dəyişib: əvvəlki kimi çevikdir, gümrahdır, çılğındır, təravətli ideyadan alışıb yanır. Bəlkə bu gün bəstəkar öz mövqeyini daha prinsipial müdafiə edir, daha kəskin hücuma keçir, yaradıcılığına daha tələbkar yanaşır. Ancaq vaxt qıtlığından və çox zaman istəmədiyi işlə məşğul olmaq məcburiyyətindən təəssüflənir, «ağır peşədir bəstəkarlıq» - deyir.
        Amerika filosofu və şairi, transtsedental məktəbin öndəri Ralf Emerson hesab edirdi ki, yalnız 50 yaşından sonra sənətkar yaradıcılığının çiçəklənmə dövrü başlanır. Deməli, bəstəkardan yeni musiqi ideyaları gözləməyə haqqımız var...
        «Özünü heç vaxt azərbaycanlıya oxşatmaq istəməyən» (rəssam Ismayıl Məmmədovun ifadəsidir), lakin azərbaycanlı kimi düşünən, yaradan C.Quliyevin musiqisi milliyyətindən asılı olmayaraq müxtəlif auditoriyaları fəth edir. Elə isə total musiqi axtarışlarında olan Cavanşir Quliyev düz yoldadır.
        QEYDLƏR:
        1. Burada və sonra məqalə müəllifinin C.Quliyevlə söhbətindən (5 aprel, 2001) fraqmentlər istifadə olunur.
        2. Bəstəkar XX əsr musiqisində, məsələn, Maleri özünə çox yaxın bir sənətkar adlandırır, halbuki C.Quliyev musiqisi ilə tanış olan dinləyicilər bu yaxınlığı əsla sezmirlər.
        3. Konkret analogiya aparmaq niyyətindən uzaq olub bir cəhətə diqqəti cəlb etmək istərdim: Çaykovskinin «Qaratoxmaq qadın» operasının dramaturgiyası da 7 şəklin simmetrik qarşılıqlı münasibətlərinə əsaslanıb. C.Quliyev isə Çaykovskinin dramaturji sənətkarlığını çox yüksək qiymətləndirir.
        4. C.Quliyev dörd simfoniya müəllifidir.
        5. Bu sitat C.Səlimxanovun bəstəkarın «Divan» adlı diskinə yazdığı annotasiyadan götürülüb.
        6. ABA televiziya kanalının son məlumatına (aprel) görə, «Qızıl onluq»da birinci pilləni B.Dadaşovanın ifasında C.Quliyevin «Yarım gilə» mahnısı tutur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page