ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.
|
|
1934-cü ildə Üzeyir bəyin təkidilə atam məni və bacım Ağabacını avqust ayında istirahət etdiyimiz Maştağa bağından şəhərə Konservatoriyaya gətirdi (indiki Asəf Zeynallı adına musiqi məktəbinin binasına). 2-ci mərtəbədə zalda Üzeyir bəy, Mirzə Mansur, Səid Rüstəmov, Xosrov Məlikov, Ağasi Məşədibəyov, prof. Bretanitski və bir neçə adam oturmuşdular. Üzeyir bəy bizi görüb gülümsədi. Əvvəl Ağabacı səhnəyə çıxıb Mirzə Mansurun tarında bir müğam çaldı. Sonra da mən Gürd-şəhnaz çaldım. Üzeyir bəy dedi ki, deyəsən sənin səsin var, atan çalsın bir şey oxu qulaq asaq. Mən Gürd-şəhnaz, sonra isə təzə dəbə düşmüş "Aman ovçu" mahnısını oxudum. Üzeyir bəyin çox xoşuna gəldi. Ağabacını Mirzə Mansurun tar sinfinə, məni isə vokal sinfinə yazdı. Mən bunu istəməsəm də Üzeyir bəyə hörmət əlaməti olaraq heç bir söz demədim. Üzeyirbəy özünə məxsus adəti üzrə barmağını bığına aparıb dedi ki, qoçaq qızlarsınız. Sizi qəbul edirəm. Heç kəs öz qızını musiqiyə gətirməyir. Əvvəl siz çalarsınız sonra başqaları da sizi görüb həv
əsə düşərlər.
Bir gün Üzeyir bəy məni çağırıb dedi ki, bizdə indi tardan başqa kamanca sinfi də açılır. Mən səni kamancaya keçirirəm. Qoy bir bacı tar, o biri isə kamancada çalsın. Bu daha yaxşı olar. Salahov Qılman not üzrə müəllimim oldu.
Mən Qılman müəllimin çalğısını hələ tələbəsi olmamışdan xeyli əvvəl eşitmişdim. Təsadüf elə getirmişdiki musiqi aləminə gələnlərin əksəriyyəti pedaqoji texnikumu bitirmişdilər: Səid Rüstəmov, Xosrov Məlikov, Qılman Salahov, Əmirulla Məmmədbəyli, Ağabacı Rzayeva, Tutu Kərimova və başqaları. Bacım Ağabacı 1927-ci ildə Pedaqoju texnikuma daxil oldu. Orada tez-tez konsertlər olurdu. Mən də bacımla gedirdim. Hətta atam Ismayıl bir valideyn kimi tar ilə gedib oxuyanları müşayiət edərdi. Məhərrəm Naşımovun gözəl "Gürd-şəhnaz" oxuması heç yadımdan çıxmayır.
Onu da, deyim ki, Üzeyir bəyin 1931-ci ildə radionun nəzdində təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestrində Seid Rüstəmov, Xosrov Məlikov, Tutu Kərimova tarda, Qılman Salahov isə kamançada çalırdı.
1926-cı ildə Bakıda Radio verilişləri təzə başlayanda musiqi nömrələrinə çox yer verilirdi. Oxuyanları tar, kamança, qaval üçlüyü müşayiət edirdi. Bu üçlükdə əsasən Xosrov Məlikov – tar, Qılman Salahov – kamança, Xalıq qavalda çalırdılar.
Məşhur xanəndələr, müntəzəm iştirak edirdilər. O, vaxt çox gənc vokalist Nəsirbəyov Məmmədin məlahətli lirik səsilə oxuduğu mahnılar çox sevilirdi. Sonra o, bəstəkar oldu. Mən onda da Qılman müəllimin "Əbu əta"sını solo kamançada radioda eşitmişdim. 1936-cı ildə onun tələbəsi olan vaxtı bir dəfə radiostudiyasına məktubla xahiş etdim ki, Qılman Salahov kamançada "Əbu əta" çalsın. Mənim arzumu yerinə yetirdilər. Bütün ailə üzvlərimlə birlikdə bu gözəl çalğıya qulaq asdıq. Sabahısı dərsə gələndə Qılman müəllim özünə məxsus təbəssümü ilə mənə dedi: "Rüqiyyə sənin sifarişinlə "Əbu əta" çaldım, – xoşuna gəldimi".
Mən özümü itirdim, məni xəcalət təri bürüdü. Sifətim hansı rəngə düşmüşdüsə müəllim tez hiss edib dedi ki, nə olar yaxşı eləmisən. Maadamki xoşun gəlir, məndə məmnuniyyətlə çaldım. Mən əgər bilsəydim ki, məktubu ona göstərəcəklər heç yazmazdım. Bu əhvalatı heç vaxt unutmuram. Onu da deyim ki, "Əbu əta"nı Qılman müəllimdən savayi heç kəsin ifasında eşitməmişəm. Nə üçün görəsən musiqiçilər bunu çalmırlar?
Məni kamança sinifinə keçirəndə təcili kamança almaq lazım gəldi. Onda mağazalarda musiqi alətləri satılmayırdı. Atam kimdənsə mənim üçün bir köhnə kamança aldı. Onun çanaxı çox böyük idi. Dilim-dilim hissələrin birləşməsindən ibarətdi. O, qədər böyük idi ki, çalanda fırlatmaq olmurdu. Hər dərsə gələndə müəllim ona baxıb xeyli gülürdü. Mən də pərt olurdum. Doğrusu, mən də heç kimdə elə kamança görməmişdim. Sonra mən atama təkid etdim ki, bunu aparanda utanıram. Sonra atam başqa kamança aldı. Bunu bir müddət çaldım. Öyrənəndən sonra Qılman müəllim mənim üçün yaxşı bir kamança sifariş etdi, ona futlyar da düzəltdirdim.
Məktəbdə dərslərimiz çox ciddi keçərdi. Bəzən lazım gələndə saata baxılmazdı. Axşam dərsləri olanda məni axırıncı salardı ki, evə gedəndə tək olmayım, qonşu idik, heç yadıma gəlməyirki, müəllimin verdiyi dərsi yaxşı hazırlamamış dərsə gələm. Hər dəfə mənə təzə əsər verərdiki çalım. Tanış olmayan notu pultun üstünə qoyub deyərdi ki, gəl baxaq görək, bu bir az çətindir. Mən isə onu çox asan çalardım. Deyərdi ki, sənə məətəl qalmışam, notu üzündən çox yaxşı oxuyursan. Əla tələbələr var ki, baxan kimi çala bilmirlər, görək evdə öyrənsinlər. Mən bu sözdən fərəhlənərdim. Tələbəyə nə var ki, təki müəllim onu tərifləsin. Mənə çox tapşırıq verərdi. Proqramdan əlavə materiallar gətirərdi, çalardım.
Qılman müəllimin heç bir müəllimdə görmədiyim bir xüsusiyyəti vardı. O, tək düzgün çalmağı deyil, kamançanı diz üstə saxlamağı, barmaqları nə vəziyyətdə simlərin üzərində hərəkət etməsinə, qolun kamançanın qoluna nisbətən nə vəziyyətdə saxlanılmasına çox fikir verərdi. Ən əsas cəhət isə biləng idi.
Qılmanın kamança çalması məhz buna görə də bütün kamança çalanlardan fərqliidi. Onun qolu sakit dayanıb yayı tutmuş biləng isə bir hərəkətlə rəqs edənlərin biləngi kimi arxaya və yana aparmaqla simlərə sürtülür, ona görə səs də həzin, ürəyə yatar çıxır, kənardan baxana isə belə çalğı tərzi çox gözəl təsir bağışlayır o, dəqiqə başqa kamança çalanlarla istər-istəməz müqayisə edirsən və belə çalğı gözəlliyini Qılman Salahovda görürsən.
Qılman müəllim öz gözəl ifaçılıq sənətini öz tələbələrinə də öyrədirdi. Xalqımızın məşhur xanəndəsi Cabbar Qaryağdıoğlunun ən qoca vaxtında Qurban Primov və Qılman Salahovun müşayiətilə oxumasında Qılmanın kamança çalmağına diqqət edilsə mənim dediklərimi görmək olar. Əsil sənətkar çalqısıdır. Yaxşı ki, bu lent yazısı saxlanılır.
Mən həmişə bu haqda fikirləşmişəm ki, nə üçün kamança çalanlar bu gözəl ifa tərzinə fikir vermirlər. Istər tələbələr və istərsə də müəllimlər. Elə bilirəm ki, bu cəhətə çox diqqət yetirmək lazımdır. Yaxşı olardı ki, bu çalğını videoya alıb Konservatoriyada və musiqi məktəblərində tədrisdə əyani vasitə kimi istifadə edilsin, yaxşı çalan qoy gözəl çalmağada fikir versin, bu onu məşhur edər.
|