ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.

 



       Uca dağ başında yanar bir işik,
       Onu bekleyen garip bir aşik..."16.
       "Aşıq" anlayışının sufi təriqətləri ilə bağlılığı bir çox tarixi faktlarla təsdiqlənir. Sənədlərdən məlum olur ki XIII əsrin sonu – XIV əsrin başlanğıcında oturaq və köçəri türk əhalisi arasında geniş yayılan "bəktaşiyyə" sufi təriqətində istər təriqətə qəbul edilmiş aşıq-mülhidlərə, istərsə də onlarla əlaqədə olan digər aşıqlara rast gəlinirdi17. Bundan başqa, Qəznəvilər (999–1040). Səlcuqlar (XI–XII əsrlər) və Qaraxanilər (XI–XVII əsrlər) dövründə çox nüfuzlu din xadimlərini, sufi təriqəti, ticarət və sənətkarlar birlikləri başçılarını, eləcə də müdrikləri və tanınmış alimləri "şeyx" ("şıx") adlandırırdılar. Bu baxımdan böyük şair Nizami Gəncəvinin "Şeyx Nizami" kimi tanınması onun "axilər" təriqətinə mənsub olduğu ilə agah edilə bilər. Öz növbəsində məlumdur ki, Sədi Şirazi (yaxud "Şeyx Sədi") 20 il dərviş libasında müsəlman aləmini gəzib-dolaşıbmış. Bütün bunlarla bağlı belə bir fərziyyə irəli sürülə bilər ki, "şıx" sözünün əvvəlinə "A" artırılması və ondan dü zələn "aşıx" qədim türk adlarında hörmət və ehtiram göstəricisi kim "A" artırmasının işlənmə qaydası baxımından tam qanunauyğundur. Götürək "Aşina" adını": burada "A" hörmət və ehtiram göstəricisi və "şino" yaxud "çino" – "bozqurd", yəni türklərin əfsanəvi əcdadı deməkdir18.
       Tarixin yaddaşında daha bir maraqlı fakt vardır. XVI əsrdə türk aləmində hərbi himnlər geniş yayılmışdı. Janr baxımından "türkü" adlanan və Şah Ismayıl Xətaini tərənnüm edən bu "türkü"-himnlərin yaradıcılarını "aşiq" adlandırırmışlar. Eyni zamanda xalq arasında həmin sənətkarları "a şıx" deyə çağırardılar. Sonralar fəxri "aşıq" adı saz-söz sənətkarlarının adına əlavə olundu. Məsələn, Aşıq Ələsgərin ustadı Alıya "şıx Alı" da demişlər19.
       "Aşıq" sözünün mənşəyi barədə mühakimələri Ə. Bədəlbəylinin "Izahlı monoqrafik musiqi lüğəni"ndə verilən təriflə bitirmək olar:
       "Aşıq (ərəb. aşiq – vurğun, məftun) – yaradıcılığında şairlik, nəğməkarlıq, çalğıçılıq (instrumental ifaçılığı), bədii qiraət və rəqs sənətlərini üzvi surətdə, sintetik tərzdə birləşdirən xalq sənətkarı"20.
       "Aşıq" sözünün belə geniş mənalı təyini yüksək bədii və ictimai-mədəni tutumu olan aşıq sənətinin ilk sinkretik mahiyyətini aydın şəkildə aşkarlayır.
       Aşıq yaradıcılığı sinkretizminin xüsusiyyətlərindən biri də tayfa-qəbilə quruluşunda insan təfəkkürünün ətraf mühiti hisslərlə qavramasından asılılığıdır. Yəni o zamanlar təfəkkür ancaq əyani-obrazlı -duyğulu şəkildə mövcud idi. Bu da öz növbəsində qovuşuq şəkilli yaradıcılıqla nəticələnirdi.
       Aşıq saz-söz yaradıcılığının sinkretik mahiyyəti bir daha təsdiq edir ki, onun yaranması dövrü əmək fəaliyyəti ilə incəsənətin, insanla təbiətin bölünməzliyi; mərasimlə oyunun, işin gedişi ilə yaradıcılığın ayrılmazlığı; mətnin tək oxunaqlı deyil, oynaq olması kimi cəhətlərlə səciyyələnir. Hətta bu günkü baxımdan yanaşsaq, aşığın fəaliyyətinin tərkib hissələri başqa fəaliyyət növlərində ayrıca ixtisaslaşıb. Aşığın bədii yaradıcılığı aləmin (dünyanın, kainatın) nəzəri mənimsənilməsini üzvü surətdə özündə birləşdirir. Burada şüurun sinkretik bütövlüyü (obyekt–subyekt, insan–təbiət, maddilik–mənəvilik, reallıq-ideallıq, rasionallıq-emosionallıq), əl-qol hərəkətləri (jest), alətin çalğısı mimika, ifaçının paltarı. dil-üslubu ilə melodiyanın qarşılıqlı əlaqəliliyində özünü ifadə edən xüsusi bir sistemdir.
       Bəşəriyyətin tarixi inkişafı vaxtilə vahid mədəni-tipli sənətdə və sənətkarda təbəqələşməyə gətirib çıxartdı. Tədqiqatçıların çoxu aşıq sənətinin təbəqələşməsində 3 istiqaməti qeyd edirlər:
       Ustad aşıqlar sinkretik aşıq saz-söz sənətinin ən parlaq şəxsiyyətləri kimi özündə şairlik və bəstəkarlıq istedadı, kamil müğənni, çalğıçı, aktyor və hətta rəqqaslıq sənətkarlıqlarını və ən başlıcası, təcrübəli və müdrik ustadlığı (müəllimliyi) üzvi birləşdirirlər.
       Ifaçı aşıqlar qədim saz-söz ənənələrini yaşadan və onu xalq arasında yayan sənət ustalarıdırlar. Azərbaycan xalqının folklorunun qorunması və inkişafında onların böyük xilməti var22.
       Şair-aşıqlar yaxud el şairləri aşıq sənətinin şer nümunələrini yaradan, xalq şerinin inkişafında misilsiz xidməti olan söz ustadlarıdırlar. Şair-aşıqlar şer yaradıcılığında həmişə ənənəvi havacata əsaslanırlar. Bu da həmin şerlərin ifaçı-aşıqlar tərəfindən çalıb və oxuma yoluyla yayılmasına imkan yaradır.
       Sinkretik aşıq sənətində sazın xüsusi yeri var. Adını "sazlamaq" sözündən götürən və maddi mədəniyyətimizin məhsulu olan saz aləti aşığın musiqi təfəkkürü və qabiliyyətinin ifadəçisidir. Saz məhz yaradıcılığın üzvi, ayrılmaz hissəsi, aşıq oxumalarının müşayiətçisi və müstəqil ifa alətidir.
       Saz mizrabla (təzənə, plektr) çalınan simli və qəti müəyyən edilmiş pərdəli alət olub, çanaqlılar ailəsinə aiddir. Onun armudşəkilli çanağının "yemişi" və "qarpızı" növləri var. Alət əl əməyi ilə tut və qoz ağacndan düzəldilir. Aşıq terminologiyasında sazın aşağıdakı növləri var: böyük saz (ana saz), cürə saz (qoltuq saz) və ən geniş yayılmış tavar saz.
       Sazın yaranma tarixi olduqca qədimdir və çoxsaylı araşdırıcıların fikrinə görə, onun ilk sələfi qopuz adlı alət olmuşdur. Qədim türk-oğuz qəhrəmanlıq dastanı "Kitabi– Dədə Qorğud"da qopuz və onda ifa haqqında məlumatlar var. Öz yaranışından saz ictimai və mədəni səviyyəyə uyğun olaraq böyük təkamül yolu keçmişdir.
       Aşıq havacatının səlis, keyfiyyətli ifası təkcə aşığın səsi və ifaçılıq imkanlarından deyil, həm də sazın səslənmə keyfiyyətlərindin asılıdır. Təsadüfi deyil ki, aşıqlar saz hazırlayan sənətkarlara, daha doğrusu, – sazbəndlərə böyük hörmətlə yanaşır, onlara "usta" deyirlər. Saz ustası – sazbənd hərtərəfli istedadı olan şəxsiyyətdir. O, eyni zamanda həm dülgərlik ustası, həm tərtibatçı-rəssam, həm musiqi akustikasının bilicisi, həm də saz-söz sənətinə yaxşı bələd olan çalğıçıdır. Aşıqlar kimi sazbəndlər də, öz sənətini yaşatmaq üçün saz düzəltməyin sirrlərini şagirdlərinə öyrədirlər. Qeyd etmək lazımdır ki, sazı sədəflə bəzəmə işi də ən mahir sazbəndlərə tapşırılır22.
       Hər bir aşıq oxşarsız olduğu kimi, onun sazı da oxşarsızdır. Alət öz-özlüyündə yaranışını ifadə edən və şifahi, yazısız ənənəli musiqini toplayıb saxlayan abidədir ki, bu abidə xalq terminologiyası vasitəsilə bədii ifadəli məlumatların (informasiyanın) qoruyucusu və ötürücüsü vəzifəsinin yerinə yetirir.
       Saz-söz mədəniyyətinin çoxçeşidliyi onun yüzilliklər boyu toplanılan sənət təcrübəsi nəticəsində olduqca yetkin şəkil alan təsəvvürlər, anlayışlar və terminlər sistemində təmsil olunub. Deyilənlərə misal olaraq alətin quruluşunun üçhissəli antropomorf modelini və aşıq havacatındakı bütöv kompozisiyada qarşılıqlı əlaqəli hissələrin zaman-məkan meylliliyini göstərə bilərik.
       Saz-söz sənətində işlənən "Baş" sözünün məcazi mənası "başlanğıc", "başlıca", "əsas", "aparıcı" deməkdir və hansısa hissənin (yaxud bölmənin) meydana çıxması, başlanması anını əks edir. Eyni zamanda burada havanın başlanıb qurtardığı mövzu rüşeyminin çoxsaylı təkrarı, bəzən isə havanın hər bir tərkib hissəsi nəzərdə tutulur. Terminin başlanğıc funksiyası (vəzifəsi) havaların adları ilə təsdiq olunur: "Baş müxəmməs", "Baş sarıtel", "Baş divanı" və s.
       "Orta" termini havacatın orta, mərkəzi hissəsinə işarədir. Burada bütöv hava quruluşunda orta mövqe ilə yanaşı, yüksəklik baxımından "Baş" ilə "Ayaq" arasındakı ortalıq qeyd edilir. Aşıq ifaçılığında "Orta sarıtel", "Orta müxəmməs", "Orta cəlili" və s. kimi havalar geniş işlədilir. "Ayaq" termininə gəldikdə isə, o sonluq və özül, bünövrə, dayaq deməkdir, yaxud bədii dillə desək, "havanın yaxud havacatın ayağıdır". Lakin "Ayaq Cəlili", "Ayaq Divanı", "Koroğlu havaları" zildən başlansalar da, aşıqların ənənəvi "aşağı" və "yuxarı" haqqında təsəvvürlərinin heç də müasir mənada yozulduğu demək deyildir. Çünki həmin havalar "Başdan" yox, "ayaqdan", yəni köklərdən başlayaraq "Baş"a doğru inkişaf yolu keçirlər.
       Üçhissəli yaxud üçüzvlü quruluş – Baş-Orta-Ayaq (bünövrə) aşıq havalarının yaranışının qədim dövrə aidiyyətini bir daha təsdiq edərək bədii baxımdan qədim türklərin inam yeri olan dağ surəti ilə məkan oxşayışını yada salır23. Hal-hazırda da Azərbaycanda müqəddəs sayılan dağ zirvələri var və əslən türk-oğuz tayfalarından çıxmış müasir azərbaycanlılar həmin zirvələri ziyarət edir, orada dua edirlər. Onlar arasında Beşbarmaq dağını, Şahdağı və Haçaqayanı (Kiçik Qafqazda), Babadağı (Böyük Qafqaz) xüsusi qeyd etmək lazımdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page