ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.

 



       1936-ci ildə ilk dəfə olaraq Azərbaycan muğamlarından "Rast", "Segah-zabul"u Tofiq Quliyev, "Dügah"ı isə Zakir Bağırov fortepianonun ifası üçün görkəmli tarzən-pedaqoq Mənsur Mənsurovdan nota yazarkən musiqi ictimaiyyəti üçün bu, böyük hadisə idi. Bülbülün bu not yazılarına münasibəti "Muğamın nota yazılması haqqında" məruzəsində bildirildi. O, demişdi: "Nota yazılmış (Rast, Segah-zabul və Dügah) dəstgahları texniki cəhətdən pis çap olunmuşdur".
       Bu məsələ ilə əlaqədar məruzədə Bülbül istər muğam, istərsə də xalq havalarını nota yazarkən musiqişünas və bəstəkarların qarşısına dörd məqsəd qoyur:
       Birincisi, nota yazılmış havalar musiqişünas və bəstəkarlar üçün material olsun. Bəstəkarlar həmin yazılardan öz yaradıcılığında istifadə etsinlər.
       Ikincisi, bu not yazılarının klublarda, dərnəklərdə, ümumiyyətlə fortepiano olan yerlərdə musiqi həvəskarları çala bilsinlər.
       Üçüncüsü, bu yazılardan tədris materialı kimi məktəblərdə tələbələr istifadə edə bilsinlər, çalsınlar və i. a.
       Dördüncüsü, bu yazılar tarix etibarilə qiymətli olub xaqımızın mədəniyyətinin inkişafını göstərə bilsin.
       Bu dörd məsələnin məqsəd və məramı aydındır, bizcə şərhə ehtiyacı da yoxdur.
       Lakin, Bülbül yuxarıda haqqında söz açdığımız muğam-dəstgahların not yazısının bəzi nöqsanlarını da məruzədə göstərir. Biz bu nöqsanları labüd sayırıq. Bunlar hansılardır? Yenə mərüzəyə müraciət edək: "Əvvəla Azərbaycan melodiyası nota yazılarkən yalnız onun ahəngi nəzərə alınmışdır, halbuki, bu azdır.
       Ikincisi, dəstgah çap edildikdə onun nə məqsəd üçün yazılması, hansı yollarla istifadə olunması haqqında izahat verilməmişdir".
       Doğrudan da, bu not yazıları haqqında Bülbülün dedikləri bir acı həqiqətdir. Əlbəttə, hər bir dəstgah haqqında mütləq olaraq "Qeydlər"in verilməsi məqsədəuyğundur. Çünki, hər bir dəstgahın necə deyərlər, "pasportu" olmalıdır. Təəssüf ki, bu səhf sonrakı çap olunmuş məcmuələrdə də öz əksini tapmışdır. Təkcə 50-ci illərdə bəstəkar-musiqişünas N. Məmmədovun muğam məcmuələrində artıq hər muğamın izahı verilmişdir. Belə ki, hər bir məcmuə məzmunlu müqəddimə ilə açılır. Bu müqəddimədə nota yazılmış hər bir muğam dəstgahı kompozisiya-quruluş cəhətdən səciyyələndirilir.
       Bülbül, haqqında söz açdığı not yazısında üçüncü səhfi təsniflərin sözsüz yazılması, şöbələr arasında rəngin olmaması ilə müəyyənləşdirir.
       Axı, dəstgah üçün bu komponentlər mütləq lazımdır. Bu baxımdan böyük sənətkarın fikrilə tam razılaşa bilərik.
       Sonra Bülbül onu da qeyd edir ki, məcmuələr bir dərslik kimi də yaramırlar. Bir sıra nöqsanlara görə bunlardan klublarda və yaxud evlərdə istifadə etməkdə mümkün deyil.
       Görünür, o, not yazılarının mürəkkəbliyini və harmonizə olunmuş şəkildə nota salınmasını nəzərə alaraq bu fikri söyləyir. Çünki hər üç muğam görkəmli nəzəriyyəçi-pedaqoq, professor L. Rudolfun harmonizəsində verilmişdir. Bəzi hallarda buradakı fakturada harmoniyalar süni surətdə mürəkkəbləşdirilib. Elə bunun nəticəsində də muğam melodiyalarına-məqam baxımından bəzən uyuşmayan, onun intonasiyarı ilə həmahənglik yaratmayan harmonik müşayiət əmələ gəlmişdir.
       Tənqidi fikirlərlə yanaşı Bülbül ilk not yazısının tarixi əhəmiyyətini də yüksək dəyərləndirir. Və deyir ki, "bir zaman gələr biz tarzən M. Mənsurovun filan havanı (yəni şöbəni – R. Z.) necə çaldığını bu yazı vasitəsilə deyə bilərik".
       Burada biz Bülbülün uzaqgörənliyini, dərin erudisiyasını qeyd etməliyik. Doğrudan da, hal-hazırda musiqişünaslar həmin çap olunmuş muğamların not yazılarına əsaslanıb keçən əsrimizin əvvəllərində muğamların hansı şöbə və guşələrdən ibarət olduğunu, onların kompozisiya cəhətlərini, muğam ifaçılarımız isə M. Mənsurovun ifaçılıq xüsusiyyətşərini, muğam çalğısındakı məziyyətləri öyrənirlər.
       Bülbül həmçinin öz çıxışında xanəndələrə musiqinünas və bəstəkarlara muğamlarımızın nota yazılması haqqında tövsiyələrini də deyir: "Biz XIX əsrin başlanğıcında olan xanəndəlik üslubunu saxlamaq məqsədilə onların nə üslubda oxumalarını öyrənməli və muğamları düzgün nota yazmalıyıq".
       Məlumdur ki, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yaranmış elmi-tədqiqat kabinetinin xalq musiqisinin və muğamların nota yazılmasında mühüm rolu olmuşdur. Bu kabinetə Bülbül rəhbərlik etmişdir. Kabinetin üzvləri S. Rüstəmov, T. Quliyev, Q. Qarayev, Z. Bağırov, Niyazi, C. Hacıyev və M. S. Ismayılov idi.
       Bülbülün "Azərbaycan oxuma məktəbi" məruzəsində kabinetin yaranması, gördükləri əməli işlər haqqında oxuyuruq: "1931-ci ildə Bakıda elmi-tədqiqat musiqi kabineti təşkil edilmişdi. Bizim bu kabinetimiz respublikanın iri rayonlarına elmi ekspedisiyalara göndərilərək, Azərbaycan musiqi-vokal sənətinin qocaman adamlarının söylədikləri, oxuduqları və hər cür çalğı alətlərində çaldıqları əsərləri nota yazmış, çox böyük tarixi material toplamış, bunun əsasında hazırda Azərbaycan musiqisi və vokal tarixinə dair bir sıra mövzuların işlənilməsinə başlanmışdır". Bülbül Kabinetin məqsəd və məramını məhz bu məruzədə açıqlayır.
       "Musiqi sənətinin inkişaf yolları" məqaləsində isə elmi tədqiqat kabinetinin ekspedisiyalarından söz açaraq göstərir ki, özünün rəhbərlik etdiyi kabinetin xüsusi ekspedisiyası Gəncə, Xanlar, Quba rayonlarında 220 instrumental musiqi, rəqs və vokal əsəri, o cümlədən aşıq melodiyalarını nota yazmışdır.
       Sonra məqalədən bizə məlum olur ki, kabinet 800-dən artıq xalq melodiyasını nota yazmış, xalq rəqsləri haqqında böyük bir əsəri çapa hazırlamışdır. Buraya gənc S. Rüstəmov, Q. Qarayev, C. Hacıyev, M. S. Ismayılov tərəfindən toplanıb yazılmış 400 xalq rəqsi daxildir.
       Bülbül bildirir ki, o, 150 çap vərəqi həcmində qədim əfsanələri, dastanları toplayıb. O, vəd edir ki, "Azərbaycan aşıqları" əsərinin birinci hissəsini bitirmək fikrindədir.
       Əlbəttə, bu əsərin hazırlanıb, redaktə olunub çapı aşıq yaradıcılığının öyrənilməsi üçün dəyərli vəsait ola bilər. Tədris prosesində də belə əsərlərə böyük ehtiyac var.
       Biz onu da əlavə edək ki, Bülbülün yaratdığı xalq musiqisi kabinetinin muğamların nota yazılmasında mühüm rolu olmuşdur. Məlumdur ki, xalq musiqisi üzrə elmi-tədqiqat kabinetinin Azərbaycan rayonlarına üç ekpedisiyası keçirilmişdir. Üçüncü ekspedisiya Gəncə şəhərinə (1938) idi. Bu ekspedisiyada o zaman Gəncədə olan tarzən Q. Primovdan "Şur" muğamı, bir sıra təsnif və rənglər nota yazılır. Görkəmli bəstəkarlar Q. Qarayev, F. Əmirov, T. Quliyev, Z. Bağırov, musiqişünas M. S. Ismayılov tanınmış xanəndələr Seyid Şuşinski (1889–1965), C. Qaryağdı oğlu (1861–1944), Z. Adıgözəlov (1898–1963) və tarzən Q. Primov (1880–1965) kimi ustadlardan muğam və təsnifləri nota salmışlar. Belə ki, Q. Qarayev "Şur" muğamını, F. Əmirov xanəndə Bilal Yəhyədən "Rast", "Segah", "Şur" muğamlarından bəzi şöbələri, T. Quliyev, Z. Adıgözəlovun ifasında "Rast" muğamını, M. S. Ismayılov isə C. Qaryağdıoğlu və xanəndə Əlzəhabın ifasında bir sıra təsnifi nota yazmışdır. (Sözləri Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun" poemasından alınmışdır).

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page