ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.
|
|
Sözsüz ki, yuxarıda qeyd etdiyimiz muğamların not yazısı, gənc bəstəkar, musiqişünas-folklorçulara, eyni zamanda sazəndələrə Azərbaycan xalqının klassik sənətinin zəngin inciləri ilə tanış olmaq imkanı yaratmışdır. Bu təqdirəlayiq işin həyata keçirilməsi məhz Bülbülün xalq musiqisi kabinetindəki geniş fəaliyyətinə aiddir.
Bu il 80 yaşı tamam olan Bakı Musiqi Akademiyasının "Xalq musiqisinin tarixi və nəzəriyyəsi "kafedrasının nəzdindəki əsası Bülbül tərəfindən qoyulmuş. "Xalq musiqisi" kabineti hər il tələbələrlə müəllimlərin ayrı-ayrı qrupları respublikamızın rayonlarına ekspedisiyalara gedir və oradan xalq musiqisi janrları nümunələri ilə yanaşı muğamı və aşıq musiqisi nümunələrini (hava və dastanlarını) toplayıb, nota köçürür, onların əsasında diplom işləri və dissertasiyalar yazırlar. Anoloji işi, lakin ancaq elmi mütəxəssislərlə Azərbaycan EA-nın Incəsənət və Memarlıq institutunun "Xalq musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsi də görür.
Bülbülün məruzə və məqalələrində aşıq yaradıcılığı da öz təcəssümünü tapmışdır. O, "Azərbaycan oxuma məktəbi" məruzəsində aşıq sənətinə toxunaraq Azərbaycan xalq vokal sənətini aşıq ifaçılığından başlandığını izhar edir. Və onu göstərir ki, aşıq yaradıcılığı musiqi sənətimizin hər bir sahəsinə təsir göstərmişdir.
Adətən, bizim aşıqları tədqiqatçılarımız bütün əsərlərində fransız trubadurları, alman minnezingerləri və i. a. müqayisə edirlər. Bülbül bu müqayisəni şərti adlandırır. Və deyir ki, "əsrlərlə yaşayan qədim aşıq sənəti bizə uzaq keçmişin yadigarı kimi deyil, canlı həqiqətin təzahürü kimi gəlib çatmışdır".
Müəllif aşığı şair, müğənni, çalğıçı, artist kimi səciyyələndirir, onun repertuarının-dastanlardan, məhəbbət-lirik xarakterli əsərlərdən – bayatılar, məzəli-satirik mahnılardan, oyun havalarından ibarət olduğunu deyir. O, yazır ki, adətən, aşıqlar 50–60-dək əsas melodiya (hava) dan istifadə edirlər.
Bülbül çox düzgün olaraq aşıqlarda "Şikəstə"nin onlarla variantının olduğunu etiraf edir və nümunə kimi "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə", "Orta şikəstə", "Şirvan şikəstəsi", "Quba şikəstəsi" və sairənin adını çəkir. Bunların hamısı Segah üstündə yazılmışdır. Yeri gəlmişkən biz onu da xatırladaq ki, onların sırasından "Qarabağ şikəstəsi" və "Kəsmə şikəstə" sonradan xanəndə yaradıcılığına keçmiş, daha da püxtələşmiş, xanəndələrin yaradıcılığında müstəqil həyata başlamış, onların repertuarlarının bəzəyinə çevrilmişdir.
Müəllif onu da qeyd edir ki, "vaxtilə bəzi aşıqlara "Xan aşıqlar" deyirdilər. Onlar böyük fitri istedada malik olmuşlar. "Xan aşıqlar" adi aşıqlardan peşələrinə görə fərqlənmişlər. Onlar həqiqət və ədalət nəğməkarı olmuşlar".
Bu məziyyətli aşıqlardan söz açarkən müəllif yazır: "Ələsgər , Abbas Tufarqanlı, Hüseyn, Qurban, Sarı, Nəcəfqulu kimi improvizator aşıqlar keçən əsrin aşıq sənətinin ən görkəmli nümayəndələri idilər. Onların ifa etdikləri əsərlərin 60-dan çoxunun adı bizə gəlib çatmışdır".
Aşıq yaradıcılığının toplanmasına, öyrənilməsinə və tədqiqinə xüsusi əhəmiyyət verən Bülbül yazır ki, "aşıq yaradıcılığının tükənməz sərvətini toplamaq və öyrənmək, aşıqlara lazımi yardım göstərmək sahəsində Azərbaycanın elmi təşkilatları, yazıçılar Ittifaqı və elmi-tədqiqat musiqi kabineti qarşısında böyük vəzifələr durur".
Söz yox ki, Bülbülün arzusu və tövsiyələri müəyyən dərəcə öz həllini tapmışdır. Bu illər ərzində aşıq musiqisinin tədqiqatçılarından xüsusilə sənətşünaslıq namizədi Əminə Eldarovanın, sənətşünaslıq doktoru Tariyel Məmmədovun kitabları, elmi məqalələri işıq üzü görmüş, Bakı Musiqi Akademiyasının bütün fakultələrində "Azərbaycan xalq musiqi yaradıcılığı" fənnində "Aşıq musiqisi" bölməsinə böyük yer verilir. Aşıq sənəti respublikamızda uşaq və orta ixtisas musiqi məktəblərində tədris olunur. Beləliklə, aşıq musiqi yaradıcılığı tədris edilir, elmi cəhətdən öyrənilir, nümunələr toplanılır və nota yazılır.
Bülbül həmçinin aşıqlar qurultayının müstəsna qiymətini də onun əhəmiyyətini də göstərərək yazır: "Respublika aşıqlar qurultayının çağırılması şübhəsiz ki, aşıq yaradıcılığının gələcək inkişafı işinə kömək edəcəkdir. Qurultay aşıqlar arasında ideya-siyasi işin yüksəldilməsində böyük rol oynamalıdır. Alim, yazıçı və bəstəkarların birgə işi nəinki çox zəngin aşıq yaradıcılığının öyrənilməsinə, həm də alimlərin gənc istedadlı yeni nəslinin tərbiyə olunmasına kömək etməlidir".
Çox təəssüflə deməliyik ki, neçə illərdir ki, respublikamızda aşıq cəmiyyətinin adı var, ünvanı da mövcuddur (Murtuza Muxtarov kücəsi, 6) ancaq cəmiyyətin fəaliyyəti qənaətbəxş deyildir.
Onu da deyək ki, nə aşıq qurultayları, nə aşıq məclisləri keçirilir, nə də aşıq cəmiyyətinin işi fəallaşır. Bülbülün xatirəsini, onun dəyərli tövsiyələrini əziz tutaraq aşıqlar cəmiyyəti fəallaşmalı, bu qədim musiqi yaradıcılığı sahəsində çalışanlar nəhayət əməli işə başlamalıdırlar.
Bülbülün xanəndə yaradıcılığı haqqında da fikir və mülahizələri dəyərlidir. O, xanəndə və sazəndə sənətini ilk növbədə professional sənət sayır (Bülbülə qədər, indinin özündə də bəzi musiqiçilərimiz xanəndələri xalq müğənnisi kimi səciyyələndirirlər). Bülbül bu haqda yazır: "Professional xanəndə və musiqiçilər (sazəndələr nəzərdə tutulur – R. Z.) öz sənətkarlığı ilə illər boyu şəhər və feodal-mülkədar malikanələrində hakim mövqe tutmuşlar. Həmin sahədə onların rəqibləri olmamışlar".
Böyük müğənni düzgün olaraq xanəndə və sazəndələri məhz şəhər mühitində yetişdiyini, inkişaf etdiyini göstərir və onları əsrlər boyu yaranmış ənənələrin qoruyucusu sayır.
Bülbül xanəndələri yetişdirən xüsusi məktəblərin olmasını da qeyd edir. Və yazır ki, "xanəndələr Azərbaycan muğamlarını məharətlə ifa etməklə empirik yolla əsrlərdən əsrlərə keçən orijinal xanəndə məktəbi yaratmışlar. Bu orijinal oxuma həm Zaqafqaziyada, həm də Yaxın Şərqdə olduqca böyük rəğbət qazanmışlar".
Böyük müğənni XIX əsrin birinci yarısında Şuşa və Şamaxıda, həmin əsrin ikinci yarısında Bakıda vokal sənəti məktəblərinin məşhur olmasını göstərir. O, Şuşa vokal sənəti məktəbinin tanınmış xanəndələrindən Hacı Hüsünü, Əbdülbağını, Islam Abdullayevi və b., tarzənlərdən Sadıqcanı, Zeynalı, Q. Primovu bu məktəbin yetirmələri kimi səciyyələndirir. O, bu məktəbdə dinin təsirinin son dərəcə güclü olmasını da qeyd edir.
Xanəndələrin repertuarından və ifaçılıq xüsusiyyətlərindən söz açarkən Bülbül xanəndələri lirik mahnılarla (təsniflərlə) yanaşı çoxhissəli dəstgahların ifaçısı kimi xarakterizə edərək yazır: "Xanəndələr muğamların ifasını qədim Şərq mədəniyyətində ən saf şəkildə qoruyub saxlamışlar. Muğamı qanuniləşdirilmiş ənənəvi üsulda 2–3 saat (həm də məharətlə improvizə edərək) oxumaq xanəndənin ləyaqət meyarı idi".
Bəli, məhz xanəndələrin yaradıcılığını saf şəkilli ifaçılıq xüsusiyyətlərini səciyyələndirən bu sətirlər həm musiqişünaslığımız, həm də ifaçılarımız üçün dəyərli müddəalar, mülahizələrdir.
|