ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.

 



       Bülbül "Xalq müğənniləri" məqaləsində muğamların ifaçılıq məsələlərindən, onların bu günkü qoruyucuları olan xanəndələrdən söz açaraq yazır: "Muğamlar Orta və Yaxın Şərqdə geniş yayılmışdır. Muğam sənəti Azərbaycanda, Özbəkistanda, Tacikistan da yaşayır və səmərəli inkişaf edir. Fərəhləndirici haldır ki, müğənnilərin yeni nəsli muğamların ifaçılıq ənənələrini qayğı ilə qoruyaraq ona təzə xüsusiyyətlər gətirirlər. Muğamın ifası yüksək ustalıq və geniş diapazona (iki oktava yarım) malik çevik səs müğənnidən incə zəngulələr və ən yüksək registrdə stakkato, mürəkkəb passajlarda tembr səlistliyi tələb edir".
       Bülbül XIX əsrdə xanəndələri eyni zamanda bir sıra muğamların Bayatı-kürd, Kürd-şahnaz, Qatar, Orta segah, Yetim segah, zərbi-muğamlardan Arazbarı, Osmanlı, Mani və rəng, təsniflərin, yüzlərlə rəqs melodiyalarının yaradıcıları hesab edir.
       Doğrudan da, sadalanan muğamlar dəstgahlardan bir şöbə kimi ayrılıb, sonradan onlar əlavələrlə (müxtəlif şöbə və guşələrlə) müstəqil kiçik həcmli muğamlara və zərbi-muğamlara çevrilmişlər. Bu işdə xanəndə və sazəndələrin rolunu xüsusi qeyd etməliyik.
       Bülbülün bəzi məşhur xanəndələr haqqında məqalələri də var. Xüsusilə C. Qaryağdıoğlunun yaradıcılığına o böyük qiymət verirdi. Bülbül XIX əsrin sonunda XX əsrin əvvəllərində artmaqda olan milli şüurun təsiri altında C. Qarayağdıoğlunu Azərbaycan xalq mahnıları ifa etməyə başlayan və tədricən fars mətnindən uzaqlaşan ilk xanəndələrdən sayır. "Şərq vokal sənətinin ustası" məqaləsində müəllif görkəmli xanəndə C. Qaryağdıoğlunun vokal ustalığından söz açır. Onun səsini lirik-dramatik tenor, böyük diapazona malik olduğunu, zilxan keyfiyyətlərini vurğulayır.
       Böyük müğənnimiz xanəndə Islam Abdullayevin oxuduğu "Segah"ları da o, yüksək qiymətləndirərək, onun "Segah"ının xalq tərəfindən sevilməsini belə şərh edir: "...bir dəfə Seyidə (Səyid Şuşinski nəzərdə tutulur – R. Z.) demişlər ki, "Segah" oxusun, o, oxuyub qurtardıqdan sonra "Islam segahı" oxumasını ondan xahiş etmişlər. Bu onu göstərir ki, Islamın oxuması xalqa yaxın idi".
       Biz onu da deyək ki, Bülbül Azərbaycan Dövlət Konservatoriyasında xanəndəlik sinfinin açılmasının ilk təşəbbüskarı olmuşdur. O, 1940-cı ildə Bakının vokal kadrlarının yetişdirilməsinə aid Ümumittifaq müşavirənin yekunlarından söz açaraq yazır: "Incəsənət işləri idarəsi Azərbaycan Dövlət Konservatoriyasında və musiqi məktəblərində xalq mahnısı və muğam üzrə solistlər hazırlayan siniflər açmalı və rəhbərlik işinə görkəmli sənət ustalarını cəlb etməlidir".
       Bülbülün niyyəti gec də olsa yerinə yetirildi. Yaxşı ki, son 10 ildə nəhayət, Bakı Musiqi Akademiyasında xanəndə sinfi açıldı. Bu sinfin bəhrələri göz qabağındadır. Hazırda xanəndə sinfində dörd görkəmli ustad xanəndələr – respublikanın xalq artistləri, professor Arif Babayev, dosentlər Islam Rzayev, Canəli Əkbərov və Alim Qasımov dərs aparırlar. Artıq Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və Icəsənət Universiteti, Azərbaycan Dövlət Akademik opera və balet Teatrı, Teleradio Verilmişləri Şirkəti üçün xanəndə-solistlər, musiqi məktəbləri və texnikumları üçün isə müəllim kadrları hazırlayırlar.
       Bülbül respublikamıza nə cür məziyyətlərə malik vokalçıların olmasını da öz yazı və çıxışlarında tövsiyə etmişdir. Bu barədə oxuyuruq: "Bizə elə vokalistlər lazımdır ki, həm xanəndəlik ustalığına mükəmməl yiyələnsin, xalq yaradıcılığı əsərlərini ifə etsin, həm də orta və Ali musiqi məktəbi həcmində musiqi təhsilinə malik olsun. "Xatırladaq ki, bülbül özü də məhz bu yolla inkişaf edib böyük müğənni səviyyəsinə çatmışdır.
       Maraqlıdır ki, Bülbül öz yazılarında bəstəkarlarımızın xalq musiqisindən hansı yollarla bəhrələnmə məsələsinə də toxunur. Ü. Hacıbəyova həsr olunmuş "Ölməz sənətkar" məqaləsində Bülbül bəstəkarın yaradıcılığında lad-məqamlardan bəhrələnməsini xüsusi vurğulayır. O, "Nigarın ariyası" ilə "Sənsiz"i lad-məqam baxımından müqayisə edərək onların hər ikisinin şikəstə üstündə yazılmasını göstərir. Oxucuya aydınlaşdırır ki "Nigarın ariyası" şikəstə ilə başlayır, orta hissəsi əraq-pəncgahdır, dilkeş yolu ilə yenə şikəstəyə qayıdır. Və segah nəfəsilə ayaq verib qurtarır.
       Sonra yazır: "Sənsiz" qəzəli də şikəstə ilə başlayır. Orta hissəsi manəndi-müxalifdir. Üzzal nəfəsi vurub yenə şikəstəyə enir və segah nəfəsilə eyni pərdədə ayaq verib qurtarır".
       Bülbül hər iki əsərin məzmununun estetik mahiyyətinə toxunaraq Üzeyir sənətinin ölməzliyini də bu keyfiyyətlərdə görür.
       Böyük müğənninin "Koroğlu" operasındakı musiqinin xalq zəmininə əsaslanmasını, ondan bəstəkarın yaradıcılıqla bəhrələnməsini belə səciyyələndirir: "Ü. Hacıbəyovun operası hər şeydən əvvəl ona görə gözəl əsərdir ki, burada bəstəkar Azərbaycanın çox zəngin musiqi folklorundan məharətlə istifadə edə bilmişdir. Biz müğənnilər bunu xüsusilə hiss edirik. Ü. Hacıbəyovun müsiqisinə formal bəzək-düzək, əllaməlik yaddır, bu da zənnimcə xalq yaradıcılığından cəsarətlə istifadə etməsinin nəticəsidir".
       Ü. Hacıbəyovla yanaşı Bülbül Q. Qarayevin də xalq musiqisindən istifadəni belə açıqlayır: "Q. Qarayevin musiqi dilinin əsasını (məqalə "Yeddi gözəl"ə həsr olunmuşdur – R. Z.) Azərbaycan xalq musiqisi təşkil edir. Müəllif baletin musiqisinə əsil xalq koloriti verə bilmişdir. O, xalq mahnı intonasiyalarından, xalq rəqslərinin guşələrindən, müxtəlif ritmlərdən cəsarətlə istifadə edərək "keyfiyyətcə yeni obrazlar yaratmışdır".
       Hamımıza yaxşı məlumdur ki, Bülbül xalq musiqisinin və şifahi ənənəli professional musiqinin – mahnıların, təsniflərin, müxtəlif muğamların mahir ifaçısı kimi də musiqi salnaməmizə daxil olmuşdur. Mən şəxsən onun ifasında olan vallardan və radionun fondundakı lent yazılarından xalq mahnı və təsnifləri nota yazmışam, onların bəziləri "Azerbaydjanskie tesnifı" (Moskva, 1983) kitabında işıq üzü görüb. Böyük müğənnimizin 100 illik yubileyinə "Bülbülün repertuarından xalq mahnı və təsniflər" məcmuəsini çapa hazırlamışam.
       Yeri gəlmişkən onu da deməliyəm ki, onun ifasında xalq mahnı və təsnifləri dinlədikcə müğənninin yüksək səviyyəli, özünəxas cəhətlərə malik olmasını "görürsən". Mən bu məziyyətlərdən ən başlıca xüsusiyyətləri qeyd etmək istərdim.
       Birincisi, onun oxuduğu şerin mənası və məzmunu ilə musiqi cümlələri arasında sıx vəhdəti, həmahəng səslənməni və həmavazlığın bariz nümunəsini necə deyərlər, "eşidirsən".
       Ikincisi, Bülbülün oxudüğu bütün əsərlərdə olduqca aydın tələffüzə, gözəl diksiyaya malik ifaçılıq qabiliyyəti üzə çıxır.
       Məsələn, o, Füzuli qəzəllərinə dərindən bələd olaraq əruzun məziyyətlərini hərtərəfli bilirdi. Məhz buna görə də "hicaz təsnifi" üçün "Can vermə qəmi eşqə ki, eşq afəti candır" misrası ilə başlanan qəzəli, "Çahargah təsnifi" üçün "Dəhənin dərdimə dərman dedilər cananın" misrası ilə başlanan qəzəli seçmişdi. Çünki, yuxarıda adlarını çəkdiyimiz təsniflərin melodiyasına, musiqi məzmununa və ritmik xüsusiyyətlərinə məhz Füzulinin bu qəzəlləri tam uyğun gəlir. Əgər birinci qəzəl "həzəc" bəhrinin əsasındadırsa, ikincidə müğənni "rəməl" bəhrində yazılmış qəzəldən istifadə edib. Nə üçün? Axı, bunlarda olan kvantitativ şer üsulu, yəni qısa və uzun hecalar musiqidəki qısa və uzun ölçülü ritmlərə tam şəkildə uyğun gəlir. Beləliklə, musiqi ilə şer vəzni və onun təranələri arasında biz bütöv vəhdətin şahidi oluruq. Bu keyfiyyət böyük müğənni Bülbülün həm qəzəli (əruzu) bütün təfərrüatı ilə bilməsi, həm də təsnif melodiyasına və ritminə uyğun qəzəl seçmək qabiliyyəti, səriştəli yi, böyük ustalığı, geniş biliyi, yüksək zövqü ilə əlaqədardır.
       Belə nümunələrin sayını artırmaq da olar. Lakin jurnal məqaləsinin səhifə cəhətdən məhdudluğunu nəzərə alaraq mən "Bülbül və Azərbaycan xalq musiqisi" haqqında fikirlərimi yekunlaşdırıram.
       Bülbülün məqalə və məruzələrində məlum olur ki, o, xalq musiqisinin (mahnı və rəqslərin), aşıq yaradıcılığının, şifahi ənənəli professional musiqinin (muğam-dəstgahlar, kiçik həcmli muğamlar, zərbi-muğamlar, təsnif və rənglər) tarixini, nəzəriyyəsini, ifaçılıq məziyyətlərini yüksək dərəcədə dərindən bilirdi. O, demək olar ki, bütün məqalə və məruzələrində yeni əsaslı fikirlər, müddəalar irəli sürür, lazım gəldikdə öz tənqidi fikirlərini açıqlayır, tövsiyə və arzularını, təkliflərini bildirir. Bu keyfiyyətlər onu açıqlayır ki, Bülbül təkcə böyük müğənni, tanınmış pedaqoq kimi fəaliyyət göstərməmiş, həmçinin xalq musiqisi nümunələrinin toplayıcısı, araşdırıcısı, tənqidçisi onun saflığının keşiyində duran islahatçısı, böyük təbliğatçısı, Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki xalq musiqisi üzrə elmi-tədqiqat kabinetinin təşkilatçısı və rəhbəri olmuşdur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page