ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Qörüşlər…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



       2000-ci ilin oktyabrında Bakıda Avropa bəstəkarlarının qeyri-formal görüşü (European comrosers informal meeting) keçirildi. Görüşün təsisçiləri və təşkilatçıları «Yeni musiqi» müasir musiqi cəmiyyəti, Açıq Cəmiyyət Institutu Yardımçı Fondu, Almaniyanın Azər- baycandakı səfirliyi, «SoNoR» müasir musiqi təşəbbüs mərkəzi, Bakı Mədəniyyət və Incəsənət üzrə Məlumat Mərkəzi, Britaniya Şurası, Gənclər və Idman Nazirliyi idi.
       XXI əsrdə musiqini kimlər təmsil edəcəklər? Bu musiqinin siması necə olacaq? Bəstəkarlar hansı ideyalarla yaşayırlar? Bu suallara cavab vermək, hər halda onları qismən də olsa açıqlamaq baxımdan forumun əhəmiyyəti çox önəmli idi. Axı iştirakçıların böyük əksəriyyəti məhz yaradıcılıq zirvəsinə yüksəliş yolundadırlar: başqa sözlə, sənətdə artıq mühüm addımlar atsalar da, güman etmək olar ki, onların əsas nailiyyətləri irəlidədir.
       Görüşün proqramı çoxçeşidli və praktiki baxımdan əhəmiyyətli idi. Zağulbadakı «Gənclik» beynəlxalq istirahət mərkəzində «lövbər» salan iştirakçılar nəinki bir-biri ilə, habelə əsrarəngiz payız təbiəti və mavi Xəzərlə ünsiyyətdə olmaq imkanına malik idilər. Burada, doğrudan da, çox qeyri-formal bir şəraitdə onlar musiqi dinləyir, fikir mübadiləsi aparır, öz təcrübəli, dünyagörmüş, müdrik həmkarları - Kşiştof Meyer və Fərəc Qarayevdən məsləhətlər alırdılar.
       Məncə, praktiki səmərə də ondan ibarət idi ki, Azərbaycanın gənc yaradıcıları - BMA tələbələri həmin məsləhətlərdən faydalana bilərdilər. Faydalandılarmı? Hamısı yox. Mən deməzdim ki, «bizimkilər», bir-iki nəfər istisna olmaqla, əcnəbi qonaqlarla əlaqə yaratmağa can atırdılar. Burada yolun uzaqlığı, narahatlığı, Akademiyadakı məşğələlərin obyektiv «maneə» olduğunu qeyd edərək ümumi ətaləti, biganəliyi də nəzərdən qaçırmamalıyıq. Zənnimcə, enerji, qüvvə dolu gənc musiqi müəlliflərimizdə fikir mübadiləsinə, yaradıcılıq ünsiyyətinə tələbatın olmaması olduqca təhlükəli simptomdur...
       Forumun rəsmi bölməsini - konsertlərini müfəssəl təhlil etmək məqsədini qarşıma qoymayaraq aşağıdakı məqamlara diqqəti cəlb etmək istərdim. Ilk növbədə həmyerlimiz Yuri Sayutkinin solo konsertini təqdirəlayiq bir hadisə adlandırardım. Təəssüf ki, akademik təhsil almış ifaçılarımız XX əsr sənətinə, avanqarda çox zaman laqeyd yanaşırlar (R.Rzayeva istisnadır). Aydındır ki, bu musiqi pianoçudan müvafiq texniki hazırlıqdan savayı, erudisiya, daxili sərbəstlik, hətta aktyorluq məharəti, müəyyən tamaşa qurmaq bacarığı, mən deyərdim, cəsarət tələb edir. Bütün bu keyfiyyətlər Y.Sayutkində sezilir. O, müasir musiqini anlayır və başlıcası, sevir ki, bu da özünü həm A.Şönberqin «klassik» əsərlərinin (Klavierstücke), həm də Corc Krambın parlaq, bir qədər fantastik, ovsunlayıcı obrazlarla zəngin «Makrokosmos-I» kompozisiyasının təqdimatında göstərdi.
       Avstriyalı Aleksandr Vaqendristelin (fleyta) solo konserti də yadda qaldı. Onun ifaçılıq məharəti, virtuozluğu, fleytanın bütün imkanlarını, bəzən gizli, gözlənilməz imkanlarını üzə çıxarmaq bacarığı heyrətamizdir. Əlbəttə, bir alətin səslənməsi ilə məhdudlaşan belə bir konsert sırf professional auditoriyaya ünvanlanıb. Hərçənd «vahid tembr» çərçivəsində belə ifaçı çalar müxtəlifliyinə nail ola bildi.
        «SoNoR» ansamblının (bədii rəhbər - Elmir Mirzəyev, dirijor - Roland Frayzitser) təqdim etdiyi proqram bu günün nəbzini duymaq baxımından daha səciyyəvi idi. Əvvəlcədən deyim ki, proqramdakı əsərlərin əksər hissəsi xüsusi olaraq «SoNoR» üçün yazılmışdır. Deməli, bəstəkarlar müasir musiqini təbliğ edən mütəhərrik heyətlərə ehtiyac duyur və onlarla sidq-ürəkdən əməkdaşlıq edirlər. Noyabrda «SoNoR» Bakıda təqdim etdiyi bir sıra əsərlə (proqrama Əli Əlizadənin «Cantabile-Dialoq im Raum» adlı yeni kompozisiyası əlavə olunmuşdu) Almaniya, Hollandiya, Belçikanın şəhərlərində konsertlər verdi.
       Indi isə musiqi nümunələrinə üz tutaq.
       Mən polyak V.Vidlakın Şopen musiqisinə məxsusi bir allüziya olan (bəstəkar öz dahi sələfinin musiqi obrazını özünəxas faktura vasitəsilə canlandırır) «Reflected Art Gallery-Room 6a», E.Mirzəyevin ani səslənmələrdən hörülmüş, zərif musiqi toxuması ilə seçilən «Görüntülər və əks-səda», R.Frayzitserin parlaq obrazlı, bir qədər «iblisanə» xarakterli «Music for my daughter» əsərlərini, habelə iki səhnəciyi - F.Österlinqin (Isveç) «Love: formal aspects», F.Sərxanın (Fransa) «CRWTH» kompozisiyalarını qeyd edərdim. Son iki əsərin təfsirində Fəridə Məmmədovanın vokal və aktyorluq məharəti, cürəti təəccübləndirməyə və sevindirməyə bilməzdi. Əlbəttə, Fəridə kimi geniş diapazonlu müğənnilərin mövcudluğu bəstəkarları yaradıcılıq axtarışlarına sövq etməlidir. M.Virsaladzenin (Gürcüstan) «Əsrarəngizlik» kompozisiyasında əvvəlcədən bəyan edilən material açılmasa, natamamlıq təəssüratı doğursa da, M.Bulqakovanın (Moskva) «Intercommunication» əsərində isə forma quraşdırılmasında qüsurlar nəzərə çarpsa da, mən onları n yaradıcılıq potensialını da qeyd etməliyəm. Nəhayət, ukraynalı Iqor Qromadskinin (onun əsərlərinin lent yazıları dinlənildi) şəksiz istedadına, iri formalar qurmaq, simfonik partituranı gözəl təşkil etmək bacarığına (bu cəhətlər violonçel, zərb alətləri ansamblı və BSO üçün simfoniyada daha aydın özünü göstərdi) diqqəti cəlb etmək istərdim. I.Qromadskinin yaratmalarında özünəxas üslubun işartıları sezilir. Mən dünyaya məxsusi baxışı olan bu istedadlı gəncə səmimi qəlbdən uğurlar diləyərdim.
       Ayrıca Ingiltərədən gəlmiş Endrü Tuvi haqda. Biz onunla BMA-da görüşüb daha yaxından ünsiyyətdə olmaq, sorğu-sual aparmaq imkanı aldıq. E.Tuvi tanınmış bəstəkardır, onun operaları tamaşaya qoyulur, simfonik əsərləri səslənir. Tuvi heç bir cərəyana, üslub yönünə-minimalizm, neoromantizm, «new complexity» - üstünlük vermir. Annotasiyadan bəlli oldu ki, bəstəkarın yaradıcılığında M.Feldman və M.Finnissinin mürəkkəb musiqisi, Arto, Kamminqs, Rilkenin poetik dünyası, Bekon, Hayter, Kleye, Nyumen, Rauşenberqin sənəti kimi müxtəlif təsirlər özünü aşkarlayır.
       Açığını deyim ki, ingilis qonağımız öz yaradıcılığı ilə bilavasitə bağlı olmayan, məsələn, müasir Britaniya musiqisinə dair suallara çox da həvəslə cavab verməyib, bizi müvafiq internet saytlarına ünvanlandırdı. Belə bir xüsusiyyət, ümumiyyətlə, Qərb bəstəkarlarında müşahidə olunur. Lakin mən hər halda E.Tuvinin «new complexity» cərəyanına münasibətini aydınlaşdırmağa cəhd göstərdim (jurnal artıq «yeni mürəkkəblik» haqda yazmışdır. Bax: Dadaşzadə Z. Ceyms Klark adlı musiqi adası / Musiqi dünyası, 2000,¹ 1(2)). O söylədi ki, son zamanlar cərəyanın qatı tərəfdarları belə tədricən musiqi dili baxımdan «yumşalır», «mülayimləşir». Məsələn, Dillonun öz Skripka konsertində şotland xalq musiqi elementlərinə müraciəti səciyyəvidir.-
Bakı dinləyiciləri E.Tuvinin çox zaman təsviri sənətlə bağlı obrazları, bir qədər təcavüzkar yazı ədası ilə «Music for the painter Estella Thompson» kompozisiyası timsalında tanış oldular.
       Nəhayət, bu qısa qeydlərin sonunda belə bir suala cavab verməyə çalışaq: əsrlərin ayrıcında yaranan musiqini -səslənən kompozisiyaların yazılma tarixi isə, əsasən, 2000-ci ildir - hansı ümumi keyfiyyət fərqləndirir? Məndən ötrü yaradıcıların hər bir halda orijinal, təkrarsız ideyadan təkan almaq niyyəti. Hər şey məhz həmin ideyaya tabe olunur: material da, forma da. Əlbəttə, dinləyici ətalətini dəf edən kompozisiyaların gizli intriqasını izləmək maraqlıdır. Lakin bir dəfə. Bəs material sönükdürsə, onu qurmaq bacarığı da zəif, yəni əsərin ideyadan başqa məziyyətləri yoxdursa, necə olsun? Musiqidənkənar proqrama ifrat dərəcədə uymaq cəhdləri müəyyən etiraz və təşviş doğurmaya bilməz. Hərçənd gənc müəlliflərin intellekti və erudisiyası da şübhəsizdir. Bu mənada F.Qarayevin «...a crumb of music for George Srumb» kompozisiyası seçilir. Burada son dərəcə fərdi, orijinal, çoxmənalı proqram elə inandırıcı bir musiqi qiyafəsində təqdim olunur ki, hər dəfə əsəri dinləyərkən yeni çalarlar kəşf edib məmnunluq hissi duyursan.
       Bütövlükdə Bakıda Avropa bəstəkarlarının qeyri-formal görüşünü çox təqdirəlayiq bir hadisə kimi qiymətləndirərdim. Q.Qarayev adına «XX əsr musiqisi», habelə «Üzü zirvəyə» festivallarının ana xəttini - müasir azərbaycanlıları müasir musiqi sənəti ilə görüşdürmək - davam etdirən bu forumun hər hansı bir formada Bakıda növbəti toplantılarını gözləyirik: çünki hər bir sivilizasiyalı cəmiyyət öz vətəndaşlarını çağdaş incəsənətlə tanış etməlidir. Bunsuz gərgin və mürəkkəb dünyamızın mənzərəsi natamam və solğun olar.
       Indi isə biz Avropa bəstəkarlarının qeyri-formal görüşündə ustad dərsləri ilə çıxış etmiş Kşiştof Meyer haqqında daha ətraflı məlumat verib, bu görkəmli bəstəkarla müsahibəni oxuculara təqdim etmək istərdik.
       Kşiştof Meyer... Bakıya, Avropa bəstəkarlarının qeyri-formal görüşünə gələnlərin siyahısında bu adı oxuyub qəribə hisslər yaşadım: yaddaşım «işə düşdü». Ilk əvvəl bu bəstəkarın Qara Qarayev haqqında yazdığı səmimi sətirlər yadıma gəldi (Bax: Kara Karaev. Statği. Pisğma. Vıskazıvaniə. M.: 1978, c. 90-91). Sonra 1988-ci ildə Q.Qarayev adına «XX əsr musiqisi» festivalının ən unudulmaz konsertlərindən biri - sırf polyak musiqisinə həsr olunmuş və Rauf Abdullayev tərəfindən məharətlə reallaşdırılan həmin konsert. Buradaca T.Berd, Z.Buyarski, V.Lütoslavskinin əsərləri ilə yanaşı, sonda K.Meyerin parlaq simfonik partiturası - «Fireballs» necə ilhamla, temperamentlə səsləndirildi. Və nəhayət, stolüstü kitablarımdan biri - polyak simfonizminə dair I.Nikolskayanın “Ot Şimanovskoqo do Lötoslavskoqo i Pendereükoqo” monoqrafiyasını (M.: 1990) vərəqləyib bu bəstəkar haqda yazılanları hafizəmdə təzələdim. Böyük simfonist, dramaturgiya ustası... K.Meyerin bədii kredosu aşağıdakı sətirlərdə öz bariz ifadəsini tapır : «Musiqiyə münasibətdə mənim üçün onun etik aspekti daha vacibdir: estetik aspekt barədə isə ikinci növbədə düşünürəm. Mən həmişə musiqidə onun sırf səslərdən ibarət məzmunundan daha böyük mətləb ifadə etməyə çalışmışam» (göstərilən kitab, s.203).
       Şan-şöhrətli polyak bəstəkarlıq məktəbinin nümayəndəsi, böyük Ustad haqda bir qədər ətraflı məlumat verək.
       Kşiştof Meyer (1943) Krakov Konservatoriyasını iki ixtisas - bəstəkarlıq (1965, Penderetskinin sinfi) və nəzəriyyə (1966) üzrə bitirib. Üç dəfə (1964, 1966, 1968-ci illər) Parisdə, Nadya Bulanjenin rəhbərliyi altında ixtisasını təkmilləşdirib. Krakov Musiqi Akademiyasının 1972-75-ci illərdə rektor müavini, 1975-87-ci illərdə isə musiqi nəzəriyyəsi şöbəsinin müdiri vəzifələrində çalışıb. Polşa Bəstəkarlar Ittifaqının sədri olub (1985-89). 1987-ci ildən Köln Konservatoriyasının bəstəkarlıq üzrə professorudur. O, Manheym Azad Incəsənət Akademiyasının üzvüdür. Sovet Ittifaqında, Şərqi və Qərbi Almaniyada, Avstriyada, Braziliyada dəfələrlə müasir musiqidən mühazirələr oxuyub, ustad dərsləri verib.
       K.Meyerin bir sənətçi kimi uğurları və nailiyyətlərinin diapazonunu təsəvvür etmək üçün onun sahib olduğu prestijli mükafatların ancaq bir neçəsini sadalayaq: Fransada Gənc Bəstəkarlar Müsabiqəsinin Birinci mükafatı (1966), A.Koplend təqaüdü (1966), Fitelberq adına müsabiqədə Üçüncü simfoniyaya görə Birinci mükafat (1968), «Kyberiade» operasına görə Crand Prix Prince Pierre de Monaco (1970), Ikinci və Üçüncü simli kvartetlər üçün YUNESKO nəzdində Bəstəkarların Beynəlxalq Tribunasının mükafatları (Paris: 1970, 1976), Dördüncü simfoniyaya görə Şimanovski Müsabiqəsinin Birinci mükafatı (1974), Braziliya hökumətinin iki medalı (1975, 1977), Qottfrid fon Herder mükafatı (Vyana, 1984), A.Jurzikovski mükafatı (Nyu-York, 1993), Iohann Ventsel Stamits mükafatı (Manheym, 1996) və s.
       Meyerin əsərləri Avropa və Amerikanın ən nüfuzlu festivallarında, o cümlədən «Varşava payızı», Zaqreb Byennalesi, Hollandiya festivalı, Graz Musikprotokoll, Aldeburq festivalı, Schleswig-Holstein Festivalında səslənib. Əsərlərin böyük bir hissəsi məşhur musiqiçilər, məsələn, Fleyta konserti A.Nikole, Skripka konsertləri D.Sitkovetski, Truba konserti T.Dokşitser, Violonçel konserti B.Perqamenşikov, Concerto da camera per oboe L.Faber, Pezzo capriccioso H.Holliger, Violonçel sonatası D.Gerinqas, Canti Amadei I.Monigetti üçün bəstələnib.
       Nəhayət, K.Meyer musiqişünas və musiqi nəzəriyyəçisi kimi də məhsuldar fəaliyyət göstərir. Onun Şostakoviç haqqında monoqrafiyası mütəxəssislərin rəğbətini qazanıb.
       Bütün bunları bilərəkdən qarşıma «sanballı», təkəbbürlü, bizə, «adi» musiqişünaslara yuxarıdan aşağı baxan bir adamla görüşəcəyimi güman edirdim. Nə deyək, ətrafımızdakı adamlar bizdə belə bir təsəvvür qərarlaşdırıb. Lakin K.Meyer ilə ilk ünsiyyət bütün stereotipləri alt-üst etdi. «Ağac bar verdikcə başını əyər» - bu atalar sözünün həqiqiliyini şübhə altına aldığım bir məqamda cənab Meyer öz gəlişi ilə «qəfil» surətdə təsdiqlədi. Atalar, sən demə, bəzən haqlı imiş...
       Böyük sənətkar və eynilə böyük insan, nurlu şəxsiyyət. «Istedadla, nailiyyətlərlə qürrələnmək, təriflənmək nəyə gərəkdir? Istedad bir vergidir: kimdə var, kimdə isə yoxdur. Əsas insanla, onun mövqeyi və vəzifəsindən asılı olmayaraq, ünsiyyət yaratmaqdır. Burada mənim üçün örnək Şostakoviç və Lütoslavskidir. Lütoslavski həmişə gənc istedadlara təmənnasız yardım göstərməyə çalışmışdır. Çünki özü də həyat yolunun əvvəlində böyük əziyyətlərlə üzləşmiş, ona kömək göstərənləri isə heç zaman unutmamışdır.»
       Təəssüf ki, Bakıdakı konsertlərdə K.Meyerin Skripka solo üçün sonatası planlaşdırıldığı kimi ifa olunmadı. Lakin mən bəstəkarın Altıncı simfoniyası və Violonçel üçün Canti Amadei əsərlərini dinləmək imkanı əldə etdim. Eşitdiklərim mənə çox güclü təcir bağışladı.
       Altıncı Polyak simfoniyası axır vaxtlar yadırğadığımız tammetrajlı «böyük simfoniya»ya gözəl bir nümunədir. Bəstəkarın dramaturgiyanı qurmaq, materialı çox böyük səriştə ilə təşkil etmək, orkestrin məxsusi yozumu nəticəsində sərt koloritə nail olmaq ustalığı diqqəti cəlb etməyə bilməz. Hər şeydə ciddi məntiq, hər bir detalın düşünülmüş tətbiqi, böyük sənətkarlıq.
       Violonçel konsertində (Canti Amadei) Meyerin ixtiraçılıq qabiliyyəti, incə zövqü üzə çıxır. Burada Motsartdan sitatlar (onları tanımaq bəzən heç də asan deyil) musiqi toxumasına elə ustalıqla salınır ki, violonçelin orkestrlə «söhbəti» elə orijinal qurulur ki, əsəri dinlədikcə böyük bir estetik məmnunluq hissi duyursan. Onu da söyləyim ki, violonçel üçün repertuarın, ilk növbədə irimiqyaslı əsərlərin azlığı şəraitində «Canti», şübhəsiz , ifaçıların diqqətindən yayınmamalıdır. Bu əsəri Bakıda səsləndirmək, məsələn, E.Isgəndərov kimi incə duyumlu musiqiçinin ifasında eşitmək nə yaxşı olardı...
       Meyerin Bakıda olduğu bir neçə gün ərzində biz (biz dedikdə mən R.Həsənova, E.Dadaşova, L.Abdullayevanı nəzərdə tuturam) şəhərimizin ən görməli yerlərində olduq: muzeylərdə, Içərişəhərdə, Dənizkənarı parkda. Fəxri Xiyabanda böyük sənətkarlarımızı ziyarət etdik. Dostu Q.Qarayevin məzarı önündə Meyer fikrə daldı. Hiss olunurdu ki, o, həyəcanını çətinliklə cilovlayır. Qonağımız burada başqa məzarlardan fərqli olaraq heykəlin nə üçün olmadığını xəbər aldı. Izah etdik ki, Qara müəllimin vəsiyyətinə əsasən onun üstü müsəlman qayda-qanununa əsasən götürülüb. Bu məlumat Meyeri çox maraqlandırdı.
       Süleyman Ələsgərovun abidəsində Şuşa Cümə məscidinin hansı bir məqsədlə təsvir olunduğunu açıqladıq. Bu vaxtadək doğma torpaqlarımızın işğalı, məcburi köçkünlərimizin acınacaqlı vəziyyəti haqda çılğın söhbətlərimizi nəzakətlə, lakin bir qədər boğazdan yuxarı dinləyən cənab Meyer mütəəssir oldu, ona təlqin etmək istədiyimiz mətləblər sanki konkretləşdi, aydınlaşdı...
       Meyer çox qəribə bir həmsöhbətdir: diqqətli, hövsələli, hörmətcil. Eyni zamanda hər bir məsələyə dair onun fərdi münasibəti də var. Qonağımızın prinsipial mövqeyi, məsələn, T.Xrennikov şəxsiyyətinin dəyərləndirilməsində özünü büruzə verdi. Meyer xatırlatdı ki, 50-ci illərdə Şərqi Almaniyadan bir qrup musiqiçi Moskvaya gəlib Şostakoviçlə görüşmək istəyini bildirəndə, SSRI Bəstəkarlar Ittifaqının sədri hirsini gizlətməyərək «Şostakoviç adında adam yaxın zamanlarda bizim sıralarda olmayacaqdır» - söyləmişdir. Odur ki, indi Xrennikovun özünü xeyirxah bir insan kimi təqdim etməsi gülünc görünür. «Mən Şostakoviçi həddindən çox sevdiyim və ona böyük hörmət bəslədiyim üçün Xrennikovun bədxahlığını unuda bilmərəm», - deyə K.Meyer qətiyyətlə söyləyir.
       Meyerin minnətdar olmaq bacarığı da heyran etməyə bilməzdi. Hər şey Ustadın marağına səbəb olur, onu sevindirirdi: gözəl mənzərə, xoş hava, ləzzətli yemək və ilk əvvəl musiqi. Rəsmi proqramdan kənar o, E.Dadaşovanın, R.Həsənovanın yaradıcılığı ilə tanış oldu, onların əsərlərindəki məziyyətləri diqqətsiz qoymadı.
       Meyerin musiqinin inkişaf yolları haqda fikirləri, «musiqi və siyasət» mövzusunda düşüncələri, Şostakoviç, Qarayevlə bağlı xatirələri çox maraqlı idi. Təəssüf ki, səfərin proqramının zənginliyi mənə qonağımızı daha məqsədyönlü sorğu-sual etmək imkanı vermədi. Söhbətlərimiz, necə deyərlər, «at üstündə» - avtobusda, metroda, küçədə baş verirdi. Böyük musiqiçi, nurlu, nəcib insanla görüşlərimin xülasəsini oxuculara təqdim edirəm.
        Z.D. : Cənab Meyer, Siz Bakıya gənc Avropa bəstəkarlarının görüşündə ustad dərsləri vermək üçün təşrif buyurmusunuz. Odur ki, ilk sualım təbiidir: bu görüşün əhəmiyyətini necə qiymətləndirirsiniz?
        K.M. : Mən gənclərlə ünsiyyətdə olmağı çox sevirəm. Onlar musiqini başqa cür bəstələyirlər. Həmin musiqini anlamaq mənim də problemimdir. Bakıdakı görüşün isə daha bir səciyyəvi cəhəti var idi. Təmasda olduğum gənclərin bir hissəsi Qərbin cavan musiqiçilərindən fərqlənir. Onlar öz kökləri - Azərbaycan, Ukrayna, rus kökləri ilə daha sıx bağlıdır. Qərbdə həmin köklər duyulmur. Burada isə belə fenomen mövcuddur. Özü də mən «köklər» dedikdə, yalnız xalq musiqisini deyil, daha geniş - milli mədəniyyətin xüsusiyyətlərini, milli ənənələri nəzərdə tuturam.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page