ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Qörüşlər…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



       Biz redaksiyamızın qonaqları Azərbaycanda kukla teatrının ən öncül rejissoru və eyni zamanda marionet teatrının yaradıcısı, onun özülünü qoymuş tanınmış rəssam, dizayner Tərlan Qorcu və tanınmış çağdaş bəstəkarlarımızdan biri, jurnalımızın ilk addımlarından bizimlə arxadaşlıq etmiş Cavanşir Quliyevdir. Oxucularımıza onlarla qısa müsahibəmizi təqdim edirik.
        Tariyel Məmmədov: Azərbaycanda marionet teatrının özümlü nə zaman qoyulub?
        Tərlan Qorçu: 1984-cü ildə bizim kukla teatrımız Tbilisiyə səfərə getmişdi. Rəhmətlik Elçin Məmmədov da bizimlə idi. Göstərdiyimiz tamaşalar hamının xoşuna gəlmişdi: istər rejissura, istər bədii tərtibat, istərsə də musiqi tərtibatı baxımından. Və orada. SSRI məkanında ilk marionet teatrının yaradıcısı Rezo Qabriadze yaxınlaşıb təbrik etdi və dedi: "Mən sizin tamaşalara vurğunam. Digər tərəfdən, özüm də, ailəm də Üzeir Hacıbəyov yaradıcılığını sevirik, əsərlərini dinləməkdən doymuruq.Xüsusilə də, "Arşın mal alan"ı. Hazırda onun 100 illiyi qarşısındayıq. Mən çox arzulayıram ki, bizim şəhərdə, – Tiflisdə, Gürcüstanda Üz. Hacıbəyovun "Arşın mal alanı"nı bizim marionet teatrında məhz sizlər tamaşaya qoyasınız. Işin uğuruna inanıram". Nə isə, Bakıya qayıdıb Elçinlə çox fikirləşdik və işin musiqi kəsimini Cavanşir Quliyevə təklif etmək qərarına gəldik.
       Lakin sonradan, çox yumşaq desək, anlaşılmazlıq yarandı. Daha doğrusu, bizdən insafsızcazına faydalanmaq istəyirdilər. Rezo Qabriadze hətta tamaşanı xaricə aparıb göstərmək istəyirdi. Və hətta bəri başdan artıq ingilis dilindəafişa da buraxılmışdı. Afişada bildirilirdi ki, "Arşın mal alan" Tbilisi marionet teatrında, R. Qabriadzenin quruluşunda hazırlanıb və nə mənim, nə Elçinin, nə də Cavanşirin adları belə çəkilmirdi. Qısası, gürcülər bizdən istifadə edib, şöhrətlərini artırmaq istəyirmişlər.
       Biz Bakıda, dövlətin köməyi olmadan, marionet teatrı yaratmaq qərarına gəldik. Heç bir maddi-texniki baza yox idi və bütün işlərin mərkəzi kimi mənim Bayıldakı emalatxanamı seçdik. Çox çətin idi, hər şeyi öz gücümüzlə, öz qüvvəmiz, öz cibimizlə həll edirdik. Lakin bizlərə kömək edənlər də az deyildi. Mən rayonları gəzib, tirmələr, ipək parçalardan düzəldilmiş quramalar belə toplayırdım. Demək olar ki, elmi araşdırmalar səviyyəsində. Əlbəttə, texnologiya ayrıca söhbətin mövzusudur. Onu deyə bilərəm ki, ilk tamaşamız olan "Arşın mal alan" alındı...
        T.M.: Bəs bəstəkarın fikri nədir? Nə deyə bilər?
        C.Q.: Tərlan Qorçu mənə müraciət edəndə biz artıq tanış idik, çünki kukla teatrında "Basat" tamaşasını birgə "boya-başa çatdırmışdıq". Qeyd eləyim ki, elə Tiflisdə də məhz həmin tamaşa ən böyük uğuru qazanmışdı.
       1984-cü ildə Tərlan mənə müraciət edəndə, qarşımda duran çox çətin psixoloji məsələni həll etməliydim. Marionet teatrının öz xüsusiyyətləri var. Mən operettanın musiqisini başdan ayağadək redaktə etməli, ən başlıcaları seçməli, qısaltmalı, yığcam şəkildə orkestrləşdirməliydim, hətta mübahisə də edirdik, çünki mən bu işdə "retroyam" və çılğınlıqla Üz. Hacıbəyovun "müəllif hüququnu" müdafiə edirdim.
        T.M.: Bəs ifaçıların heyəti hansı meyarlara əsaslanırdı?
        C.Q.: Marionet teatrının poetikası yığcam ifa tələb edir. Bizim ifada cəmi bir neçə çalğıçı iştirak edir, orkestrdən söhbət yoxdur. Nə səsyazma studiyamız varıydı, nə də çalqıçılarımız. Çox şeyi cibimizin pulu ilə həyata keçirirdik.
       Təkcə müğənnilər təmənnasız işlədilər və adlarını çəkməliyəm: Xuraman Qasımova Gülçöhrəni oxudu, Ilqar Muradov isə Əsgəri. Elxan Əhədzadə də Soltan bəy oldu. Qalan nömrələrin də öhdəsindən musiqili komediyanın artistləri gəldilər, lakin çox az həcmdə. Deməliyəm ki, Gülçöhrənin heç də bütün ariyalarını orada eşitməzsiniz. Yalnız seçmələri. Digər tərəfdən, mətidə operettada olmayan remarkalar var.
        T.M.: Remarkalar kimindir?
        T.Q.: Orijinaldan götürmüşük. Orijinalda istifadəsiz çox şey qalıb ki, ona nə filmdə, nə də tamaşada rast gəlməzsiniz...
       C.Q.: Ansamblımızın heyəti belədir: tar, kamança, fleyta, 2 kanon, violonçel, piano və bəzi nömrələrdə kontrabas. Lazım gəldikdə, sintezatorun köməyilə ksilofon və zınqırov, digər alətləri səsləndirirdik. Lakin elektron səslər, sintetik səslənmə yox dərəcəsindədir. Bütün bunlar, hətta mətn belə, fonoqrama yazılmışdı. Soltan bəyin mətnini Siyavuş Aslana, Gülçöhrəni Məlahət Abbasovaya, Tellini və digərlərini də az-çox tanınmış aktyorlara tapşırmışdıq.
        T.M.: Deməli, bizim marionet teatrının tarixi 1985-ci ildən başlayıb?
        T.Q.: Bəli, əslində belədir. Qeyri-rəsmi. Lakin 1992-ci ildə Elçibəy hökuməti bunu öz qərarı ilə rəsmiləşdirdi. Teatr dövlət statusu aldı. Teatra yer ayrıldı, həmin yer Içərişəhərin gözdən uzaq yerindədir. Lakin sonrakı siyasi hadisələr çox-çox yaradicılıq planlarımızı pozdu, binanın təmiri yarımçıq qaldı. Lakin binanı mənimsəyib, xarici səfirliklərə və firmalara sata da bilmirlər.
        T.M.: Marionet teatrının hansı üstünlükləri var?
        T.Q.: Ilk növbədə, teatrın mobil təsərrüfatı. Qısa bir zamanda yır-yığışdırıb, çox asanlıqla başqa yerə daşımaq olur. Qastrollar üçün çox əlverişlidir. Yeri gəlmişkən, bir sirri açım. Biz "Leyli və Məcnun" tamaşası üzərin də vaxtı ilə işə başlamıqdıq. Çox orijinal ideya idi. Şkafın qapısı açılır və orada hadisələr cərəyan edir.
       Bütövlükdə götürsək, marionet teatrı tamaşaçılara olduqca xoş gəlir. Xüsusilə də uşaqlara. Mən uşaq deyiləm, lakin o cür ağır əmək sərf etdikdən sonra belə ləzzət almaq mənə də nəsib oldu...
       Təsəvvür edin ki, aktyorlar dayanıb, aşağıda isə səhnədə kuklalar, özü də 20-25 santimetrlik kuklalar, və bu müqayisənin özü də unudulmaz, gözəl təsir bağışlayır. Hətta tamaşaçıları maqnit kimi özünə çəkir.
        T.M.: Bəs bir bəstəkar kimi, bir peşəkar kimi sən nə qazandın?
        C.Q.: Birinci növbədə, teatrla işləmək peşəkar bəstəkara öz dramaturji düşüncələrini yetkinləşdirməkdə kömək edir. Yaşlı peşəkarlarımızdan öyrəndiyimə görə, dramaturji istedad çox aztapılan keyfiyyətdir. Ən dahi bəstəkarların heç də hamısı bu keyfiyyətin sahibi deyillər. Məsələn, Bethoven, Çaykovski həm də dahi dramaturq imişlər, amma Rimski-Korsakov, Ravel kimi nəhənglərin bir qədər dramaturgiya zəifliyi hiss olunur.
       Şəxsən mənim üçün teatr musiqi yazmaq üçün bədii sınaqlar, axtarışlar və tapıntılar meydanıdır. Heç kimin duyub-anlamadığı sınaqların. Sonra kənardan baxıram və nəyin alınıb-alınmadığını görürəm, eşidirəm və duyuram. Araşdırmalar çox şey verir, teatr isə imkan yaradır. Mən də heç zaman teatrla əlaqəni kəsmirəm. Əlverişlidir.
        T.M.: Dramaturgiya dedikdə, musiqi quruluşu nəzərdə tutulmur ki?
        C.Q.: Ilk növbədə, əlbəttə, musiqi quruluşu. Materialda, musiqidə qənaətcillik. Burada qeyd eləmək istərdim ki, mən "Arşın mal alanda" Üzeyirbəydən çox şey öyrəndim. Nəzərimcə, əgər o böyük bəstəkar olmasaydı, yəqin ki, böyük dramaturq olacaqdı. Mən, demək olar ki, "Arşin mal alanı" yenidən köçürdüm və çox şeydən agah oldum.
        T.M.: Lakin Elçin Məmmədovun yoxluğu, yəqin ki, sizin bir maraqlı layihənizi geri saldı...
        C.Q.: Elçin bizim üçün əvəzolunmaz itkidir. Adətən kimi isə itirəndə ilk günlər ağrılı olur, sonra ağrı get-gedə çəkilir və itki ilə "barışırsan". Yəni, belə də olmalıydı. Elçinə gəldikdə isə, əksinə. Ilk günlər heç anlamırdım ki, bu nə olan şeydir. Sonralar isə getdikcə artan nigarancılıq, onun yoxluğunun mənəvi ağırlığından doğan ürək yanğısı və ürək ağrısı. Getdikcə daha tez-tez öz-özümə eyni mənalı suallar yağdırıram ki, "axı nə üçün, niyə?". Mən işimin gedişində də, insanlarla ünsiyyətdə də Elçinin, belə bir qeyri-adi insanın yoxluğu ilə heç cür barışa bilmirəm...
       Qaldı ki, layihəyə, layihə olaraq hələ də yaşayır. Mahiyyəti isə belədir. Tərlan Qorçu Türkiyədən təklif alıb: marionet teatrı yaratmaq təklifi. Lakin Türkiyə çoxçalarlı ölkədir. Biz bu ölkəni tanısaq da, eyni zamanda tanımırıq. Ən çətini hansı mövzunu seçməkdə, nəyi tamaşaya qoymaqdadır. Və belə qərara gəldik ki, Motsartı tamaşaya qoyaq, özü də "Hərəmxanadan qaçırılma" operası mövzusu üzərində işləyək. Deməliyəm ki, çətin məsələdir. Üzeyir bəy özümüzünküdür, bizə yaxındır, Motsart isə yox. Onu marionet teatrı üçün uyğunlaşdırmaq bir qədər də qorxu yaradır. Özü də ilk tamaşa hamının yaxud çoxluğun xoşuna gəlməlidir.
        T.Q.: Layihə var, hazırlıq mərhələsindədir. Elçinin yoxluğu, – o isə, mən deyərdim, dahi üslubçu ("stilist", üslub, dəsti-xətt, səlpgi bilicisi) idi, – və Türkiyədə indiki iqtisadi böhran işimizi gerçəkləşdirməyə imkan vermir. Əlbəttə, məhz biz azərbaycanlıların, – avropalıların deyil, bizlərin Türkiyə marionet teatrının əsasını qoymağımız böyük hadisə olacaqdır.

Tariyel Məmmədov

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page