ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Qörüşlər…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



       "Idman rəqsləri assosiasiyası!"... Olduqca qeyri-adi səslənir, elə deyilmi?... Və istər-istəməz bir az çətin, daha doğrusu, gec dərk olunur. Yüzilliklərin keçidində tarix gedişinin tezləşməsi düşüncələrdə, baxışlarda, anlamlarda bəzən dönüş, bəzən çevriliş yaradaraq, yeni anlam, yeni meyar və yeni dəyərlərə meydan açıb. O cümlədən, və ilk növbədə, incəsənət çevrəsində. Hətta qarşısı alınmayan (daha doğrusu, qarşısının alınması arzuolunmaz!) iqtisadi və mənəvi geriləmə dövrünü yaşayan Quzey Azərbaycanda, böyük çətinliklər bahasına istər yaradıcılıq, istər təşkilatlanma çevrələrində aparılan axtarışlar bəzən hər ikisinin çırpazlaşması sayəsində yeni qurumların və bizim üçün yeni sənət çeşidlərinin meydana gəlməsi ilə sonuclanır.
       Son illərdə peşəkar xoreoqrafiya (rəqs) sənəti çevrəsində geriləmə gözqamaşdırıcı şoular, əyləncəli proqramlar və videokliplərlə ört-basdır edilsə də, burada qurulan rəqslər, – daha doğrusu, rəqs ünsürləri (elementləri) hələlik özfəaliyyət səviyyəsindədir. Bu da bal və modern (yəni çağdaş, müasir) rəqslərin yayımında çox zaman qeyri-peşəkarlığın və hətta naşılığın, hər bir işdə tələsgənliyin üstünlüyü ilə bağlıdır. Toylarımızda və yığnaqlarımızda da milli rəqslərimizin korşalması və, hətta, sıradan çıxması göz qabağındadır. Şənliklərdə bir-iki, lap beş-on nəfərin atılıb-düşməsini rəqs adlandırmaq olmaz. Çünki əsil rəqslərimiz, demək olar ki, yoxa çıxıb. Bir az da dərinə getsək, görərik ki, həmin beş-on nəfərin atılıb-düşməyi də anlaşılmaz hərəkətlər yığınından ibarətdir. Yəni hər bir rəqs çeşidinə xas olan mənalı-məzmunlu-ardıcıllıqlı hərəkətlər toplumu yox dərəcəsindədir. Bir sözlə, rəqs mədəniyyəti yoxdur, onu öldürmüşük. Və belə durumda xalqımızdan yüksək balet sənətini, Qara Qarayev və digər bə stəkarlarımızın baletmeysterlərlə birgə yaratdığı yüksək sənət örnəklərini duyub-anlamağı gözləmək gülüncdür. Yeri gəlmişkən demək lazımdır ki, sovet quruluşunun son dövründə yağışdan sonrakı köbələklər kimi artan diskotekalar da xalqın (özü də təkcə Azərbaycan xalqının deyil!) manqurtlaşması, sonucda isə azğınlaşması yönündə "kommunist gənclərin" – komsomolçuların "ən uğurlu" qurmalarından biri idi.
       Əlbəttə, deyəcəklər ki, qocaman xoreoqrafiya bilicisı, professor Kamil Həsənovun və digərlərlərinim televiziya ilə və ayrı-ayrı klublarda apardıqları mədəni-maarifçilik işi, yaxud da ən görkəmli müğənnimiz Rəşid Behbudovun sənət axtarışları necə olsun? Bəri başdan deməliyik ki, bütün bunlar ayrı-ayrı işartılardan başqa bir şey deyildi. Mədəniyyətin bütövlükdə qorunması isə dövlət səviyyəli proqramdır, elə proqram ki, hər bir yeniyetmənin gələcəyini, onun vətəndaş yaşamını bəri başdan cizgiləndirir. Bir örnək kimi heç də böyük olmayan Irlandiya respublikasını misal gətirə bilərik. Çox-çox yüzilliklər boyu ingilislərin tapdağı olmuş və milli dilin az qala unudulduğu Irlandiyanın məktəblərində hazırda irland dili də, milli mahnılar və rəqslər də, hətta milli idman oyunları da məcburən keçilir. Mədəni sayılan Avropa ölkələrinin orta və ali məktəblərində bal rəqsləri öyrənilir, daha disko-barlardakı meymunçuluq yox. Bəs bizdə vəziyyət nə yerdədir?..
       Azərbaycanda bal rəqslərinin başlanğıcı professor Kamil Həsənov tərəfindən qoyulub və deməliyik ki, onun yetirmələri təkcə ölkəmizdə deyil, çox-çox uzaqlarda, – Almaniya, Israil, Amerika Birləşmiş Ştatları və bir sıra ölkələrdə bal rəqsi müəllimləri kimi fəaliyyət göstərirlər. Lakin bu sənət növünün öz qurumu olduqca cavandır: Azərbaycan müstəqillik qazandıqdan sonra, 1993-cü ildə rəsmi qeyliyyatdan keçən və ayrı-ayrı klublar və mədəniyyət saraylarında işləyən bal rəqsləri müəllimlərini birləşdirən "Idman (bal) rəqsləri assosiasiyası" əslində 1998-ci ildən işə başlayıb. Həmin ilədək isə geniş anlatma işi aparmalı olmuşlar: həm müəllimlər, həm də hökümət dairələri arasında. Çünki idman (bal) rəqslərinin Olimpiya növləri toplusunda iştirakı artıq özünü doğruldub və beynəlxalq səviyyədə bu növün gərəkliyi şübhə doğurmur. Artıq Avropa və dünya çempionatları keçirilir, beynəlxalq federasiya fəaliyyət göstərir. Ən nəhayət, "Idman rəqsləri assosiasiyası" respublika olimpiya komitəsi tərəfindən tanınıb və 1999-cu ildən beynəlxalq federasiyanın üzvüdür.
       2000-ci ilin Sidney (Avstraliya) olimpiadasında idman rəqsləri üzrə ayrı-ayrı ölkələrin nümunəvi çıxışları göstərilib, 2008-ci ilin olimpiadasında isə ilk olimpiya çempionatı keçiriləcəkdir. Bunun səbəbi hakimlik çevrəsində baş verən fikir ayrılığıdır. Fiqurlu konkisürənlərin yarışlarında ikili, – ayrılıqda texniki və bədii qiymətləndirmə idman rəqsləri yarışlarında hələlik özünü doğrultmayıb. Hakimlərin səviyyə hazırlığı da vaxt tələb edir.
       Deməliyik ki, idman rəqsləri yarışlarında musiqinin yeri da önəmlidir. Hətta bütün texniki fiqurları qüsursuz yerinə yetirən rəqqas musiqinin axarından yayınma hallarında sərt cəzalandırılır. Hər bir rəqsin özəl ritmi böyük çətinliklər bahasına mənimsənilir. Hər bir yaş qrupu – uşaq, yeniyetmə, yunior və cavan rəqqaslar rəqsin yeyinliyi baxımından getdikcə çətinləşən tələblərlə üzləşirlər: 1 dəqiqə ərzində yeyinlik 25 xanədən 50-60 xanəyədək dəyişir.
       Həqiqət xatirinə vurğulamalıyıq: vaxtı ilə Azərbaycan Qafqazda rəqsin, o cümlədən bal rəqslərinin yayımı və ifaçılığı baxımından ən öncül yeri tuturdu. Lakin 80-ci illərin ortalarında geriləmə dövrü başladı və bir sıra aparıcı müəllim və rəqqas özlərinə qarşı yaranan soyuqluğa dözməyib Azərbaycanla birdəfəlik vidalaşdılar. Son illər idman (bal) rəqsləri yenə də canlanma dövrünü yaşayırlar.
       "Idman (bal) rəqsləri assosiasiyası"nın ən başlıca məqsədi Azərbaycanda idman rəqslərini bütün səviyyələrdə, – yarışların keçirilməsi, ifa olunan fiqurlar (sistemi), kostyumların biçimi və i. a. üzrə beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Artıq 1999-cu ilin dekabrında Moskvada keçirilən dünya çempionatında idmançılarımız iştirak etmişlər. Və Azərbaycanın beynəlxalq yarışlarda ən yüksək səviyyələrdə hakimlik edən nümayəndəsi də var: Zeytunə Səfərova.
       Biz bir sıra bizlərə indiyədək "qaranlıq" qalan məsələlərə aydınlıq gətirmək üçün "Idman rəqsləri" assosiasiyasının baş katibi Valeri Pavloviç Qolubiçenkonu "sual yağışına" tuturuq.
        Lüdmila Həsənova: Valeri Pavloviç, yəqin ki, idman yaxud bal rəqsləri çevrəsində-yarışlarmı deyək; verilən tələblərmi deyək, – hansısa standartlara, ümumi ülgülərə yaxud ölcülərə əsaslanır?
        Valeri Pavloviç Qolubiçenko: Əlbəttə, belə standartlar var. Ən başlıcalarını götürək. Məsələn, Avropa rəqsləri ilə Latın Amerikası rəqsləri arasında başlıca fərqlər nədədir? Ikincilərdə musiqinin, – janr və ritmin aliliyi, rəqsi hərəkətlərdə yol verilən böyük ixtiyarilik ilkin meyardır. Elə götürək "rumba" rəqsini. "Rumba" "sevgi rəqsi" sayılır və rəqqasların başlıca vəzifəsi həmin sevgini, aralarındakı yaşantıları öz bacarığına uyğun, musiqi ilə təmasda bütün incəlikləri ilə ifadə etməkdir. Əlbəttə, belə halda oyundaşlara yaradıcılıq sərbəstliyi, hətta özbaşınalığı icazəlidir ki, məzmunu oxşarsız şəkildə, ifadəli ifa edə bilsinlər.
       Avropa rəqsləri sərt qaydalarla nizamlanır ki, bu da hazırda ingilis rəqs məktəbinin öncüllüyü və ənənələrindən irəli gəlir. Hər bir yaş kəsiminin özünün özəl qadağaları var ki, onları pozmaq yarışlarda cəzalanır. Məsələn, "şpaqat", "podseçka" və bir sıra başqa hərəkət ünsürləri yolverilməzdir. Digər tərəfdən, hər bir yaş kəsiminin öz yerinə yetiriləcək rəqsi hərəkətlər yaxud ünsürlər (elementlər) toplumu var və yaş artdıqca belə toplum genişlənir və çətinləşdirilir. Oyundaşlara verilən 3 dəqiqəlik çıxış zamanı bütün qoyulan tələblər, – yəni həmin hərəkətlər toplumu, daha doğrusu, onlardan quraşdırılan rəqs nömrəsi bitkin, tamamlanmış şəkildə ifa olunmalıdır. Belə çıxış "proqram" yaxud "proqramlı çıxış" adlanır.
       Avropa və Latın Amerikası rəqsləri ilə yanaşı "formeyşn" ("formation") adlanan rəqs çeşidinə də yarışlarda yer verilib. Bu ansambl rəqsi 12 cüt tərəfindən eyni kompozisiyanı (yaxud quraşdırma) eyni kostyumlarda sinxron (tam uyğun) şəkildə yerinə yetirilməsindən ibarətdir. Lakin belə çıxışlar artıq 3 dəqiqə deyil, 8 dəqiqəyə nəzərdə tutulur, çünki hakimlərə ansambl rəqsini qiymətləndirmək üçün daha çox zaman lazımdır. Deyərdim ki, çox gözəl, rəngarəng tamaşa alınır.
        L. H.: Siz dediniz ki, Latın Amerikası rəqslərində musiqinin aliliyi gözlənilir. Bəs, tutaq ki, istər beynəlxalq, istər Azərbaycan, istərsə də lap təkcə Bakı şəhəri səviyyəsində yaradıcılıq sınaqları mümkündürmü? Həm xoreoqrafiya, həm də musiqidən, – mən milli estrada Musiqisini nəzərdə tuturam, – faydalanmalar mümkündürmü? Rəşid Behbudov və Kamal Həsənov bu yöndə çalışmıları ilə hələ 60-cı illərdə tanılmışdılar..
        V. P. Q.: Əlbəttə, mümkündür. Elə beynəlxalq səviyyədə şou-proqramları götürək. Estrada müğənnilərindən, məsələn, Meladzenin ansamblında rəqs edən gürcü qızı vaxtı ilə bizim yarışların sayımlı iştirakçısı olub. Belə rəqs artırmaları, xoreoqrafiyadan faydalanmalar çox geniş yayılıb və mahnıların bədii təsirini tamamlayır. Hər oxunan mahnının məzmunu rəqslə də açıqlanır ki, bunun da qədim tarixi var.
        L. H.: Rəşid Behbudov bunu gözəl başı düşürdü...
        V. P. Q.: Bəli, bu da təbiidir. Musiqili-xoreoqrafik ifa Avropadan deyil, Şərqdən qaynaqlanır. Ilk növbədə Hindistandan. Və ənənə indi də öz gücünü saxlamaqdadır.
        L. H.: Valeri Pavloviç, Sizin fikrinizcə, "Idman (yaxud bal) rəqsləri assosiasiyası"nın varlığı, onun apardığı iş cəmiyyətin, insanların həyatında, estetik tərbiyədə nə kimi əhəmiyyət daşıyır? Mən bunu hamının, çoxlarının xoreoqrafiya məktəblərində akademik təhsil almağının qeyri-mümkünlüyü baxımından soruşuram...
        V. P. Q.: Maraqlı sualdır... Bildiyimiz kimi, biz artıq bəşəriyyətin bir kəsimiyik, gediş-gəliş azaddır və beynəlxalq əlaqələr qurmaq istəyən hər bir şəxs üç başlıca şeyi bilməlidir: kompyüter, dil (ən çox halda ingilis dili) və rəqs.
       Bizə hazırda rəsmi müraciətlərin tezliyi durmadan artır. Xaricə işləməyə gedənlər və Bakıdakı səfirliklərin işçiləri üçün dil və kompyüter kursları ilə yanaşı, qısa zamanda, –2-3 ay ərzində ən başlıca rəqsləri öyrədən kurslar lazım olur. Musiqi Akademiyasının opera studiyasında və digər yerlərdə belə kurslar var. Hətta hazırda doldurulan anketdə "rəqs etməyi bacarırmı?" sualı qoyulur. Bütün bunları nəzərə alaraq, belə düşünürəm ki, sonucda biz Təhsil nazirliyinə müraciət edib bir sıra məktəblərdə rəqs fənni keçilməsinin lazımlığı məsələsini qoymalıyıq. Inanıram ki, belə məsələ gec-tez öz müsbət həllini tapacaq.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page