ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Qörüşlər…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



        L. H. : Baltikyanı ölkələrdə bu artıq SSRI dövründə öz həllini tapıb və ənənəyə çevrilib...
        V. P. Q. : Baltikyanı bu yöndə liderdir və hələ o zamanlar onların rəqqasları beynəlxalq yarışlarda iştirak edirdilər.
        L. H. : Bəlkə orta məktəblərdə deyil, ali məktəblərdə belə rəqs bölmələri daha məqsədəuyğundurlar?
        V. P. Q. : Sizinlə razılaşıram, lakin ali məktəblər "Fırtınaquşu" ("Burevestnik") idman cəmiyyətinin fəaliyyət çevrəsindədirlər. Və bizim bu çevrəyə, onun işlərinə qarışmağımız düzgün olmazdı. Bizim təşkilatı çətinliyimiz ondadır ki, biz özünüödəmə prinsipini əsas tutmuşuq. Müəllimlərin qazancı şagirdlərin sayından və aylıq ödənişdən asılıdır. Idman növləri, məsələn, sərbəst güləşmə, dzyüdo, yüngül atletika və i. a. "Spartak", "Neftçi", "Lokomotiv", "Dinamo" kimi respublika təşkilatlarının nəzarətindədir və onların yardımına bel bağlıyır. Amma Təhsil Nazirliyi çevrəsində orta məktəblərdən tutmuş ali məktəb, texnikum və kolleclər fəalliyyət göstərir və bu çevrədə geniş işləmək imkanları var. Artıq bir sıra məktəblər ayrı-ayrılıqda maraq göstərməyə başlamışlar. Hətti "Amerika kollecinin" müraciətindən sonra biz oraya müəllim göndərmişik.
        L. H. : Mən Sizə sual verdikdə onu nəzərdə tutmuşdum ki, tələbələr rəqs bölmələrinə gəlməkdə özləri qərarlıdırlar. Halbuki şagirdlərin valideynlərdən böyük asılılığı var... Hansı yaşdan başlayaraq yarışlara buraxılırlar?
        V. P. Q. : Rəsmi olaraq 7 yaşından 35 yaşınadək hər bir şəxs yarışlarda iştirak edə bilər. 35 yaşından yuxarı "sinyorlar" üçün ayrıca "peşəkarlar" yarışları keçirilir. Bütövlükdə götürsək, yaş diapozonu genişdir: 60, hətta 70 yaşlılar üçün də beynəlxalq yarışlar keçirilir.
        L. H. : Tbilisidə son yarışlar (söhbət 2000-ci ilin avqustunda baş verib – L. H.) nə ilə bağlıydı?
        V. P. Q. : Orada bizim rəqqaslar "Tbilisoba" və "Qafqaz kuboku" yarışlarında iştirak etdilər. Lakin gələcəkdə belə yarışlarda çıxışlarımız sual altındadır. Çünki hakimliyin səviyyəsi olduqca aşağıdır və rəqqaslarımız xəsarət alırlar. Geniş çevrəli beynəlxalq yarışlara üstünlük verməliyik və verəcəyik də. Bu daha məqsədəuyğundur.
       Məsələn, həmin adı çəkilən yarışlardan öncə Moskvada və Volqoqraddakı beynəlxalq yarışlarda biz gürcüləri də, erməniləri də çox-çox geridə qoyduq. Tbilisidə isə hər ikisinə uduzduq. Daha doğrusu, uduzdurdular. Beləliklə, onlar bizim sayəmizdə, hakimlərin köməyi ilə öz reytinqlərini artırırlar. Bu haqda Idman və Gənclər nazirliyanın də xəbəri var.
       Yeri gəlmişkən, naziridik bizə qayğı ilə yanaşır, sıx əməkdaşlıq edir. Nazirliyin idarə rəisi Mirkamil Rəhimov bizim məsələlərlə məşğul olur, təşkilatımızın idarə heyətinin də üzvüdür. Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də bizə qayğı ilə yanaşır. Diplomatik korpusun rəqsə marağı və rəqqaslarımızın rəsmi tədbirlərdə və bayramlarda uğurlu çıxışları bizi tanıdıb və başlıca maraqartırıcı amillərdirlər.
       Burada bir bilgi vermək yerinə düşər: Valeri Pavloviç Qolubiçenko 1951-ci ildə Bakıda anadan olub. Azərbaycanın idman həyatında onun özəl, sayımlı yeri var. Vaxtı ilə yüngül atletika üzrə bütün ümumittifaq yarışlarda respublikanın idman şərəfini qoruyub. Moskvada Mərkəzi bədən tərbiyəsi institutunu bitirdikdən sonra "Məhsul", "Lokomotiv" və "Dinamo" cəmiyyətlərində məşqçi işləyib. Onun yetirmələrindən bir neçəsi hətta SSRI çempionu adına layiq görülüb. Yüngül atletika üzrə Azərbaycanın yığma komandasına başçılıq edib, xalq maarifi sistemində fəaliyyət göstərib. Azərbaycan idman rəqsləri assosiasiyasının ən başlıca təşkilatçısıdır, hərçənd ki, öz təbii təvazökarlığından bunu danır. Lakin hər halda, yuxarıda vurğuladığımız kimi, ölkəmizdə idman yaxud bal rəqslərinin beynəlxalq standartlara və səviyyələrə çatdırmaq yönündə böyük xidmətləri göz qabağındadır.
       Assosiasiyanın prezidenti də idman keçmişli həmyerlimizdir. Ramiz Mahmud oğlu Quliyev vaxtı ilə böyük tennis üzrə tanınmış idmançı, hazırda isə beynəlxalq səviyyəli biznesmendir. Qərargahı Almaniyanın Münhen şəhərində yerləşən "Yoqar" firmasının prezidentidir Yüksək zövqü və incəsənətin bütün növlərinə, o cümlədən musiqi, xoreoqrafiya və təsviri sənətə marağı ilə seçilir. Azərbaycan rəqqaslarının xarici ölkələrdə çıxışlarına maliyyə yardımı göstərir, beynəlxalq federasiyanın tanınmış üzvüdür.
       Əlbəttə, idman rəqsləri haqqında söhbətin dolğunluğu bilavasitə rəqqas hazırlayan aparıcı müəllim-mütəxəssisin iştirakı ilə şərtlənir. Hazırda belə mütəxəssis kimi tanınan Zeytunə Əhməd qızı Səfərova, yuxarıda vurğuladığımız kimi, həm də beynəlxalq dərəcəli hakimdir. Zeytunə xanım 1976-cı ildən bal rəqqasları hazırlayır. Lap öncədən Bakı şəhərinin və respublikanın mədəni tədbirlərində öz şagirdləri ilə böyük fəallıq göstərib, ara-sıra hakimlik də edirmiş. "Qış balları" (rəqs bayram-baxışı), "Yaz balları" və "Payız balları"nın təşkilatçısı kimi tanınırmış. Şagirdləri bir sıra ümumittifaq yarışlarında hələ o zamanlar tanınırdı. 1988-ci ildən həm ümumittifaq, həm beynəlxalq yarışlarda hakimlik edir. 1999-cu ildə isə Bratislavada (Slovakiya) keçirilən idman rəqsləri federasiyalarının ümumdünya konqresində beynəlxalq dərəcəli hakim adını alıb. Həm rəqs müəllimləri, həm hakimlər üçün keçirilən bütün beynəlxalq seminarlarda iştirak edir. Onun aparıcı müəllim kimi tanıdan Dmitri Lapin-Mirhəsənova Inara və Talıbov Ilqar – Manafova Aysel rəqs cütləridir. Məsələn, 2000-ci ilin martında, Sankt-Peterburqda keçirilən MDB kuboku uğrunda yarışlarda sonuncular 39 rəqs cütünü udaraq V yerə çıxmışlar. Zeytunə xanım bizimlə "dərdlərini" bölüşdürür.
        L. H. : Təlim və metodika məsələlərinə idman rəqsləri çevrəsində nə dərəcədə diqqət yetirilir? Və bu çevrədə ciddi problemlər varmı?
        Zeytun xanım: Hələ sovet dövründə dediyiniz məsələlərə olduqca ciddi diqqət yetirilirdi. Şəxsən mən ömrü boyu öyrənmişəm və indi də öyrənirəm. Lap başlanğıcdan Gürcüstanla aramsız təlim və metodika "alış-verişi" gedir, biri-birimizdən öyrənirik.
       Bizim o dövrdə yönəldicimiz o zamanlar Moskvada yaşayan və işləyən çox tanınmış pedaqoq Tatyana Nikolayevna Kostina olmuşdur. Onun Moskvada yaratdığı "Vdoxnovenie" ("Ilham") adlanan kollektiv idman yaxud bal rəqsləri janrında ən öncül, örnək kollektiv idi. T. N. Kostina və onun kollektivinə maraq o dərəcədə geniş idi ki, nəinki SSRI respublikaları, hətta xaricdən gəlib öyrənirdilər. T. Kostinanın özü də ildə iki dəfə Bakıya gələrək, bizim mədəniyyət sarayında (indiki Bakıxanov qəsəbəsinda) həm öyrənənlərə – rəqsqaslara, həm müəllimlərə, həm hakimlərə seminarlar keçirirdi. Biz də öz növbəmizdə hər qış tətili kollektivlə Moskvaya, böyük seminara yollanırdıq. Moskvada adı çəkilən kollektivdən savayı, Mərkəzi pionerlər evində (hazırda mərkəzi yeniyetmə və gənclərin yaradıcılıq evi adlanır) bütün SSRI-də ən tanınmış metodist-müəllim Koçetkovun dərslərində iştirak edir, ondan çox dəyərli məsləhətlər alırdıq. Bizim hazırkı Azərbaycan məktəbinin çox möhkəm özülü o zaman qoyulub və bunun nəticəsində səviyyəcə bu gün də biz çoxlarından geridə deyilik.
       Biz həmişə öyrənmişik, indi də öyrənirik. Bir balaca imkan, ən kiçik işartıdan da. Mən bütün seminarlarda dinləyici kimi iştirak etmək istərdim, lakin ən böyük çətinlik maliyyə ilə bağlıdır. Məsələn, mən böyük həvəslə Krasnodara yollanardım, çünki orada yaxşı xoreoqraf təhsili görmüş metodist-müəllim, – A. Babacanov işləyir. Məsələ ondadır ki, mənim uşaqlarım "rumba" rəqsini hələlik yaxşı qavramırlar. Şərqli uşaqlar, adətən, utancaq olur, sıxılırlar. Amma eyni zamanda gördüklərini daha tez götürürlər. Həmin kollektivdə bir neçə dərs məsələni yoluna qoya bilər. Ispan rəqslərinin təlimində də bir sıra çətinliklər var. Onu da deməliyəm ki, bütün bunlar "havayı" deyil, ödəniş tələb olunur.
       Bütövlükdə götürsək, rəqqas uşaqlar arasında Rusiya ilə Ukraynanın rəqabəti başlıca meyardır. Pribaltikada ab-hava bizimkinə oxşardır. Iqtisadi çətinliklər, varlı sponsorların azlığı. Bizim idman yaxud bal rəqsləri adlanan janr yaxud sənət isə "elita" yaxud kübarlar üçündür. Məni çox zaman günahlandırırlar ki, hər uşaqdan çox ucuz aylıq ödəniş alıram. Lakin haqlı olduğuma əminəm. Kütləvilik, geniş yayım başlanğıc təlim üçün çox gərəklidir, yalnız bu yolla istedadları daha asanlıqla üzə çıxarırlar. Qoy həvəsi olan hər bir uşaq özünü sınaqdan keçirə bilsin, sonrasını isə gələcək göstərər.
        L. H. : Biz tədris-təlim gedişində öz-özünə rəqs etməyə icazə vermirik. Başlanğıcda sərtlik gərəkdir. Sizlər buna necə baxırsınız?
        Z. X. : Biz də sizin yöndə çalışırıq. Düzdür, genişlik də lazımdır, lakin ifrata varmadan. Əgər metodik özül laxlasa, bütün görülən iş, təlim heçə endirilə bilər.
       Lakin bizim fərqli cəhətlərimiz də var. Biz hisslərə, yaşantılara geniş imkan veririk. Rəqs edən sıxıntı keçirməməlidir, sıxıntılı rəqs etmək olmaz.
       Mən Avropa proqramlarına, standartlarına bir qədər tənqidi yanaşıram. Lakin çox qəribədir ki, məhz həmin proqramlarda bizimkilərin çıxışları yüksək nəticələr verir. Nə üçün? Ona görə ki, qarşılıqlı seminarlarda düzgün duruşlar, düzgün hərəkətlər öyrənilir, düzgün və aydın cizgilər aşılanırdı. Böyük dəqiqlik var idi o zamanlar. Məsələn, Belyanski Bakıya gələrkən bizə Latın Amerikası rəqslərində düzgün omba hərəkətlərini necə yerinə yetirməyi öyrədirdi.
       Daha sonralar vəziyyət dəyişdi. Stilizasiyalar, sadələşdirmələr başladı. Yoldan sapmaları isə mütəxəssislər o saat görüb deyirlər: "Dayanın! Bu heç də o rəqsdən deyil!" Əlbəttə, məktəb dedikdə üslub nəzərdə tutulursa, burada bəziləri rəqsin düzgün cizgisinə, bəziləri stilizasiyalara, bəziləri isə ifanın bədiiliyinə daha çox meyl eyləyirlər.
        L. H. : Çempionatlara hazırlıq zamanı, əgər beynəlxalq normaları yaxud standartı nəzərə alsaq, rəqsləri quruluş kompozisiyası çevrəsində genişləndirmək yaxud onlara əlavə ünsürlərlə artırmalar gətirmək nə dərəcədə mümkündür?
        Z. X. : Rəqsin quruluş kompozisiyası müəllimin bədii düşüncə səviyyəsidir. Yaxşı kompozisiya teatrallaşmış tamaşadır; burada hər bir şey, hər bir ünsür (element) öz yerindədir. Əlbəttə, "müəllimlərin hamısı bunu anlayır" demək düzgün olmazdı.
       Deməliyəm ki, xoreoqrafik məktəb bitirən müəllimlər quruluş kompozisiyasına daha diqqətlidirlər. Məsələn, Moskvadakı seminarların birində mənimlə bir mütəxəssis işləyirdi, digərləri isə Böyük Teatrın tərbiyəçi müəllimi ilə. Onun quruluş kompozisiyası, deyərdim ki, əsil balet tamaşasını xatırladırdı. Yeni-yeni incəliklər, yaradıcılıq sapmaları gördük. Və belə kompozisiyalar beynəlxalq yarışlarda alqışlanır.
       Bizim sənət növü lap öncədən incəsənətin janrı sayılırdı. Nəsə, baxımsızdıq üzündən hazırda idman növüyük. Doğrudur ki, idman rəqsləri ürəyi yaxşı döyündürür, qan dövranını yaxşılaşdırır, dözümlülüyü artırır. Lakin hər halda baletlə oxşar cəhətlərimiz də var. Sürət, hərəkətlərin itiliyi və yüngüllüyü. Di gəl ki, idman növüyük, hətta olimpiya idman növləri siyahısına düşmüşük.
        L. H. : Buz üzərində baletlə tutuşdursaq...
        Z. X. Bəli, buz üzərində balet bizim rəqslərdən gen-bol faydalanır, lakin orada gimnastik hərəkətlərin tutumu, çəkisi oldunca sanballıdır. Biz əslində sırf rəqsə aid edilməliyik.
        L. H. : Professional rəqsil və rəqqasların mahiyyəti haqqında nə deyə bilərsiniz?
        Z. X. Bakıda hazırda professionallar yoxdur. Digər ölkələrdə isə kifayət qədər var. Professional o deməkdir, insan bütün ömrünü bu sənətə verib. Onların rəqs kompozisiyaları daha professionaldır, daha bədii məna və məzmun daşıyıcısıdır. Həm də bu rəqsin kommersiyalaşdırılmasıdır. Adətən professionallar həvəskar kimi başlayıb, daha sonra ancaq rəqslə yaşayanlardır. Lakin həvəskarlar arasında onlarla rəqabət aparacaq qüvvələr var.
        L. H. : Son dövrdə idman rəqsləri qarşısında qoyulan tələblərdə nə kimi dəyişikliklər baş verib.
        Z. X. : Bizim sənət elədir ki, daimi öyrənməliyik və öyrətməliyik. Lakin hazırda (elə keçmişdə də!) bal (yaxud idman) rəqslərinin qanunvericisi Ingiltərədir. Və qoyulan tələblərdə həmin ölkənin tanınmış pedaqoqlarının sanbalı və əməyi daha çox nəzərə alınır.
        L. H. : Bəs faydalandığınız musiqi çevrəsində hansı yöndə dəyişikliklər gedir?
        Z. X. : Bu çevrədə də dəyişikliklər Ingiltərədən gəlir. Son zamanlar "rumba" rəqsi daha asta, daha sakit axarda ifa olunur ki, bütün incəxlikləri səlis yetirə bilək. "Ça-ça-ça" da azca "yavaşıyıb". Burada deməliyəm ki, bizdə rəqsin sürəti 1 dəqiqəyə düşən musiqi xanələrinin sayı ilə ölçülür. Vyana valsının sürəti də səngiyib. Bizdə elə rəqslər vardı ki, 1 dəqiqədə 60 xanə tuturdu. Müsabiqələrdə buna rast gəlinir. Lakin təlimdə yolverilməzdir, çünki vestibulyar apparatın inkişafı gərəkdir.
       Təbii ki, faydalandığımız musiqi də daim hərəkətdə və inkişafdadır. Bir kompozisiya çərçivəsində eyni janrlı musiqi parçalarından quramalar da son zamanlar geniş yer alıb. Göhnə melodiyalar yeni aranjimanda, bizə lazımlı sürətdə yenidən "bizlərə qayıdır". Bizim musiqi seçimimiz durmadan genişlənir, kompakt disklərdə yeni-yeni əsərlər əldə edirik. Bütün bunlar təlimdə yoruculuğu, üzüntünü aradan qaldırmağa kömək edir. Sürəti getdikcə artan rəqslərdən ibarət kompakt disklərin məşq üçün yeri əvəzsizdir.
        L. H. : Bəs rəqsin kompozisiyasında hansı dəyişikliklər əsasdır?
        Z. X. : Əgər qısa cavab versəm, deməliyəm ki, bu gün beynəlxalq standarta görə, biz təlimdə bütün başlıca rəqs fiqurlarını öyrətməliyik. Bütün kursu keçənlər bunu bilməlidirlər.
        L. H. : Hazırda idman rəqslərində hansı ölkə Ingiltərədən irəlidədir?
        Z. X. : Ingiltərə bal rəqslərinin vətənidir. Aleks Mur və digər ingilis pedaqoqlarının sanbalı şübhəsizdir. Bu gün yalnız Italiya onlarla rəqabət apara bilir, çünki italyanlar yeni üslub, yeni ifaçılıq səpgisiyaratmışlar. Lakin ingilisləri geridə qoymaq çətindir.
        L. H. : Hansı arzularınız var? Real arzular...
        Z. X. : Indiki iqtisadi durumda çox şey arzulamaq gərəksizdir. Lakin real arzulara gəldikdə, istərdim ki, Azərbaycan bəstəkarları bizim sənət növü üçün bol-bol musiqi yazsınlar ki, bizim də geniş seçimimiz olsun.
       Burada ayrıca vurğulamaq lazım gəlir ki, idman yaxud bal rəqsləri "bahalı" sənət növlərindən sayılır. Ilk növbədə elə musiqi müşayiəti baxımından. Dünya çempionatlarında, sayımlı yarışlarda, – hələ şou-proqramlar bir yana qalsın, – canlı musiqili müşayiətdən faydalanırlar. Bunun üçün orkestrlər bəri-başdan, bəzən hətta həmin yarışlar üçün peşəkar bəstəkarlara sifariş verilmiş əsərləri məşq və ifa edirlər. Tanınmış müğənnilər və ansamblların iştirakı da bir ənənədir. Bizim müsahiblərimiz də milli estradamızdan faydalanmağın gərəkliyini söhbətlərimiz zamanı dəfələrlə vurğuladılar. Onlar bəstəkarlarımızdan yeni-yeni əsərlər gözləməkdə haqlıdırlar.
       Digər tərəfdən, rəqs çevrəsində bütün irəliləyişlər "görüb-götürmək dünyasıdır" prinsipinə söykənir. Rəqqasların sayımlı yarışlarda "bərkə-boşa salınması" ilə yanaşı, müəllimlərin bir-birini öyrədib öyrənməyi rəqs texnikasının, rəqs quruluşunun yetkinləşməsində olduqca önəmlidir.
       Ən nəhayət, geyimin, makiyajın, saç düzəltməyin yarışlarda çox yüksək dəyərləndirilməsi və, hətta, həlledici amilə çevrilməsi təkcə yüksək zövq və bədii duyum deyil, həm də maliyyə imkanları tələb edir. Rəqqasın yalnız görünüşü belə yüksək sənət əsəri kimi qavranmalıdır.
       Bütün sadalananlara baxmayaraq, dünya miqyasında götürsək, maliyyə xərcləri özünü doğruldur. Özü də təkcə gəlir götürmək baxımından yox, çünki yalnız gəlir əldə etmə yalnız xırda alverə üstünlük verilən, mədəniyyətin və mədəni irəliləyişin əhəmiyyətini bütövlükdə anlamaqdan uzaq cəmiyyətlərin özəlliyidir. Idman yaxud bal rəqslərinin başlıca dəyəri xalq kütlələrinin də, ayrı-ayrı insanların da həm estetik, həm fiziki, həm mənəvi və psixoloji yaşamında faydaverici amil vəzifədaşıyıcılığıdır. Həmin sənət növünün sürətli yayımı onun bütün dünyada faydalandırıcı əmsalı ilə ölçülür. Bizim çağdaş Azərbaycan da dünyanın bir kəsimidir...

Lüdmila HƏSƏNOVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page