ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Muzeylərdə…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



       Məlumdur ki, Üzeyir bəy Hacıbəyov "Koroğlu" operasından başqa bütün opera və operettalarının musiqisilə bərabər, bədii mətnini də, librettosunu da özü yazmışdır. Ümumiyyətlə, Ü. Hacıbəyov zəngin, qiymətli musiqi irsi qoymasaydı belə, o, öz adını Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə görkəmli ədib, mühərrir, dramaturq və tərcüməçi kimi yazmış olardı. Bu barədə muzeydə ətraflı məlumat verilir.
       Muzeyin birinci otağı bəstəkarın kabinetidir. Bu otaq böyük sənətkarın sağlığında necə vardırsa, eləcə də saxlanılır. Iş masası, yumşaq kreslolar, divan, dairəvi kiçik stol. Bir zamanlar bu masa ətrafında Üzeyir bəy öz dostları, həmkarları, əqidə sirdaşları ilə əyləşər, musiqimizin, incəsənətimizin qarşısında duran vəzifələrdən söhbət açardılar. Bu evdə xalqımızın görkəmli oğulları, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Bülbül, habelə rus musiqi xadimlərindən Rəxmaninov, Qlier, Şostakoviç, Prokofyev, Şaporin, Vasilenko, Şalyapin, gürcü bəstəkarı Poliaşvili, Arakişvili, kazax bəstəkarı Jubanov və başqaları olmuşlar. Muzeydəki fotolar həmin dostluğun tarixini əks etdirir.
       Muzeyimizin eksponatlarından söhbət açarkən bəstəkarın skripkasından, royalından, xüsusi danışmaq lazım gəlir. Üzeyir bəy Hacıbəyovun Qori müəllimlər seminariyasındakı təhsil illərindən bəhs edən ekspozisiyada bəstəkarın şəxsi skripkası əsas yer tutur. Bu alətdə Ü. Hacıbəyov Qori müəllimlər seminariyasında çalmağı öyrənmiş, sonralar isə o, həmin skripkada "Leyli və Məcnun" (1908-ci il) operasının ilk tamaşasında orkestrdə birinci skripkanın partiyalarını ifa etmişdir. Onu da qeyd etmək lazımdır ki, Üzeyir bəy skripkadan əlavə daha iki musiqi alətində –violonçel və bariton adlanan nəfəsli alətdə də çalmağı bacarırdı.
       "Vekker" alman firmasına mənsub olan qara royal da tamaşaçıların marağına səbəb olur. Məhz bu royalda Üzeyir bəy Hacıbəyov özünün ən gözəl əsərlərini, o, cümlədən yaradıcılığının zirvəsi olan "Koroğlu" operasını (1932-1937) yazmışdır. Deyirlər ki, Ü. Hacıbəyov heç vaxt əsərlərini royal arxasında bəstələməzdi. Öncə yazı masası arxasında işləyər, beynindəki musiqini not vərəqlərinə köçürər, bundan sonra royalda həmin musiqini çalar və düzəlişlər edərdi.
       Muzeyin ən qiymətli eksponatlarından biri bəstəkarın anadan olmasının 60 illiyi münasibətilə 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən ona verilən nəfis xalçadır. Xalçanın mərkəzində Ü. Hacıbəyovun əksi, onun sağında "Leyli və Məcnun", solunda isə "Koroğlu" operalarından fraqmentlər toxunmuşdur. Xalçanın yuxarı hissəsində bəstəkarın Ikinci Dünya müharibəsi illərindəki yaradıcılığı, aşağıda isə Şərq və Qərb musiqi alətləri göstərilmişdir. Burada ümumiyyətlə, Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər keçdiyi yaradıcılıq yoluna nəzər salmaq olar. Cəmi 24 günə Bakıda xalçaçı qadınların toxuduqları bu xalçada Azərbaycanın bütün rayonlarına xas olan milli çeşnilərdən, ornamentlərdən istifadə edilmiş, sənətkara xalq məhəbbəti özünün parlaq təzahürünü tapmışdır.
       Muzeydəki maraqlı eksponatlardan biri də 1945-ci ildə Üzeyir bəyin 60 illik yubileyi ilə əlaqədar bəstəkara Cənubi Azərbaycandan, Təbrizdən hədiyyə edilmiş gümüş güldandır. Güldanın üzərində əski əlifba ilə yazılmış təbriklə bərabər, "Leyli və Məcnun", "Koroğlu" operalarından, "O olmasın, bu olsun", "Arşın mal alan" operettalarından fraqmentlər həkk olunmuşdur.
       Ikinci otaq bəstəkarın yataq otağıdır. Burada ev-əşyaları, eləcə də müxtəlif illəri əks etdirən fotolar, həmçinin şəxsi geyimləri – paltosu, kostyumu, frakı nümayiş edilir. Qara frakda Üzeyir bəy dəfələrlə öz əsərlərinə dirijorluq etmişdir.
       Üçüncü otaqda Üzeyir bəy Hacıbəyovun bəstəkarlıq, müəllimlik, o cümlədən ictimai işlərdəki fəaliyyəti göstərilir. Fəxri mükafatlarını əks etdirən xüsusi vitrində dahi sənətkarın müxtəlif illərdə təltif olunduğu ödüllər öz əksini tapır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page