ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-
|
|
Muzeydə bəstəkarın opera və operettalarına xüsusi guşələr ayrılmışdır. Bu əsərlərin proqramları, afişaları, ifaçılarının fotoları və s. burada göstərilir. Üzeyir bəyin yaratdığı bəstəkarlıq məktəbinin nümayəndələrinin də fotoları bu otaqda nümayiş olunur.
Dördüncü otaq bəstəkarın qonaq otağıdır. Burada da hər şey Üzeyir bəyin sağlığındakı kimidir. Onun yemək otağına məxsus ev-əşyaları burada nümayiş edilir. Bu əşyalar nə qədər qonaqların, ziyafətlərin şahidi olmuşlar.
Sonuncu, beşinci otaq isə matəm otağı adlanır. Burada böyük sənətkarın vəfatından yarım saat sonra həykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən gipsdən çıxarılmış üzünün və əllərinin surəti saxlanılır. Divardan isə unudulmaz şairimiz Səməd Vurğunun Üzeyir bəyin dəfni mərasimindəki mitinqdə çıxış edərkən çəkilmiş foto-şəkli asılmış və Üzeyir Hacıbəyova həsr edilmiş şerdən bir bənd lövhəyə həkk olunmuşdur.
Muzeyin şüşəbəndində sərgilər nümayiş edilir, dahi sənətkarın adının əbədiləşdirilməsi, əsərlərinin dünya şöhrəti qazanması barədə gələn qonaqlara məlumat verilir.
"Yaradıcılıq görüşləri" otağında müxtəlif tədbirlər keçirilir. 37 nəfərlik kino zalda isə böyük sənətkarın həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər, "O olmasın, bu olsun", "Arşın mal alan" kinofilmləri nümayiş edilir. Muzeydə bütün ekskursiyalar Üzeyir bəy Hacıbəyovun gözəl, həmişəyaşar musiqisi ilə müşayiət olunur.
Üzeyir Hacıbəyovun ev-muzeyində "Şərq musiqisinin atası" sayılan dahi sənətkarın zəngin irsi toplanır, öyrənilir, təbliğ edilir, elmi-tədqiqat işi aparılır, muzey daxilində və muzeydən kənarda tematik sərgilər nümayiş etdirilir, yaradıcılıq gecələri, müsabiqələr, konfranslar, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri ilə görüşlər keçirilir. Üzeyir bəyin çox sevdiyi "Novruz" bayramı ənənəvi olaraq hər il qeyd edilir, böyük bəstəkarın doğulduğu 18 sentyabr günü müntəzəm olaraq təntənəli şəkildə keçirilir, vəfat etdiyi 23 noyabr isə hər il xatirə günü kimi qeyd edilir, tez-tez məzarı ziyarət olunur.
Bunlardan əlavə muzeyimizdə bir-birindən maraqlı konsertlər keçirilir. Muzeyin 25 illik fəaliyyəti dövründə keçmiş SSRI-nin bir çox respublikalarından şəhərimizə qastrola gələn pianoçular, skripkaçılar, violonçelçalanlar, vokalçılar, eləcə də Azərbaycanın sənət adamları, müxtəlif saylı musiqi məktəblərinin şagirdləri Üzeyir Hacıbəyovun ev-muzeyində maraqlı konsert proqramları ilə çıxış etmişlər. Bu gün də ənənə davam edir. Muzeydə "Üzeyir Hacıbəyovun əsərlərinin ən yaxşı ifaçısı" adlı müsabiqələr keçirilmişdir. Istedadlı müğənni kimi rəğbət qazanan Mələkxanım Əyyubova ilk dəfə bizim muzeydə həmin müsabiqənin laureatı olmuşdur.
Dahi bəstəkarın yubileyləri ilə bağlı muzeyimizin əməkdaşları respublikamızın bir çox şəhər və rayonlarında, eləcə də Moskvada, Sank-Peterburqda, Tbilisidə, Dağıstanda olmuş, onların yaxından iştirakı ilə bu yerlərdə Üzeyir bəyin yubileyləri keçirilmişdir.
25 il ərzində muzeydə elmi sahədə də çox işlər görülmüşdür. Əməkdaşlarımız tərəfindən Üzeyir bəy Hacıbəyovla bağlı müxtəlif mövzularda elmi işlər yazılmış, kitablar nəşr olunmuşdur. Məsələn, 1996-cı ildə "Azərbaycan" nəşriyyatının direktoru Nazim Ibrahimovun rəhbərliyi altında nəşr olunan "Üzeyir Hacıbəyov" ensiklopediyasının hazırlanmasında muzeyimizin bilavasitə köməkliyi olmuşdur. 1997-ci ildə "Bayatı" nəşriyyatında bu sətirlərin müəllifinin "Üzeyir Hacıbəyovun publisistikasında musiqi məsələləri" adlı kitabı nəşr edilmişdir. Respublikamızın tanınmış şairlərinin Üzeyir bəy Hacıbəyova həsr etdikləri şerlərdən (toplanmış şerlərin bir hissəsi) ibarət "Şöhrət tacı" mini kitabı isə professor, mərhum Ramazan Xəlilov və Səadət Qarabağlı tərəfindən tərtib edilmiş, 1998-ci ildə Azərbaycan" "Kitab" cəmiyyətində işıq üzü görmüşdür. Bunlardan əlavə muzey əməkdaşlarının mütəmadi olaraq mətbuatda məqalələri dərc olunur, radio və televiziya verilişlərində çıxış edirlər.
Muzeyimizdə dünyanın bir çox elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin Üzeyir bəy hacıbəyov haqqında xatirələri, ürək sözləri, muzeyə həsr olunmuş şerləri saxlanılır.
Üzeyir Hacıbəyovun ev-muzeyinə həm respublikamızdan, həm də yaxın və uzaq xaricdən tez-tez qonaqlar gəlir. Burada dünyanın hər yerindən – Amerikadan, Kanadadan, Fransadan, Ingiltərədən, Almaniyadan, Yaponiyadan, Çindən, Türkiyədən, Irandan, Liviyadan, Misirdən və s. ölkələrdən müsafirlər təşrif buyururlar. Fəxri qonaqlar kitabında dünya xalqlarının 52 dilində yazılmış maraqlı ürək sözləri bir daha dediklərimizi təsdiq edir. Ümumiyyətlə, Üzeyir Hacıbəyovun ev-muzeyinə gələn hər bir qonaq bu mədəniyyət məbədinə valeh olur, heyrətlərini gizlədə bilmirlər.
Bütün bunlarla yanaşı muzeyin genişləndirilməsinə və təmirinə çox ehtiyac var. Bizim ən böyük arzumuz muzeyi genişləndirib, yeni ekspozisiya otaqları təşkil etmək, 150 nəfərlik kino və konfrans salonu tikdirməkdir. Ümumiyyətlə, bu muzeyin mədəniyyət mərkəzinə çevirmək vaxtı çatmışdır. Bu, muzeyə gələn qonaqların da arzusudur. Bu gün qarşımızda duran ən ümdə vəzifələrdən biri də istilik sisteminin quraşdırılmasıdır. Çünki muzeydə əşyaların, eksponatların normal vəziyyətdə saxlanması üçün müəyyən lazımi temperatur olmalıdır. Əks halda həddindən artıq soyuq və yaxud isti olduqda əşyalar xarab olur. Onların qorunması müşkülləşir. Muzeydəki eksponatlar isə hələ çox əsrlər, qərinələr yaşamalı, gələcək nəsillərə çatdırılmalıdır.
2000-ci ilin noyabr ayının 20-də Üzeyir Hacıbəyovun ev-muzeyinin yaranmasının 25 illiyini böyük təntənə ilə qeyd etdik. Respublikamızın Mədəniyyət Naziri, xalq artisti, professor Polad Bülbüloğlu başda olmaqla mədəniyyət nazirliyinin rəhbər işçiləri, Yasamal rayonunun Icra hakimiyyətinin rəhbərləri, Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, ziyalılar, həmkarlarımız və xarici qonaqlar bizi yubiley münasibətilə təbrikə gəlmişdilər.
Üzeyir Hacıbəyovun ev-muzeyinin tarixində əsrin dörddə biri artıq arxada qalmışdır. Bu illər ərzində muzeyin rövnəqləndirilməsi üçün çox işlər görülmüşdür. Onun şöhrəti Azərbaycanın sərhədlərini keçmişdir. Lakin biz bununla kifayətlənmirik. Qarşıda görüləsi işlərimiz hələ çoxdur. Üzeyir bəyin müqəddəs ruhu bu vəzifələrin yerinə yetirilməsinə kömək olar, inşallah!
Səadət QARAHAĞLI
|