ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
Belə bir məktəb var.
S.Fərəcov
Hekayətli musiqi lüğəti
S. Əliqızı
Gocaman mədəniyyat ocağı 60 illik ərəfəsində
G. Gulieva.
|
|
Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbləri arasında bu gün 6 saylı uşaq incəsənət məktəbi kimi tanınan bir tədris ocağı var. 1962-ci ildə Bakının Biləcəri qəsəbəsində yaranan bu məktəb uzun illər 18 ¹ UMM adını daşıyırdı. Azərbaycan dəmiryolçularının "vətəni" sayılan Biləcəri qəsəbəsi bir zamanlar yaşıllığa qərq olan küçələri ilə, geniş, gözəl parkı ilə, möhtəşəm mədəniyyət sarayı, rəqs meydanları, idman kompleksləri ilə məşhur idi. Musiqi məktəbinin yaranması da qəsəbənin mədəni həyatında əlamətdar hadisə olmaqla bərabər məntiqi bir zərurət idi.
18 ¹-li UMM yarandığı ilk illər məktəbdə əsasən fortepiano, skripka, tar, akkordeon sinifləri fəaliyyət göstərməyə başladı. Elə qəbul olunan şagirdlərin də sayı çox deyildi. Çünki dərs otaqlarının sayı məhdud idi. Müdiriyyət və mühasibatın yerləşdiyi otaqlar daxil olmaqla məktəb cəmi beş sinif otağından ibarət idi.
1967-ci ildən 18 ¹ UMM-nə direktor təyin olunmuş Nadir Hüseynov öz rəhbərlik istedadı, bacarığı və tükənməz enerjisi ilə məktəbin yeni, geniş bir bina ilə təmin olunması üçün gərgin və aramsız fəaliyyətə başladı. Və bütün çəkilən zəhmət hədər getmədi. Tezliklə dəmiryolçulara məxsus olan, ailə yataqxanasının böyük, geniş, ikimərtəbəli binası musiqi məktəbinə verildi. Artıq 70-ci illərin əvvəllərində musiqi məktəbinin təmir olunmuş isti, geniş dərs otaqları, konsert və məşq zalları, kitabxanası, inzibati otaqları vardı və bütün bunlar istər müəllimlərin, istər şagirdlərin səmərəli çalışması üçün gözəl şərait yaradırdı. Məhz 70-ci illərin əvvəllərindən 18 ¹ UMM-nin Bakı şəhərində və bütünlüklə respublikamızda yaddaqalan yaradıcı fəaliyyətinin startı verildi.
Məktəbdə yeni, kamança, qarmon, klarnet, fleyta, truba, violonçel, nağara, balaban sinifləri açıldı. Xalq çalğı alətləri orkestri, böyük uşaq xoru yaradıldı. Bir çox tanınmış və təcrübəli müəllimləri, mütəxəssislər bu məktəbdə işləməyə dəvət olundular və istedadlı uşaqların üzə çıxmasında, inkişaf etməsində böyük zəhmət çəkərək, əzmlə çalışmağa başladılar. Kamança və nəzəriyyədən – Adıgözəl Əliyev, balabandan – Əlibaxış Məmmədov, tardan – Mürsəl Həsənov, klarnetdən – Vladimir Trubnikov, xor dərsindən Vl. Vlasenko kimi mütəxəssislər məktəbdə dərs deməyə başladılar. Tezliklə onların zəhməti öz səmərəsini verməyə başladı. Şəhər, respublika UMM-ləri arasında keçirilən müsabiqələrdə 18 ¹ UMM-nin də yetişdirmələri inamla çıxış edirdilər. Artıq məktəbin şagirdləri bir ənənə olaraq hər il geniş və rəngarəng konsert proqramı ilə M. Maqomayev adına filarmoniyanın səhnəsində həm solist kimi, həm də simfonik orkestrin müşayəti ilə uğurla çıxış edərək, respublikada nümunəvi gə
nc musiqiçilər kimi tanınırdı. Məktəbin şagirdlərinin milli televiziya ilə hər il maraqlı çıxışları da yadda qalırdı. Dəfələrlə məktəblər arası keçirilən baxış müsabiqələrdə 18 ¹-li UMM-nin şagirdləri bütün çalğı alətlərində qazandıqları göstəricilərə görə I yeri tutaraq qalib çıxmış, qiymətli hədiyyələrlə mükafatlandırılmışdılar.
70-ci illərin ortasında 18 ¹ UMM, Moskva şəhərində səfərdə olmuş, paytaxt mus. məktəbləri ilə qarşılıqlı görüşlər keçirmiş, konsertlər vermişdilər. Məktəbin məzunları bir qayda olaraq Bakı, Sumqayıt, Mahaçqala və digər şəhərlərin musiqi texnikumlaranı, daha sonralar Ü. Hacıbəyov adına dövlət Konservatoriyasına və Incəsənət Institutuna uğurla imtahan verib, qəbul olunurdular. Bu gün 18 ¹ UMM-nin məzunları sırasında respublikanın əməkdar artisti tarzən Məhlət Müslümovu, bəstəkar Sərdar Fərəcovu, pianoçu Natiq Rzayevi, dövlət mus. komediya teatrının xormeystri Vaqif Məstanovu, dövlət simfonik orkestrinin solisti-klarnetçalan Şükür Səmədovu, Musiqi akademiyasının müəllimi Lalə Novruzovanı, Incəsənət Universitetinin baş müəllimi Rasim Babayevi göstərmək və onlarla başqalarının adlarını fərəhlə çəkmək olar.
Məktəbin neçə-neçə məzunu orta və ali təhsillərni tamamladıqdan sonra yenidən doğma məktəbə – ancaq artıq bir müəllim kimi qayıdıblar. Onların yeni fəaliyyəti ilə məktəbin tarixinin daha neçə fərəhli səhifələri yazılıb. Bu müəllimlərdən uzun illər xalq çalğı alətləri şöbəsinə rəhbərlik edən, tar müəllimi Kamal Məmmədovu, fortepiano şöbəsinin müdiri Gülnarə Süleymanovanı, hazırlıq şöbəsinin rəhbəri Sevda Cəbrayılovanı, müəllimlərdən Lidiya Polonskayanı, Leyla Qasımovanı, Şəlalə Qəhrəmanovanı, Leyla Əsgərovanı, Elnarə Axundovanı, Natəvan Ismayılovanı, Nahidə Babaşovanı, Esmira Mirzəyevanı və başqalarını qeyd etmək olar. Respublikamızın və Bakı şəhərinin neçə tədris ocaqlarında, eləcə də müxtəlif kollektivlərdə uğurla fəaliyyət göstərən nə qədər məzunun da xidmətləri nəzərdən yayınmamalıdır.
Nadir Hüseynovun 15 illik uğurlu fəaliyyətindən sonra bir-neça il məktəbin rəhbərliyində durğunluq müşahidə olunmağa başladı. Bəlkə də hər il dəyişən direktorlar məktəbin əvvəlki nailiyyətlərini bərpa edə bilmirdilər. Nəhayət 1985-ci ildə direktor əvəzi, 1987-ci ildən bu günə kimi isə direktor vəzifəsində çalışan Nəriman Əliyev yenidən 18 ¹ UMM-in fəaliyyətini inkişafa doğru yənəldə bildi. Bacarıqlı və istedadlı müəllimlərin təcrübəsinə arxalanan Nəriman Əliyev az bir zamanda qabiliyyətli şagirdləri üzə çıxararaq, onların müvəffəqiyyətli çıxışlarını təmin edə bildi. Nəriman müəllimin zəhmətsevəliyi, işgüzarlığı, yeniliyi duymaq qabiliyyəti müasir mərhələdə öz bəhrəsini verməyə başladı. Respublikamızda hər iki ildən bir yüksək səviyyədə keçirilən "Qənçə" festivalında 5 dəfə laureat kimi yüksək zirvəyə yüksələ bilən məktəbin kollektivi, fərdi müsabiqələrdə də uğurla çıxış etdi. Belə ki, məşhur tarzən Hacı Məmmədov adına keçirilən müsabiqədə 2 ya 3 alət üzrə məktəbin
yetirmələri 4 dəfə laureat adını qazana bildilər. Əlbəttə, bu qalibləri yetişdirən müəllimlərin əməyi, zəhməti danılmaz fakt kimi qiymətləndirilməlidir. Məktəbin dərs hissə müdiri Validə Əliyeva, şöbə müdirlərindən Kamal Məmmədov, Gülnarə Süleymanova, müəllimlərdən Elmira Şıxəliyeva, Söhrab Musabəyov, Nadir Cəbrayılov, Nailə Məcidzadə, Leyla Əsgərova artıq neçə illərdir ki, ardıcıl olaraq bu festival və müsabiqələrə layiqli şagirdlər yetişdirirlər. Məktəbdə xanəndə sinfinin əsasını qoyan və uzun illər istedadlı uşaqlara muğamın sirlərini öyrədən respublikanın xalq artisti Əlibaba Məmmədovun yetirmələri də hər zaman öz uğurları ilə göz qabağında olub. 1999-cu ildə Britiş Petroliumun keçirdiyi muğam müsabiqəsinin qalibi və "Qran Pri" mükafatının sahibi məhz Əlibaba Məmmədovun şagirdi balaca Murad Rüstəmzadə olmuşdur. Bugün məktəbin şagirdlərinin uğurlarını, qələbələrini saymaqla qurtarmaq olmaz.
Bununla belə məktəbin rəhbərliyi, öz fəaliyyət dairəsini daim genişləndirmək üçün yeni-yeni addımlar atır. Belə ki, 2 ildir ki, məktəbdə Kamalə Musayevanın rəhbərlik etdiyi rəssamlıq sinfin fəaliyyətə başlayıb. Artıq bu sinfin yetirmələri məktəb daxili müsabiqədə iştirak etmiş və qaliblərin tabloları məktəbin divarlarını bəzəyir.
Görkəmli rəqqas, əməkdar artist Kamil Dadaşovun rəhbərliyi ilə yaradılmış rəqs sinfi də qısa bir zamanda uğurlu debüt etmişdir. 2001-ci il martın 3-də R. Behbudov adına mahnı teatrında məktəbin müəllimlərinin iştirakı ilə keçən konsertdə Kamil müəllim həm öz şagirdləri, həm də müəllim həmkarları üçün qurduğu iki gözəl rəqsi nümaiş etdirmişdir. Qeyd edək ki, həmn konsert Bakı şəhərində musiqi məktəbi müəllimlərinin keçirdiyi ilk konsert idi.
Məhz fəaliyyətinin geniş və rəngarəng olmasına görə artıq 3 ildir ki, 18 ¹ UMM – 6 saylı incəsənət məktəbi adını daşıyır. Məktəbdə tez-tez tematik məruzələr, klassik bəstəkarların yubileyi ilə bağlı müsamirələr, bayram şənlikləri keçirilir. Bu il Novruz bayramı ərəfəsində keçirilən iməclik özü də bayram əhval-ruhiyyəsində idi.
Məktəb bu gün də öz nikbin həyatını yaşayır. Yeni-yeni müsabiqələr, festivallar, konsertlər üçün proqramlar hazırlanır, cilalanır. Məktəbin gələcək istedadlarını bu gün aşkar edən hazırlıq qrupunun rəhbəri Sevda Cəbrayılova artıq neçə ildir ki, "balaca dostları" ilə maraqlı proqramla neçə-neçə səhnədə, salonda uğurla çıxış edir. Bəstəkarlardan S. Fərəcovun, C, Quliyevin, G. Abasquliyevanın uşaq mahnıların ssenariləşdirərək hər mahnıya uyğun kostyumlar tikdirən, rəqslər, pantomimlər düşünən Sevda xanım sözün əsil mənasında gözəl və təravətli uşaq teatrı yarada bilib.
2002-ci ildə 6 saylı uşaq incəsənət məktəbinin 40 yaşı tamam olacaq. Bu illər ərzindəki fəaliyyətinə görə məktəbin kollektivi əlbəttə qürur, iftixar hissləri yaşamağa haqlıdır. Inanırıq ki, qarşıdan gələn illərdə də məktəb öz ənənəsinə sadiq olacaq, yeni-yeni uğurlar, müvəffəqiyyətlər qazanacaq, şəhərimizin tədris ocaqları sırasında seviləcək və seçiləcək!
|