Jurnal haqqında

1999-cu il sentyabrın 18-də, "Üzeyir musiqi günü"ndə respublikamızın musiqi ictimaiyyətinə yeni bir nəşr təqdim olundu.
Bu, "Azərbaycan musiqisi üçüncü yüzillikdə" proqramına əsaslanan, ilk dəfə həm azərbaycan, həm də rus və ingilis dillərində dərc olunan elmi-pedaqoji, tənqidi-publisistik və mədəni-maarif musiqi jurnalı olan "Musiqi Dünyası" idi. Jurnal Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının və "Koroğlu - T" firmasının təsisçiliyi ilə ərsəyə gəlmişdi.
Redaksiya heyətinin tərkibi xalq artistləri, elmlər və fəlsəfə doktorları, professorlar, əməkdar elm və incəsənət xadimlərindən ibarətdir. Jurnalın baş redaktoru və naşirı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur.
XXI əsrin astanasında nəşrə başlayan "Musiqi Dünyası" jurnalı müstəqil Azərbaycan Respublikasının elm, mədəniyyət və incəsənət xadimləri üçün əsl tribunaya çevrilmiş və yarandığı gündən bütün ictimaiyyət üçün adına uyğun bir missiya həyata keçirərək, musiqi dolu bir dünya yaratmışdır. Jurnalın çap versiyası ilə yanaşı, internet versiyası da fəaliyyət göstərir ki, bu da onun oxucu auditoriyasının genişlənməsinə şərait yaratmışdır. Son illərdə isə "Musiqi Dünyası" radiojurnalı-nın efirdə yayımlanması milyonlarla dinləyicilərə musiqi elmimizin və mədəniyyətimizin nailiyyətlərini çatdırmağa şərait yaradır.
Bu gün elmi-pedaqoji, tənqidi-publisistik və mədəni-maarif, kulturoloji aspektləri bir araya gətirən jurnal yenilikləri işıqlandıran nüfuzlu bir mətbuat orqanı olmaqla yanaşı, qloballaşma dövrünün meydana gətirdiyi dünya virtual məkanında mədəniyyətlərarası dialoq, Azərbaycan musiqisinin III minilliyə çatdırılması, milli musiqi irsinin qorunması və təbliği, musiqişünaslığın aktual problemlərinin önə çəkilməsi, müasir musiqi təhsili ilə bağlı məsələlərə diqqət yetirilməsi, Azərbaycan musiqi irsinin dünya internet məkanına çıxarılması, beynəlxalq əlaqələrin yaradılması kimi missiyanı həyata keçirərək, milli mədəniyyət müstəvisində, ölkəmizin musiqi həyatında çox böyük rol oynayır.
"Musiqi dünyası"nın fəaliyyətinin mühüm istiqamət-lərindən biri kimi Azərbaycanın qeyri–maddi sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, milli musiqi xəzinəsinin dünyada təbliğini qeyd etmək lazımdır. Bu məqsədlə həyata keçirilən tədbirlər sırasında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi altında hazırlanmış "Qarabağ xanəndələri" (4 dildə təqdim edilmiş albom və 24 CD disk daxil olmaqla), "Muğam ensiklopediyası" (kitab və 24 CD disk daxil olmaqla) layihələri xüsusilə vurğulanmalıdır. Azərbaycan muğamının dirçəldilməsi və dünyada təbliği məqsədlərinə xidmət edən bu nəşrlər və elektron versiyalar muğam dünyasının görkəmli simalarını, təkrarolunmaz ifalarını canlandıran zəngin mənbələrdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Rabitə və İmformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə yaradılan "Qara Qarayev", "Üzeyir Hacıbəyov", "Əfrasiyab Bədəlbəyli", "Şamsi Bədəlbəyli", "İlyas Əfəndiyev", "Rasul Rza", "Xan Şuşinski" kimi veb saytlar memorial saytlar sırasına daxildir.
Saytoqrafiyada xüsusi yer tutan "virtual muzeylər"in yaradılması ilk növbədə təbii ki, mədəniyyətimizin, elmimizin, irsimizin, milli mənliyimizin təbliğidir.
Bu mənada jurnal tərəfindən ərsəyə gələn Ü.Hacıbəylinin "Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan" əsərləri əsasında hazırlanmış elektron resurslar bütövlükdə Azərbaycan ədəbiyyatının, onun elminin təbliğinə və dünya ədəbi irsi xəritəsinin ayrılmaz bir parçası kimi təqdim olunmasına xidmət edir.
Təhsil sahəsində həyata keçirilən layihələr sırasında "Azərbaycan xalq musiqisinin əsasları" (Bakı, 2010), "Kara-oke. Azərbaycan xalq mahnıları və klassik romansları" (Bakı, 2010), "Yüz şairin yüz şeiri" (Bakı, 2010), "Azərbaycan bəstəkarlarının 50 mahnısı" (Bakı, 2011),, "Azərbaycanda yaşayan xalqların 50 mahnısı" (Bakı, 2011), "Azərbaycan dilini öyrənirik" (2012), "İzahlı muğam lüğəti" (2013), və sair nəsrlər keçmiş nəsillərin bilik və təcrübə mənbəyi olan muğamların müasir informasiya – kompüter texnologiyaları vasitəsi ilə həm mətnli, həm də səsli formatda tədrisini nəzərdə tutur.
Digər bir qəbildən olan saytlar isə ümumilikdə Azərbaycanın mənəvi mədəniyyətinin əks-sədasıdır. Bunlardan "Azərbaycanın ənənəvi musiqisi atlası" respublikada yaşayan azsaylı xalqların folklorunu, "Azərbaycan diskoqrafiyası" XX əsrin əvvəllərində yaşayıb-yaratmış xanəndələrin qrammofon vallarında qorunan səsyazılarını, "Azərbaycan tarixinin canlı səsləri" və "Azərbaycanın epistolyar irsi" saytları isə Azərbaycanın görkəmli şəxsiyyətlərinin - dövlət, elm, mədə-niyyət və incəsənət xadimlərinin, əmək və müharibə qəhrə-manlarının səsyazılarını, məktublarını özündə cəmləşdirərək, tarixi yaddaşın yaşadılmasına xidmət edir.
Veb-saytlarda informasiyaların üç dildə – azərbaycan, rus, ingilis dillərində verilməsi saytların auditoriyasının genişlənməsinə şərait yaratmışdır. Belə ki, dünyanın istənilən guşəsində internet istifadəçiləri bu saytlar vasitəsilə Azərbaycan musiqisi, mədəniyyəti haqqında ətraflı məlumatlar əldə edə bilirlər.
Təsadüfi deyil ki, "Musiqi Dünyası" jurnalının elektron nəşrlər mərkəzi yaratdıqları veb-saytlara və Azərbaycan İnternet mədəniyyətinin inkişafındakı xidmətlərinə görə dəfələrlə diplom və mükafatlara layiq görülmüşlər.
Bu sırada "Azerbaijan E-content - 2005" mükafatını, "İntellekt - 2005", "AWARD - 2007" mükafatını, "HUMAY - 2007" Milli mükafatını, "NETTY" Milli İnternet müsabiqəsinin (2006, 2007, 2008) mükafatlarını, Rusiyada keçirilən I "Kommunikasiyalı elmlər və təhsil üzrə ən yaxşı kitab" müsabiqəsində (2007) təltif edildikləri xüsusi diplomu vurğulamaq lazımdır.