Quruluş e'tibarilə
sadə görünən çəng çox qədimlərdən
geniş yayılmış simli çalğı alətlərindəndir.
O müxtəlif quruluşda olmuşdur. Eramızdan
əvvəllərə aid edilən çənglərin
6-9 simli olduğu mə'lumdur. Mülahizələrə
görə, çəng ox və yay ovçuluq silahının
törəməsidir.
Türk xalqları
musiqisinin tədqiqatçısı doktor Fərrux
Şumer "Qədim türklərin musiqisi və rəqsləri"
adlı məqaləsində yazırdı: "Altay Kurqanlarında
aparılan qazıntılar zamanı tapılan mədəniyyət
abidələri arasında 2 çəng daha böyük
maraq kəsb edir."
Azərbaycan
arxeoloqlarının araşdırmalarından belə
mə'lum olur ki, çəngin respublikamızda ilk tapıntıları
eramızdan əvvəllərə aid edilir. Azərbaycanın
qədim mədəniyyət mərkəzi olmuş
Bərdə şəhəri yaxınlığında
Şatırlar kəndi ətrafında aparılan
arxeoloji qazıntılar zamanı eramızdan əvvəl
IV-III əsrlərə aid üzərində çəng
çalan qadın fiquru təsvir edilmiş saxsı
qablar tapılmışdır. Qablar həmin dövrə
aid yerli istehsalın məhsuludur.
XIV-cü əsr
görkəmli Azərbaycan musiqişünası əbdül
Qadir Məarağai "Məqasid-əl-əlhan" əsərində
çəng haqqında yazır: "Bu məşhur alətdir.
Onun üzünə dəri çəkilir və sim
əvəzinə sap bağlanır. Sazdan istifadə
edənlər həmin sapları pərdələr
adlandırırlar. Bə'zən ona 24 sim bağlayırlar."
Şərq xalqları
əfsanələrində çəng ilahi qüvvə
tərəfindən yaradılmışdır. Hətta
ilk dövrlərə dair bə'zi rəsmlərdə
bu alət müqəddəs mələk kimi təsvir
edilmişdir. Müasir arfa musiqi alətinin ibtidaisi
sayılan çəngin ilk vətəni Qədim Misir
sayılır. Eramızdan çox-çox əvvəllərə
aid edilən çəng musiqi aləti XVI-cı əsrin
II yarısına kimi Azərbaycanda istifadə edilmişdir.
Bu alətin müxtəlif növləri olmuşdur.
Xromatik sırası 24 səsdən ibarətdir. Üzünə
balıq və ya ceyran dərisi çəkilir. Simləri
ipək və bağırsaqdan hazırlanır. İfa
tərzi arfada olduğu kimi sağ və sol əllərin
barmaqları ilə çalınır. Diapazonu kiçik
oktavanın "sol" səsindən 2-ci oktavanın "fa
#" səsinə kimidir.
Bərbət
- mizrabla çalınan simli musiqi alətidir. Ud tipli
alətlər ailəsinə aid olan bərbətin
gövdəsi uda nisbətən böyük, qolu isə
xeyli uzundur. Yazılı mənbələrdən
aydın olur ki, bərbət qədim ud kimi köklənib.
Qədim udun simləri isə kvarta münasibətində
olmuşdur.