"O məclisdə işarət
başlayan zaman
Çaldılar çəng ilə bərbəti haman.
Bərbətlə çəng səsi axıb müxtəsər
Tük ilə rəng kimi birləşmişdilər."
Bərbətə bağırsaqdan hazırlanmış
6 qoşa sim bağlanır. Üzü isə şam
ağacından hazırlanır və bir neçə
yerdən səs rezonatorları qoyulur. Uddan fərqli
olaraq, bərbətin qoluna 10-12 pərdə bağlanır.
Onun diapazonu böyük oktavanın "mi" səsindən
I oktavanın "si" səsinə kimidir.
Bu alətlər - çəng, bərbət
və onların müxtəlif növləri Azərbaycandan
başqa İranda, İraqda, Türkiyədə və
həmçinin Orta Asiya ölkələrində geniş
istifadə olunmuşdur.
Hazırda Bakı Musiqi Akademiyasında
"Qədim musiqi alətlərinin bərpası" elmi
laboratoriyası öz işini davam etdirir. Bərpa
olunmuş qədim musiqi alətlərindən ibarət
Dövlət Ansamblı isə Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəzdində fəaliyyət
göstərir.
Tarixi mənbələrdə və eləcə
də miniatür sənət əsərlərində
orta əsrlərdə Azərbaycanda istifadə edilmiş
onlarca musiqi alətlərinin (rud, rübab, Şirvan
tənburu, santur, çoğur, çəqanə, ağ
ney, qara ney, nüzhə, müğni və s.) adları
çəkilir və təsvirləri verilir. Qədim
türk musiqi mədəniyyətinin əsas daşıyıcılarından
sayılan həmin musiqi alətləri tarixin ağır
sınaqlarından keçərək Yaxın Şərqdən
Uzaq Şərqə - Türküstan, Çin, Uyğur
və Ural boyu iri miqyaslı coğrafietnik türk
bölgələrində geniş yayılmış,
zaman-zaman formalaşmış ümumtürk mədəniyyətinə
dəyərli xidmət etmişlər.