Mayın 11-də Londonun
görkəmli musiqi salonunda - "Royal festival holl"da Firəngiz əlizadənin
yaradıcılığına həsr edilmiş gecə keçirilmişdir.
Konsert başlanmazdan
əvvəl salonun səhnəsində ingilis bəstəkarı Ceyms Makmillan ilə Firəngiz
əlizadə arasında müasir musiqinin inkişaf yolları, Şərq və Qərb
mədəniyyətlərinin qarşılıqlı tə'siri barədə, habelə Firəngiz xanımın
özünün yaradıcılığı barədə bir növ dialoq-söhbət olmuşdur.
Ceyms Makmillanın
dediyi kimi, ilk dəfədir ki, İngiltərə musiqiçilərinin təşəbbüsü
ilə Londonda, "Royal festival holl"da Azərbaycan bəstəkarının yaradıcılıq
gecəsi keçirilir. Firəngiz əlizadə özünün ilk cığıraçan nüfuzunu
bu dəfə də təsdiq etmişdir.
London filarmoniya
orkestri musiqiçilərinin ifasında Firəngiz əlizadənin "Kəsişmələr-1"
və "Kəsişmələr-2" əsərləri səslənmişdir.
Martın 25, 27 və
28-də Almaniyanın Berlin, Hamburq və Kil şəhərlərində Avropada ilk
dəfə olaraq "Oriyental Caz Festivalı" keçirilmişdir. Festivalda
Azərbaycanı "BAKUSTIK-CAZZ" ansamblı təmsil etmişdir. Caz-ansamblın
tərkibinə S.Qəmbərov (rəhbər, fortepiano), C.əmirov (dilli alətlər),
R.Bünyadov (elektro-gitara), E.Həsənov (bas-gitara), T.Cabbarov
(zərb alətləri) daxildir. Ansambla həmçinin Q.Sadıqov (saz) və A.Bayramova
(xanəndə) də'vət edilmişdilər. Layihənin rəhbəri C.Quliyevdir. Konsertlərin
kifayət qədər yüksək bədii səviyyədə keçməsi təşkilatçıları bu festivalı
ən'ənəvi etmək qərarına ruhlandırdı. Ansamblın festivalda ifa olunmuş
kompozisiyaları həm də "RECON" firması tərəfindən lazer kompakt-diskinə
yazılmışdır.
1999-cu il mayın
6-da Eda Spanyardın rəhbərlik etdiyi məşhur holland Niew Ensemble-nin
Amsterdamın ən gözəl konsert zallarından birində -Concertgebouw
- keçirilmiş konsertinin proqramında F.Qarayevin "Xütbə, muğam və
surah" əsəri səslənmişdir. Bu ansamblın sifarişi ilə yazılmış, ən'ənəvi
Avropa alətləri ilə yanaşı, Azərbaycan xalq çalğı aləti tardan istifadə
edilmiş bu əsərin premyerası ötən ilin fevral ayında keçirilən simli-mizrablı
alətlər festivalında olmuşdur. Amsterdamdan başqa Niew Ensemble-nin
Eysxed (7 may), Utrext (10 may) şəhərlərində konsertləri olmuşdur.
Tarda xalq çalğı alətlərinin ən yaxşı ifaçısı M.Müslümov çıxış etmişdir.
İyunun 10-dan 20-dək
Sofiyada (Bolqariya) keçirilmiş müasir musiqi - "Muzıka Nova" festivalında
Azərbaycan bəstəkarı E.Mirzəyev iştirak etmişdir. Gənc müəllifin
13 alət üçün yazılmış "Intra Cancellos" ("Məhdud məkanda") əsərini
Draqomir Yosifovun rəhbərliyi ilə Sofiyanın "Musica Nova" ansamblı
ifa etmişdir.
Cabbar Qaryağdıoğlu
adına Muğam ansamblı iyun ayında iki nüfuzlu beynəlxalq festivalda
çıxış etmişdir. İyunun 4 və 5-də Mela-Musigue festivalı çərçivəsində
Parisin "Qrande salle de la Vielette" zalında konsertlər keçirilmişdir.
Solist kimi məşhur xanəndə Qəndab Quliyeva çıxış etmişdir. Ötən
il onun Fransada Dünya Mədəniyyət Evi (Maison des Cultures du Monde)
tərəfindən INEDIT seriyası ilə buraxılan kompakt diski çıxmışdır.
İyunun 23-də ən'ənəvi
yay incəsənət bayramı - "City of London Festival" çərçivəsində Londonun
"Stationers Hall"da ansamblın konserti olmuşdur. Solist kimi gənc
xanəndə Zabit Nəbiyev çıxış etmişdir. O, ötən ildən muğam üçlüyünün
tərkibində müvəffəqiyyətlə çıxış edərək Azərbaycan incəsənətini
xarici konsert turnelərində təmsil edir.
C.Qaryağdıoğlu adına
ansambl 1989-cu ildə gözəl kamançaçı Fəxrəddin Dadaşovun rəhbərliyi
ilə yaradılmışdır. Uzun illərdir onun həqiqətən əvəzsiz və layiqli
həmkarı tarzən Möhlət Müslümovdur. Bu iki musiqiçi muğam üçlüyünün
daimi əsasını təşkil edir. Müğənni kimi onlar müxtəlif tədbirlər
üçün - konsert turnesi və müxtəlif ölkələrdəki yazılışlar üçün muğam
incəsənətinin "ulduz"larını və ya daha gənc ifaçıları cəlb edirlər.
1999-cu il avqustun
7-də İsveçrədə, ən'ənəvi Pomanshorn musiqi festivalında TAG Enseble
(Vintertur) ifasında F.Qarayevin "Kiçik tamaşa"sı səslənmişdir.
Azərbaycan bəstəkarlıq
məktəbinin bünövrəsini dahi sənətkar Üzeyir Hacıbəyov qoyduğu kimi,
bu məktəbin yetirmələrini tanıdıb, onların yaradıcılığını respublika
daxilində və xaricində təbliği də məhz Böyük Ustadın adı ilə bağlıdır.
1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyünü xatırlatmaq
kifayətdir.
Bu sənət bayramlarında
mədəniyyət və incəsənət xadimlərimiz yeni əsərlərini və öz ifaçılarımızı
təqdim edir. Geniş tamaşaçı auditoriyası qarşısında bir növ hesabat
verirdilər.
Son zamanlar Azərbaycan
və Rusiya mədəniyyət nazirlikləri tərəfindən imzalanmış müqaviləyə
əsasən Moskva şəhərində Azərbaycan mədəniyyət və incəsənət ongünlüyü,
Bakıda isə Rusiya mədəniyyət və incəsənət ongünlüyü keçirilmişdir.
Bu da hər iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi deməkdir.
Bu il aprel ayınının 26-dan 30-dək 160 nəfərdən ibarət nümayəndə
hey'əti Azərbaycan mədəniyyəti günlərini keçirmək üçün Moskva şəhərinə
yola düşmüşlər. Nümayəndə hey'ətinin tərkibində Respublika Mədəniyyət
Nazirliyinin nümayəndələri - nazir müavini ə.Vəliyev, Baş incəsənət
idarəsinin rəisi ə.Lalayev və incəsənət idarəsinin digər əməkdaşları
iştirak etmişlər.
Azərbaycan və Moskva
hökumət nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmiş,
rəssamlarımızın əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
S.Vurğun adına Rus Dram Teatrı artistlərinin ifasında dramaturq
Elçinin "Mənim sevimli dəlim", dramaturq V.Ponovun "İdeal cütlük",
"Dəli yığıncağı", Pantomima Teatr studiyası ölməz Füzuli poemasının
motivləri əsasında "Leyli demə" və "Nağaraçılar" tamaşalarını və
R.İbrahimbəyovun filmlərini tamaşaçılara təqdim etmişlər. Aprel
ayının 29-da isə Moskva şəhərinin "Rossiya" mərkəzi konsert zalında
respublikamızın incəsənət ustalarının iştirakı ilə qala-konsert
keçirilmişdir. Konsert iştirakçılarını Azərbaycan mədəniyyət naziri,
respublikanın xalq artisti Polad Bülbüloğlu və Moskva hökuməti mədəniyyət
komitəsinin sədri İqor Buqayev salamlamışlar. P.Bülbüloğlu öz çıxışında
qeyd etmişdir ki, "Rossiya" konsert zalında dahi Azərbaycan bəstəkarları
- Ü.Hacıbəyovun, Qara Qarayevin, Fikrət əmirovun əsərləri ifa olunub.
Onun çıxışlarından sonra incəsənət ustalarından ibarət konsert başlandı.
Konsertdə Tofiq Quliyevin, Cahangir Cahangirovun, Rauf Hacıyevin
və digər bəstəkarların mahnılarını respublikanın xalq artisti Azər
Zeynalov, əməkdar artist Brilyant Dadaşova, Faiq Ağayev, Aygün Kazımova,
Qərinə Kərimova və prezident təqaüdçüsü Amil Məmmədov ifa etmişlər.
T.Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera
Orkestri və respublikanın xalq artisti Afaq Məlikovanın rəhbərlik
etdiyi mahnı və rəqs ansamblının kollektivi də uğurla çıxış etmişlər.
Azərbaycan hökumətinin
təklifi ilə YUNESKO-nun Baş konfransı bəşər sivilizasiyasının mədəni
dəyərlərindən biri - "Kitabi-Dədə Qorqud" dastanının yubileyini
YUNESKO-nun əlamətdar tarixlər təqviminə daxil etmişdir. Bu münasibətlə
1999-cu il iyunun 5-dən 8-dək Parisdə YUNESKO-nun iqamətgahında
"Dədə Qorqud" dastanının 1300 illik yubileyini keçirmək üçün respublika
baş nazirinin müavini, yubileyin keçirilməsi üzrə dövlət komissiyasının
sədr müavini E.əfəndiyevin rəhbərliyi ilə respublikanın rəsmi nümayəndə
hey'əti Fransada olmuşdur.
Nümayəndə hey'ətinə
dövlət komissiyasının sədr müavini, Yazıçılar Birliyinin sədri Anar,
komissiyanın üzvləri - Rəssamlar İttifaqının sədri - Fərhad Xəlilov,
mədəniyyət naziri Polad Bülbüloğlu, akademik Kamal Talıbzadə, EA-nın
M.Füzuli adına əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya
elmləri doktoru Şamil Cəmşidov, Y.Məmmədəliyev adına Naxçıvan Dövlət
Pedaqoji Universitetinin rektoru, professor İsa Həbibbəyli, Xarici
İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə
Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Ramiz Abutalıbov,
mədəniyyət və incəsənət, kütləvi informasiya vasitələrinin təmsilçiləri
daxil idilər.
İyunun 7-də YUNESKO
iqamətgahının mərkəzi salonunda "Dədə Qorqud"-un 1300 illiyinə həsr
olunmuş beynəlxalq elmi simpozium keçirildi. Simpoziumu giriş sözü
ilə Respublikamızın Fransadakı səfiri E.Hüseynova açdı. Simpoziuma
sədrlik edən nümayəndə hey'ətinin başçısı, yazıçı E.əfəndiyev, tanınmış
qorqudşünaslardan filologiya elmləri doktoru Şamil Cəmşidov, türk
dili qurumunun başqanı, professor əhməd Bican ərcilasun, şərqşünas
Altan Göyalpla birlikdə "Dədə Qorqud" dastanını fransız dilinə tərcümə
etmiş akademik Lui Bazen, AEA-nın Me'marlıq və İncəsənət İnstitutunun
şö'bə müdiri, sənətşünaslıq doktoru, professor, musiqişünas Zemfira
Səfərova, Qazaxıstandakı "Dədə Qorqud" fondunun prezidenti, professor
Poladbəy Abdulrəsulov, filologiya elmləri doktoru, professor İsa
Həbibbəyli, "Dədə Qorqud"un qırğız dilinə tərcüməçisi İbrahim Abduvəliyev
dastanla bağlı maraqlı mə'ruzələrlə çıxış etmişlər.
E.əfəndiyev mərasimdə
çıxış edərək vurğulamışdır ki, YUNESKO-nun binasında artıq üçüncü
tədbirdir ki, qeyd olunur: M.Füzulinin 500 illiyi, Q.Qarayevin 80
illiyi və "Kitabi Dədə Qorqud" dastanının 1300 illiyi. Bütün bu
tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün respublika prezidentinin
şəxsi salamını YUNESKO-nun baş katibi Federiko Mayora çatdırmışdır.
Respublika mədəniyyət naziri P.Bülbüloğlu da çıxış etmiş və bu günlərdən
xatirə olaraq YUNESKO-ya suvenir xalça və milli geyimli gəlincik
hədiyyə vermişdir.
Azərbaycan incəsənət
ustaları - xalq artistləri Ağaxan Abdullayev, əminə Yusifqızı, əməkdar
artist Nəzakət Teymurova, "Yuğ" teatrının aktrisası Mehriban Zəki,
"Pantomima" teatrının aktyorları Pərviz Məmmədrzayev və Nigar Güləhmədova,
Türkiyə, Qazaxıstan, Qırğızıstan, fransız aktyorlarının və Dövlət
rəqs ansamblının bir qrup rəqqasəsi də maraqlı konsert proqramı
ilə çıxış etmişlər.
"Kitabi-Dədə Qorqud"
dastanı ilə bağlı əlyazmalardan, rəssamlarımızın təsviri sənət əsərlərindən,
kitaba çəkilmiş illüstrasiyalardan, qədim musiqi alətlərindən və
xalçalardan ibarət sərgi nümayiş etdirilmişdir.