əhayət ki, ölkəmizdə Qara Qarayevin əsərlərindən ("Don Kixot" simfonik qravürləri, Üçüncü simfoniya, Skripka və orkestr üçün konsert) ibarət ilk kompakt disk öz dinləyicilərini tapmışdır. Bununla Azərbaycan simfonik musiqisinin müasir texniki nailiyyətlər vasitəsilə dünya auditoriyası qarşısında təqdimatının başlanğıcı qoyulmuşdur.
XX əsr ümumdünya
musiqi mədəniyyətinin əsl hadisəsi kimi, Q.Qarayevin yaradıcılığı
hal-hazırda da zəmanəmizlə səsləşir, çünki onun əsərlərində əsas
mövzu kimi insanın səadət və azadlıq uğrunda mübarizəsi öz əksini
tapmışdır. İlkin mənbəsindən asılı olmayaraq, - istər gerçək hadisələr,
istər müxtəlif xalqlara və dövrlərə məxsus əfsanələr, istərsə də
poeziya, bədii nəsr və dramaturji əsərlər olsun, - adı çəkilən möhtəşəm
mövzu bəstəkar üçün bütün ömrü boyu ən başlıca ilhamverici amil
olmuşdur. Q.Qarayevin əsərlərində bu cür aktual tematikanın gözəl
melodiyalar, orijinal və rəngarəng harmoniyalar, çoxçalarlı orkestrləşmə
və forma kamilliyi ilə parlaq bütövlükdə ifadəsi onları şah əsərlər
sırasına aid etməyə tam hüquq verir və bu səbəbdən də onlar hər
yerdə və hər zaman dinləyicilər tərəfindən şövqlə qarşılanır.
Q.Qarayevin, hətta
faciə sonluqlu belə, əsərlərinin mühüm xüsusiyyəti onların nikbin
ideyasındadır. Bu barədə Böyük Ustad özü yazırdı ki, ona "...faciəliliyin
taleyin alın yazısı kimi dərki tamamilə yabançıdır..." və "...öz
qüruru ilə təklikdə qapanmış və ədalətsizliklə, şərlə bərabər olmayan
mübarizədə istər-istəməz həlak olan qəhrəmanın surəti də yaddır.
Faciə... köhnəliyin və yeniliyin arasındakı dialektik mübarizəni
aşkarlayır..."
Q.Qarayev yaradıcılığının
digər mühüm cəhəti - öz zəmanəsinin "carçısı" olmaq meylidir. Bu
meyl bəstəkarın müasirliyin və ya keçmişin, Azərbaycan və ya digər
xalqların həyatından götürülmüş mövzularına müraciətindən asılı
olmayaraq, daim özünü açıqlayır və həmin səbəbdən onun əsərləri
ən müxtəlif ölkələrin dinləyiciləri tərəfindən asanlıqla qavranılır.
Q.Qarayevin iste'dadında
dərin fəlsəfi fikir və incə psixologizm, musiqi surətlərinin dramaturji
inkişafı və portret xasiyyətnamələrinin tutarlığı, lirik hisslərin
məlahəti və ciddi ustalıq, musiqi dilinin anlaşılması və qüsursuz
zövq, ifadəli boyaların bolluğu və mütənasib ölçü-biçim üzvi şəkildə
çarpazlaşır. Q.Qarayev musiqisi - Böyük Düşüncənin gerçək, emosional
cəhətdən güclü, ehtiraslı və əsl Sənətkar ifadəsidir.
Böyük bəstəkarın
yarıdıcılığı janr müxtəlifliyinə görə çox geniş çevrəni əhatə edir:
bu çevrə opera, balet, simfoniya, simfonik poema, instrumental konsert,
kamera-instrumental və vokal əsərlərdən ibarətdir. Bundan əlavə,
Q.Qarayev dramatik teatr və kinofilmlər üçün çoxsaylı musiqi bəstələmişdir.
Q.Qarayev yaradıcılığının
intonasiya quruluşu olduqca rəngarəngdir. Bu rəngarənglik Azərbaycan
xalq musiqisinin zəngin və özünəməxsus ən'ənələri, formaları, inkişaf
prinsipləri, lad /məqam/- intonsiya və metro-ritmik /vəzni/ təşkili
ilə sıx bağlıdır. Onun üslubu muğamın fəlsəfi dərinliyini və məzmun-quruluşunun
geniş zaman kəsiyində açımı prinsiplərinin bir çox cəhətlərini mənimsəmişdir.
Bəstəkarın harmonik dilinə, sazın köklənmə prinsiplərinə əsaslanan,
aşıq harmoniyaları böyük tə'sir göstərmişdir.
Lakin xalq musiqisinin
böyük bilicisi olan Q.Qarayev heç vaxt hazır nümunələri kor-koranə
yamsılamır. Bəstəkar Azərbaycan folklorunun ən dəyərli bədii-ifadə
vasitələrindən faydalanaraq, onları qarşısında duran bədii məqsədlərə
tabe etməyi bacarırdı.
Azərbaycan musiqisinin
ən gözəl ən'ənələrini duyub yaradıcı qavramağı ilə yanaşı, Q.Qarayev
əsərlərində digər xalqların musiqi mədəniyyəti də çox kamil sənətkar
qələmi ilə öz əksini tapıb. "İldırımlı yollarla" baletini, "Don
Kixot" simfonik qravürlərini, "Alban rapsodiyasını" və "Vyetnam"
süitasını sadalamaq kifayətdir. Ümumbəşəri mövzulara və süjetlərə
əsərlər yazan bəstəkar burada da bu və ya digər milli folklorun
xüsusiyyətlərini yaradıcılıq təxəyyülünə tabe edir və öz üslubunda
sanki "özünküləşdirir".
Bәstәkar yaradıcılığında
olduqca sәrbәst vә cür'әtlә bütün dünya musiqi mәdәniyyәtinin nailiyyәtlәrini
işlәdir. "Ciddi üslub" polifonistlәri, İ.S.Baxın ucsuz-bucaqsız
yaradıcılığı, P.Çaykovskinin simfonizmi, D.Şostakoviçin dil - üslubu
vә musiqi dramaturgiyasının prinsiplәri, N.Rimski-Korsakovun vә
M.Ravelin orkestr yazısı vә, nәhayәt, İ.Stravinskinin metro-ritmik
variantlıq texnikası ilә varislik әlaqәlәri Qarayevin әn müxtәlif
әsәrlәrindә aşkarlanır. Lakin bu varislik heç vaxt tәqlidçi xarakter
daşımır. Qara Qarayev - öz orijinal dәst-xәtti ilә seçilәn vә indiyәdәk
müasir Azәrbaycan musiqisinin ön sıralarından bir addım belә çәkilmәyәn
Böyük Şәxsiyyәtdir.
Qara Qarayevin Azərbaycan
musiqi mədəniyyətində yerini tam şəkildə qiymətləndirmək üçün onun
nəhəng musiqiçi-ictimaiyyətçi və maarifçilik fəaliyyətini də qeyd
etmək lazımdır. Qara Qarayev çox gözəl pedaqoq idi. O, Azərbaycan
bəstəkarlıq məktəbinin şərəfini indiyədək yüksəkdə saxlayan bir
çox məşhur bəstəkarlar yetişdirmişdir.
Q.Qarayevi fitri
yaddaşı və professional musiqi sənətinin bütün sahələrində, - bəstəkarlıq
texnikası, musiqi quruluşu, harmoniya, polifoniya, məqam sistemləri,
orkestr və musiqi tarixindən ensiklopedik bilikləri olan musiqiçi-alim
adlandırmaq da olar. O, Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü idi.
Bəstəkarın geniş
dünyagörüşü onun publisist istedadı ilə birgə xüsusi əhəmiyyət kəsb
etmişdir. O, musiqi və incəsənətin ayrı-ayrı problemləri üzrə fikir
və baxışlarını tez-tez açıqlayardı. Bu külliyyata bəstəkarlarımızın
yeni-yeni əsərlərinə rə'ylər, bəstəkarlıq sənətinin problemlərinə,
yenilikçiliyə, milliliyə, musiqi estetikası və gənc nəslin estetik
tərbiyəsinə həsr olunmuş məqalələr, nəhayət, bəstəkar qurultayları
və plenumlarında geniş yekunlaşdırıcı çıxışlar daxildir.
Q.Qarayevin, özünə
qarşı sonsuz tələbkarlığından doğan, yüksək məhsuldarlıqla fərqlənmədiyinə
baxmayaraq, onun bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə
görə tükənməzdir. Və bizdən sonra gələcək yeni-yeni nəsillər bu
tükənməz xəzinədə özləri üçün hər dəfə yeni-yeni tapıntılar kəşf
edəcəklər.
"Don Kixot" simfonik
qravürləri
(1980)
1957-ci ildə Q.Qarayev
rejissor Q.Kozintsevin "Don Kixot" filminə musiqi yazır. Daha sonra,
1960-cı ildə, həmin kino musiqisi əsasında o, çoxhissəli Simfonik
qravürlər silsiləsi yaradır.
Müxtəlif dövrlərdə
yaşamış bir sıra tanınmış bəstəkarların yaratdıqları dahi M.Servantesin
qəhrəmanının faciəli-komik portretlərindən fərqli olaraq, Q.Qarayev
tərəfindən Don Kixotun lirik-psixoloji bədii yozumu müqayisə edilməz
dərəcədə maraqlıdır.
Böyük və nəcib arzularla
yaşayıb, ancaq həqiqətə xidmət etmək uğrunda, taleyin zərbələrinə
dözüm göstərib öz idealı və işıqlı gələcəyə inam uğrunda son nəfəsədək
mübarizə - Q.Qarayev "Don Kixotunun" başlıca əqidəsidir.
əsərin musiqili
dil-üslubu baxımından, bəstəkarın oxşarsız sənətkarlıqla M.Servantes
dövrünün İspaniyasını bədii canlandırmaq bacarığı ayrıca qeyd olunmalıdır.
ÜÇÜNCÜ SİMFONİYA
(1965)
Bu əsər kamera hey'ətli
orkestr üçün yazılıb və bütöv quruluşca klassik simfonik silsiləyə
(Allegro, Scerzo, asta gedişli hissə və final) uyğundur. Lakin simfoniyanın
dil - üslubu, bədii ifadəliliyi və dodekafon yazı texnikası milli
bəstəkarlıq məktəbimiz üçün tamamilə yeni olub, onun gələcəyində
yeni mərhələ açmışdır. Eyni zamanda əsər öz ideya və məzmununa görə
dinləyicilər tərəfindən nisbətən asanlıqla qavranılır. III Simfoniya
daxilimizdə və ətrafımızda baş verənlər haqqında, qarşısıalınmaz
irəliləyiş və qarşıya çıxan çətinliklər, iztirablar və onlara üstün
gəlmə haqqında musiqili hekayətdir.əsərdə sərbəst dodekafon texnikasının
milli intonasiyalarla çarpazlaşması isə özü-özlüyündə maraqlı bədii
tapıntıdır.
SKRİPKA Və SİMFONİK
ORKESTR ÜÇÜN KONSERT
(1967)
Bu əsər psixoloji
baxımdan olduqca çətin bədii vəzifə daşıyır: müasir insanla onu
çevrələyən gerçəkliyin ziddiyyəti. Konsertdə şəxsiyyətin, fərdiyyətin
ətraf ümumiliklə münaqişəsi son dərəcə gərgin boyalarla əks olunub.
Özünü gerçəkliyin, bütün bəşəriyyətin ayrılmaz hissəsi, damlası
olduğunu dərk etmiş insanın mə'nəvi qələbəsi əsərin əsas ideyasını
təşkil edir.