Cavanşir Quliyev        
      
Cahangir SƏLİMXANOV           
1   2   3  
P.Quliyev
Qara Qarayev

T.Məmmədəliyeva
Vaqif Mustafazadə

C.Səlimxanov
Cavanşir Quliyev


English English
        
Seven Pieces with Interludes in Mugam Modes
Sonate for violin and saz

avanşir Quliyev çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin ən iste'dadlı və çalışqan, öz dəst-xətti olan nümayəndələrindən biridir. Onun son 25 ildə yaratdığı əsərlər, janrından və tutumundan asılı olmayaraq, milli musiqi mədəniyyətimizdə yeni söz, yeni tapıntı, yeni nəfəs və təravət kimi yozulur.

Cavanşir Quliyev dörd simfoniya, iki simli kvartet, zurna və orkestr üçün Uvertyura, saz və skripka üçün Sonata, mindən çox mahnının müəllifidir, iki yüzə yaxın teatr tamaşası (o cümlədən H.Cavidin "Topal Teymur",ə.Səmədovun "Hərənin bir ulduzu", M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" və "Hekayəti-xırs quldurbasan", F.Kərimzadə və ə.Cəfərzadənin "Şah İsmayıl", N.Xəzrinin "Burla xatun", B.Vahabzadənin "Göy türklər", Anar-C.Məmmədquluzadənin "Nigarançılıq", H.H.Sevincin "Fatehlərin divanı", C.Məmmədquluzadənin "Kamança", A.Axundovanın "Tanya" və s. tamaşalarını) və otuzdan çox filmə ("Aşıq Qərib", "Qəm pəncərəsi", "Lətifə", "Çobanbayatı", "Süd dişinin ağrısı", "Fəryad", "Araqarışdıran" və s.) musiqi bəstələmişdir.

C.Quliyevin əsərləri Rusiyada, Özbəkistanda, Gürcüstanda, keçmiş Sovet İttifaqının digər respublikalarında, eləcə də Böyük Britaniya, İsveçrə, Almaniya, Finlandiya, Amerika Birləşmiş Ştatları, İsrail, Polşa və bir çox başqa ölkələrdə səsləndirilmişdir.

Cavanşir Quliyevin "Musiqi divanı" yetkinlik dövrünü yaşayan bəstəkarın seçmə əsərlərinin toplusudur. Onların hər birini müəllifin yaradıcılıq mövqeyinin təsdiqlənməsi, bir bəstəkar kimi püxtələşməsi yolunda növbəti mərhələ adlandırmaq olar.

Bu əsərlərə ardıcıllıqla, divan şəklində qulaq asdıqca bir daha qənaətə gəlirik ki, onların mövzusu dünyanın əbədi və tükənməz gözəlliyidir. Günəşin qızıl şüaları və sayrışan ulduzların işıqlarına bələnmiş təbiətin əsrarəngiz ritm və boyalarından doğan bəşəri harmoniyanın bərqərar olduğu dünyanın. Öz gündəlik konfliktləri, hiss və əməlləri arasında çaşbaş qalmış müasir insan bu möhtəşəm varlıq önündə sanki gözəgörünməz olur. Xalq və ən'ənəvi professional musiqidən qaynaqlanan bəstəkarın bütün əsərlərində məhz bu yaradıcılıq kredosu özünü qabarıq formada büruzə verir.

C.Quliyev musiqisində Şərq və Qərb elementləri birləşir demək, hələ heç bir şey demək deyil. Məsələ ondadır ki, Azərbaycanda yaşayıb-yaradan bəstəkar qeyri-ixtiyari, könüllü və ya məcburən milli və ümumbəşəriliyin uyuşması ətrafındakı diskussiyalarda iştirak etmək zorundadır. Hər hansı əsəri araya-ərsəyə gətirərkən C.Quliyev və onun Azərbaycanlı həmkarları onlardan bu problemin həllinin növbəti variantının gözlənildiyi ilə hesablaşmalıdırlar.

C.Quliyev bu diskussiyada iştirak etməkdən boyun qaçırmır.əksinə, hər bir əsərində xalq musiqisinin ən'ənəvi anlamına yeni baxış gətirməyə çalışır. C.Quliyev avanqard bəstəçidirmi? Bu suala həm müsbət, həm də mənfi cavab vermək olar. Bir tərəfdən onun musiqisi prinsip e'tibari ilə antielitar istiqamətlidir. Digər tərəfdən öz axtarışlarında bə'zən elə dərkolunmamış dərinliklərə baş vurur ki, nəinki adi dinləyicini, hətta mütəxəssisləri cavabsız suallar qarşısında qoyur.

Saz ilə skripka üçün sonata buna parlaq nümunədir. Gəlin bu əsəri normal prinsiplərə əsaslanaraq dərk etməyə çalışaq. Bu, nə xalq musiqisinin bəstəkar işləməsi, nə də ki, Azərbaycan xalq musiqisinin stilizə olunmuş variantıdır. Hərçənd burada aşıq sənətinə də birbaşa işarələr var, amma digər tərəfdən bilirik ki, aşıq musiqisində kaman tipli alətlər istifadə olunmur.

İki musiqiçinin zahirən səmimi və sadəlövh görünən ifası əslində Qərb bəstəkarlıq texnikasına mükəmməl bələd olan sənətkarın yaratmasıdır. Saz və skripka üçün sonata dəfələrlə beynəlxalq səviyyələrdə səsləndirilib (Tallin-1980, Moskva-1984, Səmərqənd-1988, Varşavada keçirilən Ymumdünya Musiqi Günləri - 1992 və i.a.) və hər dəfə bu əsər ətrafında müxtəlif fikirlər yürüdülüb. İlk baxışda bəsit görünən bu əsərdəki yenilik ruhunu dərk etmək heç də hər dinləyiciyə nəsib olmur.

Üçüncü simfoniyada etnik intonasiyanın dərin qatlarına varmaq sə'yləri dinləyicini bir heyrətamizliklə rastlaşdırır. C.Quliyevin ilkin türk intonasiyası kimi işləmələri gözlənilmədən bir çox etnosların musiqi mədəniyyəti ilə doğmalaşır.

Ola bilsin ki, siz burada hindu, şotland, tibet və hansısa başqa etnik musiqinin izlərini duyacaqsınız. Simfoniyanın bütöv bir hissəsi (II hissə) həm harmoniyasını, həm fakturasını özü-özündən doğuran dolaşıq bir mə'nalı həll edilmişdir. Sadəcə, gözəl və sırf Azərbaycan musiqisi! Qeyd etmək lazımdır ki, bu əsəri yaradarkən bəstəkarın "Oğuznamə"lərdən və "Dədə Qorqud"dan ilhamlanmağı və duyğulanmağı da istisna deyil.

II simli kvartetin finalı da eyni ilə qəlizlikdən uzaqdır. O, I hissədəki səs məkanının ansambl üzvləri tərəfindən getdikcə genişləndirilməsinə yönəlmiş fəal hərəkətdən sonra gəlir. Bəlkə də məhz bu amil - gözəl və təbii melodiya yaratmaq - bəstəkar üçün ən böyük sirr və əlçatmaz zirvədir.

Onun zurna ilə simfonik orkestr üçün Uvertyurası, əlbəttə ki, açıq-aşkar folklor üslubundadır. Lakin, qəfildən bütün orkestrin səs axınından ayrılan zurnanın tükürpədici çalğısı nədənsə dinləyicini musiqidən sırf fiziki ləzzət almaq səviyyəsinə gətirib çıxarır. Məsələn, Yanis Ksenakisdə olduğu kimi. Təbii ki, burada birbaşa əlaqədən yox, yalnız ümumi zaman əlamətlərindən söhbət gedir.

Heç şübhəsiz, "Musiqi divanı"nın yaraşığı muğam ladlarında royal üçün bəstələnmiş yeddi pyesdir. Bu silsilə həm pianoçular, həm də müxtəlif ölkələrin dinləyiciləri arasında daim rəğbətlə qarşılanır. Hər bir pyes mütləq ən'ənəvi Azərbaycan musiqisinin müəyyən ladlarının səsdüzümünə uyğunlaşdırılıb. Hər bir lad isə öz xarakterik sonluğu ilə tanınır. Qalan bütün parametrlər müasir üslubda həll edilmişdir. Musiqi sanki biri-birindən süzülən iki qatdan ibarətdir.əslində burada daha bir qatdan söhbət getməlidir: sanki arasıkəsilmədən və nəzərəçarpmaz fondan üzə çıxan hazırlanmış royal üçün gözəl interlüdlər...


 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site