Yeri gəlmişkən qeyd
edək ki,ə.Ağaoğlu o zamanlar daha populyar olan "tatar" söz anlamını
əsasən rus dilli əhalinin təsəvvüründə yer tutmuş Azərbaycan türkü
(azərbaycanlı) mə'nasında işlədir. Çünki adi azərbaycanlılar, Azərbaycan
türkləri əslində özlərini heç vaxt tatar adlandırmamışlar.ə.Ağaoğlu
xalq müəllimlərinin gələcək rolunu xüsusi qeyd edir və onları bu
müqəddəs işə ciddi qoşulmağa çağırır. O, təəssüflənir ki, "Qafqaz
xalqlarının təsviri üçün materiallar məcmuəsi"ndə (rus dilində)
dərc olunmuş və əsasən xalq eposuna həsr olunmuş məqalələr istisna
edilməklə, xalq müəllimləri (müəllif "xalq müəllimi" dedikdə təkcə
tədrislə məşğul olanları deyil, yazıçıları da nəzərdə tutur) heç
bir iş görməmişlər. O, bu sahədə yeganə kitab olan, cənab Cəlilov
tərəfindən nəşr olunan "Tatar atalar sözləri məcmuəsi"ni xüsusi
qiymətləndirir. O, xalq müəllimlərinin (geniş mə'nada) nədənsə dramatik
əsərlərinin yazılmasına göstərdikləri xüsusi meylə, demək olar ki,
tənqidi yanaşır və özünəməxsus istehza ilə qeyd edir ki, Qafqazda
Fransa ilə müqayisədə daha çox dramaturqlar peyda olmuşdur. Onun
fikrincə, bu "dramaturqlar" həmin ehtirasa mübtəlalıq maniyasını
atmalı, həqiqi faydalı işlə - xalqın həyatını onun maddi və mə'nəvi
təzahürlərində öyrənməlidirlər.
Bizcə, həmin xalq
müəllimi rolunda çıxış etmək nümunəsi göstərən ə.Ağaoğlunun məqaləsinin
predmentini təşkil edən xalq poeziyasının daşıyıcıları və yayıcıları
olan aşıqlardan bəhs etməsi təsadüfi deyildir. Müəllif "aşıq" sözünün
etimoloji cəhətdən türk-tatar mənşəli və yaxud əcnəbi, xüsusilə
ərəb dilindəki aşiq (sevgili) mə'nalı olduğunu qəti təsdiq edən
fikir söyləməkdən imtina edir. Lakin, bu sözün türklərin dilində
daşıdığı xüsusi, spesifik və funksional mə'nasının türklərlə farsların
və ərəblərin tarixi toqquşmalardan əvvəl birincilər sırasında mövcudluğunu
sübut edən arqument gətirir. O yazır: "Yalnız bir şey bizə dürüst
mə'lumdur: "aşıq" sözünün bizim tatarlar arasında başa düşülən xüsusi
mə'nasında nə xalis farsların yaşadığı cənubi İranda, nə də ərəbistanda
mövcudluğu haqqında heç yerdə oxumamış və heç kimdən eşitməmişik.əksinə,
bu tip adamlar türk-tatar irqinin yaşadığı Aralıq Dənizindən Çin
hüdudlarına qədər hər yerdə son dərəcədə yayılmışdır. Mövcud olmuş
bu vəziyyətdən bizim çıxaracağımız yeganə ehtimali qənaət ondan
ibarətdir ki, aşıqlar türk-tatarlarda hələ onların fars-ərəblərlə
toqquşmalarından əvvəl mövcud olmuş və həmin sivilizasiyalı xalqlarla
təmasda olarkən onlar bu qədim termini yeni ərəb istilahı ilə əvəz
etmişlər". Yuxarıda göstərilən mənbədə ə.Ağaoğlu bu sözün Avropa
xalqlarında olan bənzərlərini qeyd edir. O, göstərir ki, "aşıqlar"
heyranedici dərəcədə orta əsrlər trubadurlarını və minnezingerlərini
(orta əsrlərdə Almaniyada: şair və xanəndə), Rusiyada isə bayan-quslyarları
xatırladır. Müəllif qeyd edir ki, bəşəriyyətin müxtəlif qismlərində
əsrlər uzunu mövcud olmuş bu tarixi təkrarlıq onların ümumi taleyindən
xəbər verir.
Ə.Ağaoğlu mövzu
ilə bağlı olan belə bir tarixi amilə də diqqəti cəlb edir ki, türk-tatar
ünsürü Asiyaya feodal rejimi, müstəqil və yalnız mərkəzi hakimiyyətdən
vassal asılılığında olan iri torpaq sahibliyi rejimi daxil etmişdir.
Bir-birindən təcrid olunmuş şəkildə kəndlərdə yaşayan bu xanların,
bu bəylərin darıxdırıcı həyatı əyləncə tələb edirdi. Buradan da
"aşıqlar"ın, bu səyyar xanəndə və musiqiçilərin meydana gəlməsi
prosesi baş vermişdir: onlar kənddən-kəndə, saraydan-saraya gəzir,
xan və bəylərin evlərində konsertlər verirdilər. Bu məclislərə onların
müştəriləri yığılırdı.
Müəllif göstərir
ki, artıq keçən əsrin sonlarında Qafqazda və bütün Qərbi Asiyada
bu cəmiyyət - feodal cəmiyyəti öz mövqeyini və əhəmiyyətini itirmiş,
yoxa çıxmışdır. Lakin aşıqlar qalmışlar. Onlar indi əvvəlki kimi
xalq yaradıcılığı nümunələrini, ən'ənələri, əfsanə, rəvayət və s.
yığmaq, qoruyub saxlamaq və yaymağı davam etdirirlər. Heç bir təntənə,
heç bir xalq bayramı aşıqların iştirakı olmadan keçmir: toylar,
böyük ziyafətlər və təntənəli mərasimlərdə aşıqlar öz oxumaqları
və çalğıları ilə dinləyicilərin ruhlarını oxşayırlar.