|
Ə.Ağaoğlu aşıqları
"əsl xalq artistləri" adlandırır və göstərir ki, bu adı onlara xalqın
özü vermişdir. Müəllif aşıqların - bu xalq artistlərinin professionallıq
xüsusiyyətlərinə malik olmalarına diqqəti cəlb edir. O, ölkəni oymaq-oymaq
dolaşan bu aşıq dəstəsinin tərkibinin dörd nəfərdən ibarət orkestr
adlandırır və onların hər birinin daşıdığı ifa funksiyasının təsnifini
verir: onlardan ikisi sırf musiqiçidir, biri dəfdə çalır, digəri
züyçüdür. Züyçü birincilərin ifasına uyğun olaraq balabanda takt
tutur, onların səsinə səs verir.
"Orkestrdə" rolların
bölüşdürülməsini təfsir edərkən ə.Ağaoğlu rusdilli oxucuların təsəvvürünə
aydınlıq gətirmək üçün ön planda çıxış edənləri aşağıdakı şəkildə
təqdim edir: birinci rolları üç simli, tara bənzər (saz) alətdə
çalan skripaç və tütəkdə çalan fleytist ifa edirlər. Lakin tütəyin
zurna ilə heç bir ümumi oxşarlığı yoxdur: onun səsi incədir, yumşaqdır
və sazla unison çalır. Bu iki musiqiçi eyni zamanda oxuyandır. Onlar
birgə və ayrıca oxuyur, çalır və oynayırlar. Lakin onların rəqsi
geniş olmayıb, əksinə, yumşaq və rəvan tövrlə musiqinin taktına,
vəzninə uyğun ayaqların hərəkətindən ibarət olur.əsas, baş artist
eyni zamanda bütün orkestrə dirijorluq edərək səhnəyə fleytaçı -
balabançı ilə birlikdə çıxır, camaatı salamlayır və hər hansı müəyyən
bir nəsihətamiz, dini və yaxud əxlaqi məzmunlu şe'ri deklomasiya
ilə oxuyur və sonrakı təhkiyəsində yalnız şe'rin ideyasını inkişaf
etdirir. Dinləyici kütləsi bununla da ifanın məzmunu haqqında qabaqcadan
xəbərdar olur. Təhkiyənin özü növbə ilə monoloq və yaxud dialoq
forması kəsb edir, duet və yaxud solo şəkli alır; duet və ya solo
sazın və tütəyin müşayiətilə oxunur, təhkiyənin arası tez-tez rəqslərlə
və yaxud nağıletmə ilə kəsilir, bə'zən hər iki artist birgə oynayır
və həm də qollarının dirsəklərilə bir-birinə dayaq dururlar ki,
sazda və tütəkdə çalmaq hər ikisinə qolay olsun; təklikdə rəqs edən
aşıq çalğısını kəsir, rəqs etməyən isə oturub çalğını davam etdirir.
Göründüyü kimi,ə.Ağaoğlu
öz dövründə aşıq sənətinin bütün ifaçılıq incələliklərinin və təfərrüatının
bilicisi kimi çıxış edərək ziyalıları, xüsusilə xalq müəllimlərini
xalq yaradıcılığının bu çox mühüm sahəsinə xüsusi diqqət verməyə
ruhlandırmaq üçün özü nümunə göstərir. O, bu sənətin sənətkarlıq
və ifaçılıq xüsusiyyətlərinə diqqəti cəlb etməklə yanaşı, aşıq poeziyasının
məzmun və mündərəcə tərəfinə də maraq təlqin edir. Müəllif göstərir
ki, aşıq poeziyasının mərkəzində əsas e'tibarilə məhəbbət sərgüzəştləri
durur və xalq yaradıcılığının bütün formalarında, o cümlədən əfsanələrdə,
rəvayətlərdə, satira, oda, pastoral və yaxud həyatın mühüm hadisələrinə
yazılmış şe'rlərdə aşiqanə motivlər tərənnüm edilmişdir.
ə.Ağaoğlu
əsrin əvvəllərində Azərbaycanın bir sıra bölgələrində aşıq sənətinin
daha geniş yayıldı ını qeyd edir. O yazır ki, Zaqafqaziyada bə'zi
kəndlər və oymaqlar bu sənətin beşiyi kimi şöhrət tapmış və onlarda
aşıqlıq nəsildən-nəslə keçərək irsi, ən'ənəvi bir hal almışdır.
Müəllif Şuşa uyezdinin Gülablı kəndinin aşıq sənətinin inkişaf etdirilməsində
xüsusi rolunu yüksək qiymətləndirir. Onun fikrincə, elə bir onillik
olmamışdır ki, onun ərzində bu kənd aşıq sənəti sahəsində məşhur
bir sənətkar yetişdirməsin.
ə.Ağaoğlu
xalq yaradıcılığının bu qolunun inkişafında Şuşanın, Şamaxının,
Qazaxın və müəyyən qədər Salyanın oynadığı böyük rolundan bəhs edir.
O, Şuşa və Şamaxını eyni zamanda xalq mahnılarının yaranış mənbəyi
kimi səciyyələndirərək yazır ki, bu bölmələrdə yaranmış mahnı və
rəqslər qeyri-adi bir surətdə azı iki ay ərzində bütün Zaqafqaziya
xalqları arasında yayılır.
Onun
fikrincə, xalqların istək və arzuları ilə bağlı hadisələr və qəhrəmanlar
haqqında nəğmələr yaddaşlarda daha çox yayılır və yaşayır. Mütəfəkkirin
aşıq sənətinə olan yüksək münasibəti onun, ümumiyyətlə, milli müsiqinin
əsl mə'nəvi mahiyyəti haqqında belə bir fəlsəfi qənaətinə tamamilə
adekvatdır: "Bu əsrdə musiqisi olmayan bir millət qəlbi olmayan
bir vücuda bənzər" ("Üç mədəniyyət" əsərindən).
|
|