Hələ burada
bir iş yoxdur; dünyada şöhrətli əsərlər
çox olub, burada bir iş yoxdur. Bunu rəvayət
eləmək mənim üçün bir elə xidmət
deyil. Məhz qəzetə fəhləsinin işidir
ki, gördüyünü və eşitdiyini yazsın.
Və lakin bizimtək
həkimlərin (bilicilərin) təklifi dəxi də
ali olmalıdır. Bizə borcdur hər şeyin künhünə
(mahiyyətinə) əl uzatmaq, şərh vermək,
təfsir etmək. Bizə lazımdır xalqa yetirmək
ki, aya danışdığımız əsərin
bu dərəcədə şöhrət tapmağının
səbəbi nə olubdur?
Axır operetta
yazmaq elə bir hünər deyil ki, deyəsən
Üzeyirbəydən savayı heç bir kəsin
əlindən gəlməz. Hazır "vurhavur"çular
nəzərimizdədir. Keçən həftə "Açıq
söz"də deyəsən oxudum ki, bu vaxtadək müsəlmanca
dörd yüz operetta yazılıb.
Sözümüz
burda deyil. .
Pəs "Arşın
mal alan"da nə hikmət var ki, dünya və aləmi
təngə gətirib.
Xidmət, əsl
xidmət budur ki, həmin məsələni layiqincə
həll edəsən.
* * *
Mən Bakıda
olan vaxt fikrimə gələrdi ki, "Arşın mal
alan"ın şöhrətinə bais məhz "Sarablı"
cənablarıdır. Sonra gördüm ki, səhv
eləyirəm, zira ki, Sarablı nə Amerikaya və
nə Daşkəndə gedib və halon ki, oraların
da "Arşın mal" teatrları camaat ilə ləbaləb
(ağzınacan dolu) olurdu.
Əgər səbəb
müsiqidədir, yə'ni birisi ola bilər fərmayiş
etsin ki, "Arşın malın" musiqisi ləzzətlidir
və artıq bir ustalıq ilə azalıb. Xub (yaxşı),
məgər "Leyli və Məcnun"un musiqisi bundan aşağıdır.
Xeyr, bu da deyil!
Hətta mənim
qulağıma bu qism söhbət də çatdı
ki, "Arşın mal alan"ın şöhrətinə
Bakıda Bazarnı küçədə arşın
ilə mal satan Hacı İslam əmi bais olubdur və
əhvalat da belə olub ki, bir gün kömpozitor
cənabları Hacı əminin dükanına girib
bilmirəm nə parça alırmış, deməginən
Hacı İslam əmi də kəmhövsələ
bir adamdı, bəlkə ağzı oruc imiş.
Üzeyirbəyə qabaqkı parça xoş gəlməyib
təvəqqe edib bir ayrı parça nişan versin,
o və'də Hacı qeyzə gəlib (və necə
də gəlməsin) arşını qalxızıb
istəyib əziz müştərinin kəlləsinə
yendirsin, Allah rast salıb bu heyndə qorodovoy özünü
içəri soxub Hacının bazar günü dükan
açmağına protokol yazıb (o gün voskresenye
imiş) və axırda Üzeyirbəy də düşüb
Hacıya sataşmaq üçün "Arşın mal"
yazıb.
* * *
Mən doğrusu
belə qanıram ki, bu sözlərin və bu bəyanatın
əsli yoxdur: və belə bilirəm ki, "Arşın
mal alan" operettasının mə'nası dəxi dərindədir:
bu operettanı yazmaqda Üzeyirbəyin niyyəti təzə
bir məsələyə əl vurmaqdır. O məsələ
də budur ki, bir para cavanlarımız gedib dərslər
oxuyub darülfünunlar qurtarıb qayıdıb gəlirlər
Bakıya və burada eşidirlər ki, məsələn
filan milyonçunun adını yazmaq bilməyən
yetişmiş bir qızı var.
İndi nə
tövr eləmək? Bir tərəfdən milyonun
eşqi, bir tərəfdən də qızı görüb
bəyənmək lazımdır. Həqiqətdə
də təklif çox çətindir. Bir tərəfdən
dövlət, bir tərəfdən də qızı
axır nə tövr görmək: doğrudur, milyon
olan yerdə çirkinlik, gözəllik yaddan çıxır,
amma yenə də adam istəyir arxayın olsun ki,
bari heç olmazsa gördüyü şil deyil.
İndi pəs
nə eləmək? Milyonu əldən ötürmək
olar! Tutaq ki, mən təzə darülfunun qurtarmışam,
tutaq ki, istəsəm kasıb müsəlman müəllimələrindən
özümə elə yoldaş tapa bilərəm
ki, milyonçunun tərbiyəsiz qızını
müftə versələr özümə layiq bilmərəm.
Amma pəs milyona nə deyirsən? Milyon ilə ki,
zarafat etmək olmaz. İndi müxtəsər söylə
görüm nə deyirsən ey? Mən indi milyonçunun
qızını necə görüm: üzü örtülü
oturub evdə.
Sağ olsun Süleymanbəy:
dəxi bundan savayı özgə bir çarəm
yoxdur ki, özümü arşın malçı
donuna salam.
"Arşın mal alan, arşın
mal alan...", taxta, bafta, boxça - hey...".
Tutaq ki, əsgərbəy
getdiyi yol ilə mən də gedib özümə
yoldaş axtarsam, dəxi Gülçöhrədən
ləyaqətli bir yoldaş tapmayacağam ki, keçə
papaq arşın malçının məhz sifətinə
uyub beş dəqiqənin içində ona övrət
olmağa razı olur, və lakin bu əhvalatın
dəxi də özgə bir mə'nası var. Gülçöhrənin
atasına və anasına və cəmaətə
mə'nəvi cavabı budur: "Siz ki, məni pərdə
dalında saxlayırsınız ki, nə məni
görən olsun və nə mən bir kəsi görüm,
siz beləliklə məni keçə papaq arşın
malçılara tay edirsiniz, o səbəbə ki, mən
gördüyüm ancaq kömürçüdür,
odunçudur, suçudur, zurna-qavalçıdır və
arşın malçıdır, arşın malçı
da bu saydıqlarımızın hamısına nisbət,
yenə olardan ləyaqətlidir.
Budur "Arşın
mal alan"ın ideyası.
Yə'ni, bağışla,
mən belə qanıram. əgər sən özgə
cür mə'na edirsən - buyur meydana.
Odur ki, mən
bu operettanın məzmununa bələd olandan buyana
nə vaxt ki, eşidirəm ki, bir nəfər cavan
oxuyub sənət qurtarıb qayıdır öz islam
vətəninə - mənim haman saat fikrimə gəlir
ki, bu biçarənin də keçə papaq qoyub əsgərbəy
fəndini işlətməkdən savayı dəxi
bir özgə çarəsi yoxdur.
Amma di gəl
ki, bu cavanın da "Sarablı" dərəcəsində
qabiliyyəti olacaqmı ki, ağacların dalından
boxca qoltuğunda və arşın əlində oxuya-oxuya
Gülçöhrəni və onun yanındakı
gül üzlü qızları heyran qoya..
Arşın mal
alan... Arşın mal alan.
Budur "Arşın
malın" "sirri", budur səbəb ki, arşın mal
bu dərəcədə şöhrət tapıb,
budur səbəb ki, erməni, gürcü, rus və
amerikalı həmin əsərə nəhayət
müştaqdırlar. Və bunun sirri, bunun hikməti
və illəti burasındadır ki, arşın mal
söhbəti düşən kimi hər bir kəsin
yadına təzə ərsəyə gəlmiş
darülfünün qurtarmış müsəlman
cavanları düşür ki, Bakının neftli
pullarına o cür uyurlar ki, özlərini arşın
malçıya oxşatmağı da qəbul edirlər
ki, əldən getməsin.
Əhvalat bu fərarilədir.
Pəs əzizim,
mədəni millətlər Şərq aləminin
asari-ətiqinə, əcaib və qərib işlərinə
həmişə həris olublar və beləliklə
də elm və fənn Avropada tərəqqi tapıb.
Dəmdəməki (Cəlil
Məmmədquluzadə)
"Molla Nəsrəddin",
16 fevral, 1917, N2.