|
(Ü.Hacıbəyovun
namə'lum və yarımçıq qalmış bə'zi
əsərləri haqda düşüncələr)
aranan
əsər, öz fikirlərini başa çatdırıb son nöqtəni qoyan müəllifin böyük
sevinci, mə'nəvi rahatlığı ilə yanaşı, həm də mühüm tarixi aktdır.
əlbəttə bu aktın "mühümlüyü" və "tarixiliyi" əsərin dəyər və miqyasından
asılı olaraq mübahisə obyekti kimi də qəbul edilə bilər. Lakin yaranmış
və tamamlanmış əsərlərin, natamam və yaranmayan əsərlərdən üstünlüyü
ondadır ki, onlar istər müəllifin, istər zəmanəsinin müəyyən kəsiyinə,
bu kəsikdə baş verən ictimai, siyasi, psixoloji hallara, cərəyanlara,
müxtəlif proseslərin axarına güzgü tutur, müəyyən anlamda bə'zi olayları
özünə hopdura bilir. Bitməmiş və namə'lum əsərlər isə daim təəssüf,
sual, ehtimal, mübaliğə, kinayə və s. bu kimi hisslər doğursa da,
son nəticədə bədii və ya elmi yükünü sona yetirməyən, vəzifəsini axıracan
icra etməyən fikir impulslarının məcmusundan başqa bir şey deyildir.
Bəs tamamlanmış, sona yetmiş əsərin müəllif tərəfindən yandırılması,
məhv edilməsi və ya digər səbəblərə görə yoxa çıxması hallarına hansı
fikirləri şamil etmək olar?
Qəribədir, bütün
sadaladığımız hallar, vəziyyətlər Üzeyir Hacıbəyovun yaratdığı əsərlərin
taleyində bu və ya digər formada öz əksini tapıb. Onlardan bə'zilərini
yada salaq.
1908-ci il, 25 yanvarda
"Leyli və Məcnun" operasının ilk tamaşasından sonra gələn şöhrət,
uğur, müvəffəqiyyət Ü.Hacıbəyovu yeni əsərlər yazmağa ruhlandırır.
1909-cu ilin 30
noyabrında tamaşaya qoyulan "Şeyx Sən'an" operası isə sonralar bir
daha oynanılmadı. Halbuki o dövrün bir sıra qəzetləri "Həqiqət",
"Səda", "Reklam" və s. bu operanın musiqisini "çox gözəl, mükəmməl
musiqi ilə tərtib olunmuş", "e'cazkar musiqi" və s. bu kimi təşbehlərlə
qiymətləndirsələr də - ümumən əsər dinləyicilər tərəfindən qəbul
edilməmiş və müəllif əsəri məhv etmişdir. əsərin uğursuz taleyinin
səbəbini librettonun zəif yazılmasında görənlər də var. Bə'zi mə'xəzlərdə
Ü.Hacıbəyovun "Şeyx Sən'an" operasını yenidən işləyib-təkmilləşdirmək
arzusunda olduğu bildirilir. Lakin bu hadisə də baş vermədi - halbuki
operanın yazıldığı ildən sonra bəstəkar hələ 40 il ömür sürəcəkdi.
Uzun illər Ü.Hacıbəyovla birgə çalışmış, onun köməkçisi olmuş Ramazan
Xəlilov xatırlayırdı: "Şeyx Sən'an" operası barədə Üzeyir bəydən
soruşmuşdum: "Üzeyir bəy, necə oldu ki, bə'zi tənqidlərə görə 5
pərdəli böyük operanı məhv etdiniz?" Sualın cavabında Üzeyir bəy
demişdi: "Şeyx Sən'an" operasını yazarkən mən "Leyli və Məcnun"dan
fərqli olaraq daha irəli bir addım atmaq istədim. Yə'ni opera sırf
Avropa üslubunda yazılmışdı; ariyalar, ansambllar, duetlər və s.
musiqi nömrələri müsəlman dinləyicisi üçün çox çətin qavranıldı.
Halbuki rus, yəhudi tənqidçiləri bundan razı idi. Ancaq xalq bu
operanı qəbul etmədi. O ki qaldı musiqinin məhv edilməsinə - o məhv
olmadı. Məhv edilən kağızlar idi. Musiqi isə mənim beynimdə idi.
"Şeyx Sən'an" operasının musiqilərindən bə'zi parçaları mən sonradan
"Arşın mal alan"da və "Koroğlu"da istifadə etdim..."
Ü.Hacıbəyovun 1915-ci
ildə bəstələdiyi "Harun və Leyla" operasının da taleyi faciəli oldu.
Beş pərdəli operanın klaviri tamamlanmış, fəqət premyera günü ərəfəsində
deyilənə görə guya məhv edilmişdi. Yenə suallar, yenə ehtimallar,
yenə sirli müəmmalar...
|
|