Qədim dünya tarixində
musiqi dinə yaxın fəaliyyət sahəsi kimi qiymətləndirilirdi. Şərq
ölkələrində bu vəhdət daha da möhkəm olmuşdur. Hələ islamdan əvvəlki
Şərqin, o cümlədən Azərbaycanın dini mə'bədlərində mərasimlər musiqinin,
rəqsin müşayiəti ilə, təmtəraqlı keçirilirdi. İslam meydana çıxdığı
gündən milli xüsusiyyətlərdən bacarıqla istifadə edir. Müxtəlif
yerli mərasimlərin iş mərasimlərində, "şəbih" misteriya tamaşalarında,
dərviş zikrlərində təzahür tapması dediklərimizə misal ola bilər.
Bütün dinlərdə olduğu
kimi şifahi ən'ənəli professional sənət növü olan islam dini musiqisi
də xüsusi münasibət tələb edir.
Bə'zi xüsusiyyətləri
e'tibarilə dini oxumalar folklora yaxın olsalar da, öz funksionallağı
və genetik xüsusiyyətləri e'tibarilə ondan fərqlənirlər.
İslam dini oxumalarının
professional sənət nümunəsi olmasına dəlalət edən bir sıra əlamətlər
var. Onlardan ən ümdəsi odur ki, heç vaxt məişət ehtiyacı ödəməmiş
və özündə sırf estetik funksiya daşıyıb. İkinci vacib əlamət dini
oxumaların obraz intonasiya quruluşuna görə xalq ən'ənələrindən
fərqlənən reqlamentləşmiş ifa tərzidir.
Bu oxumaların musiqi
əsasını təşkil edən birsəsli (monodik) oxuma üsulu, müəyyən lad
tərkibində, xüsusi melodik ibarələr sisteminin ciddi ardıcıllığına
və qanuniləşmiş improvizasiya üsullarına əsaslanır. Müəyyən tə'limə
əsaslanan ifaçılıq məharəti və sairə normaların sarsıdılmazlığı,
konservativliyi, qəti tələblərə tabe olması ifaçıdan yüksək professionallıq
tələb edir. Bu xüsusiyyətləri biz muğam musiqisində də müşahidə
edirik. Dini musiqidə kollektiv (xor) ifa edilən oxumalar birlik,
vahidlik rəmzi kimi ancaq unison ifa üsuluna əsaslanır.
Musiqi "vahidlik
məfhumunu müxtəliflikdə" parlaq şəkildə əks etdirə bilən bədiiliyin
və mədəniyyətin təzahür forması kimi islamın ana xəttinə çevrilir.
Şərqin bədii təfəkküründə insan konkret obraz kimi yox, emosiya
və əhval-ruhiyyə aləmi kimi yaşayır. Müsəlman xalqlarının estetik
şüurunun bu xüsusiyyəti musiqi sənətində daha parlaq əksini tapır.
İslam dininin bədii təfəkkür quruluşu da öz repertuarına aid müəyyən
qanunlar yığınına əsaslanır ki, onları başqa keyfiyyətlərlə əvəz
etmək qadağandır. Bu xüsusiyyətlər, islam aləminin ilk bədii abidəsi
olan Qur'anda öz təcəssümünü tapır. Bədii məharətin yüksək nümunəsi
kimi "Qur'an" müsəlman ölkələri xalqlarının mədəniyyətinə böyük
tə'sir göstərmişdir.