DİNİ MUSİQİNİN BƏ'Zİ         
PRİNSİPLƏRİ HAQQINDA
          
Səadət Seyidova           
1   2   3   4  
English English
        

İ.U.Kraçkovski yazır ki, "Qur'an surələrinin obraz zənginliyi effektli interpretasiya üçün yaxşı imkan yaradır"(3).

"Qur'an" nəinki nəsrin ilk abidəsi, həm də Şərqin professional musiqi sənətinin ilk abidəsidir. "Qur'an" poetikasının mətni dini münasibəti konkretləşdirirsə, onun avazatı emosional hisslər aləmini konkretləşdirir.

Təbiidir ki, Qur'anın poetikası qədim ərəb şe'rinin poetikasından fərqlənən şifahi moizənin xüsusiyyətlərini əks etdirir. Qur'anın mətni dini əhval-ruhiyyədən əlavə, bədii estetik tə'sirə də malikdir. İfa zamanı səslənən sözlər mə'nasından asılı olmayaraq ərəb dilini bilməyənlərə də ruhi tə'sir bağışlayır. O, qafiyəli nəsr kimi nadir üslubda yazılmışdır. Burada söz-fonem musiqi reçitasiyasının intonasiya xüsusiyyətini müəyyənləşdirir. Mə'nalı, vəznli sözlərin təşkilindən ibarət olan surələr ritmik vurğularla bitib, biri-digərindən fasilələrlə ayrılırlar. Musiqi reçitasiyası azad vəzn əsasına malikdir. Qur'anın şifahi moizə xüsusiyyətlərinə əsaslanan poetikası dini ifaçılıq qaydalarından kənara çıxmadan improvizasiya üsullu melodik reçitasiyada əksini tapır. Kiçik səs diapazonu çərçivəsində musiqi reçitasiyasının eyni ölçülü, pilləvari, dalğavari hərəkəti, dayaq səslərinin tez-tez təkrarı Qur'anın ifasında daimilik təsəvvürü oyadır. Epik xüsusiyyətli reçitativ intonasiyanın axıntılı, sakit, aramlı, nəqledici ahəngi Qur'anın təlqin etdiyi fəlsəfi mə'na və ilahi müdriklik hissini təcəssüm edir. Qur'an kəlamlarının düzgün tələffüzü üçün icad edilmiş "təcvid" Qur'an avazını müəyyənləşdirir. Qur'anın ifasında şur ladına üstünlük verilir. Melodiyanın əsası olan lad (məqam) ibarələr yolu ilə açılır. Ladın formalaşması üçün ilkin şərt oxumadır ki, təkrar olunan səs ətrafında gəzişmələr üçün danışıq intonasiyası örnək ola bilər. Nitq intonasiyası üzərində aparılan tədqiqat, dini oxuma nitqinin intonasiyasının musiqiləşmə prosesini, bu materialın musiqiyə çevrilməsini müşahidə etməyə imkan verir. İlkin örnək olan reçitativ tərzli oxumalar, bir səs üzərində, bə'zən də o biri qonşu səslərə meyl edərək oxunulurlar. Belə oxumalar hələ yarım-qiraət və yarım oxunmalıdır ki, beləliklə dini reçitasiya tərzi yaranır. Y.Tyulin hesab edir ki, dini qiraət-oxunma avazı, ladın formalaşmasında ilkin nöqtədir. Onun fikrincə, ilkin lad meyli, səsslərin cazibəsi məhz buradan başlayır(4).

Ladın formalaşmasının əsasını təşkil edən momentlər, onun təşəkkül tapma prosesini, milli musiqi sistemində maraqlı spesifik nyüansların tam təfsilatını dini oxumalarda (Qur'an, qəsidə, səlat minacət, azan, zikr, kuf, mədh, nə't və s.) açıq müşahidə etmək mümkündür. Qur'anın musiqi nitqinin əmələ gəlməsində ladın tonikasının, onun aparıcı tonu, mediantası və əsas tonunun rolu böyüklür. əsas tondan tonikanın üst mediantasına, kvarta sıçrayışı edib, pilləvari tonikaya enərək və sonra bir neçə dəfə tonikanın səsləşməsindən əmələ gələn musiqi ibarəsi xarakter melodik modelə çevrilir. İfaçılardan dini musiqinin mürəkkəb melodik ibarələrini bilmək, əsərin tərkib hissəsi olan poetik və musiqi mətninin həssaslığını, ritmik modusların emosionallığını, rəngarəng və çoxmə'nalılığını tərənnüm etmək bacarığı tələb olunurdu. Musiqi ifa qanunları çərçivəsində formalaşmış ibadət musiqisinin mətnini əmələ gətirən kiçik avazların modelləri uzun əsrlər boyu stereotip şəklində yaşayaraq həmin musiqinin ritm-intonasiya simvollarına çevrilirlər. Dini oxuma qanunlarının konservativliyi və yaddaşa həkk olunmuş avaz modellərin nəsillərdən nəsillərə keçərək şifahi yaşamaq qüvvəsi, ibadət musiqisinin bu günə qədər gəlib çatması üçün imkan yaratmışdır.

Tarixin inkişaf prosesində belə professional musiqinin şifahi ən'ənəyə sadiq qalması haqqında müxtəlif fikirlər mövcuddur.

Farmer bunu peşəkar musiqiçilərin korporativ maraqları ilə izah edir(5).

Şərq musiqisinin təbiətini daha aydın təsəvvür edən musiqişünaslar bu halı musiqinin monodik xüsusiyyəti ilə izah edirlər. Monodiya təfəkkür forması kimi şifahi ən'ənəli sənət praktikasındankı repertuarı, intensiv həyat bulağını təcəssüm edir ki, burada əsas yeri hafizə, improvizasiya, təxəyyül tutur. Yə'ni oxumaq, çalışmaq,- yaradıcılıq təcəssümünün inkişafı, musiqi yaratmaq deməkdir. Şifahi halda ifa etmək dəyişməyən mürəkkəb qaydalara əsaslanaraq yeni yaradıcılıq prosesidir. Məqsəd musiqi ideyasının müxtəlif aspektli ifadə vasitəsilə xüsusi hisslər aləmini yaratmaqdır.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2005© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site